Bir çiçəklə yaz olmayır,
Yazın könlü açsın gərək.
Bir baxışla naz olmayır,
Gözlər atəş saçsın gərək.
Hər duyğudan hicran baxır,
Hər bədəndən bir can baxır,
Vaxt içindən nə an axır?
Ceyran təki qaçsın gərək.
Xəyallarım söz bilməyir,
Tez alışır köz bilməyir,
Döz deyirəm döz bilməyir,
Candan şərbət içsin gərək.
Hər möhnətə qul olanlar,
Xırdalanan pul olanlar,
Ürəyinə çul olanlar,
Can zəkanı qucsun gərək.
Qoymun şeytan sabah edə,
Hər sabaha min ah edə,
Kim istəmir günah edə?
Şərə dişin qıcsın gərək.
Coşan könül təblə ola,
Dərdi sevən həblə ola,
O can istər Rəbblə ola,
Hər fitnədən qaçsın gərək.
Öz ağlını ziya sayan,
Yaradanı riya sayan,
O dünyanı röya sayan,
Dərgaha yol açsın gərək.
Ey Şadiman, fikir yuva,
Gəlib səni candan qova,
Əlini aç eylə duva…
Çıxıb candan uçsun gərək.
15. X. 2004
HƏR ÜRƏKDƏ ÜLFƏT GƏZƏN
Hər ürəkdə ülfət gəzən,
Ülfətinə çırağ olsun,
Hər baxışda nifrət gəzən,
Nifrət bizdən irağ olsun.
Duyğuları eşqə köklə,
Ürəyinlə dolan ərklə,
Nəş’əni tut, qəmi təklə,
Səadətdən sorağ olsun.
Ey həyatı puç edənlər,
Hər addımda suç edənlər,
Arzu, kamı heç edənlər,
Yaradana marağ olsun.
Ümid doğur göz yaşında,
Şeytan yeri var başın da,
Vicdanla şər savaşında,
Təki idrak yarağ olsun.
Haqq öyənə haqq yar olar,
Fəqət günü ah-zar olar,
Cana düzdən nə zar olar?
Can fitnədən qırağ olsun.
16. X. 2004
OCAQINDA YEL ƏSƏNDƏ
Ocağında yel əsəndə,
Alov ötür, köz sürünür.
İlhamından eşq küsəndə,
Qələm əsir, söz sürünür.
Qəm ürəkdə can girləyir,
Səadəti məngirləyir,
Qəlbdə nə var o kirləyir,
Zaman qaçır, iz sürünür.
Yoxuşları qalxmaq çətin,
Kimi qorxaq, kimi mətin,
Qıçı sınsa qətiyyətin,
Bədən enir, diz sürünür.
Yaltaqların işi asan,
Əyilməyir əsil insan,
Nədən vicdan olub ehsan?
Əyri qalxır, düz sürünür.
İtaəti öyrənən baş,
Köləliklə olur sirdaş,
Cavan, qoca ötsə də yaş,
Ayaqlarda üz sürünür.
1. X. 2004
ZƏKA BULUDLARI E LƏ TOQQUŞUR
Zəka buludları elə toqquşur,
Qalmışam ürəklə can arasında.
Yenə duyğularım qaynayır, daşır,
Ömrün notları var an arasında.
Fikirlər zirehli sərkərdə – çapır,
Neçə yol dalanı, döngəni sapır?
Təbim vəcdə gəlir alovtək qapır,
Qalıb arı kimi şan arasında.
Qayğılı-qayğısız vaxtım haylanır,
Sinəmdən dünyanın qəmi boylanır,
Ürəyim ah səkir dərddən vaylanır,
Bu həyat savaşla qan arasında.
Yenə qatarlanıb zirvə dumanı,
Alır ağuşuna gələn zamanı,
Kəsilib göylərin, yerin amanı,
Dəyərdən aşağı şan arasında.
Boğazdan yuxarı fitnə-fəsad təb,
Haqqı ayaqlamaq naqislərə dəb,
Damarı bədənə sultan etdi Rəbb,
Fəqanı çırpınır qan arasında.
Basıb ətrafımı ot, ələf, qanqal,
Qəlbimin odunda dəmlənir manqal,
Könlüm ocaq çatıb ağlımsa tonqal,
Düşüb alovuna yan arasında.
Gələnin hər işin bu fələk görür,
Gedəni dünyadan Yaradan kürür,
Şadiman, ürəyim elə hönkürür,
Onun dərdlərini an arasında.
