Könül ahdan çəkər haray,
Haray candan sapar gedər.
Sevda tikər qəlbə saray,
Sarayın qəm çapar gedər.
Sultan eşqi həsrət üzər,
Kədər gözdə yaşı gəzər,
Kiprikləri şehlər bəzər,
Dərd ürəyi qapar gedər.
Dildə sözüm yalqızlayar,
Bağırımla bir sızlayar,
Ağrımı qəm tarazlayar,
Mənzilimi tapar gedər.
Nəş’ələrim qəlbi qucar,
Hər duyğuya min yol açar,
Olar eşqi aləmə car,
Könlə qala yapar gedər.
Ey Şadiman, təbim çağlar,
Dərdi bükər, qəm ayaqlar,
Gəzər ərzi bu ayaqlar,
İlahımı göyə bağlar,
Sinədən can qopar gedər.
2. 05. 2003
QƏRİB BİR TALEYİM VAR
Ürəyimə qəm oxuyan susub durmaz neyim var,
Nə yazıq ki, bu dünyada qərib bir taleyim var.
Həsrət çəkir ağrılarım bu sinəmin ahına,
Əllərim haqq dərgahında duaçı Allahına,
Zülmətlərim qol götürüb oynayır sabahına,
Batıb qalıb ələmlərim etdiyi günahına,
İlhamımın qədəhindən süzülən can meyim var,
Nə yazıq ki, bu dünyada qərib bir taleyim var.
Gözlərimin şəbnəmləri isladır gecələri,
Bağırımdan min bir sual qəhr edir necələri?
Qəlbin dəli duyğuları diləyin incələri,
Boğur məni idrakımın o pələng pəncələri,
Nə yaxşı ki, ağrılara dözən könül neyim var,
Nə yazıq ki, bu dünyada qərib bir taleyim var.
Əzabların dəryasında boğulur saatlarım,
Misra-misra, qətrə-qətrə doğulur qəm qatlarım,
Bağırımdan şırımlanır dərman tapmaz çatlarım,
Neçə dəfə peyda olur, boğulur həyatlarım
Ağrılardan nəş’ələnmiş ürək adlı keyim var,
Nə yazıq ki, bu dünyada qərib bir taleyim var.
Sübhün gözü açılandan sübhə qapı oluram,
Köz bağlamış qəlb yarama cərrah sapı oluram,
Zamanımın at oynadan tarpatapı oluram,
Ürək ovan arzulara qalaqapı oluram,
İç yuvamdan qopub düşən misra adlı neyim var,
Nə yazıq ki, bu dünyada qərib bir taleyim var.
Kökləyirəm rübabımı inləyir ah-zar üstə,
Varlığıma niskil yağır dil anlamaz xar üstə,
Ürəyimin baharları çiçəkləyir qar üstə,
Təbim zirvələr dolaşır bağçasına bar üstə,
Həyatın dolaylarında yaşamağa səyim var,
Nə yazıq ki, bu dünyada qərib bir taleyim var.
Qələmimi can göynədir, kağız donur əlimdə,
Kəlmə-kəlmə diləklərim üsyan edir dilimdə,
Alışıram ocağımda köz oynayır külümdə,
Fələyin mizrabı çalır mənim könül telimdə,
Yaman baxan baxışlara şahanə gileyim var…
Nə yazıq ki, bu dünyada qərib bir taleyim var.
Ey Şadiman, nədir belə sinə yırtan zülümlər?
Dərd götürər xəncərini bağrını nə dilimlər?
Ağlımdan qopub düşər can göydən bilimlər,
Saatlarım sevdalanar hissim, duyğum elimlər,
Ürəyimə qəm oxuyan susub-durmaz neyim var,
Nə yazıq ki, bu dünyada qərib bir taleyim var.
3. 05. 2003
YARALAR GÖZ- GÖZ AĞLADI
Kipriklərim fəqan etdi,
Qaş altında göz ağladı.
Təbim coşdu nə qan etdi?
Dil içində söz ağladı.
Qəlbdən çıxdı duyğularım,
Artdı könlə sayğılarım,
Azdı gecə uyğularım…
Ocağımda köz ağladı.
Şərə məzar qazdım qaldım,
Misra-misra yazdım qaldım,
Yoxuşlarda azdım qaldım,
Ayaq altda iz ağladı.
Ötdüm vaxtı yuxu kimi,
Fələyin qəm oxu kimi,
Yordum yolu çoxu kimi,
Ömür qaçdı, diz ağladı.
Anlarımı tikdim-sökdüm,
Saata qul olub çökdüm,
Gözlərimdən qan-yaş tökdüm,
Vaxtı tikən biz ağladı.
Ey Şadiman, nədir suçun?
Göynəyirsən için-için,
Fələk açdı könlün için-
Yaralar göz-göz ağladı.
18. 05. 2003
TALEYİN YELLƏRİ ƏSDİ BAŞIMDA
Taleyin yelləri əsdi başımda,
Ağlayan göz oldu, alışan ürək.
İndi dərk elədim mən bu yaşımda,
Ömür bir şahanə qanadlı mələk.
O, elə uçur ki zaman atında,
Onu öz yolundan saxlamaq çətin.
Acılı-şirinli az həyatında,
Çox vaxtı tapmayır can səadətin.
Anlar elə uçur, elə uçur ki,
Əlimiz yetməyir saxlamağa da.
Dəcəl uşaq təki elə qaçır ki,
Gül təki ömrü yox qoxlamağa da.
Taleyin göyləri şıdırğı yağır,
Onun yağışları isladır məni.
Fəryad ki yetməyir, ha qışqır, çağır,
Batıb dəryasında könül yelkəni.
20. 03. 2002
NƏ TALESİZ BƏNDƏYƏMMİŞ ?
Nə dilədim döndü puça?
Mən ki, yaman gündəyəmmiş.
Canım qəmdən necə qaça?
Nə talesiz bəndəyəmmiş?
Bəxtim dərin bir quyudu,
Vulkan təki hey uyudu,
Niskilimi qanla yudu,
Nə talesiz bəndəyəmmiş?
Artırdıqca hicranımı,
Kəsdi dərdlə bu canımı,
Unutmadı ünvanımı,
Nə talesiz bəndəyəmmiş?
Ümidimi puç eylədi,
Bilmədi ki, suç eylədi,
Ömrüm təki köç eylədi,
Nə talesiz bəndəyəmmiş?
Şadimandan hər şey aldı,
Onu yaman günə saldı,
Bir quruca canım qaldı…
Nə talesiz bəndəyəmmiş?
9. 04. 2002
NİYƏ ŞAİR DOĞDUN MƏNİ, AY ANA?
Niyə şair doğdun məni, ay ana?
Niyə hamı təki olmadım mən də?
Girir bu ürəyim gündə min dona,
Batır duyğularım dumanda, çəndə.
Alışan könlümə sazaq gəzirəm,
Onun yanğıların soyutmaq üçün.
Mən özüm özümdən uzaq gəzirəm,
Bu dəli ilhamı ovutmaq üçün!
Niyə şair doğdun məni, ay ana?
Heç yerdə özümə məkan tapmıram.
Canım oda salıb məni, ay ana,
Oddan qurtulmağa imkan tapmıram.
Hamının qəm yükü sinəmdə yatır,
Bu ağır dərdlərə dözə bilmirəm.
Fəryadım içimdə boğulur, batır,
Könlü qəm əlindən üzə bilmirəm.
Niyə şair doğdun məni, ay ana?
Qəlbə divan tutur soyuq baxışlar.
Mən göllər pərisi, didərgin sona,
Dondurur sinəmi payızlar, qışlar.
Hamıdan soyuqluq, ögeylik gördüm,
Heç yerdə özümü tapa bilmədim.
Hey tale atımı sağ-sola sürdüm,
Yolum yoxuş oldu qopa bilmədim.
Niyə şair doğdun məni, ay ana?
Bu ağrı-acını çəkə bilmirəm.
Vallah, həyatımdan doymuşam cana,
Sinəmdən məlalı tökə bilmirəm.
Məni də ilhamsız doğaydın sən də,
Dünyaya hamıtək baxa biləydim.
Təbimi beşikdə boğaydın sən də,
Hamıtək ağ günə çıxa biləydim.
Aləmin qəm yükün çəkən könlümü,
Qəmlərin əlindən ala bilmədim.
Bütün kainatda səkən könlümü…
Tutub ürəyimə sala bilmədim!
Niyə şair doğdun məni, ay ana?
Doğulduğum günüm yalan olaydı.
Solaydı ömrümün dəni, ay ana?
Şadiman büsbütün talan olaydı.
6. 03. 2003
Dostları ilə paylaş: |