11 HİSSƏ ŞİRİN ƏZİZ
Əzizin yeddi yaşı,
Yaman qarışıb başı,
Tutub əldən qardaşı,
Gedir məktəbə sarı,
Ayağlayır ağ qarı.
Bulaşmasın çəkməsi-
Yox oynamaq həvəsi.
Uşaqların gur səsi
Əzizə qanad verir,
Qar topası dad verir.
Çantasın atır qara,
Qızışır bu an ara,
O, qarı yara-yara,
Dostlarına qar atır,
Özüsə yerə yatır.
Necə xoşbaxt bu anlar?
Körpələr nə dil anlar?
Coşur damarda qanlar,
Bu zəngin çox gur səsi,
Tələsdirir hər kəsi.
Çantasın ələ alır,
Özün səhmana salır,
Uşaqlar dalda qalır,
Gedir məktəbə Əziz,
Deyil ki, bəbə Əziz?
21. X11.1997
KƏRİM
Çantasın çiynə çatır,
Özünü çölə atır,
Yenə aləmi qatır,
Məktəbə getmir niyə?
Dərsini etmir niyə?
Dəcəllikdə tayı yox,
Sevir oynamağı çox,
Coşub, qaynamağı çox,
Dincəlməyir heç zaman,
Kərim dəcəldir yaman.
Topun əlindən qoymaz,
Ayağın evə qoymaz,
Bir saat da uyumaz,
Qışqırıb hay-küy salır,
Dərsində dala qalır.
Bu balaca dəcəlin,
Top qabar edib əlin,
Heç kim bilməyir dilin,
Salır hay-həşir hər gün,
Atılıb-düşür hər gün.
15. 02. 2005
ARİFİN YAŞIL TOPU
Arif yaşıl topunu,
Otların üstə salır.
Qəfil itirir onu,
Dərin xəyala dalır.
Qaçır oyan-buyana,
Topdan əsər görməyir.
Yaman ah çəkir cana,
Qəmin qolun gərməyir.
Bu an körpə qızcağaz
Əlində top səslənir.
Arif döyükür bir az,
Ürəyi qəfəslənir.
Yaşıl topunu, görür,
Körpə tutub əlində.
Ürəyi sevinc dərir,
Şadlıq eşqi dilində.
O topa tərəf qaçır,
Qız topu qucaqlayır.
Arif körpəyə acır,
Qız qışqırır, ağlayır.
Arif yaşıl topunu,
Bağışlayır bu qıza.
Uşaqlar görür bunu,
Arif dönür ulduza.
15.02. 2005
CAVİD VƏ QARANQUŞ BALASI
Bir qaranquş balası,
Düşür yerə yuvadan.
Anası qurur yası,
Can asılır havadan.
Qışqırıb hay-küy salır,
Qıy vurub qanad çalır,
Səsə boylanır Cavid,
Yeri haylanır Cavid.
Görür bala qaranquş,
Düşüb eyvanda yerə.
Hey çırpınır ana quş,
Eyvan ona bir dərə!
Cavid quşun balasın,
Qoyur öz yuvasına.
Can tapanda qalasın,
Dil çatır duvasına.
Quş Cavidin başının
Üstündə dövrə vurur.
Tökülən göz yaşının
Sevincinə toy qurur.
15. 02. 2005
GÜLŞƏN
Gülüşü dodaqda bal,
Üzü lalədən də al,
Öldürər canı bu hal,
İncə gülüşlü Gülşən,
Kəklik yerişli Gülşən.
Təzətər ətirlisən,
Aləmdə xətirlisən,
Zülfləri çətirlisən,
Telləri ipək Gülşən,
Gözəllikdə tək Gülşən.
Dilindən bal süzülür,
Şirin sözlər üzülür,
Saçına gül düzülür,
Əlində həna Gülşən,
Gözləri rəna Gülşən.
Tər çiçəksən çəməndə,
Düzlər düşüb kəməndə,
Ananın gözü səndə,
Dəcəllik etmə, Gülşən,
Uzağa getmə, Gülşən.
Kəmərlə çək belini,
Bur qapqara telini,
Hər an şirin dilini
Qat şəkər-bala, Gülşən,
Nə gözəl bala Gülşən?
22. X11. 1997
ƏMİNƏ
Qız, sənin halın gözəl,
Ağıl-kamalın gözəl,
O ay cəmalın gözəl,
Gəl mənə yan Əminə,
Əminə, can Əminə.
Zülflərin qulac-qulac,
Hörüyünü bir-bir aç,
Günlər ötür, yox əlac,
Sənə qurban Əminə,
Əminə, can Əminə.
Bir çiçək üzün, bala,
Telə gül düzüm, bala,
Qalmadı dözüm, bala,
Eyləmə qan Əminə,
Əminə, can Əminə.
Burlaxatuntək boyu,
Şən röyalarla uyu,
Hardan gözəllik suyu-
Dəydi üzə Əminə?
Əminə, can Əminə.
Güllərə sona, qızım,
Bürün ağ dona, qızım,
Olasan ana, qızım,
Gələ o an, Əminə,
Əminə, can Əminə.
22. X11. 1997
BRİLYANT
Hamıdan mehribanım,
Sən mənim şirin canım,
Damardan axan qanım,
Qələm qaşlı Brilyant,
Xoş baxışlı Brilyant.
Qardan bəyaz əlinə,
Bala oxşar dilinə,
Nazik, incə belinə,
Heyran özüm, Brilyant,
Görən gözüm Brilyant.
Nə istidir baxışı?
Əridər qarlı qışı,
Yerin ürəyim başı,
Dadım-duzum Brilyant,
Bəxt ulduzum Brilyant.
Adın üzüklər qaşı,
Sevgi, məhəbbət daşı,
Özün gözəllər başı,
Böyü qızım Brilyant,
Dan ulduzum Brilyant.
Üzüntək bəyaz gecə,
Dilində sözün incə,
Küsmə, incimə becə,
Diləyimsən, Brilyant,
Ürəyimsən, Brilyant.
Gəl, bala, qəlb bağıma,
Sevinc tök otağıma,
Mehman ol ocağıma,
Allahdan bar Brilyant,
Könlümə yar Brilyant.
22. X11.1997
YEGANƏ
Dodağını büzmə gəl,
Ürəyimi üzmə gəl,
Məni gendə süzmə gəl,
Od vurma şirin cana,
Yeganə, can Yeganə.
Ürəkdə sözüm gəlləm,
Çağırsan özüm gəlləm,
Sinəmdə dözüm gəlləm,
Bala, gülsən ummanə,
Yeganə, can Yeganə.
Sarıışın saçın sünbül,
Özün bağçamızda gül,
Dilin nə tuti bülbül?
Kəmalın car hər yanə,
Yeganə, can Yeganə.
O utancaq baxışı,
Ceyran təki duruşu,
Pəri kimi qurluşu,
Gözəllikdə yeganə,
Yeganə, can Yeganə.
Uşağlığın havası,
Dodaqda süd duvası,
Gülsün könül yuvası,
Yet bala, xoş hər anə,
Yeganə, can Yeganə.
Azərbaycan qızısan,
Göylərin ulduzusan,
Ananın nə nazısan?
Qoyma ürəyim yanə,
Yeganə, can Yeganə.
22. X11. 1997
Dostları ilə paylaş: |