28. X. 2004
SABAHDAN AXŞAMA GÜN ELƏ UÇUR
Sabahdan axşama gün elə uçur,
Dalınca qaçıram çata bilmirəm.
Batıbdı qan tərə vaxt puçur-puçur,
Əlimi atıram tuta bilmirəm.
Gecəm qılınc təki kəsir başımı,
Qanlarda isladır bu göz yaşımı,
Ömür sarayımdan sökür daşımı,
Zaman xurcununa ata bilmirəm.
Sanyələr anlara kölətək əsir,
Vaxtım haray çəkir dilini kəsir,
Zülmət hicranıma tikibdi qəsir,
Bu qəsrin içində yata bilmirəm.
Könlümün əzabı sözdən boylanır,
Bağrımda fırtına gözdən boylanır,
Zaman cəbirində ömür saylanır,
Onun ağrısına bata bilmirəm.
Həyat ocaq çatıb saatlarımdan,
Elə qan sızlayır qəlb çatlarımdan,
Çeşmələr yaradır can qatlarımdan,
İçində üzürəm bata bilmirəm.
İllər elə gedir sükuta laldı,
Doğulub – var olmaq nə qeylü qaldı?
Zəhəri can üzür, şirini baldı,
Yükünü belinə çata bilmirəm.
Sanki, duyğularda bir xəyalmışam?
Cəfaya qul olub fikrə dalmışam,
Dünyanın gözündə donub qalmışam,
Özümü aləmə qata bilmirəm.
Bu bəşər mincürə sifət içində,
Duyğusunun çoxu nifrət içində,
Könlümün sarayı xiffət içində,
Düşmüşəm mən hansı qata bilmirəm?…
29. X. 2004
ZEHİNİMDƏ FİKİRLƏRİM
Zehinimdə fikirlərim,
Şimşək təki çaxıb keçir.
Ümidə yar zikirlərim,
Oğrun-oğrun baxıb keçir.
Nə müddətdi küsübdü can?
Can içində bir həyacan,
Ağlımı didən hicran
Ürəyimi yaxıb keçir.
Başda əsən nə yelidi?
Ağlı getmiş bir dəlidi,
Zaman, sanki dağ selidi,
Elə coşqun axıb keçir.
Hər ürəyin öz atəşi,
Rəbb göyündə can günəşi,
Ölür dilək, qalır nə’şi,
Qəlbə oxun taxıb keçir.
Fələk çalır qulağa zəng,
Yükü ağır, yerişi ləng,
Dildən qopan hər cida, cəng,
Varlığımı yıxıb keçir.
Göy buludun qanın əmir,
Rəbb dilindən qopan əmir,
Bir mələkdi ötən ömür,
Əllərimi sıxıb keçir.
Ey Şadiman, bulma haqqı,
Yerdə onun nədir haqqı?
Bəşər kölə edir haqqı,
Fələk başa çaxıb keçir.
29. X. 2004
EY QADADAN QOPAN CANIM
Ey qadadan qopan canım,
Özün haqda tapan canım,
Ümidə qəsr yapan canım,
Bu qəsirdə sapan canım,
İçində ki, nə yaradı?
Düşdüyün bu yer haradı?
Ürəyimi çox nazladın,
Naz içində avazladın,
Bəsdi daha pərvazladın,
Bahar dondun, qış yazladın,
Ah-vay dərdə nə çaradı?
Düşdüyün bu yer haradı?
Ey bədəndə talan canım,
Özün oda salan canım,
Oda düşüb qalan canım,
Ömür röya, yalan, canım,
Yaxdığı sənə qaradı,
Düşdüyün bu yer haradı?
Hər əzabı köz eləmə,
Hər ağrını söz eləmə,
Dərdlərimə göz eləmə,
Mənə belə üz eləmə,
Rəbblə cana yer aradı,
Düşdüyün bu yer haradı?
Sənə etdim zülüm, canım,
Yaxdı səni dilim, canım,
Bağrı dilim-dilim, canım,
Gəlib yetib ölüm, canım,
Yanında üzüm qaradı,
Düşdüyün bu yer haradı?
Nə sızlarsan için-için?
Əldən düşdün belə neçin?
Hər ömürə bir gün biçin,
Əzabları yığdın çin-çin,
Gör köçü hardan-haradı?
Düşdüyün bu yer haradı?
Şadimanı bilmə naşı,
Ürəyimdə həsrət daşı,
Könlə axır gözüm yaşı,
Səndən qeyri yox sirdaşı,
Üz çevirsə nəkaradi?
Düşdüyün bu yer haradı?
29. X. 2004
Dostları ilə paylaş: |