ÜRƏYİMİ AHLAR DƏLİR
Ürəyimi ahlar dəlir,
Yaş atılır göz üstünə.
Ahdan sonra hicran gəlir,
Atəş düşür köz üstünə.
Ələmlərlə ulaşıram,
Göz yaşına bulaşıram,
Əzabımla sulaşıram,
Xəzan düşür üz üstünə.
Qəm dağılır saatıma,
Hicran minir can atıma,
Yadlaşıram həyatıma,
Ömür çökür diz üstünə.
Duyğularım qanad açır,
Düzü qoyub dağa qaçır,
Ürəyini mənə açır-
Təbim gəlir söz üstünə.
Aləmlərə soraq edir,
Könlümü ağ varaq edir,
Ay gecəni çıraq edir,
Nur tökülür miz üstünə.
Ey Şadiman, nə vüs’ətdi?
İlham haqdan bir qüdrətdi,
Yıxdı neçə sərhəd, səddi?
Qədəm qoydu iz üstünə.
14. 03. 2003
AXŞAM DÜŞÜR, ŞƏR QARIŞIR
Axşam düşür, şər qarışır,
Gecə yağır vaxt üstünə.
Könlə dərdi-sər qarışır,
Fikir çıxır taxt üstünə.
Gözdə ələm, qəm yaşlanır,
Kipriklərdə nəm başlanır,
Saat üstə dəm başlanır,
Ürək düşür baxt üstünə.
Gün zamanla qucaqlaşır,
Sinədə od ocaqlaşır,
Qəm könüllə sıcaqlaşır,
Dərd gəlir bivaxt üstünə.
13. 03. 2003
DƏLİ BAXTA BAX
Ürəyi eşqli sabahıma,
Candı hicranı günahıma,
Qonaq olubdu hər ahıma,
Dəli baxta bax, dəli baxta.
Qara sükutu ömrü üzür,
Hər bir işimə dodaq büzür,
Ömür yoluna kədər düzür,
Hissi dəmirmi, ya taxta?
Dəli baxta bax, dəli baxta.
Ümidi üzü üstə qoyub,
Könlü yataqda xəstə qoyub,
Dərdlərimi üst-üstə qoyub,
Qırmancla döyür qaçan vaxta,
Dəli baxta bax, dəli baxta.
Elə razıdı özü-özündən,
Ürək alışır od-közündən,
Ələm tökülür üz-gözündən,
Mənə nəş’əni verər saxta,
Dəli baxta bax, dəli baxta.
Dərdin başını tumarlayar,
Anları tutar qamarlayar,
Sarayın sökər hamarlayar,
Lal vücudu damarlayar,
Qanımı tökər laxta-laxta,
Dəli baxta bax, dəli baxta.
Üzü Tanrıya durmaqdayam,
Qəlbin başına vurmaqdayam,
Könül anını qurmaqdayam,
Mənlə sevda qalıb nə vaxta?
Dəli baxta bax, dəli baxta.
15. 03. 2003
MƏNİ ÜRƏYİMLƏ TƏK QOYAN, FƏLƏK
Məni ürəyimlə tək qoyan, fələk,
Könlümün harayı dünyaya yetmir.
Ağrıma, acıma qol qoyan, fələk,
Verdiyin ələmlər heç cürə bitmir.
Ağlayan içimə çölüm toy qurub,
Bağrımın nəş’əsin elə vay qırıb,
Bəbəyin yaşından könlüm çay qurub,
Qəlbin dəryasından fırtına getmir.
Mən cana gəlmişəm bu ələmimdən,
Könlü aha salan qəm aləmimdən,
Tökülür vərəqə qəm qələmimdən,
Fələk öz rəhmini bir mənə etmir!
Sınan ümidlərim budağa bənzər,
Ürək nalə edər, bu dağa bənzər.
Hicranım sıldırım, sal dağa bənzər,
Könlümün səmasın buludlar bəzər…
Qəmimi yumağa gurşadım yetmir.
Ağlar taleyimə gözdə yaş gülər,
Bağrın gileyinə dəli baş gülər,
Sinəm haray çəkər qaya, daş gələr,
Ağrım dağ, dumanı çəkilib getmir.
Şadiman dərdinə tapmaz çarəni,
Salıb əzablara mən biçarəni,
Vurur yarə üstən qəlbə yarəni,
Fələyin qadası başımdan ötmür.
18. 03. 2003
Könlümün duyğuları -
Dəryada yolunu itirmiş bərə,
Üz tutur Allaha min kərə,
Ağrılardan sovuşmaq üçün,
Bu təlatümlü dünyaya qovuşmaq üçün.
Fırtınalar döyəcləyir onu,
Yetişmir sahilinin sonu,
Ömür bir su kimi axır keçir,
Süzür duyğuları qədəhinə, içir-
Yenidən sinəmdə diləklər doğulur,
Əsdikcə qasırğalar bir-bir boğulur.
Dəniz könlüm nehrətək yırğalanır,
Fırtına üstündən qopur fırtına,
Minirəm tale atına,
Çapdıqca çapıram vaxtın qanadında,
Zaman saxlaya bilmir saatları yadında,
Gün anla çarpışır,
Yenə bu başıbəlalı ömürdən yapışır.
Könül diləklərə qolu bağlı əsir,
Bilməm, İlahi, nə sir?
Duyğular sinəmdə tapır öz həyatını,
Qurur qəmlərin üstündə büsatını,
Alır əlimdən gecəmi, gündüzümü,
Tuturam Yaradana üzümü…
Dərgahla könlümü ovutmaq üçün,
Gözümün yaşlarını qurutmaq üçün,
Könlümün duyğuları -
Dəryada yolunu itirmiş bərə…
6. 03. 2003
O QƏDƏR DƏRD ÇƏKDİM
O qədər dərd çəkdim bu dünyada mən,
Dərdi götürməyə dözüm çatmadı.
Ağrıdan, acıdan yandı sinə, tən,
Dilin harayına sözüm çatmadı.
Ağlatdı könlümü ötən zamanlar,
Yetmədi bağrımdan haqqa imanlar,
Harada olsam da qəm məni yanlar,
Ocağı kül basdı, közüm çatmadı.
Boğdu bəbəkləri yaş sellər təki,
İllərim qırıldı səf tellər təki,
Getdi qabağımca dərd yellər təki,
Baxışım yoruldu, gözüm çatmadı.
Şadiman əyildi haqqa qul kimi,
Belinə yükləndi ağrı çul kimi,
Ömür xırdalandı elə pul kimi…
Hər dərdi udmağa əzim çatmadı.
13. 04. 2003
ÜRƏK ÜSTƏ GEDƏN KÖNÜL
Nə ağlarsan, nə sızlarsan?
Mənə tə’nə edən könül
Qəm içində payızlarsan,
Bağrım başın didən könül.
Taleyimə qəm ələdin,
Gözlərimə nəm ələdin,
Məni ahdan dəm elədin,
Bu sitəmlər nədən, könül?
Ağrılarda qalan candı,
Ciyərimdə od oyandı,
Atəşinə düşüb yandı,
Köz-köz oldu bədən könül.
Şadimanı etdin çıraq,
Qəlbi açdın varaq-varaq,
Edib qəmi əldə yaraq,
Ürək üstə gedən könül.
14. 04. 2003
ÜRƏYİM AĞLADI
Ürəyim ağladı, gözlərim güldü,
Qəm həyat qapımı daralı qoydu.
Ocağım kül oldu, közlərim güldü,
Fələk kor bəxtimi yaralı qoydu.
Dilim ağı dedi, ürəyim nalə,
Könlüm qanlar ilə dolu piyalə,
Bağrımda göyərən ahlarım lalə,
Qəlbimin bağçasın saralı qoydu.
Çırpındım quş təki dar qəfəslərdə,
Boğuldu istəyim xar nəfəslərdə,
Sinə cövlan etdi nə həvəslərdə?
Könlümü nəş’ədən aralı qoydu.
Dilimdə sözlərim çapıldı getdi,
Sinəmə mizraqlar sapıldı getdi,
Mənə dərd verənlər tapıldı getdi…
Bəxtimin imzasın qaralı qoydu.
14. 04. 2003
Dostları ilə paylaş: |