Diləklərim dil açır - ürəkdə pərvazlanır,
Duyğumu oda yaxır atəşdə avazlanır,
Bu hikmətə vurulan ağlım, hissim nazlanır,
Əsir olub qalıram haqqın təbiətinə,
Dəmlərim səcdə edir zamanın qüdrətinə.
Üzülən xəyallarım baş qoyub köksə yatır,
Zülmətlərin içindən çıxan ulduzum batır…
Qırılan ümidlərim sinəmdə əl-qol atır,
Vurulur uyğularım gecənin surətinə,
Dəmlərim səcdə edir zamanın qüdrətinə.
Bu sadəlövh ürəyim çırpınır ah içində,
Vaxtımız rövqələnir səvab-günah içində,
Həyatın ətri gəlir açan sabah içində,
Bilmədən qoşuluram anların sürətinə,
Dəmlərim səcdə edir zamanın qüdrətinə.
Hər axşamın içində duyğulu bir an gəlir,
Qəlbi alıb aparan nə sevgili can gəlir?
Ürəyimi qoparan fələkdən ünvan gəlir,
Mən qul olub qalıram gecəmin adətinə,
Dəmlərim səcdə edir zamanın qüdrətinə.
Yeri,göyü titrədir könlümün əndişəsi,
Açır qapısın ərşə sinəmin can guşəsi,
Sınır ahdan, tökülür ümidimin şüşəsi,
Gözlərim qan-yaş tökür qəlbimin möhnətinə,
Dəmlərim səcdə edir zamanın qüdrətinə.
Bir sevgili Allahım, bir canımın yuvası,
Dilimin gecə-gündüz bitməyir haqq duvası,
Yenə dolur başıma təbin dəli havası,
Könlüm uçur bir eşqin gizli məhəbbətinə…
Dəmlərim səcdə edir zamanın qüdrətinə.
Qəlbimin otağında çırpınıram qalıram,
Qapılıram özümə diləkdə köç salıram,
Aləmlərin içində bir aləm ucalıram,
Əllərimi açıram Tanrı itaətinə,
Dəmlərim səcdə edir zamanın qüdrətinə.
Ey Şadiman, təbiət sirrin bizə açmayır,
Bəndənin qarşısından heç bir zaman qaçmayır,
Şükür olsun Xilqətə, zəka başdan uçmayır…
Bəşər tay ola bilməz Yaradan hikmətinə!
Dəmlərim səcdə edir zamanın qüdrətinə.
23 / 24. 02. 2004
İNSAN ZƏKASINDA İFFƏT OLMAYIR
Hər gün at oynadır fitnə, fe’l, şər,
Adamda bir cürə sifət olmayır.
Nədəndir hiyləyə qurşanıb bəşər?
İnsanlar içində ülfət olmayır.
Heç qiymət verilmir yaxşı başlara,
Dünya ürcah olub qəlbi daşlara,
Ağrılar bulaqdı gözdə yaşlara,
Niyə nadanlara nifrət olmayır? !
Pislər yaxşıları üyür dən kimi,
Asılıb naqislik candan tən kimi,
Bürüyüb gözləri hiddət çən kimi,
Başdan doğan fikir afət olmayır.
Bu minval ilə biz hara gedirik?
Ayağmız gəzəndən pislik edirik,
Bir-birin quduztək qəlbdən didirik,
İnsan zəkasında iffət olmayır.
Şadiman, əzabdan titrəyir sinə,
Dərd pilləkan qoyub qalxıb köksünə,
Hər doğulan çıxır haqqın əksinə…
Bu bəni-bəşərdə riffət olmayır.
1.05.2004
EY CANI VƏ RUHU, ÜRƏYİ ŞƏFA
Ey canı və ruhu, ürəyi şəfa,
Sənə pislik edən günaha batır.
İnsan şüurunda axtarma vəfa,
Nə qədər axtarsan qəlb aha batır?
Könlünün əzabı üzündə gəzir,
Zəkanı eyləmə nadana nəzir,
Qibləsin bilməyən, ehkamı əzir!
Gecədən qopan ox sabaha batır.
Ağlı dayazlara məlhəm tapılmır,
Fitnənin qayası, dağı çapılmır,
Fənalıq yolundan bir an sapılmır,
Sinənin fəryadı dərgaha batır.
Qurşanma dünyanın dərdi-sərinə,
Bir az dəlilik qat ağlın yerinə,
Qapılma özünə, enmə dərinə,
Beyni məlakələr gah-gaha batır.
Bax bu Şadimana bir ibrət eylə,
Gəl üzdən getməyi sən adət eylə,
Yalnız öz könlünə ibadət eylə,
Dərrakə yiyəsi hərgaha batır.
1. 05. 2004
AÇ KÖNÜL QAPISIN, ORDA ŞAM EDİM
Mənim ucbatımdan çəkirsən bəla,
Bilməm bu bəlanı necə ram edim?
Dözə bilməyirəm düşdüyün hala,
Dərdinin içində necə kam edim?
Ey ürəyi pakım, qəlbini qoru,
Fələyin dişində zalımın toru,
İlahi sevməyir fitnəni, zoru,
Söylə fənalığı nə ehkam edim?
Gözünün niskili qəlbimi dəlir,
Sinəmdən zülümə fəryad yüksəlir,
Çəkdiyin ağrıdan mənə ah gəlir,
Yığım bu dərdləri harda tam edim?
İkiayaqlıdan, de, hara qaçım?
Quş olub göyünmü tərkinə uçum?
Meşədə, qayada bir yuva açım,
Arayım kahanı cana dam edim.
Ey ürək sultanım, qoru özünü,
Yanan ocağıma ələ közünü,
Rəbb özü qatlayar şərin dizini…
Aç könlün qapısın orda şam edim.
2. 05.2004
EY YAŞANAN ÖMÜRLƏR
Ey yaşanan ömürlər,
Həyat sabahdan gəlir.
Yaradanın əmirlər…
Əcəl Allahdan gəlir.
Xeyirlə şər döyüşür,
Çox insan şərə düşür,
Bədənlərdə can üşür,
Ağrılar ahdan gəlir.
Yoxdu həqiqət yerdə,
Dözürük gələn dərdə,
Şeytan Rəbbdi namərdə,
Pislik günahdan gəlir.
Duyğuda duyğu yaşar,
Hər canda aşıb-daşar,
Bağır yanar, qan coşar,
Can qibləgahdan gəlir.
Haqqa iman edənlər,
Eşqlə peyman edənlər,
İblisə man edənlər,
Haqq səcdəgahdan gəlir.
Könlü qəm tutub damlar,
Şadiman, nədə kamlar?
Ey kitabsız adamlar,
Şübhə gah-gahdan gəlir.
13.03.2004
İNSAN DOĞULANIN QƏLBİ DAŞ OLMAZ
Əgər bir-birini duyarsa bəşər,
Gözlərdə kədərdən qanlı yaş olmaz.
Ağıla, şüura yol tapmasa şər,
Yamanlıq xeyirdən qəlbdə baş olmaz.
Ömür oxdan çıxan bir yaya bənzər,
Zaman sürətiylə eyləsən nəzər,
Dünya nərd taxtası, hər gələnsə zər,
Bəndə haqqı tutsa yolu çaş olmaz.
Hiylələr, fitnələr ərzi tutmasa,
Adəm öz könlünü şərə atmasa
Zülmət sükunətin qəlbə çatmasa,
Sabahın gözündə bu təlaş olmaz.
Yamanlıq, fənalıq nəfisdən gəlir,
Pisliklər tamaha hərisdən gəlir,
Bəla Allahdan yox iblisdən gəlir!
Nöqsanlar - ürəyi xəbisdən gəlir,
İnsan doğulanın qəlbi daş olmaz.
3. 05.2004
Əsdir varlığımda qopsun fırtına,
Qoy alsın tufanlar məni sırtına,
Vursun qamçısını həyat atına,
Yenə çalxalanır içdə fəryadım,
Ey könül sultanım, ey ürək odum.
Məni bu ilhamım canbəsər edir,
Ruhum qopur təndən göylərə gedir,
Qəlbdə təlatümə gələn bəs nədir?…
Niyə dərk etməyir yaxınım, yadım?
Ey könül sultanım, ey ürək odum.
Ağrıda, acıda hikmət görürəm,
Zəkanın içində nemət görürəm,
Can təndən çıxanda qamət görürəm,
Yetişmir kimsəyə hönkürən dadım,
Ey könül sultanım, ey ürək odum.
Çırpınıb qalıram fəqan içində,
Min bir hıçqırtı var hər an içində,
Bədənim ovunmur bu can içində,
Duyğusuz kəslərə çatmır imdadım,
Ey könül sultanım,ey ürək odum.
Demə Şadimanı dərdə xar oldu,
Dilindən kükrəyən bir ah-zar oldu,
Canım ağılıma haqdan yar oldu,
Odur ki, təbimin dilində adım,
Ey könül sultanım,ey ürək odum.
2. 04. 2004
SƏN EY TUFAN MƏHƏBBƏTİM
Sən ey tufan məhəbbətim , küləklərtək əs könlümdə,
Qəmin ağrı-acısının telini tap, kəs könlümdə,
Səmalarda buluda dön, yağdır göydən yağışları,
Sinəmdəki əzabların ilmələnsin naxışları.
Dincliyimə həsrət qalsın həyatıma gələn anlar,
Qoy bitməsin sinəmdəki hicran dolu bu divanlar.
Ürəyimi çalxat seltək, dağa-daşa vursun özün,
Kül altında sovur göyə kirin - kirin yansın közün.
Sən ey tufan məhəbbətim, gözlərimdə yaşı sellət,
Buludlartək dolan könlü qoy üzməsin acı illət.
Zərrə-zərrə, hissə-hissə ağrılarım havalansın,
Dodağımdan qopan səda fələklərə duvalansın.
Şimşəklərtək atəşləri töküm yerin bağırına,
Sən ey tufan məhəbbətim, qoy əriyim ağırına.
Bu ağrıyan ürəyimin şəfasına dəva umma,
Mən çəkdiyim əzabları bir kimsəyə rəva umma.
Başda əsən ağılımı göy üzündə quşa döndər,
Sinəmdəki qorxuları lal sükutlu daşa döndər.
Duyğulansın saatlarım, sellər təki aşıb daşsın,
Hissim qonsun sıldırıma qartallartək zirvə aşsın.
Bu hönkürən xiffətimə toxunmasın soyuq baxış,
Toxunarsa, gətirəcək sabahıma boranlı qış.
Sən ey tufan məhəbbətim, Allahıma iman elə,
Yerdən, göydən küsən cana təbib olub dərman elə.
Əzablardan qurtularaq fələklərtək ucalaşım,
Əl götürüm bu dünyadan əbədilik vidalaşım.
29. 02. 2004
Dostları ilə paylaş: |