Кяримбяйли ширин ханым



Yüklə 8,79 Mb.
səhifə27/92
tarix27.12.2018
ölçüsü8,79 Mb.
#86518
1   ...   23   24   25   26   27   28   29   30   ...   92

ÖMÜR BƏXTƏ DÜŞƏN DƏMDİ

Bu ürəyim qalıb, Allah,

Canla tənin arasında.

Diləklərim çəkir min ah,

Bağrım sızlar yarasında.
Duyğularım dodaqda mey,

Axar qəlbdən edər giley,

Dəli könlü aradım hey,

Buludların sırasında.

Həzin-həzin titrər sinə,

Girər kədər, qəm köksünə,

Zaman qaçar səsə, ünə,

Ömrü anım harasında?


Dərdim, sanki mey – içərəm,

Sərxoş təki yol keçərəm,

Ahı əkib qəm biçərəm-

Gözlərimin qarasında.


Söndürməsin Rəbb şamımı,

Ağlatmasın heç kamımı,

Qoruyaram ilhamımı,

Ürəyimin parasında.


Ey Şadiman, nə qələmdi?

Bəmi zildi, zili bəmdi,

Ömür bəxtə düşən dəmdi…

İlahinin çarasında.

24.X11.2002

BİR DÜNYALIQ HƏSRƏTİM VAR

Bir dünyalıq həsrətim var,

Qucağından atılaydım.

Hicranda can surətim var,

Ocağına çatılaydım.
Dərd sinəmi yıxıb tökdü,

Vüsalımın gözün tökdü,

Ümidlərim yaman çökdü,

Kaş nəş’əyə qatılaydım.


Hey gizlətdim ürəyimi,

Tapıb çapdım diləyimi,

Tutdu oxa kürəyimi,

Əzabından qurtulaydım.


Bir dünyalıq həsrət naşı,

Könlümdəki qəm təlaşı,

Tapıb qəlbə can sirdaşı,

Sevdasına satılaydım.

10. 01. 2003

İLHAMIMI GÖRƏN ALLAH

İlhamımı görən Allah,

Bu sinəmə sözün saldı.

Atəşimi verən Allah,

Ocağıma közün saldı.
Hey atışdım günahlarla,

Könlüm doldu nə ahlarla?

Gəldi haqqım sabahlarla,

Yollarıma izin saldı.


Üz tutduqca Yaradana,

Hey işlədi ətə, qana,

Aldı üstü, yetdi cana,

Ürəyimə özün saldı.


Kəmalımı görmək üçün,

Bağrımdan bar dərmək üçün,

İblisimi görmək üçün,

Şüuruma közün saldı.


Yaratmadı Rəbb qəlbi daş,

Qəmi gözlə etdi sirdaş,

Eyləmədi rəsmini faş,

Lal üzümə özün saldı.


Duyğuları basdı küncə,

Öyüd verdi gündüz, gecə,

Yaradanım incə-incə,

İçimdə haqq düzün saldı.

9. 01. 2003

BİR SƏDAQƏT OCAĞIYAM

Bir sədaqət ocağıyam,

Sədaqətim heç solmasın.

Ülfətlərin qucağıyam,

İtaətim heç solmasın.
Könlüm təblə yuvadadı,

Hissimlə bir havadadı,

Dilim haqqa duadadı,

İbadətim heç solmasın.


Gecə-gündüz yandım oda,

Düşdüm ahdan hey fəryada,

Əyilmədi dilim yada,

Ədalətim heç solmasın.


Hey ürəyə paklıq yapdım,

Atəş güdüb, odu qapdım,

Gah itirdim, gah da tapdım,

Qəm adətim heç solmasın.


Dəli sellər təki coşdum,

Həm qaynadım, həm də daşdım,

Saray oldum - dünən daşdım,

Bu qüdrətim heç solmasın.


Ey Şadiman, can piyalə,

Salma əldən, etmə nalə,

Rəbb bağında ömür lalə,

Təbiətim heç solmasın.

10. 01. 2003

KÖNLÜMÜN DUYĞUSUN İNLƏT, EY ŞEİR

Könlümün duyğusun inlət, ey şeir,

Yenə də qəlbimi dinlət, ey şeir.

Səndə ürəyimin aynası parlar,

Əriyər sinəmdən boranlar, qarlar,

Sənsiz varlığımı hicran məzarlar,

Gəl qopsun bağrımdan bu ahi-zarlar,

Könlümün duyğusun inlət, ey şeir,

Yenə də qəlbimi dinlət, ey şeir.
Səni duyan da var, duymayan da var,

Mələyim, eşqinə uymayan da var,

Başını qəlbinə qoymayan da var,

Ülkər varlığını saymayan da var,

Bütün vücudumu titrət, ey şeir,

Tanrıdan əbədi fitrət, ey şeir.


Bağında qönçələr açdıqca açar,

Ürəyim qapını hər gecə açar,

O mələk simanın yanına qaçar,

Səninlə birlikdə bu könlüm uçar,

Duyğulu başlarda heyrət, ey şeir,

Allahın verdiyi qüdrət, ey şeir.


Sevginlə, eşqinlə qanadlı quşam,

Ağlayan gözündən tökülən yaşam,

Sənin üzüyünə parlayan qaşam,

Lal olduğun zaman, mən də bir daşam,

Qəlbimin başını göynət, ey şeir,

Ağrını könlümə söylət, ey şeir.


Mən dilsiz səhrayam gəl küləyim ol,

Saysız duyğulara bir ələyim ol,

Səcdənə gəlmişəm pak mələyim ol,

Eşqi diləndirən şad ürəyim ol,

Götür zamanımtək sürət, ey şeir,

Eyləmə könlümə minnət, ey şeir.


Ağlayan ruhuma şirin layla çal,

Qopar ürəyimi bu sinəmdən al,

Əbədi təbimin sarayında qal,

Həsrətin bağrıma qoy salmasın xal,

Sən ey həyatıma zinət, ey şeir,

Xaliqi haqq edən xilqət, ey şeir.


Qapımı döyəndə dildar oluram,

Sənin mö’cüzənlə hey yar oluram,

Sənin işığında mən var oluram,

Yığışıb gedəndə dilzar oluram,

Gəl könlüm eyləsin izzət, ey şeir,

Məni ürəyində gizlət, ey şeir.


Mən çağlayan bulaq, sən coşqun sel ol,

Bağrımın simini titrədən tel ol,

Məni göylərində uçuran yel ol,

Günəştək şəfəqlən, açıl tel-tel ol,

Coşdur vücudumu, ağlat, ey şeir,

Məni də özünlə çağlat, ey şeir.


Sənə dodaq büzən ürəksizmidi?

Bir parça qayadı, diləksizmidi?

Bəşərin özünə gərəksizmidi?

Allahsız, sevgisiz, fələksizmidi?

İlahi göndərən sən’ət, ey şeir,

Bütün pisliklərə lənət, ey şeir!


Səni Alahınmı mənə can edib?

Solan damarıma coşqun qan edib,

Eşqin bağırımı lap büryan edib,

Şadiman qəlb verib, bəlkə qan edib?

Rəbbimdən ürəyə dəvət, ey şeir,

Ömrümə, günümə qüvvət, ey şeir.

6. 01. 2003

BİR DOLU ÇEŞMƏYƏM

Bir dolu çeşməyəm suyum çağlayar,

Ürəyim dəlisov küləyə bənzər.

Özümdən xəbərsiz könlüm ağlayar,

İlhamım utancaq mələyə bənzər.
Xəyalım dolaşar gəzər dünyanı,

Acını, ağrını azaltmaq üçün.

Könlümə şah edər gecə röyanı,

Yuxuma əlimi uzatmaq üçün.


Nə üzüm xəyaldan qopa bilmirəm,

Nə yuxum gözümə yığışmaz müdam.

Nə canı bədəndə tapa bilmirəm,

Nə duyğum ürəyə sığışmaz müdam.


Mən atəş olaram gur ocaqlara,

Tufanlar içində külüm sovrular.

Ürək qopub düşər künc-bucaqlara,

Zərrəsi odumda yanıb qovrular.


Bütün vücudumu titrədər təbim,

Bağrımı özünün qulu eyləyər.

Duyğular tapılmaz dərmanım, həbim,

Loğmanı, həkimi, pulu neyləyər?


Elə kövrələrəm bir uşaq kimi,

Şirin xəyallara çıraq tutaram.

Dolanar boynuma təb qurşaq kimi,

Sığınıb köksünə səssiz yataram.


Bir dolu çeşməyəm qurumaz gözüm,

Çağlaram meşələr, çöllər içində.

İlhamım coşmasa arımaz gözüm,

Dilim ötüşərmi dillər içində?
Şadiman çapdıqca xəyal atını,

Duyğudan-duyğuya çox cilalaşır.

Nəğməyə tutubdu bu həyatını,

Onunçın zirvədən-zirvəyə aşır.

7. 01. 2003


Yüklə 8,79 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin