NƏDƏN ÜZ ÇEVİRİB GEDİRSƏN BELƏ?
Nədən üz çevirib gedirsən belə?
Ağlayan könlümün dərmanı sənsən.
Vermə ümidimi, sevdalım, yelə,
Bəxtimin hökümü, fərmanı sənsən.
Əsən küləyimsən, doğan günəşim,
Odundan nurlanır ocaq atəşim,
Ulu məhəbbətə səcdədi işim,
Eşqimin həyatda imanı sənsən.
Getmə, sevdiciyim, dünya fanidir,
Zamanın gözündə ömür anidir,
Canı təndən alan ölüm anidir,
Qəlbimin həyatda səhmanı sənsən.
Sevda göylərində, tərlanım, uç gəl,
Ayrılıq İlahi yanında suç gəl,
Ürəyim yollarda qalıbdı quc gəl,
Bu dünyamın ən xoş zamanı sənsən.
Etmə həyatımı hicranlara tuş,
Vaxtımız fələyin süfrəsində nuş,
Saniyə saatın əqrəbində quş,
Gələn hər məqamın amanı sənsən.
18. 04. 2003
DİLİMDƏN DÜŞMƏYİR ADIN BİR AN DA
Dilimdən düşməyir adın bir an da,
Sən yuva qurmusan könüldə, canda,
Eşqin qövr eləyir damarda, qanda,
Allahın sevdası, Tanrı qüdrəti-
Saldı ürəyimə bu məhəbbəti.
Nə qədər sevsəm də zamanım azdı?
Həsrətin vüsala quyular qazdı,
Səni İlahimi bəxtimə yazdı?
Bəlkə mələklərin sevgi vüsəti-
Saldı ürəyimə bu məhəbbəti?
Hicrində yanıram neçə müddətdi,
Əydi ayrılığın qaməti, qəddi,
İtirdim fələyin qoyduğu həddi,
Bir gün məlikəmi gəlib xəlbəti?-
Saldı ürəyimə bu məhəbbəti.
Ağladıb-güldürdü eşqin baxtımı,
Uçurdu hicranın könül taxtımı,
O tale ulduzun göydən axdımı?
Nə imiş fələyin görən niyyəti?
Saldı ürəyimə bu məhəbbəti.
Şadiman hönkürür kor taleyinə,
Dönübdü sevdası könül neyinə,
Sərxoşdu hicranın kədər meyinə,
Hardan peyda oldu sevda xilqəti?
Saldı ürəyimə bu məhəbbəti.
1. 04. 2003
BİR QƏRİB AXŞAMDA DÜŞDÜN YADIMA
Bir qərib axşamda düşdün yadıma,
Zülmətin baxtına düşən şam kimi.
Yetişə bilmədin heç imdadıma,
Qaldın ürəyimdə yazıq kam kimi.
Çağırdım, səslədim ünüm yetmədi,
Səhraya çatmamış yağışlar sayaq.
Bu hicran savaşı bir an bitmədi,
Aradıq bir-birin baxışlar sayaq.
Dikildi gözümüz yola, irıza…
Dönmədi könlümüz öz yuvasına.
Tələsdi ömrümüz hey qışdan yaza,
Öyrəndik həsrətin cəng havasına.
Qəlbimiz ağladı, üzümüz güldü,
Baxanlar bəxtəvər sandılar bizi.
Payız yarpağıtək günlər töküldü…
Sevdalar hicr ilə andılar bizi.
Bir qərib axşamda xəyalın gəldi,
Bağrımın evinə bir şivən saldı.
Hicranın sinəmdən qopdu, yüksəldi,
Yazıq ürəyimi qoparıb aldı.
8. X. 2002
BƏBƏKDƏN TÖKÜLƏN YAŞLARIM DAMLA
Bəbəkdən tökülən yaşlarım damla,
Damlalar çeşməni doydura bilmir.
Gəl bu həsrətini bir yolluq damla,
Gözümü yuxular uydura bilmir.
Dolanıb xəyala o ötən günlər,
Vurub taleyimə hicran düyünlər,
Ürək segah üstə kamantək inlər,
Ayrılığın qəlbin oydura bilmir.
Əsiri olmuşam sənli dəmlərin,
Söylə şahısanmı bu ələmlərin?
Necə zəngin imiş narın qəmlərin?
Könlüm qəm libasın soydura bilmir.
Həsrət zülmətimə baxışların ay,
Gəl bu Şadimana ver, əzizim, hay,
Könül sarayını açıb taybatay,
Qapıya bir qıfıl qoydura bilmir.
8. X. 2002
KÖNLÜMƏ HİCRAN YAĞIR…
Aləm dumana bürünür gözümdə,
Duman ilan təki sürünür gözümdə,
Əksin bir rəssam təsviritək gözəl,
Sənsən qəlbimə hər şeydən əzəl,
Surətin duman içindən çıxır,
Məhzun-məhzun üzümə baxır,
Yox olur ağır-ağır,
Könlümə hicran yağır…
Bütün vücüdüm iztirab içində,
Aləmin kədərləri ürəyimin nəş’ələrini biçimdə,
Görən hansı duyğulardı içində?
Məndən aralı,
Bəlkə bağrın yaralı?
Könlümə hicran yağır…
Bəmbəyaz qarlartək ağır-ağır,
Əlim sənə çatmaz ki,
Ürəyim bu sevdanı atmaz ki…
Üşüyürəm sazağa düşmüş çiçək təki,
Bu ayrılıq həyatıma girdi gerçək təki.
Hər şeydən üzüldü əlim,
Adını anmaqdan qabar çaldı dilim,
Düşdü zaman ağacından,
Öldü acından-
Yarpaq təki xəzana düşmüş ilim.
Axı hardan bilim?-
Bu sevginin ölməyini?-
Həsrətin qəh-qəh çəkib gülməyini.
Könlümə hicran yağır…
Ocağının odu keçmiş,
Acı göz yaşlarımın suyunu içmiş,
Hər şeyimi əlimdən almış,
Məni əzablara salmış,
Könlümə hicran yağır…
Cəfaları həddindən artıq ağır,
Bütün iztirabları köksümə əkə-əkə,
Ürəyimə qoşulub göz yaşı tökə-tökə.
Ümid sarayımı sökə-sökə,
Paramparça bağır,
Könlümə hicran yağır…
26.05. 2002
BİR GÜN DÖN YARINA
Səni hər şeydən üstün tutdum,
Dəli təki sevə-sevə özümü unutdum-
Və ürəyimi hicranın içinə atdım,
Gecələr o şirin xəyalınla yatdım.
Əksini gözümdən qova bilmədim,
Ayrılığın burnunu ova bilmədim.
Sənə yetmək üçün ümidlərim alışdı,
Könlün ocağına düşüb atəşinə qarışdı.
Zülmətə tuş olanda xəyalların çıraq oldu gözlərimə,
Əksin naxış saldı izlərimə.
Sevgin sevda dənizlərinə düşüb çalxandı,
Sərsərilər kimi məni andı.
Ürəyim çırpındı qəfəsə düşmüş quş təki,
Üzümə çırpıldı qarqış təki.
Bütün vücudumu parampaça etdi,
Köksümdən çıxıb səni aramağa getdi…
Ürəksiz qalan varlığımı titrədi,
Eşqin, sanki fələyin göndərdiyi fitrədi.
Girib həyatıma məni əsir edib,
Məhəbbəti könlümə qəsir edib.
Bu qəsirdən boylanıram yollarına,
Nə olar, əzizim, bir gün dön yarına…?
6. 06. 2002
HİCRAN KƏSDİ YOLUMU
Hicran kəsdi yolumu,
Bağladı əl-qolumu,
Könül sevda qulumu?
Əsir etmisən onu,
Qoyub getmisən onu.
Yoldan yığılmaz gözüm,
Yandırar göyü közüm,
Mat qalmışam mən özüm,
Bumu əhdinin sonu?
Qoyub getmisən onu.
Gəl gözün uyğusuna,
Bat sən də qayğısına,
Könlümün duyğusuna,
Geydirib sevgi donu,
Qoyub getmisən onu.
Şadimana etmə ah,
Könül sındırmaq günah,
Sənsiz inan ki, vallah,
Bəyaz qar – qəlbin donu,
Qoyub getmisən onu.
4. X11.2002
Dostları ilə paylaş: |