Кяримбяйли ширин ханым



Yüklə 8,79 Mb.
səhifə44/92
tarix27.12.2018
ölçüsü8,79 Mb.
#86518
1   ...   40   41   42   43   44   45   46   47   ...   92

EY GECƏLƏR ŞAMI

Oduna yandığım, gecələr şamı,

Sənin atəşindən köz var sinəmdə.

Elə cilvələnir ruhumun kamı,

Hələ deyilməmiş söz var sinəmdə.
Yenə həyacanlar bürüyür canı.

Göylərə, yerlərə sürüyür canı,

Coşur damarının çağlayan qanı,

Təbimi dindirən göz var sinəmdə.


Könlümdə diləklər gəzir havalı,

Sirli kainata qəlbdən duvalı,

Uçuşur saatlar əldə qavalı,

Telləri oynadan saz var sinəmdə.


Varağlar üstündə bağrım ahlanır,

Qələmim susanda can gunahlanır,

Zülmətdən ay doğur, yer sabahlanır,

Bəyaz qışdan sonra yaz var sinəmdə.


Ey gecələr şamı, düşdüm sevdaya,

Döndü ürəyimdə həsrət nidaya,

Şükürlər olsün ki, Böyük Xudaya,

Haqqın cığırına iz var sinəmdə.

22. 02. 2004

YENƏ RUHUM QANADLANIR UÇMAĞA

Yenə ruhum qanadlanır uçmağa,

Günəş təki göydə atəş saçmağa,

Diləkləri alır candan qoparır,

Özü ilə asimana aparır.

Gah buluda, gah şimşəyə bac verir,

Gah leysana, gah yağmura tac verir,

Zirvələri eşqə salır pərvazı,

Bülbülləri oda atır avazı.

Çeşmə kimi lap qaynayır gözündən,

Alışıram soyumayan közündən.

Qar ələnir, sanki çılğın başına,

İslanıram gözdən axan yaşına.

Niyə sığmaz yuvasına bir dəm də?

Yer tapmayır heç özünə aləmdə.

Hər baxışda bir sədaqət arayır,

Duyğuların tellərini darayır.

Həm gecədən, həm gündüzdən öc alır,

Yaradana hikmətindən güc alır.

Ruhum güldü həyatın can bağında,

Təblə coşur bu divanə çağında.

Yellər əsmiş, an içində dağılmış,

Zaman ondan, o zamandan doğulmuş.

4. 04. 2004



ÖMRÜNÜ YAŞAYIB KÖÇƏNLƏR BİLİR

Bu dünya əzəldən qan çanağıdı,

Allahın insana bir sınağıdı,

Böyük Yaradanın can sınağıdı…

Həyatın suyunu içənlər bilir,

Ömrünü yaşayıb köçənlər bilir.

Canlılar içində qorxulu bəşər,

Qəlbi arasında şeytan yerləşər,

Etdiyi günahla ayağa düşər,

Bunu zülmün yolun seçənlər bilir,

Ömrünü yaşayıb köçənlər bilir.
Cahanın hər işi Tanrıya hali,

Onun nəzərində hər qeylü-qalı,

Bizi xəlq eyləyən bizlərdən ali!

Zaman zəmisini biçənlər bilir,

Ömrünü yaşayıb köçənlər bilir.
Var ikən özünü qüdrətli sayan,

Təamlar yerinə zülümlə doyan,

İblisin fe’linə eşq ilə uyan,

Fitnəli-canında keçənlər bilir,

Ömrünü yaşayıb köçənlər bilir.
Təbiət duyğuda məna arayır,

Doğulan canlıda fəna arayır,

Bu beşdaş oynunda xanə arayır…

Qəlbləri bürüyən sis, çənlər bilir,

Ömrünü yaşayıb köçənlər bilir.
Hər zəka içində arzu çağlayır,

Kamına yetməyən ürək ağlayır,

Fələk bədənlərdə can soraqlayır…

Həyatın yolunu keçənlər bilir,

Ömrünü yaşayıb köçənlər bilir.
Şadiman, dünyada bulma məkanı,

Xaliqin əlində vaxtın sükanı,

Bu həyat əzəldən canlar dükanı,

Varlığdan yoxluğa keçənlər bilir,

Ömrünü yaşayıb köçənlər bilir.

20. 02. 2004



DUYĞUDAN DUYĞUYA COŞUB DAŞIRAM

Duyğudan duyğuya coşub daşıram,

Yeni diləklərlə cilalaşıram,

Təzə arzularım doğur ürəkdə,

Köhnə arzularla vidalaşıram.
Hər dürlü istəkdə dürlü can yatır,

Ruhumun evində aləmi qatır,

Ağlaşır sinəmdə başsız amallar,

Ay təki parlayır, gün təki batır.


Yerin harayından göyə qalxıram,

Dönüb ulduzlara, yerə baxıram,

Bəşərin fe’lindən qan qusur torpaq,

Yandırıb nalədən könlü yaxıram.


Mənim səbirimlə oynayır təbim,

Bulaqtək gözündən qaynayır təbim,

Qapımdan əl çəkmir qəmin ayağı,

Onu öz taxtına şan sayır təbim.


Mən duyğu içində duyğu yaşatdım,

Yeni duyğuları köksümə atdım,

Şadiman könlüylə yatıb baş-ayaq,

Bu dərin yuxudan onu oyatdım.

20. 02. 2004

ÖMÜR GƏLDİ PAK QƏDƏRLƏ

Ömür gəldi pak qədərlə,

Ötən günü aldı getdi.

Gah sevinclə, gah kədərlə,

Ürəyimdə qaldı getdi.
Bədənlərdə can üşüdü,

Vaxt içində an üşüdü,

Tacı-taxtdan şan düşürdü-

Ayaqlara saldı getdi.


Acıları başdan aşdı,

Gödək ömrün qəmi daşdı,

Tərəziyə yatan daşdı,

Saatları çaldı getdi.


Könlə sərxoş hicranıyla,

Tanrı verən dövranıyla,

Təndə mələk, sir canıyla-

Xəyallara daldı getdi.


Rəbbin şirin can payıdı,

Yaradanın harayıdı,

Qocalarkən tən vayıdı,

Başdaşını çaldı getdi.


Gün selləndi, arx talandı,

Nehrə təki çalxalandı,

Kimə, niyə arxalandı?

Tellərinə yoldu getdi.


Ey Şadiman, nə xülyadı?

Ötən günlər xoş röyadı,

Bəlkə ömür bir riyadı –

Ağlımıza doldu getdi?….

10. 02. 2004

HAMIMIZ GEDƏRİYİK, HEÇ KİM ÖZÜN ÖYMƏSİN

Hər anın bir ahı var, hər ahın bir günahı,

Fələk xeyrə açaydı hər açılan sabahı,

Vicdanına qul olan unutmaz heç Allahı,

Bir kimsə, bir kimsənin ürəyinə dəyməsin,

Hamımız gedəriyik, heç kim özün öyməsin.


Pul-paraya, sərvətə, dövlətə çatmaq olar,

Hiyləylə, yaltaqlıqla zirvədə yatmaq olar,

Girib fitnə toruna aranı qatmaq olar,

Rəbbin sevgisi olan tərəzini əyməsin,

Hamımız gedəriyik, heç kim özün öyməsin.
Bu dünya neçə şahlar, sultanlar yola saldı?

Düşürüb tacı-taxtdan qara məzara saldı,

Tikdiyi sarayları torpağın altda qaldı,

Fələk ki, amadədi bassın ölüm düyməsin,

Hamımız gedəriyik, heç kim özün öyməsin.
Bəşərin haqqa bağlı qarası da, ağı da,

Təbiəti quludu öləni də, sağı da,

Doğuldun - xətalara ayna tutur çağı da,

Elə yaşa öləndə gorunu el söyməsin,

Hamımız gedəriyik, heç kim özün öyməsin.
Adəmin can ipini fələk əldə fırlayır,

Artıqca şər işimiz səvablar sıfırlayır,

İnsanın kamal bağı günü-ündən cırlayır…

Bəs necə bu Yaradan başımıza döyməsin?….

Hamımız gedəriyik, heç kim özün öyməsin.
Başın verdiyi cəza ürəyə baha gəlir,

Atılan səvh addımın səsi Allaha gəlir,

Tökülən al qanların haqqı günaha gəlir,

Axır günü düşünən naqisliyə sə’yməsin,

Hamımız gedəriyik, heç kim özün öyməsin.
Rəbb ya odla, ya buzla yandırır torpaqları,

Bostana uru gəlir, saralır yarpaqları,

Öz ömrün başa vurur dünən açmış tağları

Günəş göydə seyr edir şamamanın dəyməsin

Hamımız gedəriyik heç kim özün öyməsin.
Ey Şadiman bir söylə candakı sitəm nədir?

Ürəyim qan ağlayır, bu qana matəm nədir?

Səhərlərin dilində acı-şirin təm nədir?

Təbiətin yazdığı qanuna əl dəyməsin,

Hamımız gedəriyik, heç kim özün öyməsin.

23. 02. 2004



ÖMÜR QAÇIR ƏLDƏN BELƏ

Bu dünyanı sultan sandıq,

Sinəmizə dərman sandıq,

Vaxt önündə özün qandıq,

An qırılır teldən belə,

Ömür qaçır əldən belə.

Duyğuları havaladıq,

Yuxularda yuvaladıq

Ağlı başdan qovaladıq,

İl bac aldı ildən belə,

Ömür qaçdı əldən belə.
Daştək yerə nə çaxıldıq?

Gah büdrədik, gah yıxıldıq…

Künc-bucağa çox sıxıldıq,

Can da düşdü dildən belə,

Ömür qaçdı əldən belə.
Neçə duyğu öldü keçdi?

Bağrımızı böldü keçdi,

Zaman bizə güldü keçdi,

Don geyindi yeldən belə,

Ömür qaçdı əldən belə.
İlahidə ülfət gördüm,

Haqqı gözəl afət gördüm,

Hər insanda sifət gördüm,

Şər düşmədi əldən belə,

Ömür qaçdı əldən belə.
Ey Şadiman, etdiyin nə?

Duyduğuna yetdiyin nə?

Vaxtı qıvraq ötdüyün nə?

Arx üzüldü seldən belə.

Ömür qaçdı əldən belə.

22. 02. 2004



Yüklə 8,79 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin