AĞLADIR KÖNLÜMÜ SULTAN TƏBİM
Bağrımı odlara atan təbim,
Ağladır könlümü sultan təbim.
Dözürəm hələ də min cövrünə,
Gör necə mən yanıram qövrünə,
Düşmüşəm bu alışan dövrünə,
Bağrımı odlara atan təbim,
Ağladır könlümü sultan təbim.
Hələ mənimlə davadı işi,
Nəş’əmi ələmlə doğrar dişi,
Sitəmdi bağrıma bu gərdişi,
Yorulub sinəmdə yatan təbim,
Ağladır könlümü sultan təbim.
Hər gecə ürəyimi qoparır,
Bilmirəm hansı səmtə aparır?
İtirir, sonra da göyü arır,
Gah çıxıb, gah da ki, batan təbim,
Ağladır könlümü sultan təbim.
Yalvarıb əl açıram Allaha,
Bir məni sağ çıxara sabaha,
Dözmürəm eylədiyi bu aha,
Aləmi hər cürə qatan təbim,
Ağladır könlümü sultan təbim.
Gah üzür dəryada balıq kimi,
Gah ötür hökümlə xalıq kimi,
Gah düşür cəbrinə qalıq kimi,
Hesabın kəsirlə tutan təbim,
Ağladır könlümü sultan təbim.
Elə ki, günəşə, aya dönür,
Daşdırır çeşməni, çaya dönür,
Ürəyimlə aha, vaya dönür,
Ömrümə dərd yükü çatan təbim,
Ağladır könlümü sultan təbim.
Yetməyir Şadimanın dadına,
Yanıram atəş ilə oduna,
Düşməyir əhdi-ilqar yadına,
Məni ilhamına satan təbim,
Ağladır könlümü sultan təbim.
3. 03. 2003
YENƏ KÖNLÜM QUŞU CÖVLAN ELƏYİR
Yenə könlüm quşu cövlan eləyir,
Qəlbimin ahıyla dövran eləyir.
Yenə ötür ürəyim “ Şur “ ilə,
Təb vurur könlə özün qan eləyir.
Gözümdə cilvələnir yaş dənizi,
Çalxadır qəlbi yarımcan eləyir.
Yenə bağrım savaşır ah ilə,
Qanımı bir dolu fincan eləyir.
Dil açır dadıma tez yetmək üçün,
Yetişir dilimi şan-şan eləyir.
Düşəli bu ürəyim naləyə,
Qəm gəlir könlümü nişan eləyir.
Sığmayır ev-eşiyə ilhamım,
Özünü, məni pərişan eləyir.
Salıbdı zülümə bu Şadimani,
Ömrümü ahıya viran eləyir.
3. 03. 2003
NƏ SIZLAYIB KÖNLƏ SİTƏM EDİRSƏN ?
Nə sızlayıb könlə sitəm edirsən?
Qoyma məni yarı yolda, ürəyim.
Gecə-gündüz ömrü matəm edirsən,
Necə durum mən bu halda, ürəyim?
Toxdamayan arzularım bitməyir,
Tufanları nə müddətdi ötməyir?
Məlallarım yenə candan getməyir,
Qoyma məni qeylü-qalda, ürəyim.
Hələ neçə misralarım söz istər,
Bu həyatım ocağından köz istər,
Hər duyğuma bir işıqlı göz istər,
Tən tapmazsan bu misalda, ürəyim.
Titrəyirsən şaxta vurmuş bucaqtək,
Ağlaşırsan od görməmiş ocaqtək,
Açılmısan haqq dərgaha qucaqtək,
Nə qalırsan belə dalda, ürəyim?
Atma məni qorxuya, sək-səkiyə,
Bölmə ömrü belə tezkən ikiyə,
Dərdlərimi vursan əgər çəkiyə…
Min əzab var hər misqalda, ürəyim.
Şadimanı gəl dolandır başına,
Rəhmini et gözdən axan yaşına,
Hər mərəzi qoyma könlün başına,
Həmdəmim kim, bu vüsalda, ürəyim?
21. X11. 2002
BU NECƏ TALEDİ YAŞAYIRAM MƏN ?
Bəbəkdən tökülür ələm yaşları,
Rəbb niyə yaratdı könlüdaşları?
Kədər ürəyimin can sirdaşları,
Dünyanın ağrısın daşıyıram mən,
Bu necə taledi yaşayıram mən?
Dənizdə fırtına qalxıbdı şahə,
Hər ah da çevrilir yanan günahə,
İçimdə qasırğa bağlı sabahə,
Yer, göyü bürüyüb həm sazaq, həm çən,
Bu necə taledi yaşayıram mən?
Külək yalquzaqtək ulayır elə,
Dalğalar göyləri sulayır elə,
Aləmi bir nalə bulayır elə,
Can ağla söyləyir, şükür eylə sən,
Bu necə taledi yaşayıram mən?
Dəmir dirəklərdən haray yüksəlir,
Könlümdə qüssədən saray yüksəlir,
Qəlbin üsyanından hər vay yüksəlir,
Üzülür ömrümün anları dən-dən,
Bu necə taledi yaşayıram mən?
Fırtına Xəzəri döyür yad kimi,
Köksü ərşə qalxan ah-fəryad kimi,
Bilməm əsir edib burda kim-kimi?
Can uçur bağrımdan, şivən edir tən,
Bu necə taledi yaşayıram mən?
Nəfəsi kəsilir burda dənizin,
Yox edir qasırğa dalğanın izin,
Rəbbin ayağında su dizin-dizin,
Yalvarır rəhm eylə yerə, göyə sən,
Bu necə taledi yaşayıram mən?
Yuyur dəli Xəzər ağrı-acımı,
Küləklər qurubdu könül tacımı,
Oxşayır tufanlar ehtiyacımı,
Könlümün yarasın qaşıyıram mən,
Bu necə taledi yaşayıram mən?
22. X11. 2002
KÖNLÜM DÜŞÜB ÇOVĞUNA
Könlüm düşüb çovğuna…
Tufana həsrət sazaqlar kimi.
Düşmək olmur yovğuna,
Ünüm yetməyən uzaqlar kimi.
Ürəyimin ağrısı hayqırır mənə,
Hönkürür dönə-dönə,
Qəribi ölmüş dağlar kimi!
Dilimin harayı lal olub,
Qəlbim halbahal olub,
Nəfəsi kəsilən küləklər sayaq,
Bütün gecələrim mənimtək oyaq,
İçimdə başsız fırtınalar çapır,
Könlümü qana həris qurd təki qapır.
Ömrüm dənizin ortasında,
Tufanların sinə cıran yasında-
Dəmir dirəklərin dustağı,
Dolaşıb dalğalara zamanımın bağı,
Qırılmağa amadədi,
Ürəyimdə bu ağrılar nədi?
Bu dəli-dolu vaxtın əlində,
Mən də acı taleyimlə oturmuşam vaxtın belində.
Xəzər coşanda dalğalar qaldırır məni şahə,
Gumanım qalmır gələn sabahə…
Allahın ətəyindən bərk-bərk yapışıram,
Gecə-gündüz qədərimlə qapışıram.
Əgər bir balaca büdrəsə yıxacaq məni,
Dənizin dibinə taxacaq məni.
Ürəyim fırtına vurmuş qağayıtək çırpınır,
Yenə də Allahına tapınır.
Ahlarıma şükür edə-edə yaşayıram,
Pak, günahlardan uzaq bir insan ömrü daşıyıram!
Bu fələyin mənə yazdığı yazı,
Çağlayır könül sazı…
22. X11. 2002
YANDIRAR KÖNLÜMÜN İÇİN ŞAM KİMİ
Yandırar könlümün için şam kimi,
Kədəri qəlbimi didən taleyim.
Töküldü başıma uçqun dam kimi,
Məni bağrı qarə edən taleyim.
Bir kimsə bilməyir nə çəkirəm mən?
Üzür ürəyimi əzabım dən-dən,
Sənin atəşindən yarandınmı mən?
Fələyin badına gedən taleyim.
Dözə bilməyirəm o sitəminə,
Dirikən dərd dolu o matəminə,
Bağrım kabab olub sənin qəminə,
Ağrılı canıma bədən taleyim.
Gəl gir ürəyimə gör nə gündədi?
Sənin harayına səsdə, ündədi,
Elə açılmayan bir düyündədi,
Söylə, yazıq könül, nədən taleyim?
Əfsus ki, şeytanlar girdi qoynuna,
İti caynağını gərdi boynuna,
Tuş oldun fələyin acı oynuna,
Şahmarı, gürzəni güdən taleyim.
Sənin iztirabın sinəmi tapır,
İti qılıncıyla bağrımı çapır,
Dərdin ürəyimə qalalar yapır,
Olub ağrılara gödən taleyim.
Şadiman bu dərdi çəkdikcə bitməz,
Ölüncə sinəmdən əzabın getməz,
İblis rəhmə gəlib yolundan itməz,
Bu acı ömrümə mədən taleyim.
28. 09. 2002
Dostları ilə paylaş: |