Кяримбяйли ширин ханым



Yüklə 8,79 Mb.
səhifə40/92
tarix27.12.2018
ölçüsü8,79 Mb.
#86518
1   ...   36   37   38   39   40   41   42   43   ...   92

BU TALE OYUNUNDA

Hər insan əlçimlənir,

Həyatın qoyununda.

Dərdi qəmdə çimlənir,

Bu tale oyununda.
Can diləyə atlanır,

Günümüz saatlanır,

Bel bükülür, qatlanır,

Bu tale oyununda.


Yıxılırıq, dururuq,

Bir-birini darırıq,

Ömrü başa vururuq,

Bu tale oyununda.


Fələk dizi qatlayır,

Əzrayılı atlayır,

Ürəyimiz partlayır,

Bu tale oyununda.


Ağlayır muradımız,

Boğulur fəryadımız,

Yaddan çıxır adımız,

Bu tale oyununda.


Can dirənər boğaza,

Haray dolar ağıza,

Ələ qalır dərd yaza,

Bu tale oyununda.


Ey Şadiman, bu nə qəm?

Dolur könlə dəmadəm,

Gözdə cilvələnir dəm,

Bu tale oyununda.

24. 04. 2002

TƏRK ELƏYİB BİZİ ELƏ GEDİRSƏN

Tərk eləyib bizi elə gedirsən,

Bilməyirsən zaman, məkan, ay ömür.

Əzizləri qara-böyür edirsən,

Verməyirsən cana imkan, ay ömür.
Nə yarımçıq qoydun arzu, muradı?

Eşitmədin dildən qopan fəryadı,

Sən bədənsiz, cansız etdin hər adı,

Batdın könlə acı tikan, ay ömür.


Boyunbağı oldun uçan zamana,

Heç gəlmədin bizlə dinə, imana,

Səbəb oldun canda aha, amana,

Tutmadın ki, əldə sükan, ay ömür.


Gözdən axan yaşımıza baxmadın,

Qocalmamış yaşımıza baxmadın,

Bu abadan başımıza baxmadın,

Harda qaldı nurlu zəkan, ay ömür.


Öyrənmədin yaratmağı, qurmağı,

Şərin köksün xəncər ilə vurmağı,

Vərdiş etdin yol üstündə durmağı,

Duymayırsan ədəb-ərkan, ay ömur.


Bədənlərin canda etdin yarasin,

Pozmaqdasan insanlığın sırasın,

Demədim ki, aç könlümün arasın,

Əzabından qur bir dükan, ay ömür.


Tez ayrılıb qopma belə canlardan,

Tik zamana saray ötən anlardan,

Məzarlara bulaq etmə qanlardan,

Öz dünyanda eylə təkan, ay ömür.


Yazıq bəşər səndə tapdı sevdasın,

Göstərirsən ona fələk ədasın,

Könüllərə vurdun hicran qadasın,

Heç olmadın ürək tikən, ay ömür.


Bu Şadiman təəccübdü işinə,

Bədənləri çəkdin o qurd dişinə,

Qonaq etdin bizləri biş-düşünə,

Boğazlarda qaldı tikən, ay ömür.

13. 02. 2003

ƏCƏL GƏLƏR – VERMƏZ MACAL

Əldə neçə işin qalar?

Kabab üstə şişin qalar,

Ocaqda biş-düşün qalar,

Ömür olar lap darmacal,

Əcəl gələr – verməz macal.

O tanıyar hər qapını,

Hər gün boya zər qapını,

Demə, tapdı şər qapını,

Harayınla haqqa ucal,

Əcəl gələr – verməz macal.
Bədənini ələkləyər,

Torpağıyla bələkləyər,

Can aldıqca ürəkləyər,

Qur taxtını, taxta tac al,

Əcəl gələr – verməz macal.
Ey Şadiman, haqqı tanı,

Odur verən sənə anı,

Tutar əldə şirin canı,

Saatına min bir bac al,

Əcəl gələr – verməz macal.

14. 02. 2003



DEYİRLƏR Kİ, ÖMÜR SUDU…

Deyirlər ki, ömür sudu,

Həm suya, həm selə dönər.

Qəlb ürəyin sinə odu,

Çıxar təndən yelə dönər.
Zaman iti bir röyadı,

İnsan haqdı, can xülyadı,

Könlü güdən hiss, həyadı,

Hey belədən-belə dönər.


Dilimizin özü dönük,

Həşir salan sözü dönük,

Tanrı sansa bizi dönük,

Bəşər solan külə dönər.


Nə ağlarıq, nə sızlarıq?

Su bulanar dayazlarıq,

Vaxt çatanda payızlarıq,

Ömür qırıq telə dönər.


Bizi-bizdən alan Rəbbdi,

Doğulmaq və ölmək dəbdi,

Zaman cana acı həbdi…

Təni bülbül edən təbdi,

Yanar canda külə dönər.
Şadimanı sanma zalım,

Əlindədi yazıq halım,

Haqdan bitməz bu vüsalım,

Nazildərsən tülə dönər.

14. 02. 2003

İNSAFSIZ FƏLƏYİN İŞİNƏ BİR BAX

İnsafsız fələyin işinə bir bax,

Oduna düşənə aman verməyir.

Allah, əzrayılın dişinə bir bax,

Tutdu ki, bir kəsə zaman verməyir.
Şimşəklər çaxnaşıb göyü ovanda,

Qatıb qabağına ərşi qovanda,

Buludun gözünü gurşad yuvanda,

Nə dağa, nə düzə duman verməyir?


Haqdan kəsiləndə düzün ayağı,

Qiymətdən düşən söz olur bayağı,

Bəlalı nədir ki, ömür sayağı?

Fələk hansı bəxtə yaman verməyir?


Dillərə sutunlu qovğadı yalan,

Ürək gah sərgardan, gah da ki, talan,

Bir-birin zülümə, ölümə salan,
Bilmirmi axıra yoxdu bir qalan?

Niyə Rəbb hamıya iman verməyir?


Şadiman, nə halət ürəkdə qəmlər?

Mənə hicran verdi bu gələn dəmlər,

Gözündə kipriyin hər biri nəmlər,

Kim deyir Rəbb dərdi umman verməyir.

17. X1. 2002

GÜN GƏLİR HƏR AN ÜSTÜNƏ

Gün gəlir hər an üstünə,

Anlar vaxtı dara çəkir,

Fələk qonur can üstünə,

Təndən onu hara çəkir?!
Rəbbə məxsus canın siri,

Bədəndəsə, bədən diri,

Günahların getməz kiri-

İblis qəlbi zora çəkir.


Bəşər əsir tamahına,

Zəhər qatır sabahına,

O binəva, Allahına-

Yara üstdən yara çəkir.


Bədənlərin qulu-ürək,

Ömürlərin pulu-ürək,

Qalmaz üzüsulu ürək-

Hər ahı bir yara çəkir.

Kainatda tay ararıq,

Bəxtimizə pay ararıq,

Sədamıza hay ararıq,

Ölümüzə vay ararıq…

Məzar təni bara çəkir.
Ey Şadiman, ötür saat,

Yaxşı-yaman budur həyat,

Baxış təzə, baxış boyat…

Əsəbləri tara çəkir.

3. 02. 2003

ZƏHƏR VAR ALTINDA YAĞLI DİLLƏRİN

Hər kəsin könlünü sanma cana yar,

Bağrının başını avarə qoyar.

Didər nizəsiylə, könlünü oyar,

Zənn etmə içdikcə qanını doyar,

Qorxusu çox olur əsən yellərin,

Zəhər var altında yağlı dillərin.
Üzünə güləndən qoru özünü,

Gecə alıb udar al gündüzünü,

Tufan ocağından udar közünü,

Aşikar eyləmə ürək sözünü,

Yağış aynasıdır axan sellərin,

Zəhər var altında yağlı dillərin.


Sənə can deyəndən canını həslə,

Düşmə ayağına elə həvəslə,

Zindan zindan olur, yalnız qəfəslə!

Hiylə ciyərinə girər nəfəslə,

Hər kəsə dinlətmə könül tellərin,

Zəhər var altında yağlı dillərin.


Hər ağrı-acının qəhəri olur,

Bal verən arının zəhəri olur,

Hər gələn bəlanın bəhəri olur,

Zamanın bəd çapan kəhəri olur,

Tanrı alır bir-bir ömrün illərin,

Zəhər var altında yağlı dillərin.


Bu canın o cana yolu olmayır,

Canın gizlənməyə kolu olmayır,

Hər dolan buluddan dolu olmayır,

Günahın imzası, qolu olmayır,

Məkri və zikiri çoxdu ellərin,

Zəhər var altında yağlı dillərin.


Çoxu öz canını bağlayar haqqa,

İman qul olubdu bəzən nahaqqa,

Dil fəryad qoparar bağırar haqqa,

Düzlük qiymə-qiymə, haqq şaqqa-şaqqa,

Fitnəsi mərd udur şər əməllərin,

Zəhər var altında yağlı dillərin.


İnsanın varlığı haqqın siridi,

Canı bədəninə parlaq dürüdü,

Hiyləsi, fitnəsi könül kiridi,

O da canlılardan vallah biridi,

Batırıb qanlara çoxdan əllərin,

Zəhər var altında yağlı dillərin.


Başına tumarı çəkəndən qorun,

Könlünün bağında səkəndən qorun,

Ora bir fidanı əkəndən qorun,

Acına göz yaşı tökəndən qorun,

Özülü boş olar bəd təməllərin,

Zəhər var altında yağlı dillərin.


Kül solub gedəndi, köz alışandı,

İnsan taleyiylə çox barışandı,

Ömür zamanıyla hey yarışandı,

Nahaqq, haqq, hər işə o qarışandı,

Fitnəsi dağ yıxar xoş könüllərin,

Zəhər var altında yağlı dillərin.


Bu həyat aləmi hər başa sınaq,

Çalış olmayasan sən ona qınaq,

Gəl can yuvamıza, Şadiman, qonaq,

Allah verən ömrü birlikdə yanaq,

Hər gələn tuşlayır gözə millərin,

Zəhər var altında yağlı dillərin.

6. 01. 2003

GÖZƏLDİR, EY İNSAN, BU HƏYATIMIZ

Gözəldir, ey insan, bu həyatımız,

Kaş sən gözəlliyə baxa biləydin.

Uçaydı xoş ana hər saatımız,

Kədərin ürəyin yaxa biləydin.
Düzlüyə köklənə ömürün yolu,

Tutub bağlamaya ələm əl-qolu,

Nəfsi edərək ağlın qulu,

Zirvədən-zirvəyə çıxa biləydin.


Çataydı günlərin ahına tabın,

Dolub-daşmayaydı o tale qabın,

Qalaydı ayağın altda əzabın,

Kədərin sinəsin yaxa biləydin.


Coşaydı, ey insan, saf diləklərin,

Sevdası olaydı pak ürəklərin,

Kaş titrəməyəydi can dirəklərin,

Nəş’ənin əlini sıxa biləydin.


Heç vurulmayaydın şərə, pisliyə,

Qapın bağlanaydı hər xəbisliyə,

İçinin diləyi feli həsliyə,

Hamıya bir gözlə baxa biləydin,

Zaman surətində ömür bir andı,

Allahdan əmanət bizə bu candı,

Ürəyin yar edə dilinə andı,

Könlünə ədalət taxa biləydin.


Tale tələs deyir nə qulağına?

Anların keşikdə o sağ-soluna,

Əbədi dünyanın saf bulağına,

İncə duyğularla axa biləydin,


Başından ataydı vəhşi savaşı,

Dərya olmayaydı qəlbinin yaşı,

Çiçəyə tutaydın torpağı, daşı,

Bütün sərhədləri yıxa biləydin.

9. 01. 2003

HƏR ADƏM ÖVLADI İNSAN OLMAZ

Elə dərdə düşənə qəm oldu,

Göz görən zülümlərə nəm oldu,

Yel təki ötüb keçən dəm oldu,

Dünyanın işləri asan olmaz,

Hər adəm övladı insan olmaz.


Hay salıb etmə qəlblə nifaqı,

Dağılar hər bədənin tifaqı,

Qura bilsən əgər ittifaqı,

Ürəyin ağrıya şan-şan olmaz,

Hər adəm övladı insan olmaz.
Nə qədər baş əhli zaya gedər?

Özünü dağ bilib haya gedər,

Əqli zora atar, vaya gedər,

Baxanlar hali - pərişan olmaz,

Hər adəm övladı insan olmaz.
Demə, təb könülə güzar etdi,

Sinənin bağını gülzar etdi,

Göy üzü durub elə zor etdi,

Buludlar coşmasa leysan olmaz,

Hər adəm övladı insan olmaz.
Çox ağıl sahibini boş gördük,

Ürəyinin yerinə daş gördük,

Çox gözü dərd içində yaş gördük,

Hər kəsə layiqli ad-san olmaz,

Hər adəm övladı insan olmaz.
Yıxılana da çalarlar balta,

Etməyəsən çalış ömrə xəta,

Et bunu gəl, bəşər, əqlə əta,

Hər verilən təam ehsan olmaz,

Hər adəm övladı insan olmaz.

Niyə könlüm qəmə naçar oldu?

Dərd salan qıfıla açar oldu,

Əzaba günbəgün düçar oldu,

Zamandan qopmasa heç an olmaz,

Hər adəm övladı insan olmaz.


Kəsilib mədələrin amanı,

Toxların aclara yox imanı,

Bəs haçan gələcək haqq zamanı?

Çox “mənəm ” deyəndən vicdan olmaz,

Hər adəm övladı insan olmaz.
Mən çəkən dərdi kimsə çəkmədi,

Mən tökən yaşı fələk tökmədi,

Tale bağımı niyə əkmədi?

Eləsə rəhmini ki, qan olmaz,

Hər adəm övladı insan olmaz.
Şadiman, bəşəri həyan bildim,

Dərdini könlümə əyan bildim,

Bəndəni sərvətə uyan bildim,

Bu qədər dərdə dözən can olmaz?

Hər adəm övladı insan olmaz.

6. X. 2002


KÖNLÜ BİHUŞ EDİR CAN MEYİM TƏKİ

Masamın üstündə ağappaq çiçək,

Ağlayır sinəmdə gileyim təki,

Yarpağı bağlayıb bir yaşıl ləçək,

Utanır özündən taleyim təki.
Əyibdi başını güldanın üstə,

Bu əsir bəxtimdən olubdu xəstə,

Nəsə pıçıldayır mənə ahəstə,

Sanki şərqi çalır qəlb neyim təki.


Masamın üstündən boylanıb baxır,

Alışan könlümü atəşə yaxır,

Dəli ilğımları canıma axır,

Tükənib qərarı bu heyim təki.


Onun seyrangahı ətirli bağdı,

Kolundan qopmağı köksünə dağdı,

Qədəhə tökülən şərabtək ağdı,

Könlü bihuş edir can meyim təki.

30. 03. 2003

HARDAN GƏLİR, HARA GEDİR?

Ömür keçir duyğu kimi,

Gözü almış uyğu kimi,

Cana hopmuş qayğı kimi,

İlə, günə sayğı kimi,

Yarısı ah - zara gedir,

Hardan gəlir, hara gedir?
Diləkləri çapar keçər,

Ürəkləri tapar keçər,

Gah yolundan sapar keçər,

Gah da haqqı qapar keçər,

Dardan çıxıb, dara gedir,

Hardan gəlir, hara gedir?


Ömür bəxtin sonasıdı,

İnsanlığın anasıdı,

Rəbb teştində yanasıdı,

Öz haqqını qanasıdı,

Bir üzündə qara gedir,

Hardan gəlir, hara gedir?


Coşar dəli sellər təki,

Ərşə qalxar yellər təki,

Gah uzanar dillər təki,

Gah qırılar tellər təki,

Sinəsində yara gedir,

Hardan gəlir, hara gedir?


Ömür cana bayraq olar,

Vaxtımıza varaq olar,

İlə, günə çıraq olar,

Bəxtimizə soraq olar,

Bulmaq üçün çara gedir?

Hardan gəlir, hara gedir?


Dağa-daşa səsi düşər,

Ona əsir olub bəşər,

Nə xeyirdi, nə də ki, şər,

Təni qoyar qəbrə qənşər…

Yaxıb haqqa qara gedir,

Hardan gəlir, hara gedir?


Bilmək olmur sonu nə vaxt?

Haçan solar bu yazıq baxt?

Əlində qul olubdu vaxt,

Qurub elə könüldə taxt,

Çox etdiyi xara gedir,

Hardan gəlir, hara gedir?


Ömür canın yüyrəyidi,

O bəşərin gərəyidi,

İnsanlığın ürəyidi,

Bu dünyanın dirəyidi,

Əkdiyi də bara gedir,

Hardan gəlir, hara gedir?


Hər bədənə varıb keçər,

Haqqı dişə vurub keçər,

Fələklə tən durub keçər,

Bəşərə vay qurub keçər,


Yığdıqları vara gedir,

Hardan gəlir, hara gedir?
Zaman düşə o atından,

İnsan doymaz həyatından,

Qurduğu bu büsatından,

Allahın nur saatından,

Günlərini, ara gedir,

Hardan gəlir, hara gedir?


Ömür Rəbdən könlə yuxu,

Haqdan gələn gülab qoxu,

Ölümüylə cana qorxu,

Məzarlarda tənin çoxu…

Gələnlər də ora gedir…

Hardan gəlib, hara gedir?


Nə hikmətdi, bilməm, səndə?

Can güdürsən quru təndə,

Sünbülünün gözü dəndə,

Qamışın bənd olub qəndə,

Hər dəmi min zora gedir,

Hardan gəlib, hara gedir?


Bizdən əvvəl gələn soldu,

Anlarında gün doğuldu,

Can bəşərə bir noğuldu,

Haqq dünyaya gedən yoldu,

Ağlı yora-yora gedir,

Hardan gəlib, hara gedir?


Ey Şadiman, etmə qüssə,

Könül yanar hissə-hissə,

Batıb dünya haqqı sisə-

Nə etsə də fələk pisə?

Ömür candan zara gedir,

Hardan gəlib, hara gedir?

30. X1. 2002

İNSAN DA CANLIDI, HEYVAN DA CANLI

İnsan da canlıdı, heyvan da canlı,

Onları qüdrətli Tanrı yaratdı.

İnsan da qanlıdı, heyvan da qanlı,

Allah hər ikisin dünyaya atdı.
İlahi adamı yaradan zaman,

Başına şüuru ərmağan etdi.

Həm güc verdi ona, həm də ki, iman,

Bəşər ağılıyla çox şeyə yetdi.


Heç nədə heyvandan fərqlənmir insan,

Əgər şüurunun qulu olmasa.

Didmək, parçalamaq, öldürmək asan,

Rəbbinin qoyduğu yolu olmasa.


O kəs ki, qan tökür günaha batır,

Demək, insanlığa od qalayıbdı.

Hər canlı nəfsində vəhşilik yatır,

Qan töküb özünü qalib sayıbdı.


Ağılı bəndəyə verdi ki, Allah,

Onu yaradanı anlasın, qansın.

Etdiyi xətalar sayıldı günah,

Atılan addımın sonrasın ansın.


Heyvan xislətlilər çoxdu dünyada,

Elə heyvan təki yeyib içirlər.

Bir an gətirmirlər Tanrını yada,

Haqqı ayaqlayıb, haqqı biçirlər.


Vəhşitək baxırlar onlar həyata,

Öldürüb yıxmaqdır yalnız xülyası,

Tökürlər bolluca qanlar həyata,

Şüuru olmayanın varmı həyası?


Heyvan öz ovunun üstə atılar,

Acından qurtulmaq, yaşamaq üçün.

Ağlı olmayanlar nəfsə satılar,

Allah bəndəsiyçin deyil bu biçin.


Rəbbini dananlar adammı məgər?

Onlar təbiətcə heyvanın özü.

İnsanı gəzdirən şüursa əgər,

Demək, yaşadacaq bəşəri gözü.


Ağlı itirənə dəli deyirlər,

Ona qan tökmək də cəza sayılmaz.

O yüksək idrakdan gəlir xeyirlər,

Yoxsa, bu bəndələr şərdən ayılmaz.

Onu yaradanı unutsa bəşər,

Ağlı, düşüncəsi yoxa çıxacaq.

Aləmi udacaq ölüm, qırğın, şər,

Dünyanın fırlanan oxu çıxacaq…


İdrakı başında qorusa insan,

Demək, Allahına yolu var hələ.

Şadiman, şüurun deyildir leysan,

Onu sovurma gəl belədən-belə.

20. X11. 2002

DİLƏKLƏRİM DİL AÇIR




Yüklə 8,79 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin