Кяримбяйли ширин ханым



Yüklə 8,79 Mb.
səhifə7/92
tarix27.12.2018
ölçüsü8,79 Mb.
#86518
1   2   3   4   5   6   7   8   9   10   ...   92

EY HƏYATI QAN EDƏNLƏR

Ey həyatı qan edənlər,

Bu qanlardan doymazsızmı?

Şəri könlə şan edənlər,

Şərin bağrın oymazsızmı?
Hicran düşür qəlb içinə,

Gedir ömur də biçinə,

Fələk gülür can köçünə,

Bunu bir yol duymazsızmı?


Atın sürür gedir dünya,

Öz bildiyin edir dünya,

Bizi canda güdür dünya,

Ömrə xoş gün qoymazsızmı?


Hər qadanı verən xalıq,

Bədəndən can dərən xalıq,

Könlümüzü görən, xalıq,

Dərgahına uymazsızmı?


Hər fitnəni var etdiniz,

Könlümüzə yar etdiniz,

Bir-birini xar etdiniz,

Haqq əmrini saymazsızmı?


Səsim batıb dil içində,

Bəmim yatıb zil içində,

Ömrə çatıb il içində,

Fəqanımı duymazsızmı?


Ədaləti pul etdiniz,

Hökmünüzə qul etdiniz,

Ömrünüzə çul etdiniz,

Dərisini soymazsızmı?


Şadimanın könlü varaq,

Haqq evindən verər soraq,

Ürəyimi etdiz çıraq,

Ona atəş qıymazsızmı?

5. 03. 2003
BU DÜNYA HEÇ KƏSƏ QALMAZ
Ağıl başda vara dartar,

Var əllərdə qalar olar.

Ayağların hara dartar ?

Çamur könlü bular olar.


Dodaq qaçar, dil oynayar,

Köz üstündə kül oynayar,

Bülbül uçar, gül oynayar,

Əqli başdan alar olar.


Şərab dolar, qədəh çağlar,

Gözlər gülər, kiprik ağlar,

Ürək eşqə könül bağlar,

Sinəyə od qalar olar.


Zaman əldə sükan təki,

Yardı sənə zəkan təki,

Dil ağızda tikan təki,

Ürəkləri dalar olar.


Bu dünya heç kimə qalmaz,

Bir kimsəni qəlbə salmaz,

Gedənlərin könlün almaz,

Öz-özüylə qalar olar.


Ey Şadiman, bu nə hicran?

Oyuncaqdı fələyə can,

Ömür keçər, bağrın şan-şan,

Təni qəbrə salar olar.

13 / 14. 02. 2003

DÜNYA İÇİ TALAN OLDU
Dünya içi talan oldu,

Talanlığı kimə qaldı?

Gəlib gedən yalan oldu,

Yalanlığı kimə qaldı?


Qəh-qəh çəkdi üzümüzə,

Ahın verdi özümüzə,

Sahib çıxdı közümüzə

Kalanlığı kimə qaldı?


Səhər durdu, axşam yatdı,

Bədənlərdə can yaratdı,

Həm yatırdı, həm oyatdı,

Kölgəsində başı qatdı,

Dolanlığı kimə qaldı?…

13. 02. 2003



TAPILA BU DÜNYANIN ÇARASI
Bu bəşər hiyləyə sirdaş oldu,

Fitnələr hər əməldən baş oldu,

Yerin, göyün gözündə yaş oldu,

Əzrayıla adəm qardaş oldu,

Sağala köz bağlamış yarası,

Tapıla bu dünyanın çarası.


Dilimiz ağzımızda bağlandı,

Könlümüz, ürəyimiz dağlandı,

Verilən fərmanlar da çağlandı,

Kürsüdə oturanlar yağlandı,

Söylə bir salamatdı harası?

Tapıla bu dünyanın çarası.


Yoxdu heç ürəyinə mehmanı,

Bəşərin azalıbdı imanı,

Bürüyüb yeri küfür zamanı!

Taci-təxtdə oturub yamanı,

Yaxılır yalanların qarası,

Tapıla bu dünyanın çarası.


Gülməyir çoxunun üzü indi,

Soyuyub qəlblərin közü indi,

Bəşər Əzrayıldı özü indi,

Keçməyir Allahın sözü indi,

Sazdı yalanla şərin arası,

Tapıla bu dünyanın çarası.


Hərənin bir başı, bir dili var,

Qəlbinin həm bəmi, həm zili var,

Ömrümüzün qırılan ili var,

Bəşərin məzarlarda gili var,

Gülüzlü torpaq həyat xarası,

Tapıla bu dünyanın çarası.


Doğulub ölmək çox cəfalıdı,

Həyatın xoş üzü səfalıdı,

Yaradan bəndəyə vəfalıdı,

Cahan ki, Allahın dəm balıdı,

Kimsəyə qalmayıb heç parası,

Tapıla bu dünyanın çarası.


Varmı öz gözündə tiri görən?

Milyonun içində biri görən?

Allahın özündə siri görən?

Ölənin ruhunu diri görən?

Ağarmaz heç ürəyin qarası,

Tapıla bu dünyanın çarası.


Ağladır sinəni hicran dərdi,

Bədəni tərk eləyən can dərdi,

Zamanın bağrın edən qan dərdi,

Ömürdən qopub düşən an dərdi,

Gedirik ölümmüzə candərdi…

Batıbdı aha yerin arası,

Tapıla bu dünyanın çarası.
Bürünüb günaha dövranımız,

Hiylədi, fitnədi hər yanımız,

Qanların əlindədi anımız,

Əbədi məzardı ünvanımız,

Pozulubdu bəşərin sırası…

Tapıla bu dünyanın çarası.


Şadiman, bu cahana yar demə,

İnsanın varlığına var demə,

Ağlayan ürəyinə zar demə,

Puç olan saatlara xar demə,

Hər adam Rəbbin ciyərparası,

Tapıla bu dünyanın çarası.

02. X11. 2002

BU FANİ DÜNYANIN

VƏFASI YOXDU

Bu fani dünyanın vəfası yoxdu,

Gələni, gedəni saya salmayır.

Doğulan cahanın ahından qorxdu,

Hansı bir ürəyi vaya salmayır?
Dərəni uçurdar selə çevirər,

Ağılı başlarda yelə çevirər,

Ürəyi qırılan telə çevirər,

Hansı can yiyəsin haya salmayır?


Kəkliyi, turacı ova döndərir,

Ocağın közünü qova döndərir,

Adamı boş sözə-sova döndərir,

De, hansı dərəyə qaya salmayır?


Qurdu qova-qova tülkü eyləyir,

Ürəkdə min qorxu-hürkü eyləyir,

Havanı tovlayıb bürkü eyləyir,

Dovşanı qovlayıb çaya salmayır?


Bu fani dünyada gələn gülməyir,

Xəzanı çatanda kim tökülməyir?

İlahi önündə can bükülməyir,

Kimi vaydan qabaq toya salmayır?!


Bir ömür veribdi bizə bu qədər,

Onun yarısını eyləyir kədər,

Kimin doğulandan ölənə qədər

Canını ah-ufa, oya salmayır?!…

24. X11. 2002

SONRADAN BAŞINA

DÖYMƏDİ DÜNYA

Bəndətək boynunu əymədi dünya,

Sonradan başına döymədi dünya.
Hamına qoynunda yerin saxladı,

Biz zülüm etdikcə qopdu, laxladı,

Son anda ölümlə ömrü haxladı,

Bəşərtək özünü öymədi dünya,

Sonradan başına döymədi dünya.
İnsanın dərdini, qəmini uddu,

Özünün varlığın tamam unutdu,

Rəbbin əmri ilə adəmi tutdu,

Biztək tərəzini əymədi dünya,

Sonradan başına döymədi dünya.
Bu insan övladı nə qəlbidaşdı?

Bəndə gündən-günə həddini aşdı,

İçində hiylələr qaynadı, daşdı,

Heç kəsin könlünə dəymədi dünya,

Sonradan başına döymədi dünya.
Bürüdü ömrünü hicran naləsi,

Bağrı qan ağlayan çöllər laləsi,

Tutubdu əlində qan piyaləsi,

Heç kəsin dirəyin əymədi dünya,

Sonradan başına döymədi dünya.
İnsanlıq adında bazarı gördü,

Əliylə saldığı gülzarı gördü,

Tənləri bəzəyən məzarı gördü,

Kimsəni izinsiz üymədi dünya,

Sonradan başına döymədi dünya.
Sultana, şaha da bir ömür verdi,

Xaliqdən yetişən haqq əmir verdi,

Adəmi doğuran nə xəmir verdi?

Qapını izinsiz döymədi dünya,

Sonradan başına döymədi dünya.
Ürəyi min cürə dona saldırdı,

Bəndənin həyatın cana saldırdı,

Ən uca zirvəyə onu qaldırdı!

Zirvə təpəsindən yerə saldırdı,

Bizimtək haqqını öymədi dünya,

Sonradan başına döymədi dünya.


Şadiman, istətdi bizə canını,

Necə əzizlədin ötən anını?

Kəsdi ölüm-dirim, illət yanını,

Tanrı qoyan yola dəymədi dünya,

Sonradan başına döymədi dünya.

08. 01. 2003


BU DÜNYA NƏ SƏNƏ,

NƏ MƏNƏ QALMAZ

Eşq ilə bəşərin könlünü alar,

Puluyla başlara qələbə çalar,

Köçəndən xatirə bir məzar qalar…

Əbədi heç kəsi qoynuna almaz,

Bu dünya nə sənə, nə mənə qalmaz.


Sevdası şirindi, ömrə bəs etməz,

Sonadək kimsəylə yola da getməz,

Varından bir zərrə heç kimə yetməz,

Gözü qamaşdıran bir parlaq almaz,

Bu dünya nə sənə, nə mənə qalmaz.
Dağların, daşların tarixin açmaz,

Zamantək anlara qoşulub qaçmaz,

Can təki bədəni tərk edib uçmaz,

Ömrün son nəğməsin fələksiz çalmaz,

Bu dünya nə sənə, nə mənə qalmaz.
Hər başı ağradır keşməkeşiylə,

İnsanı üzdürər çətin işiylə,

Kəsər ömürləri iti dişiylə,

Özü bəşər kimi saralıb solmaz,

Bu dünya nə sənə, nə mənə qalmaz.
Suyundan içənlər sağlıq tapmadı,

Kimin ürəyini qəmlə qapmadı?

Həyat bağçasını soyub-çapmadı?

Canı aparmasa can qabı dolmaz,

Bu dünya nə sənə, nə mənə qalmaz.
Əsiri olanı əsir eyləyir,

Varından, pulundan qəsir eyləyir,

Daşından, başından yesir eyləyir,

Haqqını deyənnən arası olmaz,

Bu dünya nə sənə, nə mənə qalmaz.
Usa sarayları uçurtdu, tökdü,

Çox taxtın özülü əbədi çökdü,

Əlinlə tikdirdi, əliylə sökdü,

Fələkdən izinsiz bir təni almaz,

Bu dünya nə sənə, nə mənə qalmaz.
Bəndənin üzünü iki eylədi,

Ömrünü zamanın tükü eylədi,

Bəşəri torpağın yükü eylədi,

Heç zaman qolunu boynuna salmaz,

Bu dünya nə sənə, nə mənə qalmaz.
Can deyib yapışma anlardan heç vaxt,

Sənə əbədilik verilmib bu baxt,

Qırılar öhdənə buraxılan vaxt,

Bədənin canına qələbə çalmaz,

Bu dünya nə sənə, nə mənə qalmaz.
Bulma, ey Şadiman, könlü nəş’ədə,

Fələk canımızı bəslər şüşədə,

Keçirmə ömrünü boş bir guşədə,

Çağlat ilhamını hey əndişədə,

Üzülər tənindən duyğusu olmaz,

Bu dünya nə sənə, nə mənə qalmaz.

06. 01. 2003


Yüklə 8,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin