Кяримбяйли ширин ханым


DUALARIMDA MƏN SƏNİ TUTDUM



Yüklə 8,79 Mb.
səhifə3/92
tarix27.12.2018
ölçüsü8,79 Mb.
#86518
1   2   3   4   5   6   7   8   9   ...   92

DUALARIMDA MƏN SƏNİ TUTDUM

Dualarımda mən səni tutudum,

Bütün varlığımla özümü unutdum.

Pirlərdən, ölüyalardan uca Tanrım,

Eşqim, Məhəbbətim, Sevgilim, Arım…

Ey peyğəmbərlərin tacı,

Ey hər dərdin əlacı.

Ey səmavi kitablardan soraq,

Ey gözlərimizə çıraq.

Ey bütün dərdlərin açarı-

Ümidsiz qoyma naçarı.

Ey müqəddəslərin aynası,

Ey əbədilik dünyası!…

Sənsiz açılarmı sabahım?

Hər kəsdən, hər şeydən ulu Allahım.

Göylərdən asılıb fəryadım,

Sənə yetməzmi imdadım?…

Ey kainatın siri,

Bütün canlıların fövqündə diri!

Dualarımda mən səni andım,

Həm gecə, həm gündüz oduna yandım,

Ey vardan yox, yoxdan var olanım,

Ən ülvü məhəbbətlə könlə dolanım.

Bəşər adlı bir varlığa gülənim,

Onun hər addımını bilənim.

Yığdığı varını ələdin,

Tənini torpağa bələdin…

Canını aldın,

Cismini dar məzara saldın…!
Ey həm gecə, həm gündüz səcdəgahım,

Ey hamıdan uca Allahım!

Canım sənə yetməkçin yol gedir,

Cismimi canbəsər edir.

Tələsməyə lüzum varmı?

Ömür bu qədər darmı?

Dualarımda mən səni gəzdim,

Həsrətinlə özümü üzdüm.

Ey bütün varlıqlardan uca,

Sən özün yardım et möhtaca.

Həddini aşanın yolunu bağla,

İnsan olana gün ağla.

Ömür bir içim su,

Dünyadan gəlir qan qoxusu…

Bizi hər bəladan hifz elə,

Ümidimizi vermə yelə.

Gecəbəgündüz özümü unutdum,

Dualarımda mən səni tutdum…

30. 06 .2005
YA QURAN
Ya Quran, Rəbbimizin təkliyin e’lan elədin,

Bunu inkar edənin könlünü nalan elədin.


Ya Quran, cövhərini can ilə verdin bəşərə,

Bütə səcdə edənin ağlını talan elədin.


Ya Quran, atəşinə nur elə şam eşqimizi,

Çox sirri hifz eləyib yolunu dalan elədin.


Ya Quran, Mühəmmədə(s) vəh ilə açdın sehiri.

Böyük Allahımızı qəlblərə dolan elədin.


Ya Quran, hər kəlamın üzümüzə nurdu saçır,

İman əhlinə şərin mehrini yalan elədin.


Ya Quran, Şadimanın könlünə saldın odunu,

Hər vəch ilə canını bu eşqə qalan elədin.

25. 02. 2004
YA İLAHİ, ÜRƏYİM SİNƏ DOLU QAN OLDU
Ya İlahi ürəyim sinə dolu qan oldu,

Çəkən hər könlə cəfa, dərdə düşən can oldu.


Ya İlahi, halıma olmadı heç halı-yanan,

Nə ki, yandı bağırım şam təki büryan oldu.


Ya İlahi, mənə heç yoxmu fələkdən şəfa?

Ərşə doldu fəqanım aləmə e’lan oldu.


Ya İlahi, canımı eyləmisən tənimə yar,

Niyə bəs bu ürəyim ah ilə nalan oldu?


Ya İlahi, ələdin könlümə hicran acısı,

Cuşə gəlib fəraqım təb ilə bəyan oldu.

Ya İlahi, əlacım qalmadı bir çarə umam,

Mən dilizarə elə qəm özü həyan oldu.


Ya İlahi, Şirini görmədi dünyadə fələk,

Qopdu candan fəqanı dərdinə əyan oldu.

28. 02. 2004


İSLAM SƏADƏTDİ ( Danimarka qəzetləri Məhəmməd (s)

peyğəmbəri təhqir edən rəsimləri çap

etdi. Avropa qəzetlərinin əksəriyyəti bu

rəsimləri qəzetlərində dərc etdi .Bir

müsəlman qadını kimi mənim də ürəyimdən

bu şeytan xislətlilərə nifrət qopdu. Görəsən

«mədəni» Avropa bu dünyanı hara aparır?…)


İslam səadətdi, islam iftixar,

İslamın içində Təkallahlıq var.

Allahın elçisi Məhəmməd-salam,

Onun vəhindəndir Qurani-kəlam,

Odur, bu dünyaya haqq nur çiləyən,

Odur, insanlığa sevda ələyən.

Surələr içində ayələr parlar,

Hər ayə insanın ruhunu alar.

O qanun kitabı bəşərə qida,

Müsəlman olanın qəlbinə nida.


