Кяримбяйли ширин ханым


SAAT ƏQRƏBLƏRİ DOLANIR BİR-BİR



Yüklə 8,79 Mb.
səhifə50/92
tarix27.12.2018
ölçüsü8,79 Mb.
#86518
1   ...   46   47   48   49   50   51   52   53   ...   92

SAAT ƏQRƏBLƏRİ DOLANIR BİR-BİR

Saat əqrəbləri dolanır bir-bir,

Günləri özüylə sürüyüb gedir.

Ömrümün dumanı baxtımla əlbir

Məni çarşabına bürüyüb gedir.
Ağlın tərəzisi çəkir fikrimi,

Haqqımın çiyninə tökür fikrimi,

Bağrımın içinə bükür fikrimi,

Düşür atəşimə əriyir gedir.


An uçur vaxtımın qanadlarında,

Bir həyat duyuram imdadalarında,

İdrakın can güdən fəryadlarında,

Hər nalə könlümü sürüyüb gedir.


Əyilir köksümə dərd çəkən başım,

Göydəmi, yerdəmi bu can sirdaşım?

Ömür qaça-qaça artır təlaşım,

Baxtım hara düşdü, yürüyüb gedir?


Qəmdən asılmışam başı aşağı,

Bu qəmlər boynumun yeddi qurşağı,

Ürəyim ağlayan anan uşağı…

Bir ülfət görəndə kiriyib gedir.

17. X. 2004

DÜNYA ÜZÜ NƏ TALANDI?

Dünya üzü nə talandı?

Talana Allah neyləsin?

Dildən qopan söz yalandı,

Yalana günah neyləsin?
İnsan haqqı biçdi getdi,

Öz qanını içdi getdi,

Şeytan yolun seçdi getdi,

Candan çıxan ah neyləsin?


Çoxu şəri nemət sayır,

Düz boynuna qamət sayır,

Tanrısına hörmət sayır,

Hönkürən sabah neyləsin?


Bir hörmətə can dəymədi,

Dəyib pisi heç əymədi,

Yaman başa əl döymədi,

Bəs hövlanak gah neyləsin?


Hər beyində iblis yatır,

Məkirli min növ hiss yatır,

Bacasında çox hiss yatır,

Hər yuvada bir pis yatır,

Şərə qibləgah neyləsin?
Qibləyə boş alın vurma,

Qəlb sındırıb, ürək vurma,

Üzü səcdəyə heç durma-

Dursan səcdəgah neyləsin? !…



Ey Şadiman, haqdan demə,


Haqq gələrmi bu aləmə?

Qalxma zilə, enmə bəmə,

Coşanda hərgah neyləsin?

15. X. 2004

ÇIRPINIB QALIRAM MÖHNƏT İÇİNDƏ

Çırpınıb qalıram möhnət içində,


Möhnəti yuvaya salan olmadı.

Ömrümüz vurnuxur möhlət içində,

Əbədi dünyaya qalan olmadı.
Bir bunu düşünən varmı ki, sağkən?

Çoxu qara deyir çox şeyə ağkən,

Hər canın içində günahı dağkən,

Bundan zərrə qədər solan olmadı.


Çoxu İlahiyə nağıltək baxır,

Yığdığı sərvətə noğultək baxır,

Hər bir mö’cüzəyə ağıltək baxır,

Ağlının sehrinə dalan olmadı.


İnsan varlığıyçın çırpınır hər an,

Min cürə bəladan qırpınır hər an,

Yolunu azanda sarpınır hər an,

Bəs kim ömüründə nalan olmadı?


İllərin xəzanlı yelləri əsir,

Biz vaxta qul olduq, anlara əsir,

Hər can-yiyəsiyçin açılmayan sirr…

Hansı bədən sirlə talan olmadı? !…


Doydura bilmədik gödənimizi,

Günahla doldurduq bədənimizi,

Saxlaya bilmədik gedənimizi…

Haqqın mö’cüzəsi yalan olmadı.


Zamanın əlində ömrün yüyəni,

Ağlım yox söyləyir ürək deyəni,

Heçnə düzəltməyir fələk əyəni,

Bu sınıq könlümü alan olmadı.

18. X. 2004

EY SƏADƏT QUŞU, HARDA QALMISAN ? !

Ey səadət quşu, harda qalmısan?

Bəs mənim başıma niyə qonmadın?

Hansı bəxtəvərin könlün almısan?

Gəlib əhvalıma bir dəm yanmadın.
Çalıb qanadları ötdün yanımdan,

Çırpındım dəlitək həyacanımdan,

Çıxmır məhəbbətin, çıxmır canımdan,

Nədən varlığımı heç cür anmadın?


Mən sənin hüsnünün aşiqi ikən,

Tərk edib getmisən könlümü erkən,

Sən ki, saray yapan, sən ki, ev tikən,

Bəs mənim qapımda heç dayanmadın.


Ey səadət quşu, könlüm havalı,

Dəyir hər gün ona şərin zavalı,

Təbim elə çalır dəfi, qavalı,

Onun sədasına bir oyanmadın.


Mən körpə uşaqkən sən qanad açdın,

Neçə yol başımın üstündən uçdun,

Mən hara getdimsə, sən ora qaçdın?

İndi o günləri niyə sanmadın?


Gözlərim göylərin ənginliyində,

Səni arayıram zənginliyində,

Ömrümün, günümün gərginliyində,

Mənim atəşimə bir boyanmadın.


Səni səsləməkdən dildən olmuşam,

Sənə əl etməkdən əldən olmuşam,

Ömürdən olmuşam, ildən olmuşam,

Bu qədər möhnətdən heç usanmadın.


Ey səadət quşu, Şadiman xəstə,

Yüklənib ağrılar ürəyi üstə,

Mənim taleyimlə gəl durma qəsdə,

Heç kəsin varlığın axı danmadın…?

18. X. 2004

RUH -VİCDAN

Bəşər xəlq olandan insan doğulur,

Hər kəsin can sirri içdə boğulur,

Hər ruh hər bədəndə canla ölçülür,

Dontək səvab-günah boyna biçilir.

Adamın ölməyi çəminə yatmır,

Ölümün açmağa qüdrəti çatmır.

Çoxu zənn eyləyir puçdu o dünya,

İdrakın mifində uçdu o dünya.

İnsan dinlərə də şübhəylə baxır,

Ağlının göyündə şimşəklər çaxır…

Müharibə, savaş, qırğın və ölüm,

Vicdan qəh-qəhədə, can bölüm-bölüm.

Zəkanı ağrıdan yalnız vicdandı,

Vicdan dediyimiz bədəndə candı…!

O bizə sağ ikən axtarır çara,

O bizi izləyir qarabaqara.

Bir günah işlədib qəlbə dəyəndə,

Haqqın tərəzisin yana əyəndə,

Qışqırır bağırdan, başdan, bədəndən,

Gözlərdə yaşları çalxadır dən-dən,

Səvab eyləyəndə vicdan çağlayır,

Könül kitabını eşq varağlayır.

Allahın vicdana əmri yetəndə,

İnsanın yaşamaq ömrü bitəndə,

Çırpınır bədəndən uçur can haqqa,

Bəllidir qeyibdən bu ünvan haqqa.

Bir məzar qazılır tən yetir ora,

Bu ölüm sağların köksünə yara.

Qalanların bağrı qəmdən ah olur,

Allah dərgahına gedən ruh olur.

O hələ dərgaha yetməmiş öncə,

Çırpınır boşluqda qırx gün, qırx gecə!

Göylə yer arası hey qanad çalır,

Günahı çoxdursa boşluqda qalır.

Cənnət dediyimiz yer kitabxana,

Hər rəfdə yer vardır hər çıxan cana.

Əgər çıxan canın günahı yoxsa?…

Ölüm, qan törədən min ahı yoxsa?…

Özü rəfdə yerin tutacaq həmən,

Torpağına rahət qovuşacaq tən.

Əgər günahları boldursa, onda

Tufan at oynadıb qopacaq canda.

Çırpınıb qalacaq yer-göy arası,

Ölüm fırtınası, məzar yarası!…

Ruh şər libasından qopmayacaqdır,

Öz yerin heç zaman tapmayacaqdır!

Bax budur, cəhənnəm əzabı, eyvah,

Sağ ikən vicdana yüklənən günah.

Ölərkən ruhunu izləyəcək Rəbb,

Heç nə əzabına olmayacaq həb.

Alışıb yanacaq, gah da sönəcək,

Gah yerin tərkinə düşüb enəcək.

Gah şeytan belində çula dönəcək,

Əbədi dünyada qula dönəcək!…

Heç kəs imdadına yetməyəcəkdir,

Bu ağrı, bu sitəm bitməyəcəkdir.

Peşiman olsa da verməz bir fayda,

Belədir, Allahın qoyduğu qayda!…

16. X1. 2004



OĞRUN - OĞRUN BAXAN TƏBİM

Nədir belə mənə tərəf,

Oğrun-oğrun baxan təbim?

Eyləmirsən qəmləri dəf,

Ürəyimi yaxan təbim.
Gah ağladıb, gah güldürdün,

Ahı ərşə nə bildirdin?

Sağ ikən min yol öldürdün,

Axırıma çıxan təbim.


Çox qaçırtdım canı səndən,

Qopmadı heç eşqin təndən,

İstədiyin nədir məndən?

Ruhu əldə sıxan təbim.


Hardan tapdın ürəyimi?

Varaqladın diləyimi,

Əsdirdin qan küləyimi,

Qələmimdən qorxan təbim.


Şadimanda can arama,

Əl vurma gəl bu yarama,

Nə düşmüsən, de qarama?

Könlü tikib yıxan təbim.

16. X1. 2004

QƏMLƏRİM ÜRƏYİMİN ŞAH MİZRABIN ÇAĞLADIR

Qəmlərim ürəyimin şah mizrabın çağladır,

Səhər-axşam könlümü hönkürtüylə ağladır,

Ümidimin qolların zəncirlədir, bağladır,

Hər ahımın içində bir sabahım açılır,

Asimanın günəşi bağırımda saçılır.


Hikmət dolu təbiət ruhumun açarıdır,

Təbim çıxıb bədəndən göylərə uçarıdır,

Nə zamandı bu canım tənimdən qaçarıdır?

Duyğudan duyğu doğur mənim könül yuvamda,

Yaradanın adı var ərşə çıxan duvamda.
Eşqə düşən ürəyim eşqə nəfəs arayır,

Bütün ağrı-acıya canda qəfəs arayır,

İlhamım cuşə gəlir yeni həvəs arayır,

Sabahımın göz yaşı gecəmdə pərvazlanır,

Könlümə dilək dolur ürəyim avazlanır.
Fırtına, tufan doğur dəryaların içində,

Fikirlər çarpazlanır xülyaların içində,

Gözlərim azıb qalıb dəryaların içində,

Minib xəyal gəmimi düşmüşəm nəhirlərə,

Şeytanı bol dünyanın hər üzü qəhərlərə…
Bunu dərk edirkən mən ağrıma qul olmuşam,

Zəhər dadan dilinə necə noğul olmuşam?

Çapan hicran atına yaxşıca çul olmuşam,

Şadimandan bulmayın bunca şadimanlığı,

Tufanlara tuş olub onun nəş’ə canlığı…

16. X1. 2004




Yüklə 8,79 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin