Gecənin üzü yaman qara, İçimdən qopan aman qara, Ömrü sovuran zaman qara, Qaranı ağa bükür dünya, Gözündən yaşı tökür dünya.
Heyrət dondurub həyatımı,
Anlar titrədir saatımı,
Çapır taleyim can atımı,
Qəm ayağına çökür dünya,
Gözündən yaşı tökür dünya.
Qəmə qısılıb qaldım, eyvah,
Haqqdan asılıb qaldım, eyvah,
Dərdi sinəmə saldım, eyvah
Aha sinəsin sökür dünya,
Gözündən yaşı tökür dünya.
Könül damına qəsirim var,
Damın içində həsirim var,
Ona deyəcək bir sirim var,
Bəşərin ağrısın çəkir dünya,
Gözündən yaşı tökür dünya.
Qurduna quzu biş-düşüdür,
Göydə ulduzu can üşüdür,
Ömrü doğrayan zaman işidir,
İnsanla dolu – məkir dünya,
Gözündən yaşı tökür dünya.
15. 03. 2003
HEÇ KƏSLƏ YIXILIB ÖLMƏDİ DÜNYA
Gələni bəslədi, gedəni uddu,
Rəbbin göndərdiyi can sirri tuttdu,
Axan göz yaşını, vayı unutdu,
Heç haqqa, insafa gəlmədi dünya,
Heç kəslə yıxılıb ölmədi dünya,
Bəşərin o tamah dişini dartdı,
Belinə zamanın dərdini çatdı,
Axşamı baş qoyub gecəylə yatdı,
Ağrını, acını bilmədi dünya,
Heç kəslə yıxılıb ölmədi dünya
Dərdi ürəklərdə közə çevirdi,
Uca sarayları düzə çevirdi,
Ölümün üzünü bizə çevirdi,
Gözdən axan yaşı silmədi dünya,
Heç kəslə yıxılıb ölmədi dünya.
Acını canlara əta eylədi,
Şeytana ruh verdi, xəta eylədi,
Ömrü yiyəsinə buta eylədi,
Fələyin bağrını dəlmədi dünya,
Heç kəslə yıxılıb ölmədi dünya.
Yaxdı hicranlarda peşimanını,
Ağlatdı buludtək asimanını,
Atmadı ayağa öz imanını,
Heç niyə ürəkdən gülmədi dünya,
Heç kəslə yıxılıb ölmədi dünya.
Solğun yanağlarda nohurlandı yaş,
Ərşə haray çəkdi zülümlərdən baş,
Sinələrdə gəzən ürəkmi ya daş?
Ömür xalısına ilmədi dünya,
Heç kəslə yıxılıb ölmədi dünya.
Şadiman, nədəndi bu cahan böylə?
Sinəsi içində taxt qurub hiylə,
Dərdini gah göyə, gah yerə söylə,
Kimsəylə acını bölmədi dünya,
Heç kəslə yıxılıb ölmədi dünya.
18. 04. 2003
YAR BİLDİM DÜNYA
Səni kor könlümə yar bildim dünya,
Ağrımı, acımı sazaq eylədin,
Üşüdüm, qoynunu qor bildim dünya,
Bəxti vəfalardan uzaq eylədin.
Qoydun ürəyimi möhnət içində,
Qəmimi oturtdun zinət içində,
Gəldim məkanına möhlət içində,
Mənə səadəti yasaq eylədin.
Saatı haxladım zamana yetdim,
Ahımı ovladım amana yetdim,
Cahanı aradım imana yetdim,
İmanı içimdə zağ-zağ eylədin.
14. 04. 2003
VERMƏDİ YAĞI ZAMAN İRAQA
İblisi, şeytanı lap çoxdu yerin,
Yamanı haqq deyənə oxdu yerin,
Haram yeyəni hələ toxdu yerin,
Yaxşısına yananı yoxdu yerin,
Yaradan ahından qorxdu yerin,
Bəşərini məzəra çaxdı yerin,
Etmədi kimsə aman İraqa,
Vermədi yağı zaman İraqa.
Kərbəla, Nəcəf üzür qan ilən,
Qoca Bağdad əlləşir can ilən,
Şah gözü tül eyləyib şan ilən,
Özünü Rəbb sayır ad-san ilən,
Ölümlər savaşır hər an ilən,
Sübhünü bomba açır dan ilən,
Olubdu güllə duman İraqa,
Vermədi yağı zaman İrağa.
Ahı, naləsi göyə şam oldu,
Bu necə ömürdə xoş kam oldu ?
Kərkükün acıları dam oldu,
Gündüzü bombayla axşam oldu,
Uçulan saray, binə, dam oldu,
İblisin fitnəsi nə tam oldu?
Ağlayır haqqı umman İraqa,
Vermədi fələk zaman İraqa.
Vertalyotlar havada şellənir,
Bombanı başa tökən tellənir,
Zərbədən bütün dünya yellənir,
Sönür evin ocağı, küllənir,
Göz yaşı bəbəklərdə sellənir,
Bədənə dəyən güllə millənir,
Yetmədi haqqdan mehman İraqa,
Vermədi yağı aman İraqa.
Mesopatomya tamam uçulur,
Beşiyində yaralar açılır,
Göydə güllələr odtək saçılır,
Yenə də ədalətdən qaçılır,
Şeytanın şər qapısı açılır,
İblisin fitnələri quculur,
Kəm baxır fələk yaman İraqa,
Vermədi yağı zaman İrağa.
Buludlar göydən tökür göz yaşı,
Ağladır bu dərd dostu, sirdaşı,
Artır dunyanın yenə təlaşı,
Meydan oxuyur bəşərə naşı,
Demək olmur var göz üstə qaşı,
Tökülür haqq başına şər daşı,
Neyləsin təbib, loğman İraqa ?
Vermədi yağı zaman İraqa.
Cahanı özünə sanan dalan,
Dilindən çıxan sözlərin yalan,
Savaşda ölmür ki, əziz balan?
Bəsdir, ölkələri etdin talan,
Aləmi qana, qırğına salan,
Sənin ki, varın, sərvətin kalan,
Dünyada kimdi axıra qalan ?
Oxdu şər nə fərman İraqa ?
Vermədi yağı zaman İraqa.
Yaman dillərə belə ağlandı,
Yenə də sinədə ah dağlandı,
Fələyin kor qapısı bağlandı,
Elə şər dilin sözü çağlandı,
Necə də möhür, imza yağlandı ?
Zülümlə məmləkət çırağlandı,
Yas tutub indi kaman İraqa,
Vermədi yağı zaman İrağa.
Şadiman, nədir iblisin fe’li ?
Tökülür gözdən yenə qan seli,
Qırılır qəlbin xoş həyat teli,
Görməyir bir gün dünyanın eli,
Əsdirir başda iblis, şər yeli,
Qırılır haqqın uzanan əli,
Ağlayır vicdan, iman İrağa,
Vermədi yağı zaman İrağa.
03 / 04. 04. 2003
DÜNYANIN ÜZÜ BOZDU
Hamını bomboz görür,
Dünyanın üzü bozdu.
Hər bədəni toz görür,
Təni ölümə yozdu,
Dünyanın üzü bozdu.
Yığar dərdləri çin-çin,
Ağlayar için-için,
Zəmisində gur biçin,
Təni ölümə yozdu,
Dünyanın üzü bozdu.
Əllərdə səadəti,
Hesabsızdı qiyməti,
Zamanı haqq sürəti,
Hər cana qiyaməti,
Təni ölümə yozdu,
Dünyanın üzü bozdu.
Haqqı ayaqda qalar,
Əli dayaqda qalar,
Min bir bayraqda qalar,
Sözü varaqda qalar,
Təni ölümə yozdu,
Dünyanın üzü bozdu.
Alıb qaçar canları,
Axıdar al qanları,
Unudar ünvanları,
Qəminə dəm anları,
Təni ölümə yozdu,
Dünyanın üzü bozdu.
Kimsəni əzizləməz,
Vicdanı təmizləməz,
Nəş’əsi dənizləməz,
Ömrü vaxtı gözləməz,
Təni ölümə yozdu,
Dünyanın üzü bozdu.
Çəməni dərya gəzər,
Gözləri röya gəzər,
Hər şeydə xülya gəzər,
Hər üzdə həya gəzər,
Təni ölümə yozdu,
Dünyanın üzü bozdu.
Yaxşını pis eyləyər,
Haqqı xəbis eyləyər,
Ocağı his eyləyər,
Min cürə hiss eyləyər,
Təni ölümə yozdu,
Dünyanın üzü bozdu.
Şadimanı şad etdi,
Ünvanını ad etdi,
Gah içdə fəryad etdi,
Gah fəryada dad etdi!
Təni ölümə yozdu,
Dünyanın üzü bozdu.
22 . X11. 2002
QALX AYAĞA , QOCA ŞƏRQ
Qalx ayağa, Qoca Şərq, sinənə dağ çəkillər,
Qanadırlar yaranı üstündən yağ çəkillər,
Öldürürlər haqqını üzünə ağ çəkillər,
Qədim Mesapatomya İraqın keçmişidir,
Muzeyləri dağıtmaq vəhşilərin işidir!…
Hər işğaldan talandı cahanın can tarixi,
Basqınlar, savaşmalar, qırğınlar qan tarixi,
Ölkələrdə qorunur dünyanın şan tarixi,
Qalın-qalın kitablar əsrləri yaratdı,
Biliyə baş vuranı nur dəryasına atdı.
İraq şanlı dünyanın keçmişindən xatirə,
Sığmır onun tarixi nə misraya, sətirə,
Hansı şahın haqqıdı ədaləti itirə?
Zamanın dolayları Mesapatomyaya yar,
Batırır bu cahanı xəyanətlər və ah-zar.
Muzeylərdi cahanın qan yaddaşından soraq,
Qədim mədəniyyətin beşiyidi, o İraq,
Tarixin taxçasına gəlin tutağın çıraq,
Dünyanın qaynaqları o torpaqdan köklənir,
Diz çöküb, Şərq ayağa şər önündə təklənir.
Ey savaşı qaynadıb beyinlərə salanlar,
Ürəklərdə başlarda vüs’ət alıb talanlar,
Sarılıb şuürlara çalın-çarpaz ilanlar,
Vicdanları qaynadır, könülləri bişirir,
Ölkə-ölkə dünyanı zülümlərə düşürür.
O torpaqda Füzuli « Leyli Məcnun » yaratdı,
Məhəbbətin fəqanı bütün şərqi oyatdı,
İlahi sevgisiylə sözlə heykəl ucaltdı,
Orda Kərkük elləri qan qardaşıdı bizə,
Boğulubdu harayı, yetməyir dilimizə.
Ey dünyanı zülümə, ixtilafa satanlar,
Millətlərin içində özün uca tutanlar,
Şeytan-iblis qoynunda gecə-gündüz yatanlar,
Bu atılan silahlar İlahiyə tuşlanıb,
Yerin, göyün gözləri bəsdi qanla yaşlanıb.
Tarixi kor qoydunuz muzeylər çapılanda,
Düşmən gülləsi ağır, sinəyə sapılanda,
Nəcəfin, Kərbəlanın pak üzü qapılanda,
Cümlə müsəlmanlara xəyanətdi, bu işğal,
Cahangirlər, cahana cinayətdi, bu işğal.
Ulu Şərq, qalx ayağa, nədir başına gələn?
Hansı iblis, şeytandı o gül sinəni dələn?
Dünyanı güclə, zorla min bir qisimə bölən,
Ən böyük işğalçıdı özgə torpağı basan,
Haqqı çarmıxa çəkib, dini boğazdan asan.
Mən güclüyəm, deyənlər ən güclü Allahımız,
Sellər təki coşmada hər addım günahımız,
Bilmirik nə gətirər açılan sabahımız ?
Puluna, sərvətinə uyan axırın ölüm,
Bəs nədəndir hər addım eylədiyin bu zülüm?
Çox cahangir dünyadan ötdü, getdi ürəksiz,
Qaldı tacı və taxtı son məqamda dirəksiz,
Ey kürrəni çalxadan, sanma canı fələksiz,
Sənin də sonun çatar, məzara yar olarsan,
Cahanın yaddaşında qəsbkartək qalarsan.
2. 05 2003
YAPON XALQI
Dostları ilə paylaş: |