Mənim ürəyimdə yatan duyğular,
Ayılıb qalxanda dövran edirsiz.
Uçuşur mələktək gözdə uyğular,
Sinəmin telində cövlan edirsiz.
Gələndə hövlanak ilhamın dəmi,
Gah zili gəzirsiz, gah da ki, bəmi,
Elə odlayırsız küllü-aləmi,
Yandırıb atəşdə viran edirsiz.
Ya bulud içində yağış gəzəndə,
Ya incə sevdalı baxış gəzəndə,
Ya coşan ürəyə naxış gəzəndə,
Könüldən xəbərsiz peyman edirsiz.
Niyə heç bitməyir hicran davası?
Məni dəli edir təbin havası,
Açılır qapımın haqqa yuvası,
Allaha, Tanrıya iman edirsiz.
Duyğular, bu necə divanəlikdi?
İlhamın şamına pərvanəlikdi?
Biçarə könüllə mehmanəlikdi?
Sinəmin ahından dərman edirsiz.
Könlün bir Tanrısı, bir Allahı var,
Hər zülmət gecənin ağ sabahı var,
Şadiman tifilin nə günahı var?
Onun ürəyinə fərman edirsiz.
20. 02. 2004
Ey qanadlı ürək, havalanırsan,
Coşur duyğuların duvalanırsan,
Ocağın alışır ovalanırsan,
Ağrıya, acıya yuvalanırsan,
Yuvan uçmasın,
Təbin qaçmasın.
Sinəmin içində çırpınma quştək,
Gətirmə boranı evimə qıştək,
Həyat qapısından asılma daştək,
Boğma istəyimi dəryada yaştək,
Ələm saçmasın,
Təbim qaçmasın.
Zaman gülzarında bülbülüm çağlar,
Mənim kədərimə qoşulub ağlar,
Açar sinəsini çiçəkli bağlar,
O ilham pərimi candan soraqlar,
Dərdi qucmasın,
Təbim qaçmasın.
Ey qanadlı ürək, ahım yüksəlir,
Əlçatmaz zirvənin köksünü dəlir,
Könlə qida verən səs, ünü dəlir,
Yenə də bu gecə kədərim gəlir…
Qapı açmasın,
Təbim qaçmasın
Məni dəli edən pak məhəbbətim,
Yerlərə, göylərə can ibadətim,
Dünyaya vurğunluq sevgi adətim,
Böyük Yaradana bu itaətim…
Candan uçmasın,
Təbim qaçmasın.
Ey qanadlı ürək, Şadiman naşı,
İlhamda tapıbdı cana sirdaşı,
Al bağrım başından apar təlaşı,
Boğmasın gözümü zülümün yaşı,
Sən, de, açmasın,
Təbim qaçmasın.
20. 02. 2004
ASILIB ÇİYNİMDƏN ÖMÜR XURCUNU
Hər insan həyatı zamanla yüklü,
Asılıb çiynindən ömür xurcunu.
Min bir arzularla kiçik-böyüklü,
Fələk dolaşdırıb ələ ucunu.
Ağrılar ünündə ürək çökür diz,
Anlarla çarpışmaq çarasındayıq.
Diləkdən diləyə sönür qəlbimiz.
Varlıqla yoxluğun arasındayıq.
Ömür xurcunundan sal günümüzü,
Onun sonrasını Yaradan bilir.
Şeytan elə atır düyünümüzü…
Ağladan əliylə göz yaşı silir.
Elə qamarlarıq bu gen dünyanı,
Öləri deyilik, sanki həyatda.
Ağlımız ovlayır hər gün xülyanı,
Zərrədən pay umduq biz kainatda.
Göyləri, yerləri çalxadan Allah,
Zəkamız önündə açmadı heç nə?
Hər ağlın içində gizləndi günah,
Tanrının gözündən qaçmadı heç nə?
Allahlıq eşqinə düşdü bir çoxu,
Allaha qul olub çökdü-ayıldı.
Kamana möhtacdı əzrayıl oxu,
Hər atılan zaman ərzə yayıldı.
Heç kəs öz xoşuyla gəlmir cahana,
Onun gəlməyinə höküm verən var.
İlahi don verib bədəni cana,
Nəyi ediriksə pünhan görən var…?
Bizdən varlığını gizlədən Xalıq,
Bizə sirr saxladı öz vəfasını.
Təni ölənədək gizlədən Xalıq,
Vermədi ölümün can şəfasını.
Yaramaz işlərdən yapışdı bəşər,
Rəbb bəndələrinə qəh-qəhə çəkdi.
Haqqıyla meydanda qapışdı bəşər,
İblis zəkamızı pəh-pəhə çəkdi.
Pul təki xərclədik verilən ömrü,
Gücümüz tükəndi, Allahı andıq.
Nəgahən enəndə fələyin əmri…
Həyat yuxusundan qəfil oyandıq.
Günahlar içində ey batan ömür,
Xurcunu boş qaldı axır zamanda.
Şeytanın əyininə bir kətan ömür,
Hiyləsi çırpındı haqqa amanda.
Nədir, ey Şadiman, bəs bu çarpışma?
Ağılla ürəyi fəraqa atdıq.
Xeyrə dal çevirib şərdən yapışma,
Köpümüz alındı, məzarda yatdıq.
17. X11. 2003
İLAHİYƏ BAĞLI ÜRƏK
İlahiyə bağlı ürək,
İmanımız heç solmasın.
Yer insana sınmaz dirək,
Peymanımız heç solmasın.
Şər etməsin ağılımız,
Cöşsün həyat nağılımız,
Xeyri tutsun ağılımız,
Fərmanımız heç solmasın.
Hər sinədə bir əhd yaşar,
Diləkləri aşıb daşar,
Şərlə şeytan pıçıldaşar,
Amanımız heç solmasın.
Dərd ürəyə yol tapmasın,
Tapıb qəlbi qəm çapmasın,
Bəndə yolun qoy sapmasın,
Xoş anımız heç solmasın.
Bu həyatı quran da biz,
Onun boynun vuran da biz,
Abad da biz, viran da biz,
Səhmanımız heç solmasın.
Dincəlməyir ürəklə baş,
Göz içində qaynayır yaş,
Çox sinədən asılıb daş,
Dövranımız heç solmasın.
İnsan ömrü çox qısadır…
Qocalanda can əsadır,
Büküldün qəlb yarasadır,
Dərmanımız heç solmasın.
Dünya dönüb sərhəd, səddə,
Gah namərdə, gah da mərdə,
Tuş olmasın kimsə dərdə,
Loğmanımız heç solmasın.
İnsanlıqda – gözəl sifət,
İlham gəlir – nazlı afət,
Ey Şadiman, eylə ülfət,
Mehmanımız heç solmasın.
19. 02. 2004
ÜRƏYİM HARAY ÇƏKİR
Ürəyim haray çəkir,
Küllü-aləm içində,
Göz yaşımı çay çəkir,
Qopan naləm içində.
Eşqə çıraq olmuşam,
Qəm çəkib dağ olmuşam,
Bəs niyə sağ olmuşam?
Bir belə qəm içində.
Haqqdan gələn ilhamım,
Yanan qəlb ilə kamım,
Yarılır bu göy damım,
Hıçqıran nəm içində.
Salmayın dilə məni,
Yaymayın elə məni,
Verməyin yelə məni,
Zilim var bəm içində.
Canda yaram qövr edir,
Ürəyimə cövr edir,
Ömür elə dövr edir,
Fırlanan dəm içində.
Dəmiri zindan döyür,
Osa, gücünü öyür,
Tərəzini əl əyir,
Haqqımız kəm içində.
Can Rəblə pıçıldaşır,
Bə’zən həddini aşır,
Ömür qədəhdən daşır,
Şadiman dəm içində.
13. 03. 2004
Dostları ilə paylaş: |