ƏRİDİ KİPRİKLƏR İÇİNDƏ YAŞIM
Əridi kipriklər içində yaşım,
Necə buz ocaqda əriyən kimi.
Bir dinclik tapmadı bu qara başım,
Duydum dünya çəndi, yeriyən kimi.
Bütün səadətlər söndü gözümdə,
Həyat öz yolundan döndü gözümdə,
Diləklər mələyim endi gözümdə,
Qəm məni dumantək bürüyən kimi.
Ahım şəfəqləndi lap şö’lə təki,
Eyləyə bilmədim mən ona ərki,
Əyildim dərdimə bir kölə təki,
Yıxıb ürəyimi sürüyən kimi.
Şadiman, sinəmdə fəryad doğular,
Qopub bağırımdan şişib dağılar,
Gələnə fələkdən həyat doğular,
Gedəni həyatdan kürüyən kimi…
9. 04. 2002
SABAHIN ZÜMZÜMƏSİ GÜNAHLARA BƏND OLAR
Sabahın zümzüməsi günahlara bənd olar,
Ağlar könlün ahları nidaların içində.
Hökmü fələk oxuyar an zamana bənd olar,
Cana duyğudur şəfa qidaların içində.
Hər ürəyin öz simi, şirin zənguləsi var,
Göz yaşını çalxadan bəbəyin giləsi var,
Qəlblərdə fəqan edən vüsalın eşq səsi var,
Hicranı tufan salar sevdaların içində.
İnlədər sinələri dillərdən qopan duva,
Uçar bədəndən, sanki can bilməz təni yuva,
Vurar özün dəlitək min kərə oda, suva,
Batar ahı, naləsi sədaların içində.
Adəm zənn edər özü Allahından ucadı,
Bilməz bədəndə canı Yaradana bacadı,
Cismini torpaq edən dünya ondan qocadı,
Özün itirib bəndə ədaların içində.
Halal, haram bilməyir tutubdu gözünü qan,
Etdiyi əməlləri olub özünə divan,
Unudur o sağ ikən hara əbədi ünvan?
Çırpınır bəşər hər gün cidaların içində.
Ey Şadiman, nədir bəs içdə könlün harayı?
Qurubdu yerə, göyə tükürpədən ah-vayı,
Daşları bir-bir düşür, uçur könlün sarayı,
Can bədəni tərk edir vidaların içində.
10. X1. 2005
«YANIQ KƏRƏM »*
«Yanıq Kərəm » –
« Əsli, Kərəm » dastanın qəm havası,
İki qəlbin İlahiyə eşq duvası,
İki canın ovsunlanmış dərd yuvası,
Dövranına, zamanına can davası…!
«Yanıq Kərəm » –
Sevdalanmış könüllərin müsibəti,
Yandı ürək həm aşkarda, həm xəlbəti,
Göz yaşıyla axıb dolan qan səbəti,
İki gəncin bəxti qara məhəbbəti.
«Yanıq Kərəm » –
Məhəbbətin Rəbb sevdası, cana qida,
Səadəti qara gəlmiş iki qəlbdən qopan nida.
Barmaqları sarı simə haray salan dəli sevda,
İki gəncin alışdığı eşqə vida…
«Yanıq Kərəm » –
« Əsli, Kərəm » dastanın can fəryadı,
Bir millətin iki dində nalə dadı,
O xaçpərəst Albanyanın İslam adı,
İsa (s) ilə Mühəmmədin(s) Rəbb imdadı!…
«Yanıq Kərəm » –
Əsrlərin o tayında din savaşı,
Bir millətin gözlərindən axan yaşı,
İslamını tutan Kərəm dərdə naşı.
O xaçpərəst Əsli ilə can sirdaşı.
«Yanıq Kərəm » –
İki gəncin bir məhəbbət sinfonyası,
Bir tayfanın iki dində hicran yası,
Kərəm deyib yanan qızın qız həyası,
Külə dönən iki gəncə dövran ası.
«Yanıq Kərəm » –
Əsrlərin o tayının vicdan ahı,
Dinə müti o keşişin din günahı,
Lal eyləyib bu müsibət al sabahı,
Fəryad edir yerin, göyün tək Allahı…
«Yanıq Kərəm » –
Sarı simə toxunaraq dinsin sazlar,
Oynamaqçın, ay adamlar, çox avazlar,
Bu havanın sədasıyla qaynamazlar,
Bu faciə havasında oynamazlar!…
Bu faciə havasında oynamazlar!…
12. X1. 2005
(* Şe’rdə “Əsli və Kərəm” dastanından götürülmüş
saz havasından söhbət gedir.)
GECƏ, AY MEHMAN GECƏ
Gecə, ay mehman gecə,
Hər işi səhman gecə.
Süd təki ay işığı,
Üzünün yaraşığı.
Göydən yerə nur tökür,
Dünyaya şəfqət çökür.
Küləkləri əsirlər,
Göyün bağrın kəsirlər.
Ləpələri odlayır,
Dənizi fəryadlayır.
Qışın oğlan çağında,
Tufanlar sorağında.
Soyuğu qılınc təki,
Ağ qarı balınc təki.
Ayağ altda xışıldar,
Bəyaz tültək parıldar.
Göy yerə çıraq tutub,
Zülmətlər soraq tutub.
Sığınıb qaranlığa,
Ay düşmən toranlığa.
Gecə, çıraqban gecə,
Sevdalıdır can, gecə.
Mənə laylalar oxu,
Gəlsin gözümə yuxu.
Gözdolusu bir yatım,
Qəlbdən möhnəti atım.
Dinim, imanım gecə,
Gecə, mehmanım, gecə.
7. 02. 2006
ELƏ DÜŞMÜŞÜK OYNA
Nə gəzirsən fikirli?
Bəxtin dolaylarıyla.
Hicran elə məkirli,
Can alır vaylarıyla.
Taleyi bulma ahda,
Ahı min bir günahda,
Həsrət ölüb sabahda-
Qan axır çaylarıyla.
Zülmətin üzü bəddi,
Əymə qaməti, qəddi,
Kim ki, bilmədi həddi-
Batacaq haylarıyla.
Fikirlər haçalanır,
Ürəyə qor calanır,
Dünya elə talanır,
Dolu saraylarıyla.
Dərd gəlir axın-axın,
Onu yandırıb yaxın,
Yaradan bizə yaxın-
Qanlı haraylarıyla.
Zaman özü bir ayna,
Bax ona elə oyna.
Elə düşmüşük oyna-
Bu ömrün aylarıyla.
8. 02. 2006
GECƏMİN NALƏSİNƏ QAPANDI KİPRİKLƏRİM
Gecəmin naləsinə qapandı kipriklərim,
Bəbəklərim ah dedi ürəyimin səsinə.
Qapımdan girən qəmə sapandı, kipriklərim,
Doğulub məhbus oldum bu dünya qəfəsinə.
Zülmətlərin içindən səhəri harayladım,
Sabahın iztirabı axşama qovdu məni.
Ulduz-ulduz göylərin sinəsində vayladım,
Qaranlığın mehləri sovurdu, sovdu məni.
Dünyanın pəncərəsi bağlandı gözlərimə,
Dərin quyuya düşdü ümidlərim bir anda.
Diləklərim çırpıldı tale dənizlərinə,
Ağrılarım əbədi boğulub qaldı canda.
Püskürdü ürəyimin atəşləri aləmə,
Odu dünyanı sardı, özümü isitmədi.
Çökdüm pənah sandığım əlimdəki qələmə,
Vərəqləri ağlatdı, ağrılarım bitmədi!
Demə, doğulmaq özü işgəncəymiş nə bilim?
Nəş’ə ilə ələmsə əbədi çarpışmada.
Bütün yamanlıqlara haray qopardı dilim,
İnsan bədənində can şeytanla tapışmada.
Gecənin naləsinə sükut etdi ürəyim,
Bu sükunət haqqıma bir açılan qapıymış.
Sarılarkən boynuma çılğın ilham mələyim,
Əllərində tutduğu ömrün hicran sapıymış.
8. 02. 2006
Dostları ilə paylaş: |