ŞƏRAFƏT İTMƏSİN
Ey könlümə vurğun olan,
Könüldən ülfət itməsin.
Qəmdən yorğun-arğın olan,
Üzdə xoş sifət itməsin.
Canı bizə aşıq verən,
Ömrü qaşıq-qaşıq verən,
Ürəklərə işıq verən
Eşq adlı afət itməsin.
Ruh bədəndə işıq saçsın,
Qəm əlindən çıxıb qaçsın,
Duyğumuza süfrə açsın,
Qəlbdə ziyafət itməsin.
Hər axşamın səhəri ağ,
Hamıya can deməyir çağ,
Nə qədər ki, dururuq sağ?
Vicdan, qiyafət itməsin.
Rəbbdi verən camalını,
Atma yelə amalını,
Başında tut kamalını,
Bax bu şərafət itməsin.
22. 02. 2004
SƏN EY AĞRIILARA QUL OLAN KÖNÜL
Sən ey ağrılara qul olan könül,
Ağrını-acını yellər aparsın.
Gah göytək tutulub, gah dolan könül,
O kədər yaşını sellər aparsın.
Qədərim bir ömür pay verib bizə,
Əvvəlin toy, sonun vay verib bizə,
Vaxtımız bitəndə hay verib bizə,
Ürəyin ağrısın tellər aparsın.
Zamanın atında çapdıq sağ-sola,
Rəbbin qanunuyla getmədik yola,
Ömür köç eyləyib düşübdü yola,
Onun zillətini illər aparsın.
Dirikən, sağikən, haqqa kəm baxdıq,
Şöhrətdən gicəldik vaxta dəm baxdıq,
Ölümün üzünə gözünəm baxdıq,
Bu cansız nə’şimi əllər aparsın.
Demə, Şadimana ömrə yük oldu,
Vaxt zaman başında zərif tük oldu,
Könül, haqla olan nə böyük oldu?
Coşqun fəqanımı ellər aparsın.
7. 09. 2004
MƏN BU EŞQƏ YAR OLMUŞAM
Ürəyimdə möhnət yatır,
Mən bu eşqə yar olmuşam.
Ahım yerə, göyə çatır,
Necə dili-zar olmuşam?
Gözlərimdə sel dağ aşır,
Dəryalarla qucaqlaşır,
Hər əzabım ocaqlaşır,
Qəm içində var olmuşam.
Başımıza qul ağıldı,
Ömür yuxu, can nağıldı,
Harayıma qəm dağıldı,
Nə qulağı kar olmuşam?
Əzablarım bitmədi heç,
Əlim haqqa yetmədi heç,
Dərdim çıxıb getmədi heç,
Bu dərdimə xar olmuşam.
Hicran yağır leysan təki,
Gülür üzə insan təki,
Süfrə açıb ehsan təki,
Süfrəsinə bar olmuşam.
Vaxtım əldən uçur gedir,
Qəm qapısın açır gedir,
Gün ömürdən qaçır gedir,
Necə gözü dar olmuşam?
Acışıbdı fələk damı,
Şö’lə saçır həyat şamı,
Kam üstündən verir kamı,
Aləmlərə car olmuşam.
Ey Şadiman, misra axır,
Ürəyimə təb buraxır,
Nə atəşdi könlü yaxır?
Mən bu eşqə yar olmuşam.
22. 02. 2004
NƏ YERDƏYƏM, NƏ GÖYDƏYƏM
Nə yerdəyəm, nə göydəyəm,
Fikirlərim haçalanıb.
Söz köhlənin hara əyəm?
Hara əysəm ucalanıb?
Duyğulardan saray yapdım,
Nə itirdim orda tapdım?
Xəyalla sağ-sola çapdım,
Xəyal atım burcalanıb.
Sevda pərim taxtın qurub,
Qəmə düşüb boynun burub,
Yolunda bir kimsə durub…
İçinə nə od qalanıb?
Ağlım, hissim yanan teşdi,
Hər qığılcım bir atəşdi,
Ürəyimin gözün eşdi,
Gözdən ora su calanıb.
Həsrət qəlbə bir ox atdı,
Oxu gəlib könlə çatdı,
Yarası min birə çatdı,
Qəlbim, hissim parçalanıb.
Yan keç məndən, eşq yiyəsi,
Sənə sözüm yox deyəsi,
Sorma məndən var niyəsi?
Bu ürəyim çox talanıb.
2. 01. 2005
BU ÜRƏYİM DOLMUŞ BULUD
Bu ürəyim dolmuş bulud,
Gurşadları bağlar nədən?
Gah kamandır, gah da bir ud,
Hönkürtüylə çağlar nədən?
Ağılımı oda salar,
Ah içində dada salar,
Cana min bir qada salar,
Sinə için dağlar nədən?
Duyğuları cilovlayar,
Ocağını alovlayar,
Dilə basar can tovlayar,
Yoxuşumu yağlar nədən?
Sızıltısı gələr pəstdən,
Oduma su tökməz qəsdən,
Çəkər hər gün üsbəüstdən,
Dağ üstündən dağlar nədən?
Bu ürəyim – can qurşağı,
Asır könlü başaşağı,
Sərgərdan bir yurd uşağı…
Ovunmadan ağlar nədən?
13. 03. 2005
YADA DÜŞÜR YENƏ GƏNCLİK ÇAĞLARI…
Hər duyğuda neçə giley boylanır?
Xəyallarım dövrə vurur, haylanır,
Ürəyimdə çox niskillər vaylanır,
Yaddaşımda qalan ömrün sağları,
Yada düşür yenə gənclik çağları…
Küləklərtək uçuşardım, qaçardım,
Hər arzunun içindən yol açardım,
Bir quş olub məramlarla uçardım,
Zalım ürək bu sinəmin ağları,
Yada düşür yenə gənclik çağları…
Bağırımın atəşləri köz imiş,
Hər diləkdə od qovuran göz imiş,
Sutək axan o günlər bir söz imiş,
Keçib getmir ürəyimin dağları,
Yada düşür yenə gənclik çağları.
Çox uğurum o illərə ad oldu,
Başda qalan yuxularda yad oldu,
Nə vardırsa ötdü keçdi dad oldu?
Xəzan aldı, soldu ömrün bağları,
Yada düşür yenə gənclik çağları.
Çox mətləbim hasilinə yetmədi,
Zaman ötdü bu gethaget bitmədi,
Heçnə ağlın yaddaşından itmədi,
Qırıldıqca illərimin tağları,
Yada düşür yenə gənclik çağları.
Təbim məni atəşlərdə qovurdu,
Ocaq çatdı küllərimi sovurdu,
Neçə kərə ürəyimdən qəm vurdu?
Üzə gülmür vərəqimin ağları,
Yada düşür yenə gənclik çağları.
Ağ tellərim qara saça gəl deyir,
Pərişanam – sığallasın əl deyir,
Hər əzabı, hər zülümü dəl deyir,
Bu qələmim ilhamımın çağları,
Yada düşür yenə gənclik çağları…
20. 03. 2005
DƏRDİ MƏNƏ ÇIRAQ ETDİN
Dərdi mənə çıraq etdin,
Çırağımı yandır, fələk.
Niyə qəmə soraq etdin?
Məni də bir qandır, fələk.
Ağlamaqdan göz qalmadı,
Deyiləsi söz qalmadı,
Ürəyimdə köz qalmadı,
Daha məndən yan dur, fələk.
Ağılımı çox oynatdın,
İçimdə nə od qaynatdın?
Məni hardan hara atdın?
Hər əməlin qandır, fələk.
Qəm neştərin cana basdın,
Ürəyimi ordan asdın,
Dünən toydun, bu gün yasdın,
Tökdüyün nə qandır, fələk?
Ömür Tanrı ne’mətidi,
İçində haqq zillətidi,
İlahinin qiymətidi,
Fəqan edən andır, fələk.
Bədən canın üstə pərdə,
Alışdıqca enir dərdə,
Ürək hərbdi, baş sərkərdə,
Zülmə düşən candır, fələk.
13. 03. 2005
ŞƏKİLDƏN ŞƏKİLƏ DÜŞÜR TƏBİƏT
Şəkildən şəkilə düşür təbiət,
Buludlar ağlaşır tufan gəlməmiş.
Bağlıdır Yaradan içində niyyət,
Saatlar tələsir zaman gəlməmiş…
Hər kəsin ağlında öz dünyası var,
İndi toy-düyünü, sabah yası var,
Öz ömrünə peşman candan ası var,
Dil ağızdan qopur güman gəlməmiş.
İlahi insanı mələk etmədi,
Onun şüuruna kələk etmədi,
Heç kəsə pisliyi fələk etmədi!
Bəşər yaranmayıb iman gəlməmiş…
Bu ki, müvəqqəti ömrə həyatdı,
Yaradan bizləri qoynuna atdı,
Sonra da çiçəyi, gülü yaratdı,
Loğman olardımı dərman gəlməmiş?
Sevgi də Allahın məhək daşıdı,
Ürəyin ağrısın canda daşıdı,
Hələ ki, əlində zəka naşıdı,
Məhəbbət çağlamır peyman gəlməmiş.
Ömür günahları çəkən tərəzi,
Bizi uçuruma atmaq mərəzi,
Ölüm Əzrayılın deyil qərəzi,
Heç ömrə son olmur fərman gəlməmiş.
Mərdi qova-qova namərd edərlər,
Haqqın dərəcəsin canla güdərlər,
Ağıldan yan keçər ölçü-qədərlər,
Yaxşı yerin tutmaz yaman gəlməmiş.
İnsan Allah qulu, ömür bir yuxu,
Beşikdən məzara izləyir qorxu…
Dəysə də hədəfə taleyin oxu,
Ox öz işin görməz kaman gəlməmiş.
Yer, göy Yaradana minnət içində,
Təbiət huş alan zinət içində,
Hər şeyin ölçüsü Xilqət içində,
Zərrələr yaranıb umman gəlməmiş.
Şəkildən şəkilə düşür təbiət,
Hərənin içində min cürə niyyət,
Çox başda, əfsus ki, kəm mənəviyyət!…
Odur ki, ah doğur aman gəlməmiş.
Şadiman, arama ağılda kamı,
Ürəklə oynayır həyatda hamı,
Allahdı şüura salan ilhamı,
Söz-sözə calanmaz səhman gəlməmiş.
13. 03. 2005
Dostları ilə paylaş: |