SƏNİ GƏZƏR ÜRƏYİM
Səni gəzər ürəyim duyğular arasında,
Xəyaların boylanar könlümün yarasında,
Baxışını oxşaram gözümün qarasında,
Söylə mən səni tapım hicranın harasında?
Hər günümü qul edən bu sevdanı səslərəm,
Candan əziz eşqini sinəmdə qəfəslərəm.
Həyatımı kiridən nəş’ələri danmışam,
Oda düşən yağ təki fəryadlarla yanmışam,
Gəlmisən yuxulara səsinə oyanmışam,
Sarıb köksümü hicran atəşə boyanmışam,
Taleysiz məhəbbəti gizli-gizli bəslərəm,
Candan əziz eşqini sinəmdə qəfəslərəm.
Hər gecə qəmlə dolu üstümə karvan gəlir,
Naləmi dara çəkən zülümkar sarvan gəlir,
Elə bil fələklərin hökmüylə divan gəlir,
Bu zülmətlər içində qəlb evim ünvan gəlir,
Oxşaram müsübəti, mən hamıdan həslərəm,
Candan əziz eşqini ürəyimdə bəslərəm.
Bu sevginin yasına gözlərim gurşad tökər,
Ürəyimə dünyanın qaranlıqları çökər,
Könlümdə gecə-gündüz sənin xəyalın səkər,
Sevincdən iraq düşüb qəmlərə etdim şakər,
Qəlbi dara çəkməkçin zamanı həvəslərəm,
Candan əziz eşqini sinəmdə qəfəslərəm.
Mənim ahım göylərdə şimşəkləri çalxadar,
Bir bax yanan bağrıma, gəlib ona arxa dur,
İndi yalnız xəyalın həyatıma arxadır,
Qəlbin həsrət selinin üzü yenə arxadır…
Dünyanın qulağında fəryad dolu səslərəm…
Candan əziz eşqini ürəyimdə bəslərəm.
Şadimanın ahına buludlar ağlaşarlar,
Duyğularda hicranın sevdaları yaşarlar,
Alıb ələ ağlımı zirvələri aşarlar,
Dolub bəbəklərimə sellər təki daşarlar,
Diri ikən ölüyəm, sanki boş nəfəslərəm,
Candan əziz eşqini ürəyimdə bəslərəm.
16. X1. 2003
EŞQİNİ ƏZİZLƏYİM KÖNLÜMÜN HARASINDA?
Yenə gəlib bağrımı atəşlərə atmısan,
O yatmış duyğuları yuxudan oyatmısan,
Hicranın otağında qəmin başın qatmısan,
Bağrıma bu sevdanın od-atəşin çatmısan,
Arzularım çırpınır anla-gün arasında,
Eşqini əzizləyim könlümün harasında?
Havalı diləklərim gözlərimdən sel çəkir,
Ürəyim ürəyinin arasına tel çəkir,
Duman almış xəyalın buladlardan yel çəkir,
Dilə düşmüş sinəmin sədasını el çəkir,
Baxışını bəslərəm gözümün qarasında,
Eşqini əzizləyim könlümün harasında?
Bu istəyi Allahım bizə dustaq eyləyib,
Qəlbimizin içini qəmə ortaq eyləyib,
Ağrıda qalan canı qəmə yataq eyləyib,
İkimizin könlünü dərdə otaq eyləyib,
Məhəbbətin köz bağlar sinəmin yarasında,
Eşqini əzizləyim sinəmin harasında?
Şadimanın hicranı bağrına çıraq tutub,
Qəlbinin fəryadına misralar varaq tutub,
Ağlımın vəfasını vüsala iraq tutub,
Dilim haray qoparıb – ürəyin soraq tutub,
Bu sevgini arama sevdalar sırasında,
Eşqini əzizləyim könlümün harasında?
16. X1. 2003
TƏKCƏ SƏNİ UNUTMARAM
Çıxa dünya, aləm yaddan,
Yatmış könlü oyatmaram.
Əl üzülsə bu həyatdan,
Təkcə səni unutmaram.
Hicran gəlib alsa qəlbi,
Əzablara salsa qəlbi,
İlan təki çalsa qəlbi,
Təkcə səni unutmaram.
Ağrılarım zirvə aşsa,
Qəm gözündən seltək daşsa,
Əl titrəyib, dil dolaşsa,
Təkcə səni unutmaram.
Ey könlümün can sirdaşı,
Sənə bağlı bağrım başı,
Sil ürəkdən o təlaşı,
Təkcə səni unutmaram.
Şadimandan dünya doysa,
Ürəyimi həsrət oysa,
Qəm qapıma ayaq qoysa…
Təkcə səni unutmaram.
13. X1. 2003
EŞQİDƏN HƏR DUYĞU MİN CANƏ GƏLİR
Ayrılıq sinədə qoparır min ah,
Gecəm gündüzümə fərmanə gəlir.
Həsrətin könlümdən boylanan günah,
Niyə ürəyimlə peymanə gəlir?
Diksinib qaçıram can saatımdan,
Duyğular qopmayır hicran atımdan,
Gedə bilməyirsən bu həyatımdan,
Xəyalın könlümə imanə gəlir.
Gözümə zindandı baxışın indi,
Mən haray çəkdikcə həsrətin dindi,
Bəlkə Yaradana məhəbbət dindi…
Bu eşqə sevdalar imanə gəlir.
Xəyalın kölgəmə dönür hər səhər,
Könlümü zamana eyləyir yəhər,
Anlar qanadlanır, vaxt olur kəhər,
Sevgin bu qəlbimi səhmanə gəlir.
Günlərim ələnir vaxt ələyində,
Canım dustaq olub can diləyində,
Bəlkə də sevirsən lap ürəyində,
Hər ağrı-acılar peşmanə gələir.
Sanma, Şadimanı eşqində sail,
Ağıldan izinsiz qəlb sənə mail,
Özündən havalı can-cana hail,
Eşqidən hər duyğu min canə gəlir.
10. X. 2003
HƏSRƏTİN GÖZÜNƏ NEÇƏ MİL ÇƏKDİM
Həsrətin gözünə neçə mil çəkdim?
İlantək qıvrılıb yolumda durdu.
Mən səndən bir yolluq əlimi çəkdim,
Xəyalın önümdə boynunu burdu.
Keçdi ömrüm, günüm üzüntülərlə,
Gözümün yaşına islandı ürək.
Açıldı sabahım əzintilərlə,
Mən qəmə batdıqca yaslandı ürək.
Üzdə bəxtiyaram söylədi hamı,
Çox zaman qapımı nəş’ə döymədi,
Uçuldu hicrandan bu könül damı,
Qəmin xatirinə heç vaxt dəymədi.
Baxışım şeh təki üzünə qondu,
Sildin sazaq bilib onu əlinlə.
Sınıq ümidlərim yolunda dondu,
Gəldi vüsalımın sonu əlinlə.
O ötən illərə həsrətlə baxma,
Zamanın təkəri geriyə dönməz.
Könül kəhkəşanın yandırıb yaxma,
Bir daha ulduzum göylərdən enməz.
9. 04. 2002
DİLƏNÇİ DEYİLƏM ƏL AÇIM SƏNƏ
Dilənçi deyiləm əl açım sənə,
O könül qapımda durum yolçutək.
Yoxsa ürəyimi mən açım sənə,
İllərlə boynumu burum yolçutək.
Məhəbbət sevdaya düşənlər üçün,
Hər könül atəşi sevgi sayılmaz.
Dərd verər ürəyə, İlahi, neçin?
Sevənlər bu dəli hissdən ayılmaz.
Sən ki, sevməmisən ömründə heç vaxt,
Ürəyin atəşin göz hardan bilər?
Sönmüş ocağında yellər qurub taxt,
Könlün harayını köz hardan bilər?
Gəl dəli sevdamın yasına baxma,
Onu məzarlayıb illər həsrəti.
Gözünün qan dolu tasına baxma,
Özüm ağlayacam bu məhəbbəti.
Tut məndən aralı baxışlarını,
Könlümün içini ovmayır daha.
Əritdin hicranın sərt qışlarını,
Qəlbimi sinəmdən qovmayır daha.
Tanrının verdiyi üzərlik bildim,
Oyuncaq sanmadım bu həyatımı.
Bu dəli sevdanı təbərlik bildim,
Çapdım sağa-sola tale atımı.
Havayı çalxatma bəbəkdə yaşı,
Gözünün yağışı islatmaz məni.
Ürəyin yerinə asmışam daşı,
Daş necə anlayar ürəktək səni?
Dilənçi deyiləm qapına gəlim,
Səndən bu sevdanı umum paratək.
Donmuş xəyalından yapışıb əlim…
Asılıb qalmısan qəlbdən yaratək.
26. 05. 2002
ÖZÜN QORU BU SEVDANI
Ah, sevgilim, bilməm nədən?
Dəli sevgi alır canı.
Mirvaritək könlüm dən-dən,
Özün qoru bu sevdanı.
Çiçəyimi çən üşütdü,
Bağırımı tən üşütdü,
Sünbülümü dən üşütdü,
Özün qoru bu sevdanı.
Dəniz təki ləpələnir,
Dolur qəlbə təpələnir,
Ürəyimə səpələnir,
Özün qoru bu sevdanı.
Ah, sevgilim, könlüm ocaq,
Köz yığılır qucaq-qucaq,
Sevgin mənə açıb qucaq,
Özün qoru bu sevdanı.
Göz oxşayır qəlb bağını,
Ğedir bağda gül yığını,
Gətir bəxtin dümağını,
Özün qoru bu sevdanı.
Şadimanı naçar sanma,
Hicrana yol açar, sanma,
Bu ülfətdən qaçar, sanma,
Özün qoru bu sevdanı.
26. 05. 2002
Dostları ilə paylaş: |