Axşam zamanı,
Könlün amanı,
Kəsildi zalim,
Pis oldu halim.
Can uçdu ərşə,
Verdi əndişə,
Dinə bilmədim.
Enə bilmədim-
Göyün qatından,
Xəyal atından.
Sirli mələktək,
Şıltaq küləktək,
Gəzdim aləmi,
Uddum naləmi.
Göyü yer bildim,
Ahıma güldüm.
Qəhqəhəm yatdı,
Qəmi oyatdı.
Gecədən qaçdım,
Sübhə əl açdım.
Al günəş üçün,
Bol atəş üçün.
Zamanı tapdım,
Sinəsin çapdım.
Anları tutdum,
Qəmi unutdum.
Vüsal bəxtə yar,
Orda eşqin var.
Hicranı tutaq,
Məzara ataq.
Quraq eşq taxtı,
Şad edək baxtı.
Gəl könlə səs ver,
Ömrə həvəs ver,
Qəmə qəfəs ver.
Cana nəfəs ver,
Bitsin hicranı,
Şad edək canı.
20. 07. 2003
XƏYALIN BAXIŞIM ÖNÜNDƏ İNCƏ
Xəyalın baxışın önündə incə,
Gözündən könlümə eşqin var necə?
Duyğular xalısı naxışlarından,
Səadət tökülür baxışlarından.
Ağladıb könlümü nə güldürürsən?
Məni gah dirildib, gah öldürürsən.
Nədəndir bu qədər işvə, naz səndə?
Könlümün qışını udan yaz səndə.
Zülmətin gözünə işığın yetər,
Mənim əzablarım gecədən betər.
Gəl, ey sevgilərin işvəkar yarı,
Amandır, unutma əhdi, ilqarı.
Gəl, sənə bağlıdı bütün həyatım,
Mənim əlçatmayan dür kainatım.
Ağladır xəyalım könlümü bir bax,
Gəl, onu yandırıb ürəyincə yax.
Ah, səndən başlayır bütün duyğular!
Həyata, bəşərə, eşqə sayğılar.
Səndə zülmətimin eşqi nur saçır,
Sübhün ayağına düşüb əl açır.
Davakar gözlərə qul etmə məni,
Tökmə ürəyimə bu sisi, çəni.
Gəl çağlat könlümün dəli sevdasın,
Quraq ayrılığın əbədi yasın.
Səndə gözlərimin nur şəfası var,
Bütün duyğuların eşq vəfası var.
Gəl, dağıt sinəmdən sən bu hicranı,
Qurtarsın ruhumun zülümdən canı.
18. 07. 2003
Duyğuları oyatdın,
Qəlbdə sevgi yaratdın,
Könlümü dərdə atdın,
Canıma çıxdın ası,
Sən Allahın bəlası.
Çalxatdın diləyimi,
Laxlatdın ürəyimi,
Ağlatdın ürəyimi,
Soldu ömrün talası,
Sən Allahın bəlası.
Hicranın gecə gəldi,
Demə ki, becə gəldi,
Bilmirəm necə gəldi?
Qurdu yuxuma yası,
Sən Allahın bəlası.
Dərdə açdın qucağı,
Qəmi etdin qoçağı,
Çəkdin ələm bıçağı,
Tutdun qanıma tası,
Sən Allahın bəlası.
Hicranın axın gəlir,
Dərd dərdə yaxın gəlir,
Göyün bağrını dəlir
Həsrətimin qalası,
Sən Allahın bəlası.
Tay tutdun məni yada,
Qəmimmi könlə qida?
Tapılmaz bu dünyada,
Şadimanın xilası,
Sən Allahın bəlası.
16. 07. 2003
KÖNLÜMƏ DƏYƏN BİVƏFA
Könlümə dəyən bivəfa,
Bu eşqə peyman arayır.
Qalmayıb bir qətrə vəfa,
Sevgiyə loğman arayır.
Dikəlib göyə qəlb ahı,
Qara edibdi sabahı,
Naləm ağladır Allahı…
Fələkdən fərman arayır.
Hicran yükünü çəkirəm,
Verdiyin dərdi çəkirəm,
Aləmi qəmlə sökürəm,
Sevdaya iman arayır.
Özgələrindi vəfası,
Mənə qalıbdı cəfası,
Əğyarə çarə şəfası,
Könlümdən aman arayır.
Qoymayıb gözdə yaşımı,
Ağradır dərdsiz başımı,
Uçurdub can sirdaşımı,
Öldürüb dərman arayır.
Şadimana qan ağlatdı,
Sevda qapısın bağlatdı,
Sinəmdə qəmi çağlatdı,
Qəlbimə səhman arayır.
14. 08. 2003
KÖNÜL MÜLKÜN YIXAN QAFİL
Nədir belə qəm içində?-
Üzü mənə baxan qafil.
Kiprikləri nəm içində
Ürəyimi yıxan qafil.
Səni könlə yar bilmişdim,
Bu sevdanı bar bilmişdim,
Dönüklüyü ar bilmişdim,
Axırıma çıxan qafil.
Bu könlümü nə inlətdi?
Baxışını dərinlətdi,
Ürək odun sərinlətdi,
Qəlbi ahla sıxan qafil.
Zimistanın sonu bahar,
Bağrı etmə odla ahar,
Gəl sevdamla eylə nahar,
Şimşəklərtək çaxan qafil.
Şadimanın canı səndə,
Nə gəzirsən cansız təndə?
Məhəbbətin durur məndə,
Könül mülkün yıxan qafil.
18. 08. 2003
BÜTÜN ÜMİDLƏRİM QALDI YOLUNDA
Bütün ümidlərim qaldı yolunda,
Baharım qış oldu neçin gəlmədin?
Hicran ürəyimi çaldı yolunda,
Gözümdə yaş oldu neçin gəlmədin?
Ağlatdı gecəmi, sabahımı qəm,
Hıçqırıb, hönkürdü ahımdan aləm,
Bütün yeri, göyü titrətdi naləm,
Qəlbinmi daş oldu neçin gəlmədin?
Mən kədərə məhküm, sən könlü dilşad,
Bir kərə sevdanı eyləmədin yad,
Hər gün saatlarım ahdan etdi dad,
Yolunmu çaş oldu neçin gəlmədin?
Acılar içində edirəm ah-vay,
Gözümdə yaşlarım dərə tutmaz çay,
Səsim dağa, daşa saldı hay-haray,
Qəm qəlbdə baş oldu neçin gəlmədi?
Şadiman əzaba düçar bəxtikəm,
Bir mənim sinəmdən sevinc, nəş’ə kəm,
Könlümü doğrayır zəhər dolu təm,
Elə fəqan etdi həm zil, həm də bəm,
Aləmə faş oldu neçin gəlmədin?
21. 08. 2003
HƏSRƏT YARASI
Vurdun könlə hicran, həsrət yarası,
Can bədəndən ayrı qaldı, neyləyim?
Elə göynər ürəyimin arası,
Qəmin könlə kölgə saldı, neyləyim?
Duyğum hissim sellər təki daşdı hey,
Şəhə qalxdı dağdan, daşdan aşdı hey,
Gözlərimdə ayrılıqdan yaşdı hey,
Eşqi candan həsrət çaldı, neyləyim?
Həyat yolun yaman çaldı ağrımız,
Yandı qəmdən hissə-hissə bağrımız,
Hicran oldu bu sevdada oğrumuz,
Məhəbbətin qeylü-qaldı, neyləyim?
Şadimanı dərdə çəkdi ələmi,
Eşitmədi o ürəyin naləmi,
Misralarım elə yaxdı qələmi,
Bu bəxtimə düşən haldı, neyləyim?
29. 08. 2003 / Gəmidə
Dostları ilə paylaş: |