Кяримбяйли ширин ханым



Yüklə 8,79 Mb.
səhifə32/92
tarix27.12.2018
ölçüsü8,79 Mb.
#86518
1   ...   28   29   30   31   32   33   34   35   ...   92

HARAM YEYƏN BAŞDADI

Haram yeyən başdadı,

Hər günü daş-başdadı,

Şeytanla sirdaşdadı,

Allahla savaşdadı.
Rüşvətdən imarəti,

Xəzinəni qarəti,

İblisə itaəti…!

Millət onun aləti!


Yoxdu dini-imanı,

Tərs fırladır zamanı,

Məkirlidir fərmanı,

Zəhərlidir dərmanı.


Kütlələri hovlayır,

Sürü təki qovlayır,

Dilbiləni tovlayır,

Dilbilməzi ovlayır…!


Özü şarlatan kimi,

Aləmi qatan kimi,

Hər kəsə atan kimi,

Şeytanla yatan kimi.


Haram-halal bilməyir,

Bir özgə hal bilməyir,

Özünü mal bilməyir,

Başını kal bilməyir.

Hamıdan dal bilməyir.
Bu xalqın gözü ağlar,

Qalıb qapısı bağlar,

Hər kəs canın soraqlar,

Şükür eyləyər sağlar.


Bir çoxu qullaşıbdı,

Şeytanla yollaşıbdı,

Cibləri pullaşıbdı,

Dili noğullaşıbdı.


Vətən batabatdadı,

Ağrıyla həyatdadı,

Taleyi min qatdadı,

Millət yatayatdadı,

Hiyləgər büsatdadı.
Rüşvət cibi daşdıırır,

Ağlı-huşu çaşdırır,

Vicdanı bulaşdırır,

Əyrini pullaşdırır,

Aləmi savaşdırır.
Belə olur sadəlik,

Millətə azadəlik,

Varlıığına gədəlik,

Kökünə « bəyzadəlik »,

Halallığa yadəlik.
Ey Şadiman, nə sirdi?

Təb füsnükar qəsirdi,

Ürək ona əsirdi,

Kağız-qələm yesirdi,

Mənliyimiz həsirdi…!

Hər bir işdə kəsirdi!

8.05.2006

İBLİSDƏN OLAN

İblisdən olan,

İblisə qalan,

Ey nifaq salan,

Zənində talan,

Dünyaya yalan,

Eyləmə zəhmət,

Şərə nə rəhmət?


Rəbbi unudan,

Haramı dadan,

Dadıbda udan,

Özünə qadan,

Qazandın lənət,

Şərə nə rəhmət?


Cahana xata,

Xislətin bata,

Nəfsin kaş yata,

Dərddi həyata,

Cəhdinə əta,

Sanma ki, qismət,

Şərə nə rəhmət?
Min bir günahın,

Suçdu sabahın,

Pul qibləgahın,

Qopacaq ahın,

Hanı Allahın?

Yox namus-ismət,

Şərə nə rəhmət?
Zən et əbədi,

Yap min məbədi,

Haram – dəbədi,

Halal – təbədi,

Bəs bəşər nədi?

Bilməyir həddi,

Rəbbə tə’bədi

Hər can əmanət,

Şərə nə rəhmət?
Rəbb qoyan qayda,

Əməl dünyada,

Sənə nə fayda?

Sən ki, nə hayda?-

Varını sayda,

Ömürün zayda,

Taparsan vayda,

Cəhənnəm nemət,

Şərə nə rəhmət?
Sən kefi elə,

Ver ömrü yelə,

Haram sal ələ,

Var fürsət hələ,

Şəkər qat dilə,

Bu dünya cənnət,

Şərə nə rəhmət?
Gün gəlib yetər,

O ömrün ötər,

Bir xəbər-ətər,-

Qalmaz, can itər,

Ölümün betər,

Qarşında bitər…

Eyləəməz minnət,

Şərə nə rəhmət?


Bu Şadimanı,

Ey aləm tanı,

Şeytan hər yanı,

Töküllər qanı,

Alıllar canı !

Bu yer insanı-

İçi xəyanət,

Başı cinayət,

Rəbb, et inayət!…

Sənin ki, qüdrət,

Eyləmə hörmət,

Şərə nə rəhmət? !

25. 06. 2006

KOR TALEYİM
Niyə məni kor taleyim heç üzümə gülmədi?!

Mən çəkdiyim əzabların heç birini bilmədi.

Mən min dəfə can verərkən, o bir dəfə ölmədi,

Usanarkən, çırpınarkən bu sitəmli dünyada,

O heç zaman diksinmədi bu can üzən fəryada!
İçimdəki diləklərim hönkürdü dağ selitək,

Əsib keçdi neçə kərə yanan səmum yelitək,

Ümidlərim qırılarkən ürəyin qəlb telitək,

Göylər, yerlər haray dedi tük ürpədən imdada,

O heç zaman diksinmədi bu can üzən fəryada!…

10.09.2006, Pirallahı



ÖMÜR KEÇDİ YUXU KİMİ…



NEÇƏ GÜNDÜR YATIRSAN O QARA

TORPAQDA ATAM
Neçə gündür yatırsan o qara torpaqda, atam,

Qoymusan könlümüzü qəm dolu bir çağda, atam.


Halını sormağa gəldim lal məzarın üstünə,

Görmədim pak üzünü ya solda, ya sağda, atam?


Ürəyim dolu sitəmlər ilən yox çarə ona,

Bülbülü xəzana döndərdi fələk bağda, atam.


Könlümün dünyada səndən savay həyanı hanı?…

Qoydu fələk canımı dərd dolu növrağda, atam.


Ey mənim səcdə evim, tək sənə vurğundu qızın,

Gəldi əzrayıl qəfil, de hansı yarağda, atam?!


Aradım xiffət ilən dərdinə çarə eləyim,

Qaldı bu dil-dodağım loğmanı sorağda atam.


O soyuq qəbrinə mən, gözdən axıtdıqca yaşı,

Batdı binəva balan buz üzlü sazağda, atam.


Yetmədim dilinə heç soruşam əhvalını bir,

Necə həsrət ürəyim ruhuna irağda, atam.


Bu qədər dərdi mənə eylədi rəva qədərim,

Ki, çəkim hicrini mən cövrlə fərağda, atam.


Mən qəribin harayın eşit başımın tacı,

Qoydu zalım fələyim könlümü ayağda, atam.


Sən şam oldun dilinin duvasıyla Xudaya,

Alnın möhür izi nurdu nə çırağda, atam?


Əfv elə bu balanı yetə bilmədi dilinə,

Necə qalsın ürəyim dərd dolu bu tağda, atam?


Quranın eşqi ilə məscidə tutdun üzünü,

Tapmadın eldə onu aradın uzağda, atam.


İslama diləyini bildi, bəyəndi, o Xuda,

Necə ki, gördü cahan İslamı bayrağda, atam.


Elə apardı səni dünyadan zalım əcəlin,

Qoydu balalarını qəm dolu bu dağda, atam.


Həsrətəm, indi sənin acı bir sözünə belə,

Səsinin avazı var, gəzdiyin otağda, atam.


Nə qədər ağır imiş övlada görsün bu günü,

Ki, onun tacıdarı can verə yatağda, atam.


Tökdürür Şadimana gözündən hey yaşı fələk,

Bağrümın qanı mürəkkəb kimi varağda, atam.

23. X. 2002

BAŞIMIN TACI ATAM
Başımın tacı atam, mən səni harda arayım?!…

Uçdu min fəqan ilən ahımdan könül sarayım.


Çəkərək xiffətini qəminə düşdüm fələyin,

Dəldi ərşin sinəsin bu tükürpədən harayım!


Sənin qara xəbərin bağrımı yandırdı tamam,

İndi könül siminin telini necə darayım?…


Neçə gündür ürəyim fəqan edir qəm ilən,

Bəs mən İlahi verən ömrümə necə yarayım?…


Ağlayır Şadimanın səsinə yoxdu cavabın,

Başımın tacı atam, mən səni harda arayım?!…

23.X. 2002
RƏBB EDİR BƏŞƏRİ NAKAM, ATA
Qaldı könlündə neçə kam, ata,

Rəbb edir bəşəri nakam, ata.


Qara torpaq necə aldı səni?

Ayırdı cövr ilən candan təni,

Bu imiş sonu həyatın yə’ni ?

Ovuda bilməyir ruhun məni,

Qaldı könlündə neçə kam, ata,

Rəbb edir bəşəri nakam, ata.


Fələk vurdu sinəyə yarəni,

Ki, tapa bilməyək heç çarəni,

Ağladır indi ciyərparəni-

Ağ edir gözdəki o qarəni,

Sən idin dünyamda bir şam, ata,

Rəbb edir bəşəri nakam, ata.


Dərd göndərən özü rəhmi etməz,

Nurlu üzlərə heç fəhmi etməz,

Şeytana, iblisə zəhmi etməz

Əbədi dünyaya bir kimsə yetməz,

Olmaz sənsiz ürəyim tam, ata,

Rəbb edir bəşəri nakam, ata.


Gözümün yaşına batmışam gəl,

Bu yaşı qanıma qatmışam gəl,

Özümü bu qana atmışam gəl,

Ah ilən o ərşə çatmışam gəl,

Üstümdə dərd dolu bir dam, ata,

Rəbb edir bəşəri nakam, ata.


Dərdinə aradım çarə tapam,

Ya dərdin ürəyin öylə çapam,

Sənin pak təninə qala yapam,

Günəştək dolanıb çəni qapam,

Bəlkə də bu dünya ehkam, ata,

Rəbb edir bəşəri nakam, ata.

22. X. 2002
KÖNLÜ PAK, ÜRƏYİ MƏLƏK ATAM
Dedilər, köçdü atan dünyadan,

Sanki ayrıldım o dəm röyadan,

Qopdu duyğum, diləyim xülyadan,

Hayqıra bilmədim heç həyadan,

Səsimi eşidə fələk, atam,

Könlü pak, ürəyi mələk, atam.


Qədərim eyləmədi hörməti,

Qaldı göydə dilimin minnəti,

Başımın tacı, könül zinəti,

Göstərdi bizə də bu zilləti,

Puç oldu gör necə dilək, atam?

Könlü pak ürəyi, mələk, atam.

Qət etdim yolları hey adına,

Yetişə bilmədim imdadına,

Yığışıb gəldi elim dadına,

Üç qızın çatmadı fəryadına,

Necə dözsün qəmə ürək, atam,

Könlü pak, ürəyi mələk, atam.


Gördüm ortada cənazən durur,

Əzrayıl özü dizinə vurur,

Fələyin əmrinə etmir qürur,

Rəbbinin hökmünə matəm qurur,

Sındı bağrımdakı dilək, atam,

Könlü pak, ürəyi mələk, atam.


Tapşırıldın o gün də torpağa,

Hey xəzan düşdü bağa, yarpağa,

Necə dözsün balalar bu dağa?…

Qəmə batdım ki, başdan ayağa,

Qopdu bağrımda bir külək, atam,

Könlü pak, ürəyi mələk, atam.


Ağırdı insanın son səfəri,

Tənin ruhuna don səfəri,

İlahi saxlamaz bir nəfəri -

Bu dünya binə olandan bəri.

Fələyin əlində ələk, atam,

Könlü pak, ürəyi mələk, atam.
Taleyin qəm tökdü əhvalına,

Ağladı fələklər də halına,

Kim yetər ölüm qeylü-qalına?

Əcəlin yetişdi vüsalına,

Xudanın əmrin nə bilək, atam?

Könlü pak, ürəyi mələk, atam.


Bəslədin sən bizi quzu kimi,

Bəxtinin oğulu, qızı kimi,

Dilinin şəkəri, duzu kimi,

Taleyin ömrə ulduzu kimi,

Elə dərd yoxdu bu yazı kimi…

Bəs necə bu evə gələk, atam?

Könlü pak, ürəyi mələk, atam.
Əzrayıl hər baş üstə dolaşır,

Fələk ilən tən deyib dalaşır,

Qaraüzlü ölümlə ulaşır,

Can alarkən də aha bulaşır,

Ömür doğulana kələk, atam,

Könlü pak, ürəyi mələk, atam.


Yaranandan başla qəlb vuruşur,

Sərvətə pul-paraya sarışır,

Bu bəşər bir-biriylə yarışır

Axır qara torpağa qarışır…

Yorulur baş, bədən, bilək atam,

Könlü pak, ürəyi mələk, atam.


Haqqını verməyə gücüm çatmaz?!

Bu balan eşqini qəlbdən atmaz,

Bu ağır itgiyə gözüm yatmaz,

Fələyin qəminə kimdi, batmaz?

Qəbiri bədənə bələk, atam,

Könlü pak, ürəyi mələk, atam.


Əzrayılın məramın biləydim,

O ağır anlarına gələydim,

Əcəlin kor qapısın dələydim,

Kaş sənin yerinə mən öləydim…!

Bu Şirin xanımın həlak, atam,

Könlü pak, ürəyi mələk, atam.

22. X. 2002

SƏNİ İTİRDİM, ATA
Səni itirdim , ata, sındı ələmdən ürəyim,

Partlayır əzab ilə bir belə qəmdən ürəyim.

Deyirəm əzrayılın hökmü yalan olaydı kaş,

İnciyib, üz çevirib, sanki aləmdən ürəyim.

Sığmıram ev-eşiyə, gözlərim səni arayır,

Batıb bir gəmi kimi dəryada nəmdən ürəyim.

Nə qədər güclü imiş o atalıq məhəbbətin,

Ağlayır zarı-zarı hər gələn dəmdən ürəyim.

İlahi, bu itginin ağrısına yoxdu dözüm,

Zilim hayqırtı salır, partlayır bəmdən ürəyim.

Ey belə yazı yazan görən varmı insafın?

Dözməyib bu itgiyə ağlar naləmdən ürəyim.

Biçarə Şadimanın dərdini e’lan eliyən,

Qəminə çarə arar kağız-qələmdən ürəyim.

3. X. 2002

ÖLÜNCƏ MƏN SƏNİ GƏZƏRƏM, ATA
Daha heç kim verməz sənin yerini,

Duman necə tutsun çənin yerini?

Torpaq verə bilməz tənin yerini,

Necə sənsizliyə dözərəm, ata?

Ölüncə mən səni gəzərəm, ata.
Yarpağın saplağı budaqda qaldı,

Könlüm, ey cərvərim, bu dağda qaldı,

Dilimin harayı dodağda qaldı,

Harda ata görsəm süzərəm, ata,

Ölüncə mən səni gəzərəm, ata.
Uca dağlarımı tufanlar aldı,

Könlümü ilanlar, şahmarlar çaldı,

Dünya başdan-başa nə qeylü-qaldı?

Düşüb qəm dəryana üzərəm, ata.

Ölüncə mən səni gəzərəm ata.
Bəlalı ömrümə pənahın idin,

Qara zülmətimə sabahım idin,

Sən Kə’bəm, Nəcəfim, Allahım idin,

Göz yaşı kükrəyən Xəzərəm, ata,

Ölüncə mən səni gəzərəm, ata.
Nə yaman yandırdı bu fələk məni?!…

Alıb əlçatmaza apardı səni,

Məzarın içinə qoydurdu təni…

Qəbrinə çiçəklər düzərəm, ata,

Ölüncə mən səni gəzərəm, ata.
Ürəyim ağlayır əlimdə qələm,

Dünyanı yandırır bu dəli naləm,

Mənə qan içirdir həyat piyaləm,

Ömrü yuxularla bəzərəm, ata,

Ölüncə mən səni gəzərəm, ata.
Qırılıb, İlahi, qolum-qanadım,

Batıb ulu dünyam, şərəfim, adım,

Yetmir, əzəbkeşim, sənə fəryadım,

İndi xəyalları üzərəm, ata,

Ölüncə mən səni gəzərəm, ata.
Dağdan ağır imiş bu ölüm mənə,

Eylədi yoxluğün nə zülüm mənə?

Sənə yox, verəydi Rəbb ölüm mənə,

Könlümü ahlarla əzərəm, ata,

Ölüncə mən səni gəzərəm, ata.
Can alan bilmirmi bala dadını?

Saldı müsibətə bu övladını,

Bağrıma bükmüşəm o pak adını,

Bu müdhiş ölümə həzaram, ata,

Ölüncə mən səni gəzərəm, ata
Qurtar müsibətdən Şadimanını,

De, əzrayıl alsın onun canını,

Dondursun damarda coşan qanını,

Onu ilk gəlişdən sezərəm, ata,

Ölüncə mən səni gəzərəm, ata.

20. X1. 2002


ALDI TƏNDƏN FƏLƏK CANI
Aldı təndən fələk canı,

Sən tərk etdin bu dünyanı,

Nə müdhişmiş ölüm anı?…

Ata, mənə sitəm oldu,

Sənsiz dünya matəm oldu.
Ağlayıram için-için,

Belə qəfil getdin neçin?

Ələm basıb könlün için,

Ata, qəmin üst-üstədi,

Bu ürəyim bir xəstədi.
Qəm başımdan ötüşmədi,

Ağrı-acı bitişmədi,

Əlim sənə yetişmədi…

Ata, dərdin dağdı mənə,

Göylər daştək yağdı mənə!
Başım tacı balan ağlar,

Qəm sinəmdə elə çağlar,

Əzrayılın çəkdi dağlar,

Ata, düşdün ah-zarına,

Qurban olum məzarına.
Haylayıram gəlmir səsin,

Qeyb olubdu xoş nəfəsin,

Lal qəbirin dar qəfəsin,

Ata, ağlar gözdə yaşım,

Ayrılığın can sirdaşım.
Niyə məni ölüm almaz?

Sənin təki qəbrə salmaz?

Ey dünyama parlaq almaz!

Ata, sənsiz günüm qara,

Könül başdan-başa yara.

20. X1. 2002


KAŞ AÇILMAYAYDIN, EY SABAH MƏNƏ
/ 18. X. 2002 – ci ildə bütün arzularımın şahı, qibləgahım,

səcdəgahım, yerdə Tanrım, mənimçin dünyanın ən müqəddəsi -

atam dünyadan köçdü…/
Kaş açılmayaydın, ey sabah mənə,

Mənim bu günümü qara gətirdin.

Saldın həyatımı dumana, çənə,

Könlümün içinə yara gətirdin.


Aldı tacidarı fələk əlimdən,

Düşdü arzu, murad, dilək əlimdən,

Gəldi ah, fəryada ürək əlimdən,

Onu bu dünyada zara gətirdin.


Ey sabah, bəs niyə nəş’ədən qaçdın?

Döndün Əzrayıla şö’lətək saçdın,

Atamın üzünə məzarı açdın…

Onun pak tənini hara gətirdin?!…


Etdin gözlərimi yaşa mübtəla,

Aldı başım üstün elə dərd, bəla,

Ey sabah, necə mən dözüm bu hala?

Əzrayıl bağını bara gətirdin…


Bu gündən dəyişdi dünya mə’nasın,

İtirdi gül bədən o can rə’nasın,

Yaxdı ürək teli qara hənasın,

Yamanca könlümə çara gətirdin.


Ey sabah, Şadiman ağlar qübarə,

Gözlərim qəm uddu – səndən nübarə,

Çəkdin ürəyimi dərdə, qubarə

Könül gülüstanın xara gətirdin.

20. X1. 2002
QƏFİL GƏLDİ BU ƏCƏLİN
Gülbanı bibimin əziz xatirəsinə!
Qəfil gəldi bu əcəlin,

Dil içində sözüm ağlar.

Qardaşına yetdi əlin…

Alışmamış közüm ağlar.

Ala gözlü xanım bibim,

Köküm, soyum, canım bibim,

Fəryad edir anım, bibim,

Bu dərdlərə gözüm ağlar.


Əzizlərim köçür bir-bir,

Fələk ömrü biçir bir-bir,

Məzar evin seçir bir-bir,

Ürəyimdə dözüm ağlar.


Ey atama ana, bacı,

Nə tez düşdü ömür tacı?

O dünyanın dərdi acı…

Səbri qıran əzim ağlar.


Ata dərdim soyumadı,

Qəmi qəlbdə uyumadı,

Fələk məni oyumadı,

Canım titrər, özüm ağlar.


Əcəl dönüb nə yağına?

Düşdün qardaş ayağına,

Yetdi ölüm sorağına…

Yer titrəyər, dizim ağlar.


Gəlib çıxdım məzar üstə,

Qəlbim, hissim, könlüm xəstə,

Zaman durub niyə qəsdə?

Yer hıçqırar izim ağlar.


Şadimana əziz bibim,

Canı, ruhu təmiz bibim,

Əzrayıla ov biz bibim,

Bəbək donar, gözüm ağlar.

07. 09. 2004
AYRILIĞIN BİR UCU DƏ ÖLÜMMÜŞ…
Yoxluğuna qara geyib ürəyim,

Uçdu, atam, tamam könül dərəyim,

Arxasını itirdi bu kürəyim,

Ah, bu ilim nə amansız il imiş?

Ayrılığın bir ucu da ölümmüş...
Yerə, göyə haray salıb ağlaram,

Ümidimi xəyalına bağlaram,

Getdin, atam, indi necə çağlaram?

Fəryadına ağı deyən dilimmiş,

Ayrılığın bir ucu da ölümmüş…
Hicran məni yaman yerdə haxladı,

Fələk necə sitəmiylə yoxladı?

Uçdu könlüm, binəsindən laxladı,

Mənə qalan közü keçmiş külümmüş,

Ayrılığın bir ucu da ölümmüş…
Fələk məni səndən ayrı qoydu oy,

Ürəyimi həsrətinlə oydu oy,

Kim deyər ki, bu əzrayıl doydu oy?

Qapımızı nə vaxtdandı bilimmiş,

Ayrılığın bir ucu da ölümmüş…
Bu ağlayan ürək qaldı aralı,

Atam, ömrüm hicranından saralı,

Bu balan ki, min bir yerdən yaralı,

Qəmin necə fəqan edən zilimmiş?

Ayrılığın bir ucu da ölümmüş.
Sən köçmüsən indi o haqq dünyaya,

Ürəyimi yollamışam röyaya,

İndən belə inanmaram xülyaya,

Kor bəxtimi döyəcləyən əlimmiş,

Ayrılığın bir ucu da ölümmüş…
Şadimanın ağlar ahı içində,

Zalım fələk səhər-axşam biçində,

Bu Əzrayıl can alar kam üçində…

Əzizindən ayırılmaq nə zülümmüş?

Ayrılığın bir ucu da ölümmüş…

30. X1. 2002


HARAYIM YETMƏYİR SƏNƏ, ATAM
Asılıb indi könül röyadan,

Qopa bilməyir necə xülyadan,

Əbədi getdin elə dünyadan,

Gözlərim qaldı, sanki ziyadan,

Ötən günlər yenə dönə, atam,

Harayım yetməyir sənə, atam.


Hər sözün, söhbətin can dərmanı,

Fələyin pozulaydı fərmanı,

Könlümün ey təbibi, loğmanı,

Qaytara bilməyirəm zamanı,

Necə dözsün ürək çənə, atam?

Harayım yetməyir sənə, atam.


Məzarın sinəmi ovutmayır,

Bu yanan köksümü sovutmayır,

Gözlərim yoxluğuna yatmayır,

Fəryadım niyə ərşə çatmayır?

Dünya qəm çeşməsi mənə, atam,

Harayım yetməyir sənə. atam.


Gedişin könlü yaman sındırdı,

Ciyərimin başını yandırdı,

Yoxluğun lap məhşəri andırdı…!

Qul olub qənşərimdə an durdu,

Lal olmuş Əzrayıl dinə, atam,

Harayım yetməyir sənə, atam.

Necə verdi Xuda bu əmiri?

Çıxmadı kor fələyin səmiri,

Yuğrulub qəmlə bəşər xəmiri,

Ölümün əydi daşı, dəmiri,

Rəbb məzarı qıydı tənə, atam,

Harayım yetməyir sənə, atam.


Dilimin ovunmayan duası,

Bağrımın ey dirilik havası,

Ürəyimin cavahir yuvası,

Könlümün təbib, loğman dəvası,

O ruhun göylərdən enə, atam,

Harayım yetməyir sənə, atam.


Ağlayır Şadiman bu cəfadan,

Əzrayıl kam aldı o səfadan,

Tanrının qismətiylə vəfadan,

Dünya doyub fələk bivəfadan,

Gələ sənli dəmlər yenə, atam,

Harayım yetməyir sənə, atam.

30. X1. 2002
SƏNSİZ TALANAM, ATA
Ölüm Allah işidi,

Fələyin gərdişidi,

Əzrayıl vərdişidi,

Canı tənsiz eylədi,

Məni sənsiz eylədi.
Dözmərəm yoxluğuna,

Qədərin oxluğuna,

Ələmin çoxluğuna,

Atam, ürəyim ağlar,

Getməz ölüncə dağlar.
Sən mənim canım idin,

Ən pak ünvanım idin,

Həyat sarvanım idin,

Ömrə necə yarayım?

Səni harda arayım?
Dilimin dadı gedib,

Könül imdadı gedib,

Həyat ustadı gedib,

Hamıdan ucam yoxdu,

Tanrıya bacam yoxdu.
Ölümün acı, atam,

Ömrün əlacı atam,

Könlümün tacı atam,

Səni deyib gəzərəm,

Sənsiz necə dözərəm?

Fələk yaman qan etdi,

Ölmünü bir an etdi,

Tənini sarvan etdi,

Məzara ünvan etdi,

Köçdün məlaldı, ata,

Nə acı haldı, ata?
Gözlərim tökər yaşı,

Dərdin əyibdi başı,

Ağlar könlümün başı,

Sənsiz talanam, ata,

Ağlar balanam, ata.
Ata deyib ağlaram,

Qəbrinə qəlb bağlaram,

Çalın-çarpaz dağlaram,

Pozulubdu növrağım,

Qan ağlayır varağım.
Nə deyim bu həyata?

Fələyi durmub yata,

Yəqin çatdı büsata,

Bu acılar solaydı,


Ötən günlər olaydı,
Zaman nə qansız imiş?

Ölüm ünvansız imiş,

Fələk divansız imiş,

Qəlbdə tufan qopardı,

Səni aldı, apardı,
Atam, doğranır sinəm,

Gözümdə vay qurub nəm,

Mənə ahdı gələn dəm,

Sən balana işıqdın,

Ömrünə yaraşıqdın.
Məzarını qoxlaram,

Ürəyimi oxlaram,

Ölüb burda yuxlaram,

Əzrayıl almır canı,

Dəyişəm bu ünvanı.
Ata, dirəyim idin,

Vuran ürəyim idin,

Sanlı gərəyim idin,

Niyə tərk etdin məni?

Harda axtarım səni?!…

21. X1. 2002


GÖZDƏ YAŞIM SELƏ DÖNDÜ
Gözdə yaşım selə döndü,

Bu ayrılıq yelə döndü,

Könül tuti dilə döndü,

Daha həyat yalan, atam,

Sənsiz qaldı balan, atam.
Acılara yol olmuşam,

Qılınc vurmuş qol olmuşam,

Məzarına qul olmuşam,

İndi dünyam talan, atam,

Sənsiz qaldı balan, atam.
Atasızlıq nə sitəmdi,

Yer-göy mənə bir matəmdi,

Şəkər dadsam acı təmdi,

Könlüm yaman nalan, atam,

Sənsiz qaldı balan, atam.
Bu Əzrayıl acmış cana,

Bələd imiş hər ünvana,

Salar təni hey divana,

Ölüb-itən kalan, atam,

Sənsiz qaldı balan, atam.
Ürəyimin ağlar sözü,

Kül altında qalar közü,

Nə biləydim dünya özü -

Rəbb dalında palan, atam?

Sənsiz qaldı balan, atam.
Gözlərimdə yaş göyərdi,

Fəryadımdan daş göyərdi,

Dərdi çəkən baş göyərdi,

Məni qəmə salan, atam,

Sənsiz qaldı balan, atam.
Bir həyatmış səbrin mənə,

Daha yetməz əlim sənə,

Kə’bə oldu qəbrin mənə,

Orda yuva alan, atam,

Sənsiz qaldı balan, atam.
Şadimanın, gəl, ahına,

Qara geymiş sabahına,

Hamı dönər Allahına,

Kimdi sona qalan, atam?…

Sənsiz qaldı balan, atam.

19. X1. 2002


YOXLUĞUN SİNƏMƏ ÇƏKDİ DAĞLARI
Yoxluğun sinəmə çəkdi dağları,

Xəzana tuş oldu ömrün bağları,

Qaytara bilmirəm sənli çağları,

Gəl ovut, tacidar, sən bu ağları,

Atalar içində ay mələk, atam,

Sənsiz ağlar qaldı bu ürək, atam.


Gözümdə yaşımı bulud ovutmaz,

Bu yanan köksümü heç nə sovutmaz,

Qəlb sənə bərabər kimsəni tutmaz,

Daha bu əllərim əlinə çatmaz,

Qırıldı sinəmdə şah dilək, atam,

Sənsiz ağlar qaldı bu ürək, atam.


Sən getdin mənimçin dünya boşaldı,

Ayrılıq at çapdı, həsrət baş aldı,

Gurşadlar çaxnaşdı gözü yaş aldı,

Uçdu qəlb sarayım, könlü daş aldı,

Çökdü arzu dolu hər dilək, atam,

Sənsiz ağlar qaldı bu ürək, atam.


Apardın özünlə həyat dadını,

Eşit bu balanın gəl fəryadını,

Könlümdən qopara bilməm adını,

Neyləyim fələyin bu inadını?

Əsdirdi sinəmdə bir külək, atam,

Sənsiz ağlar qaldı bu ürək, atam.


Barışa bilmirəm kor taleyimlə,

Özüm ağlayıram bu gileyimlə,

Kəsilib taqətdən düşən heyimlə,

Könül fəqan edir sızlar neyimlə,

Necə yazılanı biz bilək, atam?

Sənsiz ağlar qaldı bu ürək, atam.


Gözümdə aynadır o lal surətin,

Necə müqəddəsmiş, pakmış xilqətin,

Övlada şahanə, pak məhəbbətin,

Artırdı yerin və göyün heyrətin,

Necə qədəminə bəs gələk, atam?

Sənsiz ağlar qaldı bu ürək, atam.


İlahi uçurtdu həyat damını,

Qoydu bu bağrımda arzu, kamını,

Söndürdü əbədi nəş’ə kamını,

Ağlatdı mənimtək kor ilhamımı,

Özün də könlümtək nə həlak, atam?

Sənsiz ağlar qaldı bu ürək, atam.


Hönkürür, gözümdə yaşlar sel olur,

Əriyir ahımdan daşlar sel olur,

Sinəmin fəryadın duyan tel olur,

Ömür tufanında anlar yel olur,

Bəs necə qəlb yaşın, de, silək, atam?

Sənsiz ağlar qaldı bu ürək, atam.


Hər şeyin dadını itirdim daha,

Atalı ömrümü bitirdim daha,

Əzrayıl səbəbmiş sağalmaz aha,

Tacidar, and olsun Böyük Allaha,

Donubdu əl-ayaq, qol-bilək, atam,

Sənsiz ağlar qaldı bu ürək, atam.

Fərmansız heç yola çıxarmı fələk?

Kimsənin evini yıxarmı fələk?

Hamıya birgözlə baxarmı fələk?

Sinələr yandırıb-yaxarmı fələk?

Əcəl can almaqda nə zirək, atam?

Sənsiz ağlar qaldı bu ürək, atam.


Əzablı ömrümə sən yaraşıqdın,

Qatı zülmətimə nurlu işıqdın,

Sən ki, hər balana yanan aşıqdın,

Ağlayan könlümə bir sarmaşıqdın,

Qurdu kor bəxtimə dərd kələk, atam,

Sənsiz ağlar qaldı bu ürək, atam.


Ölüncə sənsizlik yandırar məni,

Atalı günləri andırar məni,

Ata nə xilqətmiş qandırar məni?

Ayrılıq günləri dondurar məni,

Həsrətin könlümə bir bələk, atam,

Sənsiz ağlar qaldı bu ürək, atam.


İlahi, bu dünya nə acı imiş?

Yanan bağrımızın od sacı imiş,

Ata-ömrümüzün şah tacı imiş,

Çəkilməz dərdlərin əlacı imiş,

Bəs hara söykənsin bu kürək, atam?

Sənsiz ağlar qaldı bu ürək, atam.


Şadiman zülümə düşdü neyləyim?

Qollarım yanına düşdü neyləyim?

Bağırım həsrətdə bişdi neyləyim?

Ölüm Əzrayıla işdi neyləyim?

Əlindən düşməyir heç ələk, atam,

Sənsiz ağlar qaldı bu ürək, atam.

17. X1. 2002

QARA TORPAQDI EVİN…
Bu gün qırxına yığışıb elim,

Gözüm axtarır, arayır dilim,

Səni bizdən ayırdı ölüm,

Elədi balalarına zülüm,

Necə sənsiz ovulur an, ata,

Qara torpaqdı evin can, ata.


Yoxluğun sinəmə bir ox oldu,

Fələyin qəhri mənə çox oldu,

Bir gün gələn, bir gün də yox oldu,

Haçan Əzrayıl gözü tox oldu ?

Saldı könlümə fələk qan, ata,

Qara torpaqdı evin can, ata.


Ürəyim ağlıma üsyan edir,

Gözümdə bulud buludu didir,

Bəbəkdən qan ilə leysan gedir,

İnsan öləndəmi artır qədir? !…

Mənə kədər, qəmdi hər yan, ata,

Qara torpaqdı evin can, ata.


Sənsizlik sinəmə bir dağ basdı,

O ayrılığın könlümü asdı,

Əzrayıl bu evə qədəm basdı,

İndi dünyam mənə bütün yasdı!

Mənimçin sökülməyir dan, ata,

Qara torpaqdı evin can, ata.


Deyən Əzrayıl kamına çatdı,

Səni də soyuq məzara atdı,

Min ilin ölülərinə qatdı,

Elə bil işıqlı ömrüm batdı,

Qəminə bağırım şan-şan, ata,

Qara torpaqdı evin can, ata.


Gözümdə o nurlu surətin var,

Könlümdə ata məhəbbətin var,

Övlada dürlü sədaqətin var,

Rəbbimdən şahanə xilqətin var,

Getdi səninlə elə şan, ata,

Qara torpaqdı evin can, ata.


Ay ellər, çox dərd götürmüşəm mən,

Bir nurlu ata itirmişəm mən,

Məzarıstana ötürmüşəm mən,

Atalı ömrü bitirmişəm, mən,

Sənə qurban bu quru can, ata,

Qara torpaqdı evin can, ata.


Nə deyim bu fələyin işinə?

Keçirir hər bəndəni dişinə,

Dünyanın divanə gərdişinə,

Zamanın hey iti gedişinə,

Yuxumda bir gəl məni san, ata,

Qara torpaqdı evin can, ata.


Cahanın zaman çəksini gördüm,

Bir qiyafədə iksini gördüm,

Hayana baxdım əksini gördüm…

Əcələ nişan köksünü gördüm,

Dondu damarlarımda qan, ata,

Qara torpaqdı evin can, ata.


Ata, sənsiz könlümün talan oldu,

Mənə bütün dünya yalan oldu,

Ürəyi partlayan balan oldu,

Qəminlə nalədə qalan oldu,

Bu dərdli halıma qalx yan, ata,

Qara torpaqdı evin can, ata.


Mənim bu ürəyimdə dərdim çox,

Kədərin bağrından bar dərdim çox,

Ömrümün yollarına sərdim çox,

Neyləyim, könlə qəm namərdim çox?

Eyləyir kor bəxtimə man, ata,

Qara torpaqdı evin can, ata.


Bağırım partlayır kədərinə,

Ağlayır nainsaf qədərinə,

Ölümün işlədi lap dərinə,

Mən öləydim kaş sənin yerinə…!

Atalar içində ay xan, ata,

Qara torpaqdı evin can, ata.


Heç ölüm məni belə əymədi,

Könlümün sarayına dəymədi,

Ürəyimin başına döymədi,

Sındırıb qəlbi, özün öymədi,

Qalx ayağa, ölümü dan, ata,

Qara torpaqdı evin can, ata.


Bu evə daha gələ bilmirəm,

Sən yoxsan, vallah gülə bilmirəm,

Qəmimin bağrın dələ bilmirəm,

Mən də bir yolluq ölə bilmirəm,

Əzrayılın dedi: qan-qan, ata,

Qara torpaqdı evin can, ata.


Ay dünya, mədən niyə dolmadı ?!…

De, oxun hansı köksü oymadı?

Əzrayılın bircə an uymadı,

Bir kimsəni gözdən qoymadı,

Ölümü Rəbb eləyib an, ata,

Qara torpaqdı evin can, ata.


Qırxını bağlamağa gəldim oy,

Bu günü ağlamağa gəldim oy,

Ata, sənsizlik nədi bildim oy?

Dözmürəm yoxluğuna öldüm oy,

Nola gəl bu balanı an, ata,

Qara torpaqdı evin can, ata.


Şadiman ağlayır için-için,

Rəbb bizdən ayırdı səni neçin ?

Gedir bəşərdə hər saat biçin…

Yandırır Tanrı ürəyin için,

İnsanla ölüm anbaan, ata,

Qara torpaqdı evin can, ata.

4. X. 2002

SƏNSİZLİK NƏ İMİŞ …
Sənsizlik nə imiş bildik, atam?

İlinə yığışıb gəldik, atam.


Adına nurlu məhəbbətimiz,

Yox səni qaytaran qüdrətimiz,

Atalı günlərə həsrətimiz,

Sənsizlik nəimiş bildik, atam?

İlinə yığışıb gəldik, atam.
Düşübdü dağa, daşa səsimiz,

Ayrılıq ürəyə qəfəsimiz,

Ölübdü hər şeyə həvəsimiz,

Sənsizlik nə imiş bildik, atam?

İlinə yığışıb gəldik, atam.
Bu həyat niyə belə qəmlidir?

Əzizin itirmək ələmlidir,

Rəbbdənmi insan bəxti kəmlidir?

Sənsizlik nə imiş bildik, atam?

İlinə yığışıb gəldik, atam.
Gecələr yuxumuza gəlirsən,

Atalıq eşqinə yüksəlirsən,

Qəminlə könlümüzü dəlirsən,

Sənsizlik nə imiş bildik, atam?

İlinə yığışıb gəldik, atam.
Atalılar, pak ata sərvətdi,

Başa tacdı, arxadı, hörmətdi,

Övladın varlığına izzətdi,

Sənsizlik nə imiş bildik, atam?

İlinə yığışıb gəldik, atam.
Bir ildə göz yaşını tökmüşük,

Dərdinlə bağrımızı sökmüşük,

Məzarına qul olub çökmüşük,

Sənsizlik nə imiş bildik, atam?

İlinə yığışıb gəldik, atam.
Şadimanın ah olub ünvanı,

Ruhunun yanına gedib canı,

Məzara atdı fələk yuvanı…

Sənsizlik nə imiş bildik, atam?

İlinə yığışıb gəldik, atam.

8. X. 2003


SƏN NİYƏ DƏRDİNİ GİZLİ SAXLADIN ?…

/ Əmim qızı Hüsniyyə Hacıağa qızının

vaxtsız vəfatına!…/
Sən niyə dərdini gizli saxladın?

Bu gizli dərdinə peyman qalmadı.

Cavan həyatını dərdlə yoxladın,

Harayın boğuldu aman qalmadı.


O qara xəbərin bağrımı çaldı,

Mənim ürəyimi zülümə saldı,

Muradın gözündə yarımçıq qaldı,

Ağrını udmağa dərman qalmadı.


Çox erkən tərk etdin sən bu həyatı,

Qırıldı yollarda ömrün saatı,

Nə yaman büdrədi taleyin atı?

Əlacın bulmağa loğman qalmadı.


Qoydu gözlərində arzu, kamını,

Çökdürdü başına tale damını,

Yarımçıq söndürdü ömür şamını,

Bu zalım fələkdə iman qalmadı.


Əzizim, könlümdə şimşəklər çaxır,

Gözümün yaşları bağrıma axır,

Ölmün ürəyimi yandırıb, yaxır,

Bizə toxunmamış yaman qalmadı.


Dərdini heç kəsə car eyləmədin,

Düşdüyün ağrıya yar eyləmədin,

Heç vaxt mənliyini xar eyləmədin,

O bəy qüruruna zaman qalmadı.


Atamın ölmündən ağırdı ölmün,

Səni bu dünyadan çağırdı ölmın…

Sinəmdə fırtına doğurdu ölmün,

Viranə könlümdə səhman qalmadı.


Şadiman qul olub könül ahına,

Tökür gözlərindən yaş sabahına,

Əbədi dünyaya gedən ruhuna…

Demə, bu dünyada mehman qalmadı.

19. 02. 2004
SƏNİ ARAMARAM DAHA HEÇ YERDƏ
Səni aramaram daha heç yerdə,

Gəlib məzarını qucaram, ata,

Dözərəm fələyin verdiyi dərdə,

Elə yoxluğuna acaram, ata.


Dönüb evimizə gəldiyim zaman,

Titrək xəyalınla görüşərəm mən.

Qoparar ürəyim elə bir aman,

Canımın ahına fəryad edər tən.


Özümdən xəbərsiz ağlar gözlərim,

Gördüyüm hər şeydən əksin boylanar.

Boğar bəbəkləri yaş dənizlərim,

Xatirən başına əksin haylanar.


Geriyə qaytara bilsəydim vaxtı,

Ötən çağlarıma çırağ olardım.

Qurardım uşaqlıq dövründə taxtı,

Qayğısız illərə sorağ olardım.


Ölümün eylədi bağrımı talan,

İşığı azalıb bu həyatımın.

Qəlbinə axıdır göz yaşın balan…

Qanadı qırıldı tale atımın.


Nurlu işığınla uçurdum, ata,

Ürəyim adınla qidalanırmış.

Könül sarayımı uçurtdun, ata,

Bu ömrüm adınla nidalanırmış.


Demə aramıram, buna acizəm,

Ey başımın tacı, gedişin sitəm.

Ruhuna yetməkdi indi möcüzəm,

Könlümün evini bürüyüb matəm.


Səni yuxularda gəzirəm neylim?

Ümidim qalıbdı uyğularıma.

Elə tənhalığa qapılıb meylim,

Ayrılıq dağ çəkir duyğularıma.


Səni aramıram daha heç yerdə,

Gəlib məzarını qucaram, ata…

Dözərəm fələyin verdiyi dərdə,

Elə yoxluğuna acaram, ata.

19. X11. 2002
NƏ YAMAN TƏLƏSDİN …
Atamın nəfəsini, səsini mənə andıran

ömrü boyu ağrı-acılarla çarpışan qardaş,

bacı dərdidən ürəyi parmparça olmuş

baba evimin son yadigarı, bəxti qara

Səkinə bibimin əziz xatirəsinə…!
Ey baba evimin son yadigarı,

Nə yaman tələsdin getməyə, bibim?

Sən necə dağladın bağrı, cigarı?

Getdin əzizləri ötməyə, bibim.


Ölmün ürəyimə eylədi sitəm,

Yandırdı bağrımı bu qəfil matəm,

Fələk nə tez verdi ömrünə xitəm?

Tələsdin qardaşa yetməyə, bibim.


Beləymiş cahanda əzəldən qayda,

Ağrını verənə dərddən çox fayda?

Sən ki, gün görmədin heç bu dünyada,

Can atdın məzarda bitməyə, bibim.


Əzrayıl heç bizə aman verməyir,

Ömrü son etməyə zaman verməyir,

Dərd verir, dərdinə dərman verməyir-

Təbiblər bir əlac etməyə, bibim.


Ey üzü gülərim, ey mehribanım,

Sənsiz ərşə çıxıb ahi-amanım,

Qayıtmaz geriyə ötən zamanım,

Bu dərdi səmumtək ütməyə bibim.


Elə Şadimanı üzübdü nalə,

Bağrının yaşları gözündə lalə…

Dözmür fələk salan bu qeylü-qalə,

Can çırpınır təndən itməyə bibim.

Pirallahı, 11.06.2006

AÇILAN HƏR SABAHA SÖVQLƏ XOŞ AN ATADIR
Açılan hər sabaha sövqlə xoş an atadır,

Həm qızın, həm oğulun canına min can atadır.


Eyləyər sinəsini hər bəlaya sipər o,

Dəysə xətər balaya ürəyi nişan atadır.


Qəlbini nuş eləyər ömrü boyu sevdaya,

Döysə qapını kədər hali-pərişan atadır.


Hifz edər ailəsinin namusu-şərəfini,

Hər əzaba tab edən nəfəsi şan-şan atadır.


Vəfa çeşməsi axar könlünə övladının,

Ruhi-canı isidən sinəsi al qan atadır.


Şadiman, salsa fələk qəlbini hər cəfaya,

Başa tac, ömrə bəzək, arzuya min şan atadır.

17. X1. 2004
ÖMÜR KEÇDİ YUXU KİMİ
Ömür keçdi yuxu kimi,

Ətri şirin qoxu kimi,

Zamanın sərt oxu kimi,

Ürəyimi dəldi keçdi,

Qaça-qaça gəldi keçdi.
Ha səslədim bir dönmədi,

Elə yandı heç sönmədi,

Qəlbim təki döyünmədi,

Əzabıma güldü keçdi,

Qaça-qaça gəldi keçdi.
Ömür Rəbbin an ölçüsü…

Hər bədənin can ölçüsü,

İlahinin haqq elçisi,

Hər bəxtə gün böldü keçdi,

Qaça-qaça gəldi keçdi.
Duyğuları əzizlədi,

Hər diləkdə dənizlədi,

Zaman üstə vaxt gözlədi,

Saatları sildi keçdi,

Qaça-qaça gəldi keçdi.
Yaradanın əksinə don,

Bilinməyir əvvəl, ya son,

Odunda yan, buzunda don,

Duman üstə tüldü keçdi,

Qaça-qaça gəldi keçdi.
Bu xaliqdə nə hikmətdi?

Yaratdığı nə surətdi?

Surət içində sürətdi,

Açılan bir güldü, keçdi,

Qaça-qaça gəldi keçdi.
Ey Şadiman, Tanrı yazdı,

Yazdığını bir gün pozdu,

Doğulanı heçə yozdu…

Ömür tənlə öldü, keçdi,

Qaça-qaça gəldi keçdi.

18. 02. 2004



ÇƏKİL GET, QARA BULUD…



CIRDI KÖYNƏYİNİ DOLAN BULUDLAR

Cırdı köynəyini dolan buludlar,

Dəli şimşəkləri sərdi üstünə.

Bir-birin ilantək çalan buludlar

Günəşin qanadın gərdi üstünə.
Yerə haray saldı səmanın ahı,

Ayıltdı yuxudan yatan sabahı,

Yumaqçın torpaqdan qanı, günahı

Göylərin göz yaşın sərdi üstünə.


Göylər qaşqabağın tökdü səhərdən,

Partladı ürəyi, sanki qəhərdən,

Ələm badəsini tutdu zəhərdən

Gətirdi qəm dolu dərdi üstünə.


Yağış qəh-qəh çəkdi dəlilər sayaq,

Dedi: Yatan çoxdu, varmı bir oyaq?

Görəsən taparmı bu cahan dayaq…

Gələrmi dünyanın mərdi üstünə.

13.03. 2003

BULUDLARI YEL QOVUR

Buludları yel qovur,

Yağış qalxır zil üstə.

Göyün bağrın ah ovur,

Şimşək uçur mil üstə.
Axan yaşlar sellənir,

Külək əsir tellənir,

Təbim elə dillənir,

Söz alışır dil üstə.


Yerdə, göydə bir vuruş,

Qəlb eyləmir heç duruş,

Ötən ömür uçan quş,

İl atılır il üstə.

Bulud göyün uşağı,

Belində göy qurşağı,

Odum küldən aşağı,

Gəl oynama kül üstə.


Bulud ərşə sarıldı,

Göyün gözü darıldı,

Gülün bağrı yarıldı

Bülbül öldü gül üstə.

13. 03. 2003


Yüklə 8,79 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin