Nədən, Xuda, can möhnəti -
Hər bir dərddən betər olur?
Ömrümüzün an möhləti…
Hər insana yetər olur.
Gün qarışır diləklərə,
Sevda düşür ürəklərə,
Hay yayılır fələklərə,
Dəmlər yeltək ötər olur.
Anlarımdan asılıram,
Qəm ağzına basılıram,
Mən dərdimə qısılıram,
Sevinc düşüb itər olur.
Ağ buludlar yeri alır,
Karvan üstə köçün salır,
Könlüm göydə, yerdə qalır,
Təbə xəbər-ətər olur.
Qəlbim dolur – can yağışı,
Gözlərimə axır yaşı,
Ahım tutur dağı, daşı,
Ürəyimə xətər olur.
22. 02. 2004
ALLAHINA DUVA EYLƏ
Əgər gəldin bu həyata,
Doğulmağın özü xəta,
Şükür eylə hər saata,
Dildə haqqı yuva eylə,
Allahına duva eylə.
Hər kim olsan enəcəksən?
Şamtək yanıb sönəcəksən,
İlahinə dönəcəksən…
Bu hikməti nəva eylə,
Allahına duva eylə.
Coşsun könlün xoş niyyəti,
Başda ağlın ülviyyəti,
Düzdən dönmə, həqiqəti-
Ciyərinə hava eylə,
Allahına duva eylə.
Fələkdəndi hər bir bəla,
İnsan düşür hər cür hala,
Vicdanını gətir yola,
Xəsdədirsə – dəva eylə,
Allahına duva eylə.
Zamanın bəd gərdişi var,
Hər anın öz gedişi var -
Ömrü qıran sərt dişi var…
Cana rəhmi rəva eylə,
Allahına duva eylə.
Şadimanı nədir əyən?
Ürəyinə hər gün dəyən?
Qəlb qapısın kimdi döyən?
Gələn qəmsə dava eylə,
Allahına duva eylə.
22. 02. 2004
NİYƏ TALEYİNDƏN ŞİKAYƏTLİSƏN?
Niyə taleyindən şikayətlisən?
Tale öz-özünə baş alıb getmir,
Bu qədər dillərdə hekayətlisən…
Əllər, dilədiyin haqqına yetmir.
Könlündən, gözündən tökülür ələm,
Sənə əzablıdır açılan sabah.
Fələyin bəxtüvə çaldığı qələm,
Bir ucu savabdır, bir ucu günah.
Ömür hər insana - Xudadan fərman,
Anların ağrısı sinədən doğur.
Canımız bədənlə bağlayır peyman,
Ürəyin dərdini göz yaşı boğur.
Həyatın görünən üzündəyik biz,
Görünməyən üzü bəşərə sirdi…
Zamanın önünüdə ömür çökür diz,
Doğulan varlığa – ölən kəsirdi.
Düzəlt qamətini, əyilmə dərdə,
Dərdə yer verdikcə yersiz qalarsan.
Könül açılmayır qəm olan yerdə,
Gəzdirib ürəyi əldən salarsan.
İnsan sabahının eşqiylə yaşar,
Min aləm içindən bir kam boylanır.
Arzular sinədə qaynayıb daşar,
Ağlın zirvəsinə ürək haylanır.
Bizdən aslı deyil hər gələn saat,
Zəka süzgəcindən keçir duyğumuz.
Əbədi bizlərə bəxş olmub həyat,
Rəbbdən hədiyyədir ömür uyğumuz.
Etmə taleyindən bu qədər giley,
Gileyin bir ucu fələkdən keçir.
Günümüz qədəhə süzülən bir mey,
Zülmü, iztirabı ürəkdən keçir.
Şadiman at üstə çapır sabaha,
Sabah nə gətirər – onu bilən yox?
Gedənlər batırıb özün günaha,
O biri dünyadan hələ gələn yox…
20. X11. 2003
AĞRIYA YOL ETMƏ MƏNİ
Ağrıya yol etmə məni,
Haqqın qulu can əyilər.
Əzaba qol etmə məni,
Vaxt üzülər, an əyilər.
Qaya uçub daş gələndə,
Bədən qopub baş gələndə,
Sübh gözünə yaş gələndə,
Göy sökülər, dan əyilər.
Ürəyə dərd çatılanda,
Könül aha tutulanda,
Ömrə zəhər qatılanda,
Damarlarda qan əyilər.
Həyat cana qida yeri,
Həm hicran, həm sevda yeri,
O, dünyaya vida yeri,
Zirvə uçar, şan əyilər.
Zaman vaxtı qıran əlsə,
Zalım əcəl güclü gəlsə,
Bir gün qəfil ölüm gəlsə,
Gözündə hər yan əyilər.
Bacarırsan ver bir fayda,
Can gizlətmə haya-hayda,
Bu dünyada birdi qayda,
Dəm yetişdi, san əyilər.
Ey Şadiman, il ötüşər,
Gün dönəndə kölgə düşər,
Hər ömürə son yetişər…
Həm kasıb, həm xan əyilər.
20. X11. 2003
YENƏ KÖNLÜM EVİ AHDI
Yenə könlüm evi ahdı,
Açılan aha sabahdı,
Fənalıq qəlbə günahdı,
Günahın üzü qaradı,
Hər qəmə sinə yaradı.
İşlərimiz keçir daşdan,
Bəbəklər boğulur yaşdan,
Can haray eyləyir başdan,
Günümüz yaman qaradı,
Hər qəmə sinə yaradı.
Bəşər cahanın ürəyi,
Əliylə çökür dirəyi,
Və halal, haram çörəyi,
Vəfalıq haqqa çaradı,
Hər qəmə sinə yaradı.
Dünyanı odlara atan,
Ey şərin qoynunda yatan,
Ev yıxıb, aləmi qatan,
Bir düşün yolun haradı?
Hər qəmə sinə yaradı.
Əzilən canımız talan,
Oturub hər taxtda yalan,
Ey doğulub bir gün solan-
Düşünən bəs nə aradı?
Hər qəmə sinə yaradı.
Bədən bizim, can fələyin,
Tutub əlində ələyin,
Kim aça bildi diləyin?
Müşkül işlərə yaradı,
Hər qəmə sinə yaradı.
Bəşəri şam edir iblis,
Sitəmin dam edir iblis,
Ömürlə kam edir iblis,
Hiyləsi hər ah-zaradı,
Hər qəmə sinə yaradı.
Şadiman başı yormasın,
Bağrına kədər sarmasın,
Daha kimsədən sormasın,
Düşdüyu dünya haradı?
Hər qəmə sinə yaradı.
1. 02. 2004
DÜŞÜB ÜMİDLƏRİM ÖZÜ PAYIZA
Düşüb ümidlərim özü payıza,
Buna qəlb göynədən xəzan neyləsin?
Ürəyim yol alıb üzü ayaza,
Bəxtimi ömrümə yazan neyləsin?
Bir kimsə bilməyir nə çəkirəm mən?
Qəlbimin bağında qəm əkirəm mən,
Gözümdən tağına yaş tökürəm mən,
Bu dərdi min yerə yozan neyləsin?
Gah şirin, gah acı qoxuyur həyat,
Aşiq bülbül təki oxuyur həyat,
Hər bəxtə xalılar toxuyur həyat,
Onun naxışların pozan neyləsin?
Sadəlövh olanın qəzası bitməz,
Şeytandan, iblisdən cəzası bitməz,
Ağlın duyduğuna hər ürək yetməz,
Enişdə, yoxuşda azan neyləsin?
Hər kəsin qəlbində ülfəti olmaz,
Təmiz ürək adlı afəti olmaz,
Hər cür yamanlığa nifrəti olmaz,
Dərdi ürəyinə sızan neyləsin?
Günahdı Allahdan cana fənalıq,
An gəldi ömrünə ara mənalıq,
Duyğunun içində cana rənalıq,
Onun özülünü qazan neyləsin?
Can gəlib, can gedir bu Şadimandan,
Onun hər misrasın ara imandan,
Yanğısı Xudadan, haqqa peymandan-
Könlüvə deyilsə ozan, neyləsin?
13. 02. 2004
Dostları ilə paylaş: |