“ Manitor ” jurnalının baş redaktoru
Elmar Hüseynovun əziz xatirəsinə !
Vicdan pula köklənibdi,
Düşünən baş təklənibdi,
Ürək şərlə görklənibdi,
Zülümlərlə açır sabah,
Əcəb günə qaldıq, Allah.
Ağrılardan qəlb qopmayır,
Şər, yolundan heç sapmayır,
Haqda özün can tapmayır,
Xirtəyəcən çıxıb günah,
Əcəb günə qaldıq, Allah.
Didilir insan xanəsi,
Yanır haqqın pərvanəsi,
Qırılır ömrün danəsi…
Məzarlanır bədəndə ah,
Əcəb günə qaldıq, Allah.
Bir sitəmdə min nida var,
Hər nidada min səda var,
Burda haqqa bir fəda var…
Şəhid düşüb sözə, Vallah,
Əcəb günə qaldıq, Allah.
7. 03. 2005
QOCA QAFQAZ
Qoca Qafqaz sinəsi qəmlə dolu,
Haralardan haraya keçdi yolu?
Möhtəşəm bir sarayı andırır o,
Alışan hər ürəyi yandırır o.
Uca minarələri göyə çatır,
Hər qayanın ucu dumana yatır.
Ocağı atəşi üryan eləyir,
Tüstüsü ərşini büryan eləyir.
Neçə cur dilləri var xalqlarının,
Tarixə illəri var xalqlarının.
Sözü-söhbəti düşüb dil-ağıza,
Nağılı sığışmayır nə kağıza.
Dəlisov igidləri at oynadır,
Meşəsinə hər bulağı aynadır.
Şah dağına yatır ildə təzə qar,
Çıxır hər yolda, yamacda dizə qar.
Çayları dərələrə dava salır,
Qayasında fərəsi yuva salır.
Əzgili, saf qozu, fındıq meşəsi,
Gözü heyran eləyir hər güşəsi.
Qoca Qafqaz neçə karvan ötürüb,
Karvanın başında sarvan ötürüb.
Nizəsi qan qoxuyan silahı var,
Bu yerin bir neçə cür Allahı var.
Özünə kəm baxan insanlarının,
Dərdinə ağı deyən canlarının,
Həm acı, həm toxu çox hicrətdə,
Qoca Qafqaz bulunur həsrətdə.
Yenə qanlar qoxuyur yuvası,
Yenə şərlə xeyirin davası…
Yenə imperiyalar vüsətdə,
Açıb ağzını qalıb heyrətdə.
Qoca Qafqaz ələyir göz yaşını,
Top -tüfənglər dağıdır dağ-daşını,
Çeçeni, inquşu, hər mərdi qoçaq,
Sinələr yara edən dərdi qoçaq.
***
Əcəb imperya alıb ermənini,
Elə fitvaya salıb ermənini.
Varını, yoxunu silaha tutub,
Sinədə nəyi var günaha tutub.
Eləyib azəriyə yağı yaman,
Çəkir ürəyinə yurd dağı yaman.
Hər günü min cürə sövdaya girir,
Naz atır, işvəsi sevdaya girir.
Qoca Qafqaz açıb iblisə qucaq,
Ağlı kəm, zatı qırıq, pisə qucaq.
Arabir titrəşir o sərt qayalar,
Cinlə, şeytanla dolu pərt qayalar.
Hönkürür göylərə Məcnun sayağı,
Şütüyür hər səmitə daş ayağı.
Güllədən sinəsi piltə-piltə,
Ürəyi, baş-gözü şiltə-şiltə.
Dağılır tarixi mə’bədləri,
Artır xirtəyə qədər dərdləri.
Hanı bu yurd-yuvanın mehmanı?
Unudub harda atıb imanı?
Gələ ovsunlaya gözdə yaşını,
Dikməyəsən aşağa sərt başını.
Şəri-şeytanı qova bir gecədə,
Yetə Allaha duva bir gecədə.
Hüsnünü oxşaya ulduzların,
Bağrına çiçək tuta qızların.
O günü görməyən həmrəy ürəyim,
Eyləyir bu diləyə səy ürəyim.
Yenə canlar ala qardaşlığımız,
Ahdı bizə ürəyi daşlığımız.
Şuşanı qaytarmarıqsa geriyə,
Gərək ki, bədən üstə baş əriyə.
Günü-gündən çoxalar zillətimiz,
Köləliyə qul olar millətimiz!
***
Qoca Qafqaz yazıram bunları mən,
Unuda bilməyirəm qanları mən.
2. 01. 2005
VƏTƏN BİR ANASA…
Vətən bir anasa… isti yuvası,
Onun şirin olur suyu, havası.
Anatək baxarsa övlad torpağa,
Onu çıxarmalı ana xoş çağa.
Vətəndən almalı eşq, məhəbbəti,
Canıtək sevməli aşkar, xəlbəti.
Vətən can olmalı hər birimizə,
Sahib ölümüzə, həm dirimizə.
Vətən övlada kin bəsləməyirsə,
Sərvəti övladdan həsləməyirsə,
Qovuşar balası çün səadətə,
Dönər məmləkətdə bu bir adətə.
Vətəndən almalı insan vüsalı,
Vətəndən başlanır düzlük əmsalı.
Vətən ayırırsa övladı fərdə,
Orda doğulanlar düşəcək dərdə.
Kim isə var-dövlət üstə oturar,
Kimiysə ehtiyac tamam batırar.
Ana deyilirsə Vətənə əgər,
Yad eldə balası olmasın ögar!
Tapsın torpağında bəxtiyarlığı,
Yetsin ocağına ixtiyarlığı.
Vətən nə? Doğma ev, isti od-ocaq,
Onunla alışsın ürək, can ancaq.
Gəzsin qürbətləri səyahət üçün,
Qürbət yandırmasın könlünün için.
Dolanşıq, güzəran eşqinə övlad,
Dilinə, dininə qoy olmasın yad.
Yurdundan ucalsın şanı, şöhrəti,
Düşməsin ürəyə qürbət möhnəti.
Vətən bir anasa, biz isə övlad,
Onda övladına o baxmasın yad.
Anatək isitsin oduyla bizi,
Çatdırsın çörəyə qoy əlimizi.
Daddırmasın xalqa qürbət acısın,
Övlad atəşiylə daim acısın.
Tək çətin məqamda bizi anmasın,
Bizi ögey sanıb fərdə yanmasın.
Vətən hamımıza əgər qalasa,
Hər doğulan yurdda ona balasa,
Balanın hamına şirinlik yetər,
Düz bölünməyəndə haqq-hesab itər.
Vətənə sevgi də dönüb heç olar,
Elə adiləşər adı puç olar.
Qarşılıqlı olur sevgi, məhəbbət,
Ondan şaxələnir həyat da, əlbət!
Vətən anadırsa-isti bucağı,
Bütün balalara yetsin qucağı.
Allahın əlində hər cana əmir,
Əbədi deyildir verilən ömür.
Hamı səadətdən pay umur, ancaq
Vətən olmalıdır övlada ocaq.
Onun atəşiylə yansın ürəyi,
Məhz, budur Vətəndən bala diləyi!
Vətən bir anasa… Ana qüdrəti-
Balanın eşqinə bar sədaqəti.
10. 02. 2006
BU VƏTƏN AZADDIMI ?…
Bu Vətən azaddımı?
Dilindəki daddımı?
Millət ona yaddımı?…
Hər yetən övladdımı?
Xəzinəsi talanır,
Talandıqca yalanır,
Elə suyu bulanır.
Hiyləsi dam içində,
Əyrisi kam içində,
Çoxu haram içində…
Millət varlığın danıb,
Dərdin özünə yanıb,
Sanki həyat dayanıb!
Qul olmağı dəb sayır,
Ürəyinə həb sayır,
İlahidən təb sayır.
Çoxalıb işgəncələr,
Həm gündüz, həm gecələr,
Dildən qopur necələr?!…
Rüşvət udur yetəni,
Alıb-satır ötəni,
Bərbad edir Vətəni!
Sağalmazdır mərəzi,
Nədir onun qərəzi?
Hanı nizam-tərəzi? !…
Düşünən baş partlayır,
Sinədə qəlb çatlayır,
Beli bükür, qatlayır.
Əyri saray içində,
Təmizlər vay içində,
Millət haray içində…!
Torpağı yağıya bac,
Adamının qarnı ac,
Yadlardan umur əlac.
Başına qoyduğu tac
Yaman tələ içində,
Nədir ölə içində?
Bir zəlzələ içində!
Hər yetən övladdımı?
Dilində ki, daddımı?
Millət ona yaddımı?
Bu Vətən azaddımı?
8. 05.2006
AH, VƏTƏN, MƏN SƏNİ TƏRK EDƏ BİLMƏM…
Bu nə fəlakətdir, bu nə işgəncə?
Müxalif qəzetlər basılıb küncə,
Millətin taleyi olub əyləncə?
Muxbir öldürülür,döyülür gecə,
Qanunlar yalançı, fərmanlar becə,
Axırı xətadır bu işin məncə…
Anasansa niyə ərk edə bilməm?
Ah, Vətən, mən səni tərk edə bilməm…
Batıbdı ölkəmiz rüşvət içində,
Millət ac, oğrular sərvət içində,
Polis xalqa qarşı qüvvət içində,
Ağlımız can verir xiffət içində,
Mən bu müsibəti dərk edə bilməm?
Ah, Vətən, mən səni tərk edə bilməm…
Bir paça çörəyə möhtacdır çoxu,
Bu bir istiqlalmı, ya ölümə yuxu?
Dili tərpədənə min hədə-qorxu,
Çöküb gözlərimə qorxulu yuxu,
Dəlir sinəmizi İblisin oxu!
Bu dərdi könlümə görk edə bilməm,
Ah, Vətən, mən səni tərk edə bilməm…
Qarabağ adında dərdimiz yatır,
Yağı toy-büsatda mərdimuz yatır,
Ətalət tovunda ordumuz yatır,
Gözümüz önündə yurdumuz batır!
Səsimin sədasın bərk edə bilməm,
Ah, Vətən, mən səni tərk edə bilməm…
ANS bağlanır susur bu millət,
Hürrüni içində pusur bu millət,
Qorxudan öz qanın qusur bu millət,
Azadlıq önündə qüsür bu millət,
Qüsürün başına sərk edə bilməm,
Ah, Vətən, mən səni tərk edə bilməm…
Oğrunun könlündə təbi görürəm,
Doğrunun dilində həbi görürəm,
Hər bir əyrilikdə dəbi görürəm,
Şeytanı hər işdə nəbi görürəm,
Zindanı özünə börk edə bilməm,
Ah, Vətən, mən səni tərk edə bilməm…
Həyacan qəlbimdə, qorxu başımda,
Qan himə bənd olub bu göz yaşımda,
Dözmür bu əzaba can sirdaşım da,
Qaçımmı yurdumdan ahıl yaşımda?
Bu dərdi dünyaya peyk edə bilməm,
Ah, Vətən, mən səni tərk edə bilməm…
Hər şər olan yerdə xeyrə nə halət?!
Hər bir dövürlərdə qul- olub alət,
Qapısı ağzını kəsib zəlalət,
Mən səvab yazıram, Haqq sanmaz qələt,
Rəbb verən ağlıla şəkk edə bilməm,
Ah, Vətən, mən səni tərk edə bilməm…
Ah, Vətən, mən səni tərk edə bilməm…
28.X1.2006
Dostları ilə paylaş: |