Кяримбяйли ширин ханым


EŞQİN ÜRƏYİMƏ CAN DƏRMANIDI



Yüklə 8,79 Mb.
səhifə60/92
tarix27.12.2018
ölçüsü8,79 Mb.
#86518
1   ...   56   57   58   59   60   61   62   63   ...   92

EŞQİN ÜRƏYİMƏ CAN DƏRMANIDI

Eşqin ürəyimə can dərmanıdı,

Dərmanı təbiblər, loğmanlar yazır.

Baxışın sinəmin din-imanıdı,

Sevgini dərgaha imanlar yazır.
canlar gələrək, nə canlar gedir ?

Fələk qapımızda ömürü güdür,

Fəraqın könlümə zülümlər edir,

Hicranın acısın zamanlar yazır.


Gecə yuxulara şam olur könlüm,

Ağrıya-acıya dam olur könlüm,

Dəli ayrılığa kam olur könlüm,

Dərdin taleyimə fərmanlar yazır.


Göz yaşın sellənir – saylar aparır,

Dilimin ağrısı haylar aparır,

Vallah, insan ömrün vaylar aparır…

Sevdan can yarama dərmanlar yazır.


Elə vurulmuşam bu məhəbbətə,

Dərdin ürəyimi çəkib xəlbətə,

Əllərim duada o ibadətə,

Eşqin can sevdama peymanlar yazır.


Sən qəlbi pərişan, mən həsrətə tuş,

Edir duyğuları ələmlərin nuş,

Canım qəfəslərdə çırpınan bir quş,

Bu dustaq könlümə divanlar yazır.


Gəl ey vəfadarım, Şadiman naçar,

Gəlib yuxularda qapını açar,

Ayrılıq fələyin evindən qaçar,

Sinəmdə həsrətə ünvanlar yazır.

12. X1. 2003

NƏ GƏZİRSƏN BU SEVDADA ?

Nə gəzirsən bu sevdada?

Kipriklərin nəmə batar.

Həsrət gəzər hər ədada,

Gözəl vüsal qəmə batar.
Zaman ötüb keçməz belə,

Vermə ömrü getsin yelə,

Hicran mizrab vurar telə,

Zilin düşüb bəmə batar.


Duyğuları dərd eyləmə,

Ayrılığı mərd eyləmə,

Qəlbə sərhəd, səd eyləmə,

Dilin acı təmə batar.


Can ötüşər ah-vay ilə,

Gəlir-gedir bir hay ilə,

Zaman yüklü gün ay ilə,

An üşüyüb dəmə batar.


Şadimana etmə cida,

Eşqimizə nə əlvida?

Ömür ötər, gələr vida,

Hər kəsirin kəmə batar.

20. X1. 2003

SİNƏMDƏ PEYMAN ÜŞÜDÜ

Bu nə sevgidi, Xudaya?

Canımda hicran üşüdü,

Nə oldu düşdüm sevdaya?

Ürək yarımcan üşüdü.
Gecəmdən aləm töküldü,

Dilimdən naləm töküldü,

Bağrımın damı söküldü,

Sitəmdən hər yan üşüdü.


Göylədə bitdi amanım,

Gəlmədi xoşbəxt zamanım,

Kəsildi haqdan fərmanım,

Könlümdə iman üşüdü.


Könlümdə ağrım dolaşdı,

Axıb bağrıma bulaşdı,

Ayrılıq qəmlə ulaşdı,

Ötüşən zaman üşüdü.


Sübhümdə sevda duvası,

Başımda eşqin havası,

Buzladı köksün yuvası,

Bağrımda aman üşüdü.


Bu nə sevgidi Xudaya?

Sığmadı heç bir ədaya,

Şadiman düşdü qadaya,

Sinəmdə peyman üşüdü.

20. X1. 2003

VƏFA MƏNDƏN, CƏFA SƏNDƏN

Vəfa məndən, cəfa səndən,

Hər fəraqı at könlümə.

Şəfa məndən, səfa səndən,

Ayrılığı çat könlümə.
Möhnət yükü nə ağırmış?

Qəm içindən qəm yağırmış,

Dərdə dözən bu bağırmış,

Hicranları qat könlümə.


Başımda eşq havasıdı,

Dilimdə haqq duvasıdı,

Qəlbim həsrət yuvasıdı…

Qoy başını yat, könlümə.


Sevda Tanrı azarıdı,

Ayrılıqlar məzarıdı,

Sinəm möhnət bazarıdı,

Gətir eşqi, sat könlümə.


Göy yağmasa dağ qar olmaz,

Hər yetəndə ilqar olmaz,

Qəlb sevməyən can yar olmaz,

Bacarırsan yat könlümə.


Eşqi saldım qəfəslərə,

Dəyməsin yad nəfəslərə,

Düşmərəm boş həvəslərə,

Hünərin var bat könlümə.


Sinəmdən bir sevda uçdu,

Bu sevda da mənə suçdu,

Gözdən axan qan-yaş puçdu,

Gir sellərə bat könlümə.


Dinlə qəlbdən gələn ünü,

Şadimanın nədir günü?

Çatıb yenə qəm düyünü-

Vurma neçə qat könlümə.

16. X11. 2003

EY KÖNÜL MÜLKÜMÜ GƏZƏN DİLDARIM

Ey könül mülkümü gəzən dildarım,

Gəzdiyin yerlərdə həsrət gizlənir.

Dünyada məhəbbət – bu həyat barım,

Ağlayan gözümdə nəm əzizlənir.
Sənsən taleyimin dostu, ilqarı,

Ələnir könlümə hicranın qarı,

Gətir ürəyimə qışda baharı,

Ruhum şahə qalxır, can təmizlənir.


O sevda quşumu uçurma başdan,

Mən necə əl çəkim səntək sirdaşdan?

Eşqimdən yan keçmə, eyləmə başdan,

Baxır yad nəzərlər, sevğim izlənir.


Gəl ey incik düşən, alım qadanı,

Ayrılıq gün verməz vüsal dadanı,

Salma zamanıma möhnət meydanı,

Arada ixtilaf, dava gözlənir.


Demə Şadimanın vəfası yoxmuş,

Sevən ürəklərin səfası yoxmuş,

Sevdaya düşənin cəfası yoxmuş,

Diləklərim coşur, eşq dənizlənir.

18. X1. 2003

DAĞDAN DÜZƏ ENMİŞƏM

Dağdan düzə enmişəm,

Duman, çiskin əlindən.

Demə, hdan dönmüşəm,

Dərd tökülür dilindən.
Ürəyimi yaxmısan,

Canımda hal qalmayıb.

Könlümə kəm baxmısan,

Nə qeylü-qal qalmayıb?


Hər ahın bir amanı,

Hər amanın bir ahı,

Ağır hicran zamanı-

Qəm ğətirir sabahı.


Bu ağlayan bağrımı,

Kiritməyə üzüm yox,

Yer götürməz ağrımı,

Daha məndə dözüm yox.


Aşıb-daşan diləklər,

Xəyalına baş əyir.

Dolur yerlər, fələklər,

Ahı könlümə dəyir.


Şadimanın hayına,

Hərdən səda versənə.


Gəlib qəlb sarayına,

Vüsalımı dərsənə.

18. X1. 2003


TALE BİZİ YOXLAYIR

Mənə vəfasız deyən,

Hicranıma baxsana.

Qəlbin budağın əyən,

Bu qəmi buraxsana.
Gəl, seyrinə çıx bağın,

Hər yarpaqda bir vüsal.

Kəs həsrətin ayağın,

Könlümdən yolunu sal.


Quşlar nəğmə oxuyur,

Sevdamızın səsinə.

Güllər gülab qoxuyur…

Nəfəs ver nəfəsinə.


Gözümüzdə intizar,

Yollarımız aralı.

Üzdü məni ahi-zar,

Dolub qəmin xaralı.


Ağlar diləklərimin,

Fəryadına gəlsənə.

Bağlı biləklərimin,

Ağrısını bilsənə.


Şadimanın gözündə,

Qəm qoşunu yuxlayır.

Axtar məni özündə…

Tale bizi yoxlayır.

18. X. 2003

SEVDA CANIN, CAN SEVDANIN

Sevda canın, can sevdanın,

Məhəbbətə açar oldum.

Dəlisidi qəlb ədanın,

Hicranlardan qaçar oldum.
Qəm düşübdü eşq bağına,

Gəldim möhnət sorağına,

Pərvanəyə çırağına-

Niyə belə naçar oldum?


Duydum eşqin havasını,

Aldım könül duvasını,

Uçurtma can yuvasını,

Qapısını açar oldum.


Dolaşırsan hər ahında,

Gəzmə məni günahında,

Yelə döndüm sabahında,

Başın üstə uçar oldum.
Eşq bağına bir gül ikən,

Ağlatdığın bülbül ikən,

Sən yandırdın mən kül ikən-

Nə bəlaya düçar oldum?!


Şadimandan sorma eşqi,

Gəl üzünə vurma eşqi,

Xəyallarda qurma eşqi…

Qəm qapısın açar oldum.

17. X1. 2003


Yüklə 8,79 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin