EY DALĞA, DÖYƏCLƏMƏ ALTIMDAKI DİRƏYİ
Ey dalğa, döyəcləmə altımdakı dirəyi,
Odur şirin canımın, varlığımın ürəyi.
Axı mənim taleyim gur suların üstündə,
Nə durmusan söylə sən həyatımın qəsdində?
Səhərdən axşamadək hicranını ələrsən,
Axşamdan səhərədək quzu təki mələrsən.
Tufanların əlində əsir olub qalmısan,
Mehri-məhəbbətini qasırğaya salmısan.
Nəfəsini dərmədən əsir soyuq küləklər,
Sən baş qoyub yatanda düşür duyuq küləklər.
Ayıldır harayıyla səni şirin yuxudan,
Hıçqırıb ağlayırsan, bəlkə elə qorxudan…
Göz yumub eşitmirsən qulaq tutan naləmi,
Mən ki, təngə gətirdim fəryadımla aləmi.
Bu titrək duyğularım ağlayır uşaq kimi,
Dolanıbdı boynuma kədərim qurşaq kimi.
Acılarım qor olub bağrıma ocaq təki,
Vücudum qəm əlində cansız oyuncaq təki.
Haqsızlığın içində boğulub-batmışam mən,
Əzabımdan özümə heykəl ucaltmışam mən.
Ey dalğa, döyəcləmə altımdakı dirəyi,
Odur şirin canımın, varlığımın ürəyi…
1-2. X11. 2004
PAYIZ ÇİÇƏKLƏRİ BOYNU BÜKÜLÜ
Payız çiçəkləri boynu bükülü,
Ağlayır yuxulu taleyi üstə.
Yatan çəmənlərin halı mürgülü,
Durubdu sabahın ayazı qəsdə.
Xəzan şəbnəmləri axan göz yaşı,
İsladır üşüyən otları bir-bir.
Olub çəmənlərlə qəm can sirdaşı,
Təbiət ah çəkir ağlayır nə sir?
Hər insan ömrünün xəzanı təki,
Bu çiçəklər niyə payıza düşüb?
Fələkmi eyləyib onlara ərki?
Bəxtləri hər axan ulduza düşüb.
Payız çiçəkləri aman eyləyir,
Amanı heç cürə haqqa yetişmir.
Öz dili qəlbinə min can eyləyir,
Canın fəqanıyla yara bitişmir.
17. 02. 2005
ZAMAN ÇAPIR ATIN YELTƏK
İÇİNDƏ NİFRƏTİN TÜĞYAN EYLƏYİR
İçində nifrətin tüğyan eyləyir,
Nifrəti nifrətə bağlama belə.
Gözlərin könlümü büryan eyləyir,
Sinəmə köz basıb dağlama belə.
Bu dünya at üstə yükü qəm dolu,
Ağrıyla, acıyla bu aləm dolu,
Kimə asan olub həyatın yolu?
Hönkürüb sinədən ağlama belə.
Dərddən qaçanları dərd qovur hər an,
Bədəni özünə heyran edir can,
Doğulub ölməkçin yaranmış insan,
Dərdi zilə çəkib çağlama belə.
Hər kəs doydum demir öz həyatından,
Salsa da fələyi tale atından,
Qəm keçir adamın yeddi qatından,
Ürəyi ahınla çuğlama belə.
Sanma Şadimanı, doğuldu getdi,
Zülümlər içində boğuldu getdi,
Hər can bədənində noğuldu, getdi,
Bədən məzarlarda bağlama, belə…
26. X. 2003 / Pirallahı
GÜNAHIN ŞEYTANIN ÖZÜNƏ QALSIN
Niyə ürəyini salırsan aha?
Ahını küləklər alsın, aparsın.
Dostum, ümidləri yönəlt sabaha,
Könlünü diləklər alsın aparsın.
Sevdalı günlərin bitməsin heç vaxt,
Həyatın hər üzü bizə imtahan.
İncə bülbül təki çağlasın qoy baxt,
Səni ağuşunda bəsləsin cahan.
Qul etmə ağrıya, acıya başı,
Ağlın dediyini ürək yeməsin.
Burax bağırından, dostum, təlaşı,
Şəninə yamanlar fəna deməsin.
Hicrana kökləmə saatlarını,
Zamanın gərdişi geriyə dönməz.
Könlünün mirvari dür qatlarını,
Həyata bəxşiş et ucalan enməz.
Niyə ürəyini salırsan aha?
Acını rüzgarlar sazağa salsın.
Onsuz da doğulan batır günaha,
Günahın şeytanın özünə qalsın.
26. X. 2003 / Pirallahı
HƏR BİR BƏLA ACA GƏLİR
Necə qalım bu dünyada?
Ahı dağdan uca gəlir.
Başımızdan ötmür qada,
Şöhrət güdən taca gəlir,
Hər bir bəla aca gəlir.
Ötmür candan ağrı-acı,
Tapılmayır can əlacı,
Düşüb başdan haqqın tacı,
Baca üstdən baca gəlir,
Hər bir bəla aca gəlir.
Titrəyir yer-göy ahımdan,
Əlac gəlmir sabahımdan,
Qurtulmaqçın günahımdan,
Haqq istərəm Allahımdan…
Ələm qaça-qaça gəlir,
Hər bir bəla aca gəlir.
Ömür ötür bəd əlində,
Boğuluruq dərd əlində,
Dünya sərhəd, səd əlində,
Heçnə yoxdur mərd əlində,
Zülüm saça-saça gəlir,
Hər bir bəla aca gəlir.
Bağrımızı qəm üşüdür,
Ağlımızı dəm üşüdür,
Gözümüzü nəm üşüdür,
Zil qovanı bəm üşüdür,
Cahan yaman qoca gəlir,
Hər bir bəla aca gəlir.
Könül, səndə nə əndişə?
Şadimanı çəkir şişə,
Ürəyini vurdu dişə,
Tapmadı ki, pünhan guşə,
Ələm aca-aca gəlir,
Hər bir bəla aca gəlir.
26. X. 2003 / Pirallahı
HEÇ KƏS ARAMAYIR ALLAH İÇİNDƏ
Allahım, günlərin kəndiri uzun,
Min ağrı görürəm bir ah içində. İpi əzrayılda bu boynumuzun… Can yatağa düşür günah içində. Bəşər itaətdə şöhrət tacına, Dar ağacı qurub tamah acına, Fərmanlar verməkdə şər əlacına,
Ağrılar asılıb sabah içində.
Göylərə, yerlərə ağlımız qaçır,
Tanrıya ev tikir, haqqa əl açır…
İlahinin odu canda nur saçır…
Heç kəs aramayır Allah içində.
Bulma, ey Şadiman, haqqına duva, Zəhərdi daddığın çörək, su, hava, Qan çanağı olmaz hər qəlbdə yuva… Rəbbin xofu olmaz, hərgah içində. 10. X. 2003
SÖYLƏMƏ TAXSIR BELƏ DÖVRANDADI
Gəlməyir fürsət ələ, dövrandadı,
Söyləmə taxsır belə dövrandadı.
Yetənə qul eyləmisən könlüvü,
Hər çatana əyləmisən könlüvü,
Əyə-əyə neyləmisən könlüvü?
Dəli təki səyləmisən könlüvü,
Gəlməyir fürsət ələ, dövrandadı,
Söyləmə taxsır belə dövrandadı.
Ürəyüvü boyamısan hiyləyə,
Qarnuva haram verirsən piyləyə,
Ağluva şeytan taxırsan kuyləyə,
Sözüvü hədyən deyirsən iyləyə,
Qoyma könül bağuvu şər iyləyə,
Qisməti vermə yelə, dövrandadı,
Söyləmə taxsır belə dövrandadı.
Dünya o dünya dəyişən bizlərik,
Bir-birinə şər deyərək bizlərik,
Xeyrimizə daş ataraq izlərik,
Canımızı sinəmizdə gizlərik,
Atımızı yoxuşa məhbizlərik,
Çox deyərik bu tələ dövrandadı,
Söyləmə taxsır belə dövrandadı.
Hey qururuq cahana can tələsəi,
Öz-özünün ömrünə qan tələsi,
Zirvələri çalmağa şan tələsi,
Bizi tutub oxlayır an tələsi,
Ağrı düşən hər telə dövrandadı,
Söyləmə taxsır belə dövrandadı.
Ulduzumuz səmanı hey daşlayır,
Sinə yanır gözləri qan yaşlayır,
Dərdə düşən qəlb bizi qarqışlayır,
Fələk qəmlə bəşəri alqışlayır,
Ömrümüzə gün elə dövrandadı,
Söyləmə taxsır belə dövrandadı.
Can əyilir Rəbbinə yol açmağa,
Ərzi qoyub ərş üzünə qaçmağa,
Bəxt quşutək əlimizdən uçmağa,
Günəş təki aləmə nur saçmağa,
Təb axıdan söz hələ dövrandadı,
Söyləmə taxsır belə dövrandadı.
Şadimanın can bağlı vəfasına…
Dözən çoxdu hər ömrün cəfasına,
Aldanmışıq dünyanın səfasına,
Məlhəm yoxdu ölənin şəfasına…
Hər ağrı-acı dilə dövrandadı,
Söyləmə taxsır belə dövrandadı.
20. 07. 2003
Dostları ilə paylaş: |