Ey canında şeytan, qələmi cəfəng,

Müqəddəs İslamla edirsənmi cəng ?

Səmavi kitablar Allahdan səda,

Dini olmayana dindən nə fayda ?

Çəkdiyin rəsmlər iyrənc niyyətin,

İblisin önündə səmimiyyətin.

Əgər xaç inancın varsa İsaya, (s)

Daha öz könlünü salma ah-vaya.

İslam Məryəmi ( s) də müqəddəs sandı,

Var onun İsaya peyğəmbər andı.


Məhəmməd peyğəmbər (s ) Allahdan elçi,

Bu eşqlə titrəyir dünyanın içi.

Bir milyard insanın ruhuna çıraq,

O Böyük Allahdan o verdi soraq.

Bizimçin Məryəm (s) də, İsa (s) da nurdu,

Hər bir müsəlmana onlar qürurdu.

Onlar da Allahın elçisi olmuş,

Bədəndə canları bu eşqlə dolmuş.

Ey islama yağı, sənin dinin yox,

Sən öz varlığınçın İlahidən qorx.

Hər səmavi kitab Allaha sirdaş,

Onların önündə səcdədədir baş.

Mən sənin dininə eyləmədim şəkk,

Müqəddəs Qurandan gəl əlini çək.

Məhəmməd (s) peyğəmbər bizim canımız,

Adıyla bağlıdır din-imanımız.

Müsəlman olana o qapı açdı,

Quranla bərabər özü nur saçdı.

İslam bir ədəbdi bəşəriyyətə,

Nədir sizi çəkən bu bəd niyyətə?

Dünyanın islammı olmaq qorxusu?

Ondan gözünüzün qaçıb yuxusu?

Cırtdan Danimarka İslama neylər?

Hər kəs yamanlıığı qəlbinə eylər.

Hər pislik qayıdıb dönər özünə,

Onda o Avropa vurar dizinə.

Allahın səbiri daşarsa əgər,

Bəşər dayanarmı önündə məgər?

İslamın içində Təkallahlıq var,

Odur könlümüzə, ruhumuza yar.

İslam səadətdi, islam iftixar,

Ona kəm baxanı Rəbb edəcək xar.

20. 02. 2006

ALLAH, HİMMƏTİN OLUM

İblis insan içində,

Hiylələri biçində,

Gözlər niyə-neçində?

Hünər ver mətin olum,

Allah, himmətin olum.


Sir dolu aləmlərin,

Qəlb partladan qəmlərin,

Nə eşqlidir dəmlərin?

Ən xoş niyyətin olum,

Allah, himmətin olum.
Qəlblər bir belə naçar,

Zülümə hər gün düçar,

Dərdin özünə açar,

Çəkdir zillətin olum,

Allah, himmətin olum.
Könlüm açan gül təki,

Eşqli bülbül təki,

Oxuyan bir dil təki,

Sevda qüdrətin olum,

Allah, himmətin olum.
Gecəm gündüzə möhtac,

Zaman vermir ona bac,

Ömür də insana tac,

Parlat heyrətin olum,

Allah, himmətin olum.
Dünya silahla ötdü,

Günümüz ahla ötdü,

Min bir günahla ötdü,

Zaman sürətin olum,

Allah, himmətin olum.
Şadimana nə zillət?

Çökdü bağrına illət,

Görmədi haqq-ədalət,

Güc ver şöhrətin olum,

Allah, himmətin olum.

24. 04. 2006



BU DÜNYA ÖTÜŞƏN QƏM

KARVANIYMIŞ

BU DÜNYA QƏM ÇEŞMƏSİ
Hər taleyə bir ömür, hər ömrə bir həyat var,

İnsanın ağılında açılmaz neçə qat var,

Şüurun fəqanından ürəkdə min cür çat var,

Bir tərəfdə göz yaşı, bir tərəfdə büsat var…

Ağrılara qul oldun-taleyin yatıb gedir,

Bu dünya qəm çeşməsi, üzməyən batıb gedir.


Sabahın naləsinə gecənin ahi-zarı,

Hiylədən hiylə doğur bu insanlıq bazarı…

Hər beyində açılmaz haqqın müdrik gülzarı,

Bəşərin əməlinə layiqdi öz məzarı,

Bədən canın libası libasın atıb gedir,

Bu dünya qəm çeşməsi, üzməyən batıb gedir.

Hər ağrının öz ahı, hər ahın min fəryadı,

Dildə boğulur qalır ürəklərin imdadı,

İnsana rövnəq verir gözəl həyatın dadı,

Göz qızır, ağıl çaşır, unudulur Rəbb adı,

Ölən ömrün əzabın belinə çatıb gedir,

Bu dünya qəm çeşməsi, üzməyən batıb qedir.


Hər duyğunun baharı, hər baharda qış olur,

Allah xofu olmayan sinə, ürək daş olur

Ağıldan nalə qopur göz içində yaş olur,

Fitnəyə rəvac verən iblisə qardaş olur,

Qəlbində şeytan olan aləmi qatıb gedir.

Bu dünya qəm çeşməsi, üzməyən batıb gedir.


Ağrılara əyilən əzabların quludu,

Doğulanın həyatı bir imtahan yoludu,

Ömrümüz keşməkeşlə, fəqanlarla doludu,

Boynumuza sarılan mələklərin qoludu,

Hansı doğulan insan tam kama çatıb gedir ?!…

Bu dünya qəm çeşməsi, üzməyən batıb gedir.


Sitəmlərin içində min agrı, min acı var,

Hər doğulan bəndənin pak olmaq əlacı var,

Cahanın başı üstə Rəbbin şahlıq tacı var,

Könlü odda qovuran iblisin şər sacı var,

Diləkləri sinədə fitnəyə satıb gedir,

Bu dünya qəm çeşməsi, üzməyən batıb gedir.


İnsanın vaxt açarı fələyin boğçasında,

Bahar payıza tacdı ömürün bağçasında,

Canımızın rəfi var, Yaradan taxçasında,

Dil divara çalınır haqq-hesab mıxçasında,

Zaman ömur atını dalınca dartıb gedir…

Bu dünya qəm çeşməsi, üzməyən batıb gedir.

17. X1. 2003
CAN AĞLAYIR
Bu qədər zülümlərə dözmək olarmı, Allah?

Dünyanı çalxalayır edilən min cür günah,

Nalədən üsyan edir açılan hər bir sabah,

Yeri, göyü yandırır sinələrdən qopan ah,

Ürəyim qan ağlayır,

Hər zülümə can ağlayır.


Haqsızlıqlar talayır beyinlərin içini,

Gedir bəşər içində vicdanların biçini,

İnsan yamanlığıyla sürür ömür köçünü,

Bir qurda yem edirlər min biçarə keçini,

Çəkir binəva dünya yamanlığın suçunu,

Ötüşən an ağlayır,

Hər zülümə can ağlayır.
Açılan sabahların köksündə qan izi var,

Xətaların əlində qatlanan mərd dizi var,

Bəşərin sinəsində şeytanın şər bizi var,

Edilən fənalığın dəryası, dənizi var,

Yalan ad-san ağlayır,

Hər zülümə can ağlayır.


Könüllərdə alışan duygular üsyan edir,

Sübhədək gözümüzdə uyğular üsyan edir,

Beyinlərlə atışan qayğılar üsyan edir,

Layiqsizə yar olan sayğılar üsyan edir,

Pay olan şan ağlayır,

Hər zülümə can ağlayır.


Bəşər öz ülfətini şərə edib ərmağan,

Dünyanı süngüləyir hər yerdə haqqıboğan,

Çırpınır qan içində günbatanla-gündoğan,

Göylərin gözlərindən su deyil, qandı yağan!…

Tökülən qan ağlayır,

Hər zülümə can ağlayır.

Nədir belə, İlahi, bu qədər işgəncələr ?

Ahı ərşi yandırır, həm gündüzlər, gecələr,

Parçalayır şüuru niyələr və necələr ?

Bu suallar içində ürək necə dincələr ?

Düşünən baş önündə ömür teltək incələr,

Sübhünə dan ağlayır,

Hər zülümə can ağlayır.
Bağrımı didir, Allah, içimdən qopan – kədər,

Bu aləmlər içində könlümü tapan – kədər,

Bütün ümidlərimi od təki qapan – kədər,

Sinəmin ağrısından misralar yapan – kədər,

Ürəyim qan ağlayır,

Hər zülümə can ağlayır.

15. X. 2003
BU DÜNYA ÖTÜŞƏN QƏM

KARVANIYMIŞ

Bu dünya ötüşən qəm karvanıymış…

Ağrını, acını günlə qurudur.

Gözüm zümrüdləyən nəm ünvanıymış,

Kipriyim ahlıyır, bəbək qan udur.
Haqqım ürəyimə sancılan oxum,

Yarası sızlayır səhərə qədər.

Gözümdən göylərə çəkilir yuxum,

Dərdim yol arayır qəhərə qədər.


Peşiman diləyim gendən boylanır,

Sonsuz ümidlərim gumana qalır.

Könül ah içində qəmdən oylanır…

Sinəmin fəryadı imana qalır.


Dilim ağı deyir hər müşkülünə,

Əllərim uzalı qalıb göylərə.

Bürünüb ürəyim dərdin tülünə,

Ağılım mehrini salıb göylərə.


Bu dünya ötüşən qəm karvanıymış…

Sarvanı əzəldən yollar yorğunu.

Div təki şüşədə qalan canıymış,

Alar Yaradanı sonda sorğunu.


Haqqına əyilən cahan qan ağlar,

Nadanın əlinə düşəndə baxtı.

Zalımlar felində bu dövran ağlar,

Enər zülümkarın əlində taxtı.


Hər gələn dərdini basıb bağrına,

Harayı dilində yanıb qovrulub.

Ümidin ulduztək asıb bağrına,

İçinin naləsi göyə sovrulub.


Bu dünya ötüşən qəm karvanıymış…

Dağdan dərəsinə enməyə nə var ?

Ömür də Allahın sevda anıymış,

Onun dərgahına dönməyə nə var ?

26. X. 2003


Yüklə 8,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin