BU DÜNYADAN CAN QUTARIM
Üz tuturam dərgahıma,
Həyatımdan qan qutarım.
Soraq versin qoy ahıma
Bu dünyadan can qutarım.
Huy vuraram huyum gəlməz,
Hay salaram hayım gələməz,
Bilməm niyə vayım gəlməz ?!
Bu dunyadan can qutarım.
Gün neyləsin dəm əlindən?
Zil boğulur bəm əlindən,
Min bir ağlı kəm əlindən
Bu dünyadan can qutarım.
Səhərlərim haqqa çıraq,
Ürəyimi edib varaq,
Əzrayıldan verin soraq
Bu dünyadan can qutarım.
Açılmayır bir dəm eyin,
Yorulubdu ürək, beyin,
Bu Şadiman öldü deyin-
Bu dünyadan can qutarım.
13.X1.2006
ELƏ ŞİMŞƏK VURAN PALIDAM Kİ, MƏN
Elə şimşək vuran palıdam ki, mən,
Ağrımı, acımı bilmək olmayır.
Bir himə bənd olan buludam ki, mən,
Gözümdən yaşımı silmək olmayır.
Ahım dağlar dəlir, fəryadım qaya,
Yetməyir bir kimsə haraya, haya,
Ürəyim bənzəyir qan tutmuş çaya,
Bu niskil içində gülmək olmayır.
İnsan ağlında cinlər oynayır,
Cinlər fitva verir kinlər oynayır,
Kinlərin əlində dinlər oynayır,
Şeytan ayağında ilmək olmayır.
Dünyanın qüssəsi könlümü əzir,
Hər insan canının əlində nəzir,
Daha əzrayıl da məndən yan gəzir,
Canım boğazımda ölmək olmayır.
Kədərlər oynaşır, zülüm qaynaşır,
Boğazdan yuxarı yalanlar daşır,
Qalxıb zirvələrin başından aşır,
Onu parçalayıb bölmək olmayır.
Şadiman, nə acı zamanlar gəldi ?
Gəlib ürəyimi min yerə dəldi,
Sinəmdən aləmə ahım yüksəldi,
Bu aha bir kələk gəlmək olmayır.
30. X11. 2006
NECƏ YETİM CAN ATINA?
Gözlərimi yaşdı tutan,
Tutub məni oda atan,
Ürəyimdə düşüb yatan,
Gah şimşəkdi, gah fırtına,
Necə yetim can atına?
Bu dəmlərim qəmlə getdi,
Bəbəklərdən nəmlə getdi,
Haraylarım bəmlə getdi,
Düşmüşəm min bir qatına,
Necə yetim can atına?
Sevda yolum haçalandı,
Hicran düşdü, qəm calandı,
Günbəgündən ucalandı,
Heyrət etdim büsatına,
Necə yetim can atına?
Mən dəryada düşüb qaldım,
Təsəllimi ondan aldım,
Sevgilimtək meyl saldım,
Döydü tufan, hey sırtına,
Necə yetim can atına?
Ey Şadiman, de ki, mənə,
Əmanətdi ömür sənə,
Can yuvatək baxır tənə,
Nə sitəmdi həyatına?
Necə yetim can atına?
30. X11. 2006
FƏLƏK MƏNƏ SEVDA VERİB
Fələk mənə sevda verib,
Tellərimi öpə keçə.
Bağçasından çiçək dərib,
Başıma gül səpə keçə.
Atəşini cana sala,
Can içində düşüb qala,
Həm can verə, həm can ala,
Bağrıma od təpə keçə.
Sevda, sanki bala bənzər,
Bal içində şanı gəzər,
Uzaq olsun ondan nəzər,
Nəzərindən ləpə keçə.
Fələk məni sevdalayıb,
Ürəyimə nidalayıb,
Canı canla qidalayıb,
Dağlar aşıb, təpə keçə.
Ey Şadiman, bu qüdrətdi,
Hicranıyla əydi qəddi,
Sədəfində səadətdi,
Mirvaritək ipə keçə.
30. X11. 2006
ÜRƏK, YANMA, YANMA BELƏ
Nə düşmüsən bu atəşə?
Alovunu anma belə.
Səndən keçib od Günəşə,
Ürək, yanma, yanma belə.
Elə nazik tül olmusan,
Gah göyərib gül olmusan,
Gah da yanıb kül olmusan,
Ürək, yanma, yanma belə.
Yetib ömrün qürüb vaxtı,
Qapımdaca qurub taxtı,
Ələk-vələk edir baxtı,
Ürək, yanma, yanma belə.
Bir sevdalıq ömrümüz var,
Haqdan gələn əmrimiz var,
Nə səsimiz, səmirimiz var ?
Ürək, yanma, yanma belə.
Dil boğulur ağzımızda,
Kilidlənib ağzımız da,
Haray yatıb kağzımızda,
Ürək, yanma, yanma belə.
Fələk məndən yan keçmədi,
Həyatımdan can keçmədi,
Savaş etdi, qan keçmədi,
Ürək, yanma, yanma belə.
Şadimandı xiffət edən,
İlhamını iffət edən,
Duyğuların afət edən,
Ürək, yanma, yanma belə.
30. X11. 2006
SƏBRİM QOL GÖTÜRÜB OYNAYIR MƏNƏ
Səbrim qol götürüb oynayır mənə,
Ağlımda bir sızqa dözüm qalmayıb.
Ürəyim dəlitək qaynayır mənə,
Daha bu dünyada gözüm qalmayıb.
Gecəm yataq olub yuxularıma,
Röyama toy quran qorxularıma,
Zülmətə qəsd edən qoxularıma,
Daha bu dünyada gözüm qalmayıb.
Zəkamdan yuxarı Rəbb mənə çıraq,
Əlində titrəyən canım ağ varaq,
Hər misram vicdanım önündə yaraq,
Daha bu dünyada gözüm qalmayıb.
Yerlə Göy arası cəng səsi gəlir,
Dərgahdan Haqqın da ləng səsi gəlir…
O biri dünyadan zəng səsi gəlir,
Daha bu dünyada gözüm qalmayıb.
Yaxınım, uzağım qələmdi mənə,
Bu qələm, sanki bir aləmdi mənə,
Sinəmdə ağlayan naləmdi mənə,
Daha bu dünyada gözüm qalmayıb.
Deməyin, Şadiman nə giley edir ?
Gileyin qədəhə acı mey edir,
Könlünün ağrısın sızlar ney edir,
Daha bu dünyada gözüm qalmayıb.
30-31/ X11. 2006
AĞLAYIR UŞAQ KİMİ
Dünya nə qəmli guşə?
Səkir ürəyi şişə,
Haqq həm ərzə, həm ərşə,
Dolanıb qurşaq kimi,
Ağlayır uşaq kimi.
Zaman irəli qaçır,
Hər ömür bir gül açır,
Açıb gün kimi saçır,
Xəzan alır bağ kimi,
Ağlayır uşaq kimi.
İnsan vara həvəsdə,
Ancaq canı qəfəsdə,
Qopur axır nəfəsdə
Öz kökündən tağ kimi,
Ağlayır uşaq kimi.
Can var ikən havalı,
Ağıl həyat qavalı,
Ürək ilə davalı,
Lap həmişə sağ kimi,
Ağlayır uşaq kimi.
Dünya insana qail,
İnsan şeytana mail,
Şeytan fitvaya hail,
İşi gedir yağ kimi,
Ağlayır uşaq kimi.
Ey Şadiman, qəsdi can,
Hər insana dava, qan,
Gəlib getməyi bir an,
Uçur təndən sağ kimi,
Ağlayır uşaq kimi.
2. 01. 2007
Dostları ilə paylaş: |