GÜLNAZIM
Sən ki, könül sazımsan,
Mənim nazlı qızımsan,
Göydəki ulduzumsan,
Dilimdə xoş avazım,
Gülnazım, ay Gülnazım.
Çiçəklər telin kimi,
Varmı bal dilin kimi ?
Ağ pəmbə əlin kimi,
Üzü tüldən bəyazım,
Gülnazım, ay Gülnazım.
Qaşların qara qələm,
Gözlərin də bir aləm,
Görməyəsən, dərd, ələm,
İncim, mirvarim, nazım,
Gülnazım, ay Gülnazım.
Çöllərin bənövşəsi,
Bağların külöyşəsi,
Həyatımın nəş’əsi,
Gül hüsnündən nə yazım?
Gülnazım, ay Gülnazım.
Dinlə, ana öyüdüm,
Demə, daha büyüdüm,
Qəmini ver üyüdüm,
Həm baharım, həm yazım,
Gülnazım, ay Gülnazım.
22. X11.1997
TƏHMİNƏ
Dodaqların badamı,
Heyran edir adamı,
Od qarışıb odamı?
Könül qalam Təhminə,
Nazlı balam Təhminə.
Ədəbli yerişinə,
İsmətli gülüşünə,
Layiqli hər işinə,
Heyran ollam Təhminə,
Nazlı balam Təhminə.
Bəxtimizin əzəli,
Özü ellər gözəli,
Hər sözündə məzəli,
Qoyma dolam Təhminə,
Nazlı balam Təhminə.
Ay çiçəklərin şahı,
Ay ömrümün sabahı,
Görməyəsən heç ahı,
Qurban ollam Təhminə,
Nazlı balam Təhminə.
Hər sözü yaraşıqlı,
Binadan yapışıqlı,
Ay üzü nə işıqlı?
Qadan alam Təhminə,
Nazlı balam Təhminə.
22. X11. 1997
GÜLNAR QIZIM
Gözlərimin qarası,
Hər dərdimin çarası,
Ürəyimin parası,
Həyat sənə yar qızım,
Ay mənim Gülnar qızım.
Ürəkdə odum oldun,
Ağızda dadım oldun,
Dünyada adım oldun,
Ömrə, günə var qızım,
Ay mənim Gülnar qızım.
Sən mənim nazım, bala,
Baharım, yazım bala,
Ay alın yazım, bala,
Könlü kaman, tar qızım,
Ay mənim Gülnar qızım.
Məktəbə həvəslə get,
Arzuya, mərama yet,
Sən məni bəxtəvər et,
Ömür yaman dar, qızım,
Ay mənim Gülnar qızım.
Dilində min bir hava,
Ürəyimdən qəm qova,
Dodaqlarında duva,
Allaha nübar qızım,
Ay mənim Gülnar qızım.
21. X11. 1997
LEYLA
Dodaqda süd qoxusu,
Dili dağların balı,
Gəlsə şirin yuxusu,
Qurban dünyanın malı.
Leyla, Leyla, gül Leyla,
Səni oxşar dil Leyla.
Yanağı lalədən al,
Özü qumaş-tül, Leyla.
Baxışı dan ulduzu,
Könlü ovlayar nazı.
Elimin mələk qızı,
Ata, ananın nazı.
Leyla, Leyla, can Leyla,
Qismətin xoş an Leyla.
Böyütsün səni anan,
Sən də ona yan, Leyla.
Ürəkdə yerin başda,
Sən qızlırın tacısan.
Nə şirinsən bu yaşda?
Pərvizə şən bacısan.
Leyla, Leyla, ay Leyla,
Ver həyata hay Leyla.
Evin birdanə qızı,
Olmaz sənə tay, Leyla.
Heç zaman gəlməz saya,
Könüldən qopan fəğan.
Olsun məndən Leylaya,
Bu dastacıq ərmağan.
14. X. 1995
NURİDƏ
Baharın dağ çiçəyi,
Qızların ən göyçəyi,
Vallah, sözün gerçəyi,
Od, atəşdir Nuridə,
Al Günəşdir Nuridə.
“ Qoy eşidilsin sədam,
Şair müqəddəs adam”.
Dedin - ay dili badam?
Qurban dilə Nuridə,
O pak elə Nuridə.
Dadlıdır şəkər sözü,
Baldan şirindir özü,
Tapmaq olarmı düzü -
Heç sənə tay Nuridə?
Nuridə, ay Nuridə.
Baxışı dan ulduzu,
Ev dolusu bir nazı,
Yurdumun nazlı qızı,
Qara telli Nuridə,
Tuti dilli Nuridə.
Hələ altıdır yaşı,
Ananın qəlb sirdaşı,
Vüqarın qız qardaşı,
Gözü mərcan Nuridə,
Nuridə, can Nuridə.
Qoy ellər alsın qadan,
Yandırıb-yaxsın ədan,
Zirvədən gəlsin sədan,
Dadım, duzum Nuridə,
Böyü qızım, Nuridə.
24. 04. 1995
XƏDİCƏ Saçları qulac-qulac,
Hər hörük başına tac,
Hər telini bağla, aç,
Göylərə ay Xədicə,
Xədicə, ay Xədicə.
Əlində çantası var,
Kitablar könlünə yar,
Oxuyar, etməz ah-zar,
Yox sənə tay Xədicə,
Xədicə, ay Xədicə.
Gözləri par-par yanar,
Qəlbdə duyğu oyanar,
Şadlıqlara boyanar,
Ver könlə hay Xədicə,
Xədicə, ay Xədicə.
Nə gözəl camalı var?
Başında kamalı var,
Arzusu, amalı var,
Yox sənə tay Xədicə,
Xədicə, ay Xədicə.
14. 02. 2005
111 HİSSƏ
HEYVANLAR HAQQINDA
MACƏRALAR
KÖRPƏ QUZUNUN VƏ
AC QURDUN ƏHVALATI
Biri varmış, biri yox,
Mənzil uzun, sözüm çox.
Yamyaşıl yamac varmış,
Dağlar başında qarmış.
Baharın ilk çağında,
Sürü yox sol-sağında.
Tənhalıqdan üşümüş,
Anadan ayrı düşmüş.
Ağ qoyunun balası,
Anasıının qalası.
Özü ac, yamac yaşıl,
Yatırdı mışıl-mışıl.
Boz qurd da arxayınca,
Ləzətli iy alınca,
Qəfil yoxuşdan çıxdı,
Zənnlə ətrafa baxdı.
Tək balası yanında,
Ov həsrəti canında,
Boz qurd gəldi yamaca,
Yem lazım axı aca?
Gördü balaca quzu,
Çəmənin dadı, duzu,
Yaşıl yamacda yatmış,
Yuxu başını qatmış.
Qurd balasına baxdı,
Könlünü istək yaxdı.
Sükut gördü hər yanda,
O atıılıb bir anda,
İstədi didsin onu,
Olsun quzunun sonu.
Quzu bu an ayıldı,
Qurdu görüb bayıldı.
Yazıq-yazıq büzüşdü,
Canına qorxu düşdü.
Sanki Xaliqdən bir səs,
Öldürdü onda həvəs.
Qurda mərhəmət gəldi,
Könlünün için dəldi.
O, quzudan ötdü yan,
Xilas oldu körpə can.
Baxdı heçnə demədi,
Qurd quzunu yemədi…
9. 04. 2000
SİÇAN BALALARININ
HİYYLƏSİ
Siçan gül balaları,
Dünyada şirin varı,
Yığdı başına bir gün,
Qəlbdə kədəri düyün.
Dedi:-bir aya yaxın,
Bizim yuvaya yaxın,
Bir pişik ev tikibdi,
Bağrıma qəm tökübdü.
Canımda var vəlvələ,
Bu olmasın bir tələ.
Ehtiyatlı davranaq,
Bu bir təhlükə, qanaq.
Balalarından biri,
Hamıdan canlı, iri,
Dedi:- ana qəm yemə,
Bizə çəkinin demə.
Viran edib evini,
Bu dünyanın divini,
Qaçırdarıq buradan,
O da çıxır aradan.
Siçanın balaları,
Mənzil böyük, gün yarı.
Çalışıb, vuruşdular.
Sanki lap yarışdılar.
Özülü çox ovdular,
Torpağın sovurdular.
Çökdü pişiyin damı,
Qaçdı siçanlar hamı.
***
Pişik evindən çıxdı,
Çaşqın ətrafa baxdı.
Düşündü zəlzələdi,
Bilmədi bu tələdi.
Başın götürüb qaçdı,
Ayrı yerdə yurd açdı.
Siçan və balaları,
Dəf etdilər ah-zarı.
Yaşadılar firavan,
İşləri getdi rəvan…
Belədir dünya işi,
Əzəldən haqq gərdişi,
Səadət birlikdədi.
Sadə ömürlikdədi.
9. 04. 2002
AYI BALASININ
HEKAYƏSİ
Deyirlər ki, cüssəli,
Bir az da coşqun, dəli,
Ayı meşəyə yarmış,
Üçcə balası varmış -
Zirək, Dirək və Yüyrək,
Ata, anaya ürək.
Yüyrək bir qədər çılğın,
Yan qoyardı ayağın-
Anasından kənara,
Edərdi günü qara.
Hara gəldi qaçardı,
Ailəyə dərd açardı.
Yüyrək yenə bir səhər,
Dili acı, bir təhər,
Anasına edib ərk,
Eylədi yuvanı tərk.
Mənzil uzun yol uzaq,
Havada çiskin, sazaq.
Bir cığırı göz etdi,
Düşdü izə və getdi.
Yolda onu tutdu sel,
Sanki qanadlı bir yel,
Yüyrəyi aldı qaçdı,
Başına bəla açdı.
Düşdü gur suya Yüyrək,
Puç oldu arzu, dilək.
Qopdu sinəsindən hay,
Özütək batdı haray.
Gur sularda boğuldu,
Qışqırıığı dağıldı -
Gur suların üstünə,
Sellər durdu qəsdinə.
***
Yüyrək səhv addım atdı,
Azğın daşqında batdı.
Eşitmədi anasın,
Sular da qurdu yasın.
Əgər ayı balası,
Olub anaya ası,
Yuvadan getməsəydi,
Yel olub itməsəydi,
Anasıının dadıydı,
Bəxtəvər övladıydı.
Böyüyün sözü uca,
Layiq şərəfə, taca.
Ağ olarsan üzünə,
Bu qayıdar özünə.
9. 04. 2000
Dostları ilə paylaş: |