BİZİ AYIRMAĞA TƏLƏSDİ ZAMAN
Dəli rüzgar kimi nə əsdi zaman?
Bizi ayırmağa tələsdi zaman.
Sən də əzablara mübtəla, mən də,
Qaldı həyatımız dumanda, çəndə,
Ürəyim çırpınır həsrətlə təndə,
Dəli rüzgar kimi nə əsdi zaman?
Bizi ayırmağa tələsdi zaman.
Baxışın qəlbimin için yandırır,
Həsrətin könlümə ölüm andırır,
Həyat saatımı qəm dayandırır,
Ömür işgəncədi, qəfəsdi zaman,
Bizi ayırmaga tələsdi zaman.
Bəbəyimin yaşı yağışı udur,
Çöhrəmə iz salan naxışı udur,
Titrəyən kipriyin baxışı udur,
Ayrılıq möhnətli qəfəsdi zaman,
Bizi ayırmağa tələsdi zaman.
Dolanıb gəzirəm ürəkdən ayrı,
Allahdan, fələkdən, mələkdən ayrı,
Qəlb necə ovunsun diləkdən ayrı?
Sevdalar bitəndə həvəsdi zaman,
Bizi ayırmağa tələsdi zaman.
Könlümə , canıma , qəlbimə qida,
Bağrımdan suçlanıb bəxtimə nida,
Bizmi eşqə dedik, eşq bizə vida,
Niyə ömrümüzə bir qəsdi zaman?
Bizi ayırmağa tələsdi zaman.
Şadiman, qonubdu sinəmə ağrı,
Yandırır sinəni, yandırır bağrı,
Qəlbə dərd daşının düşübdü ağrı,
Həm sənə, həm mənə nə nəsdi zaman?
Bizi ayırmağa tələsdi zaman…
30. 09. 2003
Elə ürəyimə toxundun yenə,
Qəlbdə dilə gələn tellər ağladı.
Dünya cəhənnəmi andırdı mənə,
Gözümdə kükrəyən sellər ağladı.
Çaxnaşdı buludla könlümün göyü,
Qalmadı canımın taqəti, heyi,
Süzüldü bağrıma ələmin meyi,
Rüzgarım titrədi, yellər ağladı.
Dilin saatımı yandırdı, yaxdı,
Ağrımı canımdan tənə buraxdı,
Gecəm aha düşdü, ulduzum axdı,
Fəryada oyanan ellər ağladı.
Sanma Şadimanı önündə sail,
Ağılım Tanrıya, can sənə mail,
Etdin sevdamızı heç nəyə zail,
Ağlıma vay dedi, dillər ağladı.
5. X1. 2003
SƏN KÖNÜL, SƏN ÜRƏK, SƏN CAN SİRDAŞI
Duyğudan duyğuya sevdalanmışam,
Ayrılıq kəc baxıb vidalanmışam,
Qəmin üst eləyib qadalanmışam,
Bircə baxışından qidalanmışam,
Qurut gözlərimin, axmasın yaşı,
Sən könül, sən ürək, sən can sirdaşı.
Əqlim yox söyləyir qəlbim isə can,
Arada tufanlar qoparır hicran,
Bu həyat mülkümü eyləmə viran,
Sevgi mərhəmətə gətirir iman,
Eşqinlə köklənib bağrımın başı,
Sən könül, sən ürək, sən can sirdaşı.
Gecəm gündüzünə peymanə gəlib,
Ürəyim qapına divanə gəlib,
Məhəbbət dediyin ünvanə gəlib,
Onun yurd - yuvasın səhmanə gəlib,
Ahım parçalayır qayanı, daşı,
Sən könül, sən ürək, sən can sirdaşı.
Sən olmayan yerdə həyat yox mənə,
Batır ömrüm, günüm dumana, çənə,
Atəşin od tökür buzlayan tənə,
Könlümün göyləri ağlayır yenə,
Qoy coşan sevdanı həsrətə qarşı,
Sən könül, sən ürək, sən can sirdaşı.
Şadiman xəyalın önündə durar,
Sən olan dünyaya təntənə qurar,
Duyğu tellərinə eşq mizrab vurar,
Sevgi dəryasına ruhum baş vurar,
Sanmasın ayrılıq qəlb məsləkdaşı,
Sən könül, sən ürək sən can sirdaşı.
2. X11. 2003
GECƏM AHA GÜLZAR OLUB
Darda qoyma diləyimi,
Dilək candan bezar olub.
Ağlatdıqca ürəyimi,
İçi mənə məzar olub.
Minnətinə könül yaxdım,
Hicran tutdum, qəm buraxdım,
Gizli - gizli gendən baxdım,
Dərdə ahım nə zar olub?
Baxışların sinə çapıb,
Oda dönüb bağrı qapıb,
Dilin yenə yolun sapıb,
Sözü min bir azar olub.
Elə danış, elə savaş,
Ayağına enməsin baş,
Gəzdirdiyin ürək, ya daş?
Bu sevdaya həzar olub.
Bir istəyim , bir də canım,
İnilləyir həyacanım,
Açıb qapı təb ünvanım,
Əlim eşqdən yazar olub.
Şadimanı gəl ağlatma,
Qəmlərini çox çalxatma,
Yatağına dərd bağlatma,
Gecəm aha gülzar olub.
2. X11. 2003
SƏN ÜRƏYİMSƏN MƏNİM
Könül eşqinə bağlı,
Almısan başdan ağlı,
Qoyma qapımı bağlı,
Pak diləyimsən mənim,
Sən ürəyimsən mənim.
Buludsuz çən olarmı?
Buğdasız dən olarmı?
Heç qəlbsiz tən olarmı?
Eşq mələyimsən mənim,
Sən ürəyimsən mənim.
Səndən ayrı canım yox,
Xoş gələn dövranım yox,
Qəmsiz keçən anım yox,
Can dirəyimsən mənim,
Sən ürəyimsən mənim.
Bu sevdadan dönmərəm,
Alışmışam sönmərəm,
Ucalıqdan enmərəm,
Qəlb gərəyimsən mənim,
Sən ürəyimsən mənim.
Sinəmdən şimşək çaxdı,
Odu cana buraxdı,
Şadimanı nə yaxdı?
Əs, küləyimsən mənim,
Sən ürəyimsən mənim.
2. X11. 2003
BU SEVDA NƏ SEVDADI ?
Gecəmi oda yaxır,
Qəmi cana buraxır,
Olmaz dərdinə axır,
Sanki cana qidadı,
Bu sevda nə sevdadı?
Hicranı qəlbdə yatır,
Ahına könlüm batır,
Fəryadı ərşə çatır,
Əlçatmayan adadı,
Bu sevda nə sevdadı?
Siz deyin, ey adamlar,
Tutub könlümü damlar,
Qalar sinədə kamlar,
Axırı qan - qadadı,
Bu sevda nə sevdadı?
Əqlimi alıb başdan,
Əl götürməz savaşdan,
Gözüm ayılmaz yaşdan,
Gah sevgi, gah ədadı,
Bu sevda nə sevdadı?
Hicranı sabah mənə,
Nəş’əsi günah mənə,
Elə verir ah mənə!
Dildən qopan nidadı,
Bu sevda nə sevdadı?
Göydən yerə enməyir,
Elə yanır sönməyir,
Şadimandan dönməyir,
Vüsalında nidadı,
Bu sevda nə sevdadı?
2. X11. 2003
HARDASAN EY YAR
Sənin yoxluğuna üşüyür canım,
Boş qalıb yenə də könül ünvanım,
Bu acı möhnətdən bitməz divanım,
Həsrət ürəyimin başını oyar,
Hardasan, hardasan, hardasan ey yar?
Xatirən gecəmin köksünə təpər,
Hicranın bəbəyə çiskinin səpər,
Özünü könlümün içinə təpər,
Kipriklər gözümdə yaşımı öpər,
Çöhrəmi şıdırığı gurşada boyar,
Hardasan, hardasan, hardasan ey yar?
Dilimdə əsirdi adın nə vaxtdı?
Bu eşq ürəyimi yandırdı, yaxdı,
Xəyalın qurubdu qəlbimdə taxtı,
Könlümü qapında divanə qoyar,
Hardasan, hardasan, hardasan ey yar?
Sevda gülşənindən kəsdin ayağı,
Hicranın gecəmin oldu mayağı,
Hansı dərd ağrıdar həsrət sayağı,
Sənki Şadimana olmusan yağı,
Al qəm xəncərimi ürəyimi yar,
Hardasan, hardasan, hardasan ey yar?
23. X11. 2001
Dostları ilə paylaş: |