BULUDLAR SƏMANIN YANAN NALƏSİ
Buludlar səmanın yanan naləsi,
Gah ağa boyanır, gah da qaraya.
Göyün gözlərinin yaş piyaləsi,
Qoşun çəkib gedir hardan-haraya?
Qaşların zəhimlə çatarlar elə,
Yerləri leysana tutarlar elə,
Sonra da yıxılıb yatarlar elə,
Düşər bir sükunət, sükut araya.
Hərdən gəlin təki tüllər içində,
Necə bəyazlanar tellər içində,
Hərdən də gurşadlar, sellər içində,
Kədər ələyərlər könül saraya.
Buludlar çeşmətək gözdən çağlayar,
Dolmuş üfüqlərə qəlbin bağlayar,
Bir körpə uşaqtək elə ağlayar,
Kainat oynayar bu hay-haraya.
Kəpənəktək uçar səma üzündə,
Üzərlər balıqtək göy dənizində,
Küləklər bükülər yatar dizində,
Bürünər asiman bomboz xaraya.
Yerlərin gözünün yaşın udarlar,
Bəşərin naləsin, ahın udarlar,
Göyə qoşun çəkib onu udarldar,
Baxmazlar üfüqə dəyən yaraya!
Buludlar kainat möcüzəsidi,
Yerdəki suların həyat səsidi,
Ana təbiətin xoş nəfəsidi,
Açarlar tellərin yellər daraya.
Hərdən toqquşarlar aləm diksinər,
Hər bulud göylərdə öz atın minər…
Dəli nərə çəkər, aslana dönər,
Düşər dava-dalaş, savaş araya.
Buludlar könlümtək dolub-boşalar,
İtirər irizin, yaman baş alar,
Qara bəbəklərin elə yaş alar,
Sanki fələklərə eşqlə yarıya.
Şadiman, kainat Tanrı vəfası,
Bəşər ömrü üçün yetər səfası,
Biz zülüm etdikcə artar cəfası…
Sonra üz tutarıq ondan çaraya…
8. 01. 2003
ÇƏMƏN ÇİÇƏKLƏRİ
Çəmən çiçəkləri yuxuya gedər,
Büküb ləçəklərin ürkək yatarlar.
Görənin sinəsin can-bəsər edər,
Zərif röyalara şəkər qatarlar.
Ətiri yayılar düzlərə mehtək,
Utancaq üzlərə tər düşər şehtək,
Könül yuvasına girib fatehtək-
Kədərin başına lap daş atarlar.
Donları cürbəcür sarı, yaşıl, ağ,
Yaza tac bəzəyər həşəmətli çağ,
Səhrayı donunu geyər bağça-bağ,
Təbiət qoynunda kama çatarlar.
Gözün toxunanda – ürkək baxışlı,
Köynəyi əynində min bir naxışlı,
Qoparsan kollardan narın yağışlı,
Buludtək hönkürüb aha batarlar.
Güllər muncuq təki, güllər rəngbərəng,
Çiçəklər üstündə tellər rəngbərəng,
Başında titrəyən yellər rəngbərəng,
Girib ürəyinə könlü tutarlar.
Dadlı duyğularla qəlbi ovarlar,
Bağrında dərdini satıb-sovarlar,
Bütün varlığını eşqə qovarlar,
Sinənin içinə sevda çatarlar.
Çəmən çiçəkləri həyat qoxusu,
Rəbbin bahar adlı sevda yuxusu,
Alıb Şadimanı təndən doğrusu-
Çiçək yağışına, sanki tutarlar.
19. 05. 2002
YENƏ TUTDU YER ÜZÜNÜ
Şəfəq tutdu yer üzünü,
Güldü mələklər, mələklər.
Aldı sübhün gündüzünü,
Gəldi küləklər, küləklər.
Dənizi şahə qaldırdı,
Köçünü suya saldırdı,
Dəli şərqisin çaldırdı,
Gəldi küləklər, küləklər.
Endi göylərdən soraqla,
Telin daradı daraqla,
Əlində min bir yaraqla-
Gəldi küləklər, küləklər.
Dəryada mərcan aradı,
Suların telin daradı,
Bilinmir yolu haradı?…
Gəldi küləklər, küləklər.
Gecədən qaçdı gündüzə,
Dəryadan endi gen düzə,
Dünya əlində bir kuzə-
Gəldi küləklər, küləklər.
Sular mirvari boynuna,
Basar dalğanı qoynuna,
Fələk mat qalıb oynuna,
Gəldi küləklər, küləklər.
9. 01. 2003
MİSRAMI DÜZƏN ULDUZLAR
Göyün üzünü dolaşar,
Mərcantək süzər ulduzlar.
Yanağı nura bulaşar,
Bağrımı üzər ulduzlar.
Gecənin asma çırağı,
Haqdan gətirər sorağı,
Açılar ilham varağı,
Ruhumu bəzər ulduzlar.
Ərşin bağrına taladı,
Zülməti yıxdı taladı,
Hər biri, sanki qaladı,
Yerləri süzər ulduzlar.
Təbim ruhumun dumanı,
Bu canımın din-imanı,
Ərşə dikilər amanı,
Eyləyər nəzər ulduzlar.
Göndər mənə göydən çapar-
Səyyarələrə al apar,
Məni özümdən gəl qopar,
Hər duyğumda eşqin çapar,
İlhamımı haqdan tapar-
Könlümə bəzər ulduzlar.
Ey qəlbim təki pərişan,
Göyə səpilən kəhkəşan,
Verməz özündən bir nişan…
Dodağın büzər ulduzlar.
Gah bir-biriylə gözləşər,
Gah da sinəmdə közləşər,
Gah da ürəyə söz düşər,
Misramı düzər ulduzlar.
12. 01. 2003
BULUDLAR GÖYLƏRİN BAĞRINDAN QAÇIB
Buludlar göylərin bağrından qaçıb,
Səmanı ulduzlar alıb bu gecə.
Ay sarı tülünü üzündən açıb,
Zülmətin sinəsin çalıb bu gecə.
Bürclər pəncərəsin, qapısın söküb,
Asiman üzünə işıqlar çöküb,
Qaranlıq gözünün yaşını töküb,
Dərin xəyallara dalıb bu gecə.
Sirli səyyarələr toy-büsatdadı,
Axşamlar elə bil bata-batdadı,
Kəhkəşan al geyib xoş həyatdadı,
Bütün şadlıqları alıb bu gecə.
Qışın buz yanağı işığa düşüb,
Dodağının qarı qaşığa düşüb,
Bu seyrə alışmaq aşığa düşüb,
Ruhum kainatda qalıb bu gecə.
Əngin üfüqlərin nuru süzülüb,
Bağrımın içinə zümrüd düzülüb,
Ürəyim köksümdən tamam üzülüb…
Köçünü göylərdə salıb bu gecə.
12. 01. 2003
MƏNİ ARAMAĞA XƏZƏRƏ GƏLİN
Məni aramağa Xəzərə gəlin,
Dalğalar üsütndə halal yuvam var.
Ətəyim buraxmır Tanrının əlin…
Onun dərgahına min bir duvam var.
Suların içindən misram boylanır,
Çırpınır ilhamım ləpələr sayaq.
Evimin başına yellər haylanır,
Gecədən səhərə qalıram oyaq.
Xəzər həzin-həzin titrədikcə hey,
Ağlımın evindən qopur sözlərim.
Könlüm sızıldayır zümzüməsi ney,
Gəlir ürəyimi tapır sözlərim.
Diləkdən-diləyə çoşub gedirəm,
Sulartək bilinmir axarım hara?
Bütün dəryaları aşıb gedirəm,
Sanki əsəblərim çəkilib tara.
Vallah, harayıma alışır cahan,
Ümidin içində saray tikirəm.
Könül atəşinə qarışır cahan,
Dünyanın dərdini, sanki çəkirəm.
Könlü aramağa Xəzərə gəlin,
Ürəyim dalğalar içində qalıb.
O zümrüd ləpələr duvaqlı gəlin,
Mənim ilhamıma könlünü salıb.
12. 01. 2003
KÜLƏKLƏR SƏMANIN MƏLƏKLƏRİDİR
Küləklər səmanın mələkləridir,
Göyləri, yerləri yıxıb keçərlər.
Tanrının ilahi diləkləridir,
Buludun qoynundan axıb keçərlər.
Gəzərlər eşq ilə dərəni, düzü,
Tutub ram edərlər gecə-gündüzü,
Birdən qaralanda sevdalı üzü,
Atına min qanad taxıb keçərlər.
Səs-səsə verərlər quştək çağlarlar,
Elə hönkürərlər, bərkdən ağlarlar,
Ülfətin Allaha, haqqa bağlarlar,
Aləmdən şimşəktək çaxıb keçərlər,
Elə şıltaq kimi səs-küy salarlar,
Bütün kainatı ələ alarlar,
Sanki bir-birinin saçın yolarlar,
Əsəbdən nə varsa yıxıb keçərlər.
Küləklər meşəyə, talaya qonar,
Özünü Allahın gücündə sanar,
Hər savaş eşqindən alışıb yanar,
Bəşərin içinə baxıb keçərlər.
Dənizi, dəryanı cuşə gətirər,
Davasın suların üstə yetirər,
Sərhəddən-sərhədə gücün ötürər,
Haqqın dərgahından çıxıb keçərlər.
Bir ildə min cürə don dəyişərlər,
Tufan, qasırgatək dilə düşərlər,
Yerlərlə, göylərlə hey əyişərlər,
Hər şeyin axrına çıxıb keçərlər.
Küləklər səmanın işvəkarıdı,
Göylərin ilhamlı bəstəkarıdı,
Ana təbiətin davakarıdı,
Qovub tutduqları haqqın xarıdı…
Təpəsindən yerə çaxıb keçərlər.
9. 01. 2003
TİTRƏTDİZ HİSSİMİ, QOPARTDIZ TUFAN
Titrətdiz hissimi, qopartdız tufan,
Dəli sevdanıza alışsın bu an,
Şimşəktək göylərdə rəqs eləsin can,
Nazlı ilhamıma ortaq küləklər,
Küləklər, ruhumtək şıltaq küləklər.
Darayın telimi daraqlar kimi,
Döyün pəncərəmi qonaqlar kimi,
Qızının atəşli yanaqlar kimi,
Könlü sizə açdım yataq küləklər,
Küləklər, küləklər, şıltaq küləklər.
Elə qanadlısız tutmaq olmayır,
Elə at çapırsız çatmaq olmayır,
Elə haraylısız yatmaq olmayır,
Dolub səsinizlə otaq küləklər,
Küləklər, ruhumtək şıltaq küləklər.
Donunuz tüllərmi necə bəmbəyaz?
Gətirin qış vaxtı otağıma yaz,
Dolduraq atəşlə ürəyi bir az,
Odu bir-birinə qataq küləklər,
Küləklər, ruhumtək şıltaq küləklər.
Mənim də qəlbimin rüzgarı əsir,
An ana çatmaqçın yaman tələsir,
Sizə qoşulmaqçın heç olmasın sir,
Əngin üfüqlərə çataq, küləklər,
Küləklər, ruhumtək şıltaq küləklər.
Bir şivən qoparın, bir haray salın,
Qara buludların bağrını çalın,
Məni qanadların üstünə alın,
Ərzi bir-birinə qataq, küləklər,
Küləklər, ruhumtək şıltaq küləklər.
Sükutlar könlümə bir ah-zarikən,
Sinəmə bu gecə təbim yarikən,
Mənim də fəryadım içdə varikən,
Uzaq ulduzlara çataq küləklər,
Küləklər, ruhumtək şıltaq küləklər.
10. 01. 2003
HƏYAT GÖZƏL BİR MƏLƏKDİ
Hyat gözəl bir mələkdi,
Ona könlü qıyan olsa.
Ötüb keçən bir küləkdi,
Zamanını duyan olsa.
Gözəlliyi ömrə bəzək,
Allah verən ömrə bəzək,
Daşa, misə, dəmrə bəzək,
Bir eşqinə uyan olsa.
Bənzərsizdi diləkləri,
Vaxtı – zaman küləkləri,
Alışdırar ürəkləri,
Qəlbə yaxın qoyan olsa.
Həyat ömrün açarıdı,
Həqiqətin naçarıdı,
Gec-tez candan qaçarıdı,
Sitəmini oyan olsa.
Həm təbibdi, həm də loğman,
Qədrin bilən olar dərman,
Rəbb yanında tapar iman…
Varlığını sayan olsa.
Hikmət alar əqli dərin,
Ağılsızlar geyər zərin,
Məzarlıqda salar yerin,
Əgər ondan doyan olsa.
Can qoxlayır güllər təki,
Geyər əynə tüllər təki,
Ocaq altda küllər təki,
Atəşinə həyan olsa.
Xeyirə çap qəlb atını,
Zəngin keçir saatını,
Xoş gətirər həyatını,
Allahına əyan olsa.
Ey Şadiman, həyat gözəl,
Dilində o ismi əzəl,
İllər uçur ömür xəzəl…
Qəm dərisin soyan olsa…
9. 01. 2003
AL SABAHIM YETİŞƏNDƏ
Al sabahım yetişəndə,
Qaranlıqlar uçar gedər.
Günəş göylə bitişəndə,
Sübhün şehi qaçar gedər.
Ağ buludlar pərvazlanar,
Ətək-ətək hey nazlanar,
Quşlar elə avazlanar,
Qanadların açar gedər.
Dəli yellər titrəşərlər,
Asimanla pərtləşərlər,
Dodaq büzər, sərtləşərlər,
Bulud göydən naçar gedər.
Qış üzünü bozardanda,
Şaxta yanaq qızardanda,
Günəş göyü qızardanda,
Səmada nur saçar gedər.
Hər fəsilin öz atəşi,
Yerin-göyün bir günəşi,
Yandır könlü, sal küləşi,
Yenə odu qucar gedər.
Təbiətin hər çağı xoş,
Ey Şadiman, yaşama boş,
Titrət təbi, bir nəğmə qoş…
Qəlb qapısın açar gedər.
4. 01. 2003
DAN ULDUZU, DAN ULDUZU
Mən alışdım, sən də yandın,
Dilimdə həkk oldu andın,
Yenə məni eşqlə andın,
Ey göylərin mələk qızı,
Dan ulduzu, dan ulduzu.
Nurun gözdən gəlib keçdi,
Ürəyimi dəlib keçdi,
İlhamımın odun içdi,
Nə edirsən işvə, nazı?
Dan ulduzu, dan ulduzu.
Ol göylərin bağrına köz,
Dinsin qəlbdə oduna söz,
Mənim şıltaq könlümə döz,
Duyğum oldu azmış quzu,
Dan ulduzu, dan ulduzu.
Əsirgəmə baxışını,
Məndən o nur yağışını,
Bu sinəmə axışını,
Diləyimin dadı, duzu,
Dan ulduzu, dan ulduzu.
Səhər-səhər cilvələndin,
Şehtək könlə nə bələndin?
Duman təki nə ələndin?
Sındır qəlbdən o sal buzu,
Dan ulduzu, dan ulduzu.
Qışın soyuq o məlalı,
Hər niskili bir bəlalı,
Gətir bağra cah-cəlalı,
Bəxşiş eylə qışda yazı,
Dan ulduzu, dan ulduzu.
Şadimana ver ilhamı,
Qoy çökməsin könül damı,
Muradımca alım kamı,
Deyim nə xoş haqdan yazı?
Dan ulduzu, dan ulduzu.
4. 01. 2003
SÜBHÜN SİNƏSİNDƏ LALƏ RƏNGLİ QAN
Sübhün sinəsində lalə rəngli qan,
Zülmət əllərində verir, sanki can,
Asiman içini boyayıb al dan,
Gözümü işığa açdın, ey səhər,
Könlümdə şö’lələr saçdın, ey səhər.
Sənin cəmalının aşiqiyəm mən,
Almasın hüsnünü çiskin, duman, çən,
Bağrımı, könlümü tuta bilmir tən,
Yenə səmalara qaçdın, ey səhər,
Könlümdə şö’lələr saçdın, ey səhər.
Söylə həyadanmı qızarıb üzün?
Necə sevdalıdı mələk gündüzün?
Al-əlvan geyinən asiman közün,
Təbimin qapısın açdın, ey səhər,
Könlümdə şö’lələr saçdın, ey səhər.
Sirli kainatın, ey mələk qızı,
Parlar ürəyimdə o dan ulduzu,
Əridi odunla könlümün buzu,
Əcəb qanadlanıb uçdun, ey səhər,
Könlümdə şö’lələr saçdın, ey səhər.
Ağ tülə bürünüb eyləyirsən naz,
Qışın oğlan çağı, çünki gəlib yaz,
Yanağın qırmızı, üzün bəmbəyaz,
Dəli ilhamımı qucdun, ey səhər,
Könlümdə şö’lələr saçdın, ey səhər.
Nədir görkəmində o ilahi sir?
Ruhumun tellərin dinlətdin bir-bir,
Olmusan canımla yenə də əlbir,
Bağrımda lalətək açdın, ey səhər,
Könlümdə şö’lələr saçdın, ey səhər.
Qoyma buludları, üstünü alsın,
Sevdalı evinə yolunu salsın,
O dəli küləklər yuxuya qalsın,
Duyğumda zümzümən zirvəni alsın,
Əlimi-qolumu açdın, ey səhər,
Könlümdə şö’lələr saçdın, ey səhər.
Zülmətlər, kədərim işıq sabahım,
Axşam qolu bağlı əzabım, ahım,
Səni səadətçin verib Allahım,
Qaranlıq varikən suçdun, ey səhər,
Könlümdə şö’lələr saçdın, ey səhər.
O geniş üfüqlər çarşabınmıdı?
Dodaqda al rəngli doşabınmıdı?
Qırmızı piyalən eşq qabınmıdı?
Göyə sübh zamanı qaçdın, ey səhər,
Könlümdə şö’lələr saçdın, ey səhər.
Şadiman diləklər içində nalan,
Qəmi, nəş’əsini zindana salan,
Sən çıxıb gedəndə oluram talan…
O sultan sübhümə tacdın, ey səhər,
Könlümdə şö’lələr saçdın ey səhər.
7. 01. 2003
ƏSƏN YELLƏR
Əsən yellər söyləyin bir,
Bağrı qana tutmaq nədən?
Olub göylə, yerlə əlbir,
Bu aləmi qatmaq nədən?
Duyğularım dağlar aşır,
Sellər təki aşıb-daşır,
İlhamla can pıçıldaşır,
Girib könlə yatmaq nədən?
Əsən yellər hicran gəlir,
Ürəyimin başın dəlir,
İçdən haray-hay yüksəlir,
Haraya qəm qatmaq nədən?
Dünya üzü bir fırtına,
Rüzgar döyür can sırtına,
Oturmusan göy atına,
Təbə kəmənd atmaq nədən?
Yalayırsan üz-gözümü,
Odlayırsan od-közümü,
İtirmişəm mən özümü?
Ağılı tülə tutmaq nədən?
Əsən yellər gir bağrıma,
Əlac eylə gəl ağrıma,
Gün çevrilib can oğruma-
İçinə od qatmaq nədən?
Bir ilhamım, bir qələmim,
Ona quldu eşq aləmim,
Atəşindən doğur nəmim,
Məni dərdə satmaq nədən?
Əsən yellər bu Şadiman,
Yerlə, göylə edir peyman,
Yaradandan gəlir iman,
Onu dilə çatmaq nədən?
19. 02. 2004
EY SABAH, KÖNLÜMƏ SEVDALAR GƏTİR
Ey sabah, gəlirsən sevdalar gətir,
Könlümə, canıma qidalar gətir,
Dinlət ürəyimin duyğularını,
Unudum gecənin uyğularını,
Səndə həyatımın vəfası gülür,
Sinəmin içinə nurlar tökülür,
Əngin göylərinin parlar günəşi,
Düşüb ayağına zülmətin nə’şi.
Ey sabah, gəl ucalt sədalarını,
Pəritək naz satan ədalarını,
Diləkdən-diləyə ürəyi ovut,
Sinəmin ağrısın, əzabın sovut,
Dünyada zamanın əndişəsi var,
Fələk bazarında can guşəsi var…
Göylərin eşqini yerlərə yönəlt,
Qoy iblis, bəşəri etməsin alət.
Ey sabah, ağlayan ürəyim əsir,
Sənə qovuşmaqçın yenə tələsir,
Gətir ürəyimin tellərin dilə,
Tutum əllərindən mən gülə-gülə.
Qapılım sükutun gözəlliyinə,
Bələdəm dünyanın əzəlliyinə.
Zülmətdən, gecədən cəzanə gəldim,
Gördüm ağ üzünü mən canə gəldim.
Ey sabah, başında ağ tülün bəyaz,
Sənin varlığına qəlb nəzir-niyaz,
Şəbnəmlər axmasın bəbəklərindən,
Mənə də duyğu ver diləklərindən,
Yerləri, göyləri gəzib dolaşaq,
Çılğın çeşmələrtək qaynayıb daşaq,
Gəl apar sinəmdən hicranımızı,
İsidək bir yerdə bu canımızı.
Ey sabah, ürəyim dolu ah ilə,
Məni dost eyləmə sən günah ilə,
Yaradan eşqinə qəlbə işıq ver,
Ötüşən anlara gəl yaraşıq ver.
Süzülsün ürəkdən dodağa şeir,
Könül gülzarını eyləyim seyr.
Ağlayan gözümə bir nicat ara,
Çəkməsin bağrımı saatlar dara.
Ey sabah, bu dünya qeylü-qallıdı,
Gəlib tanış olan can zavallıdı,
Bir gözü ağlayır, bir gözü gülür,
Bilirəm yaranan bir gün də ölür!…
Nəş’əni könlümün ünvanı elə,
Verim bircə anlıq kədəri yelə.
Rəbbin işığından nur yağsın yerə,
Baş əyim bu eşqə mən də min kərə.
Ey sabah, zamanın əliqanlıdı,
Vaxtı, dəqiqəsi nə divanlıdı?
Adəmin niskili çəkilib getmir,
İnsanın əlləri haqqına yetmir.
Dildə yuvalanıb canın fəryadı,
Şərlə bir çəkilir bəşərin adı,
Günahlar içində vurnuxur cahan,
Necə olacaqdı cana imtahan? !…
Ey sabah tülünü götür üzündən,
Ələnsin cahana həyat gözündən,
Qanadlı buludlar qolların açsın,
Qaranlıq diksinib zəhmindən qaçsın.
O zöhrə ulduzu cırsın köynəyin,
Zülmətin gözündən götür eynəyin.
Günəş qoy səhərin qonsun çiyninə,
Qumaş paltarını geysin əyninə.
Ey sabah, sinədə qəlbi pərvazla,
Oynama tufanla, soyuq ayazla.
Onsuz da könlümü üşüdür zaman,
Dilim can söyləyir, ürəyim aman.
Yandır kainatın çırağın bizə,
Dönsün sübhün seli şıltaq dənizə.
Dalğalar içində dalğa yaratsın,
Zülmətin dəryanın içinə atsın.
Ey sabah, yerişin mələktək incə,
Qovub qaranlığı basmısan küncə.
Səmaya sərmisən bəyaz tülünü,
Tutmusan əlində səba gülünü.
Örpəyin altından ulduzlar parlar,
Yellər buludları tutub qamarlar.
Danın ağartısı ruhumu sarır,
Zülmətin sinəsin bıçaqtək yarır.
Ey sabah, Şadiman fəda eşqinə,
Gəlsin bağırından səda eşqinə.
Dolan ilhamının bulağın qaynat,
Ruhumu, canımı götür ora at.
Ürkək sonalartək bir qanad açım,
Yerə vida deyim, göylərə qaçım.
Yol aç, kainata yuva arayım,
Hələ ki, uçmayıb könül sarayım…
30. 01. 2004
Dostları ilə paylaş: |