SƏNİN XƏYALLARIN YÜYƏNSİZ ATLI
Sənin xəyalların yüyənsiz atlı,
Könlümü heç zaman tərk eləmədi.
Uçdu qartal kimi elə qanadlı,
Gəlib ürəyimə ərk eləmədi.
Qurdu hicranımla elə ülfəti,
Baş qoydu köksümə məndən xəlbəti,
Atdı ayrılığa bu məhəbbəti…
Heç zaman eşqimi dərk eləmədi.
Sənin xəyalların gecəmə çıraq,
Hicranın telini oxşayan daraq,
Gizli göz yaşımla islanmış varaq,
Gəzdi ürəyimdən elə hey qıraq,
Kədərin ağrısın bərk eləmədi.
Qərib bir durnatək uçdu başımda,
İslanıb qurudu bu göz yaşımda,
Bir buz heykəlinə döndü qarşımda,
Dərdini başına börk eləmədi.
Sənin xəyalların canıma yuva,
Bağrımın içini hey ova-ova,
Döndərdi ürəyin özünü ova,
Oldu ciyərimə bir içim hava,
Bu eşqi könlümə sərk eləmədi.
Sənin xəyalların necə də zalım,
Hönkürdü önündə bu miskin halım,
Döydü dəli təki başa vüsalım,
Demədi ürəyə dərdini alım,
Həsrətə, hicrana görk eləmədi.
22. X11. 2003
SƏN KÖNÜL BAĞÇAMIN ŞEYDA BÜLBÜLÜ
Sən könül bağçamın şeyda bülbülü,
Uçursan budaqla gül arasında.
Salma ayrılığa o mə’sum gülü,
Yanarsan, qalarsan kül arasında.
Əsirkən başımda hicran küləyi,
Qoparır, aparır hara ürəyi?
Xatirən ovutmur vallah ürəyi,
Qalmışam könüllə dil arasında.
Hicran buludunun leysanı yağır,
Bürünüb gurşada bu sinə, bağır,
Hər yağış danəsi səmadan ağır,
Ürəyim çırpınır sel arasında.
Salıbdı könlümdə xəyalın binə,
Gecədən sübhədək əsirəm yenə,
Bəyaz şəfəqlərə bürünüb sinə,
Duyğular gizlənib tül arasında.
Eşqin ürəyimin olub qəvvası,
Dərin dəryalarla bitmir davası,
Dolur vücuduma vüsal havası,
Könül dilə gəlir tel arasında.
Hicranın göylərə qoyub nərdivan,
Uçur səmalarda tanımır ünvan,
Bu mə’sum könlümə qurubdu divan,
Qalmışam rüzgarla yel arasında.
Şadiman zamanı saxlaya bilməz,
Çəkilib könlünə yuxlaya bilməz,
Xəyalı çiçəktək qoxlaya bilməz,
Gün fəryad qoparır il arasında.
29. X11.2001
SƏHƏR - SƏHƏR MƏNƏ ÜÇ GÜL GƏTİRDİN
Səhər - səhər mənə üç gül gətirdin,
Güllər təki ey vüqarlı sevgilim.
Ürəyimdə gülüstanlar bitirdin,
Bu qış günü ey baharlı, sevgilim.
Bu sevdanın ətri elə çiçəkdi,
Sübh zamanı şehə düşən ləçəkdi,
Qəlbin eşqlə tirəməsi gerçəkdi,
Məhəbbətdə düz ilqarlı, sevgilim.
Bu peymanı dəyişmərəm daş - qaşa,
Sirdaş gərək candan yansın sirdaşa,
Başdan - başa könlün, hissin tamaşa,
Varlılardan daha varlı, sevgilim.
Göy Xəzərdə külək döyər dirəyi,
Tər çiçəklər buz suların mələyi,
Bu sazaqda isindirdin ürəyi,
Duyğuları təzə barlı, sevgilim.
Aman, Tanrım, gül kolundan üzülər,
Şeh üstünə mirvaritək düzülər,
Şadimana elə baxma, üzülər,
Hər çiçəyi ey nübarlı, sevgilim.
28. X11.2001
HÖNKÜRÜR KÖNLÜMÜN QAPILARINDA…
Hönkürür könlümün qapılarında,
Qısqanclıq odunda yanan ürəyin.
Dönüb bir utancaq ülkər mələyə,
Hicran buzlarında donan ürəyin.
Soyumuş ocaqdı külü bozarıb,
Ayrılıq odunda güntək qızarıb,
İçinin atəşi üzünü sarıb,
Eşqinə qul olub sınan ürəyin.
Məni kölgəmə də qısqanmaq yetər,
Belə qısqanclıqdan məhəbbət itər,
Sevda gülzarında nifrətlər bitər,
Sərgərdan eşqini danan ürəyin.
Boğur Şadimanı sızlar qəhəri,
Dava, dalaş olub könlə bəhəri,
Biryolluq öldürmür məni zəhəri,
Özünü xilaskar sanan ürəyin.
31. 03. 2003
CAN İÇİNDƏ BƏSLƏRƏM
Səni can içində bəslərəm , ey yar,
Canımı acıya salmağın nədən?
Qapımdan hicranı həslərəm , ey yar,
Bəs məndən könlümü almağın nədən?
Dərdin ki, dərdimə olmuşdu açar,
Hicranı görmədim bir gün də naçar,
Sən olsan bəxtimin evindən qaçar,
Eşqimdən kənarda qalmağın nədən?
Ağladıb güldürdün bu ürəyimi,
Aləmə güldürdün bu ürəyimi,
Min dəfə öldürdün bu ürəyimi,
Bəs orda yurd-yuva salmağın nədən?
Mənim əhvalımı özgədən sordun,
Sanki ocağıma tuşlanan qordun,
Ömür yollarında könlümü yordun,
Ürəyin tellini çalmağın nədən?
Tale bağçasının saralıb tülü,
Sevda ocağının sovrulur külü,
Surətin gözümün ayrılıq tülü,
Gecəmin üstünə salmağın nədən?
Kim ki, məhəbbətə baxdı divanə,
Oldu könlün içi tamam viranə,
Şadiman gəlibdi bu eşqdən canə,
Könlümdə xəyalə dalmağın nədən?
1. 04. 2003
AĞLAR ÜRƏYİMİ SALMADIN YADA
Ağlar ürəyimi salmadın yada,
Düşüb xəyalıma izləmə məni.
Yetişə bilmədin aha, imdada,
Ömür yollarında gözləmə məni.
Mən səni könlümə yar sandım bir vaxt,
Qoydun darmacalda əhdimi bivaxt,
Düşməyir ələ ki, ötüb keçən vaxt,
Zaman ayrıcında bizləmə məni.
Atəşi yamanmış oda düşmüsən,
Hey odlar içində yanıb bişmisən,
Hicran ağrısıyla dərddən şişmisən,
Ömrün yoxuşunda közləmə məni.
Şadiman ağrısın yellərə satdı,
Ürəyin harayın tellərə satdı,
Ötən günlərimi illərə satdı,
Gözünün yaşını sellərə satdı,
Salıb ağızlara sözləmə məni.
31. 03. 2003
KÖNLÜ DƏRDƏ SUÇ EYLƏMƏ
Könlü dərdə suç eyləmə,
Həsrətinə çarə mənəm.
Bu sevdanı puç eyləmə,
Sənsiz günü qarə mənəm.
Dağdan aşan yaz seliyəm,
Güneylərdə çöl yeliyəm,
Gah diriyəm, gah ölüyəm,
Ürəyində yarə mənəm.
Hər avazın bir səsi var,
Ayrılığın nəfəsi var,
Canımda eşq nəfəsi var,
Yar olan ah-zarə mənəm.
Gül bağımı taladılar,
Al qanımla suladılar,
Könlü ahla buladılar,
Əsir düşən xarə, mənəm.
Şadimana etmə cida,
Sultan eşqin qəlbə qida,
Dil dedikcə can əlvida,
Qul olan o yarə mənəm.
14. 03. 2003
Dostları ilə paylaş: |