AHDI DUYĞULARI PUÇ MƏHƏBBƏTİN
Mənim dünya boyda duyğularımı,
Sən necə könlümdən qaçaq salmısan?
Eşqinə dürdanə sayğılarını,
Qoparıb sinəmdən niyə almısan?
İndi ürəyimdə qalmıb o istək,
Salım diləklərin içinə səni.
Bağrımın duyğusun almır o istək,
Yenə təlatümə gətirsin məni.
Soyuqluq çuğlatdın sinəm içinə,
Payızı ürəkdən getməyir hələ.
Düşürüb gözləri bu nəm içinə,
Axıtdın bəbəkdən yaşları belə.
Səndən umacağım nədir dünyada?
Götür xəyalını apar könlümdən.
Bağrım qul olmasın qəmə, fəryada,
Sevgini, eşqini qopar könlümdən.
Bu dəli sevdaya düşənlər bilir,
Vəfası olmayır heç məhəbbətin.
Hər zaman üzümə hicranın gülür,
Ahdı duyğuları puç məhəbbətin.
24. X11.2002
BU NECƏ SEVGİDİ?
Bu necə sevgidi, bu necə istək?
Alıbdı könlümü əlinə elə.
Tökür ürəyimə qəm ətək-ətək,
Çəkir duyğuları belədən-belə.
Canımı bağrımdan alıb qaçırır,
Çırpınıb qalıram kədər içində.
Ruhumun göyündə atəş saçırır,
Fırtına qoparır qədər içində.
Sübhün gözü təki gözdən yaş axır,
Bilmirəm sevincdi, ya da ki, ələm?
Dönüb ürəyimə sinəmdən baxır,
Yerləri, göyləri dolaşır naləm.
Bu necə sevgidi, röyama quldu?
Gecələr yuxuma hicran ələyir.
Zülmətə bürünən sirli nağıldı,
Ruhumu, canımı oda bələyir.
Düşür diləklərim elə ovsuna,
Özümdə, sözümdə olmuram daha.
Öldürür ürəyi, gəlir yasına,
Batırır özünü hər gün günaha.
Bu necə sevgidi, bu necə istək?
Canımı, könlümü qoparır atır.
Sığınır sinəmə elə tənha, tək,
Baş qoyub qəlbimin içində yatır.
Ağlım üsyan edir bağrıma hər gün,
Mən onu qəlbimidən ata bilmirəm.
Salıbdı könlümün içinə düyün,
Bu dəli sevgiyə bata bilmirəm.
24. X11. 2002
SƏNİ CANDA BƏSLƏYƏRƏM
Səni canda bəsləyərəm,
Ömrə günə yaraşığım.
Gecə-gündüz səsləyərəm
Taleyimə gur işığım.
Yollarımda izinə bax,
Ürəyimdən keçir gedir.
Eşqin bulaq, gözünə bax,
Bu könlümdən içir gedir.
Həyatıma ələdin şeh,
Üşüyürəm sazağına.
Pəncərəmdə ol sərin meh,
Baxma yolun uzağına.
Bu sərincə yellər təki,
Ürəyimin telin oxla.
Günəş vurmuş çöllər təki,
Gözlərimin selin yoxla.
Bəbəklərə batırıb yaş,
Etdin məni sevda qulu.
Ey əbədi könlə sirdaş,
Səninkidir könül yolu.
21. X11. 2002
ƏZABINDAN HAYQIRDIM DOLU VURMUŞ SELLƏRTƏK
Əzabından hayqırdım dolu vurmuş sellərtək,
Ömrümə layla dedim ağı deyən dillərtək,
Uzaqlaşdım könlümdən zaman qovan illərtək,
Ayrılığın küncünə basıldı məhəbbətim,
Ürəyimdən daş olub asıldı məhəbbətim.
Zirvə buludu təki hey qovdum tutam səni,
Alışan ürəyimin oduna atam səni,
Bulağ təki çağlayan eşqimə qatam səni,
Hicranın zindanına qısıldı məhəbbətim,
Ürəyimdən daş olub asıldı məhəbbətim.
Səni canda aradım, canım əlimdən uçdu,
Xəyalını gecələr dəli yuxular qucdu,
Ümidlərim qaçışan anlar əlindən puçdu,
Düşdü göz savaşına pusuldu məhəbbətim,
Ürəyimdən daş olub asıldı məhəbbətim.
Sən sevdalar içində, mən ələmlərə düçar,
Ayrılıq axşam-səhər qapımı bağlar, açar,
Bəxtimin qıfılına bir yol düşmədi açar,
Eşqi hicrana salmaq üsüldu, məhəbbətim,
Ürəyimdən daş olub asıldı məhəbbətim.
Ey Şadiman, şam təki əriyib axma belə,
Həsrətin əzabını qəlbə buraxma belə,
Bu ömür göylərində ulduztək axma belə,
Şər sandığım günaha qüsüldu məhəbbətim,
Ürəyimdən daş olub asıldı məhəbbətim.
2. 05. 2003
AYRILIĞA QALAN SEVDAM
Nə gəzirsən baş içində?
Könlümə qul olan sevdam.
Kiprik qalıb yaş içində,
Ey saralıb solan sevdam.
Qədəmlərin qəlbə qida,
Demə, eşqə sən əlvida,
Məhəbbətə sığmaz əda,
Ürəyimi alan sevdam.
Sənə yetmək imandanmı?
Sevgin cana dərmandanmı?
Hicran eşqə fərmandanmı?
Etmə könlü qalan sevdam.
Ya ağlatdın, ya güldürdün,
Məni elə nə güldürdün?
Ya diriltdin, ya öldürdün,
Hər şey oldu yalan sevdam.
Dedim canı yar eləmə,
İçində ah-zar eləmə,
Könlü belə xar eləmə,
Məni oda salan sevdam.
Şadimanı etdin dəli,
Vurdu başa qəmin əli,
Gözdən axan hicran seli,
Ayrılığa qalan sevdam.
18. 05. 2003
SÖNDÜ ÇIRAĞIMIZ AXŞAM GƏLMƏMİŞ
Söndü çırağımız axşam gəlməmiş,
Verdin ümidimi yelə bilməzdim.
Ağlatdın gözümü heç şam gəlməmiş,
Sənin ürəyini belə bilməzdim.
Bu bahar gecəsi könlü qan etdin,
Qəlbimin evinə nə divan etdin?
Ələmi sinəmə sən ünvan etdin,
Sənin ürəyini belə bilməzdim.
Söndürdün işığı girdin yatağa,
Qaranlıq qəmimlə girdi ortağa,
Heç bayram gəlmədi bizim otağa…
Sənin ürəyini belə bilməzdim.
21. 03. 2002
BAXIR BOYNU BÜKÜK TİTRƏK XƏYALIN
Baxır boynu bükük titrək xəyalın,
Mənim ürəyimin pəncərəsindən.
Könlümü köz kimi yandırır halın,
Heç çıxmaq olmayır qəm dərəsindən.
Nə qoya bilmirəm onu yaxına?
Nə qova bilmirəm özümdən onu?
Tuş olub bağırımın kədər oxuna,
Bu acı həsrətin görünmür sonu.
Gəlir asta-asta hər səhər-axşam,
Tutdurur könlümü qəm yağışına.
Sinəmdə alışır bircə ümid şam,
Düşüb arzularım hicran qışına.
Canım təngə gəlir hərdən həyatdan,
Gedir ürəyimdə xəyal savaşı.
Düşürür günümü saatlar atdan,
Ancaq heç bilməyir sevda təlaşı.
Gəlir əndişəylə, gəlir xəyalın,
Ağlayan könlümü ovutmaq üçün.
Bir anlıq həsrəti dəlir xəyalın,
Yanan ürəyimi sovutmaq üçün.
O titrək vücüdün quluyam, qulu,
Mənim sultanım da, şahım da odu.
Sanki ona bağlı bu həyat yolu,
Könlümün buzların əridir odu.
6. 03. 2003
Dostları ilə paylaş: |