UŞAQ BAĞÇASI
Uşaq bağçası bu gün
Bürünüb al qumaşa.
Hər gülüş xoş səda, ün,
Hər körpə bir tamaşa.
Gülür, oynayır qızlar,
Oğlanlar yallı gedir.
Bu balaca ulduzlar
Adamı heyran edir.
Onlar dostların belə,
Məktəbə yola salır.
Şeirlər axır dilə,
Qızlar piano çalır.
Körpələrin gözləri,
Gülüşdən pərvazlanır.
Tükənməyir sözləri,
Ürəklər avazlanır.
Beləcə bayram edir,
Son bağça günün onlar.
Ayrılıq çatıb nədir?
Ayrılacaq ünvanlar.
15. 02. 2005
TƏZƏ İL
Təzə il, ay təzə il,
Sevinc gətir bizə il.
Uşaqlar pərvazlansın,
Yerlər, göylər nazlansın,
Hər ürək avazlansın,
Təzə il, ay təzə il,
Ömrümüzü bəzə il.
Əsən küləklər həzin,
Nə verər ki, əvəzin?
Qapımızı aç özün,
Təzə il, ay təzə il,
Şadlıq çıxsın dizə il.
Qar ələnsin aləmə,
Qoy yetişək xoş dəmə,
Səadəti qoş dəmə,
Təzə il, ay təzə il,
Gəlməyəsən gözə il.
15. 02. 2005
GƏLİB AXIR ÇƏRŞƏNBƏ
Gəlib axır çərşənbə,
Uşaqlar tonqal çatır.
Tüstü ağappaq pənbə,
Özünü göyə atır.
Küçədə bir hay-həşir,
Dövrə vurub qız-oğlan.
Hər tonqal, sanki bir tay,
Gülür sevinir hər yan.
Uşaqlar papaq atır,
Hər evin dəhlizinə.
Çərşənbədə kim yatır?
Gecə düşür izinə.
15. 02. 2005
NOVRUZ BAYRAMI
Bu gün Novruz bayramı,
Gəlib yurda, yuvaya.
Gülür şadlanır hamı,
Şam atılır havaya.
Gur tonqallar qalanır,
Uşaqlar dövrə vurur.
Göydə tüstü bulanır,
Burum-burum tor qurur.
Əllərdə papaq, torba,
Körpələr qaçışırlar.
Şadlıq edir el, oba,
Ürəklər uçuşurlar.
Novruz bayramı gəlir,
Küsüşənlər barışır.
Hər qəlbi sevda dəlir,
Könül canla yarışır.
Uşaqların sevinci,
Aşıb-daşır sel kimi.
Hər birisi dür, inci,
Qaçışrlar yel kimi.
Bitməsin bu toy, büsat,
Yurdu alsın ağzına.
Qaynasın, daşsın həyat,
Çıxaq ömrün yazına.
15. 02. 2005
YANSIN BAYRAM ŞAMLARI
Yansın bayram şamları,
Gəlsin el adamları
Şö’lələnsin kamları,
Ürəklərdə nur olsun,
Novruzumuz gur olsun.
Tonqalları çatılsın,
Üstündən el atılsın,
Hər ev bura qatılsın,
Sinədə qürur olsun,
Novruzumuz gur olsun.
Qoy yığışıb qış getsin,
Novruz ruhu xoş etsin,
Süfrə açan nuş etsin,
İşimiz uğur olsun,
Novruzumuz gur olsun.
Paxlava, şəkərbura,
Pilovun üstə qara,
Xəbər ver dosta, yara,
Bayram elə cur olsun,
Novruzumuz gur olsun.
Səməni qalaq-qalaq,
Alaq süfrəyə salaq,
Biz canbirqəlbdə olaq,
Söz ağızda dür olsun,
Novruzumuz gur olsun.
Vətənin gözü gülsün,
Gecə-gündüzü gülsün,
Millətin üzü gülsün,
Evdə yur-yuğur olsun,
Novruzumuz gur olsun.
Bu yazın leysanları,
Torpağın ehsanları,
Ay Vətən insanları,
Sübhdən durhadur olsun,
Novruzumuz gur olsun.
Bir kimsə qəm görməsin,
Qəmlə süfrə sərməsin,
Ah qolunu gərməsin,
Qışla vurhavur olsun,
Novruzumuz gur olsun.
20. 03. 2005
ÇOX QİYMƏTLİ İNCİDİ
Uşaqlar – bu dünyaya,
Çox qiymətli incidi.
Bənzərlər coşqun çaya,
Həyatın sevincidi.
Dillərindən bal axır,
Ürəkləri ovlayır.
Könlü yandırıb-yaxır,
Qəlbləri alovlayır.
Uşaqlar – göz işığı,
Ata, ananın canı.
Cahanın yaraşığı,
Gələcəyin ünvanı.
Hər körpənin öz nazı,
Baldan şirin dili var.
Gətirər evə yazı,
Hər qəlbdən dərdi qovar.
Uşaqlar dünyamızın,
Sabahına açardır.
Onlarla xülyamızın,
Dərd qapısı naçardır.
Siz, ey həyat günəşi -
Bapbalaca körpələr.
Gözünüzün atəşi,
Cahana od səpələr.
15. 02. 2005
HƏR İLİN ÖZ SEVİNCİ
Hər ilin öz sevinci,
Öz hikmətli sözü var.
Uşaqlar ondan inci,
Dünyaya od-közü var.
Dilləri bala bənzər,
Dildə-ağızda gəzər,
Əgər eyləsən nəzər,
Ömürlərdə özü var.
İllər fəsillərə yar,
Uşaqlar ömrə bahar,
Sanyələr ana nahar…
Hərənin öz izi var.
16. 02. 2005
QAR ADAMI
Uşaqlar qar adamı,
Düzəldibdilər qardan.
Gülüb-oynayır hamı,
Bu şaxta gəlib hardan?
Yanaqlar qıpqırmızı,
Əllər soyuqdan donur.
Ələnir qar ulduzu-
Qaşa, kipriyə qonur.
Qar adamın başında
Uşaqlar dövrə vurub.
Çəkilmiş göz-qaşında
Bəyaz naxışlar durub.
Bu zaman günəş çıxıb
Boylanır yerə sarı.
Qışın sinəsin yaxıb,
Əridir yağan qarı.
Qar adamı əriyir,
Havanın xoş hovundan.
Gün qüruba yeriyir,
Nəş’ələnir ovundan.
Uşaqlar birdən-birə,
Baxır boylanır göyə.
Səma göndərib yerə
Su, dolu, qar hədiyyə.
15. 02. 2005 QAR YAĞIR DAĞA, DÜZƏ
Qar yağır dağa, düzə,
Qış qonaq gəlib bizə.
Üzə, gözə ələnir,
Aləm qara bələnir.
Külək əsir ahəstə,
Sərçələr də qar üstə-
Qoyur ayaq izini,
Qış göstərir özünü.
Uşaqlar dilləşirlər,
Qar ilə əlləşirlər.
Gülüşlər şaqqıldayır,
Qarğalar qaqıldayır.
Aləmə səda düşür,
Ürəyə sevda düşür.
Uşaqların səsindən,
Quşların nəğməsindən.
Can, könül pıçıldaşır,
Həyat qaynayıb, daşır.
14. 02. 2005
YAZ GƏLİR
Yaz gəlir, sular coşur,
Soyuq buzlar əriyir.
Təbiət nəğmə qoşur,
Gün göylərə yeriyir.
Bağçaların içində
Quşlar cəh-cəh vururlar.
Qışın köçə-köçündə,
İsti yuva qururlar.
Qaranquşlar qürbətdən,
Uçub gəlibdi yenə.
Eşq döyünür xəlbətdən,
Az qalır könül dinə.
Uşaqlar oynaşırlar,
Otların arasında.
Diləklər qaynaşırlar,
Gözlərin qarasında.
15. 02. 2005
Dostları ilə paylaş: |