BİR SEVDA KÜLƏYİ ƏSİR BAŞIMDA
Bir sevda küləyi əsir başımda,
Nazlı duyğuları yellər oynadır.
Bitkin xəyalıyla durur qarşımda,
Könlə mizrab vurur tellər oynadır.
Ağladan, güldürən mələkdi deyən,
Anları coşduran diləkdi deyən,
Təni nizamlayan ürəkdi deyən,
Bəbəyi titrədir sellər oynadır.
Ağlımın, huşumun olubdu şahı,
Ayrılıq içində gətirir ahı,
Günahın üstündən edir günahı,
Qəlbə sığal çəkən əllər oynadır.
Dağılıb getməyir başdan xülyası,
Gecə yuxuları afət röyası,
Sinəmin içinə düşür ziyası,
Qanları isidir dillər oynadır.
Ruhuma, cismimə yaxın cansayaq,
Yatmayır gecəmlə bir qalır oyaq,
Tutur zamanımı əlində mayaq,
İztirab içində illər oynadır.
Bu sevda küləyi hicrandı yoxsa?
Cismimlə qaynaşan bir candı yoxsa?
Haqdan göndərilən peymandı yoxsa?
Bağrıma od vurur küllər oynadır.
Müddətdi tor qurub bəxtimin üstə,
Durub Şadimanın ömrünə qəsdə,
Düşmüşəm yatağa əlindən xəstə,
Məhəbbət bağında güllər oynadır.
20. X11. 2003
MƏNƏ TƏRƏF GƏLƏN XƏYAL
Mənə tərəf gələn xəyal,
Nə baxırsan yanı-yanı.
Üzdü məni qüssə, məlal,
Aradakı ülfət hanı?
Dil könüldən söz istəyir,
Ocağından köz istəyir,
Nə deyirəm xətrə dəyir,
Sevdiyini yaxşı tanı.
Ömür cana bir sadağa,
Qoyma ora niskil yağa,
Kim dözər mən çəkən dağa?
Qoru bəxtə düşən anı.
4. X1. 2004
MƏNİ HEYRƏTDƏ QOYMUSAN
Məni heyrətdə qoymusan,
Heyrətinə şan ağlayır.
Könlü zillətdə qoymusan,
Zillətinə qan ağlayır.
Sübh gözünü açdı getdi,
Gözdən yuxu qaçdı getdi,
Ürəyim od saçdı getdi,
Elə pərişan ağlayır.
Ağrıdan günüm bükülüb,
Can titrəyib, qəlb tökülüb,
Sarayı nədən sökülüb?
Mülk yıxılıb, şan ağlayır.
Nə şirindi sevda yuxu?
Ətri ağlı alan qoxu,
Nə tuşladın hicran oxu?
Atdığın nişan ağlayır.
Gülə bülbül demə, zalım,
Düşmüsən xoş dəmə, zalım,
Nə müddətdi fəna halım,
Bu bağır şan-şan, ağlayır.
Ümidimi Araz etdin?
Könlü dərdlə taraz etdin,
Ürəklə min avaz etdin,
Nə ki, bədən, can ağlayır.
17. X. 2004
EY ÜRƏKLƏ AVAZ EDƏN
Ey ürəklə avaz edən,
Ürək ahdan şad olmayır.
Hər duyğumla pərvaz edən,
Ayrılıqda dad olmayır.
Sevənlər fərman bilməyir,
Heç nəyi dərman bilməyir?
Qəmi cana man bilməyir,
Könül sevən yad olmayır.
Ürəyimə gəl qulaq as,
Orda qurub kədərin yas,
Əzabımı boğazdan as,
Bu qədər fəryad olmayır.
Ötən zaman düşməz ələ,
Tök xəlbirə untək ələ,
Dünyada bir könül hələ
Hicranla abad olmayır.
Sevdamızı vəfa etdin,
Qəmə düşüb cəfa etdin,
Sandım cana şəfa etdin,
Bu şəfadan ad olmayır.
17. X. 2004
SEVMƏDİN ÜRƏKDƏN MƏNİ
Sevmədin ürəkdən məni,
Sevdamız dillərdə gəzdi.
Qəlbimdə ayrılıq çəni,
Bəyazlıq tellərdə gəzdi.
Əzablar elə ah etdi,
Ahımla günahın etdi,
Acımla sabahın etdi,
Sitəmi illərdə qaldı.
Fəryadım sinələr yaxdı,
Gözümdən qanlı su axdı,
Başımdan şimşəklər çaxdı,
Ümidim sellərdə qaldı.
Ağılım başımdan sapdı,
Axtarıb eşqini tapdı…
Ürəyim sinədən qopdu,
Asılıb yellərdə qaldı.
Məhəbbət harayım oldu,
Hicranı sarayım oldu,
Alışmaq ah-vayım oldu,
Atəşim küllərdə qaldı.
7-8. 09. 2004
GÖZÜMDƏ HƏSRƏT YAŞI
Gözümdə həsrət yaşı,
Qəlbimdə iztirab var.
Nə oldun can sirdaşı?-
Nə ürəyimdə tab var?
Xəyalım umman-umman,
Kəsdi yolumu duman,
Hara qaçır bu zaman?
Axı könlü xarab var?
Aradım səni gözlə,
Dedim eşqimi közlə,
De gəlirsən nə üzlə?
And içində hesab var.
Başın şahı ağlıdı,
Eşqə yolu bağlıdı,
Bu məhəbbət nağlıdı…
Diləyində şərab var.
Etmə könlü didərgin,
Ötür zaman, gün gərgin,
Sinəmdə hicran sərgin,
Səninlə inqilab var.
Həsrətə meydan verdin,
Ahımı vaydan verdin,
Göz yaşın çaydan verdin,
Əlində sınıq qab var.
1. X11. 2004
KÖNLÜMÜ ALIB
Könlümü alıb,
Həsrətim qalıb,
Uzaq ellərdə,
Adı dillərdə.
Necə unudum?
Bu dərdi udum.
Ağrım azalmır,
Qəmim sozalmır.
Daha tabım yox,
İztirabım çox.
Ağlayır gözüm,
Mən necə dözüm?
Bitmir işgəncə,
Hər gündüz-gecə.
Ahım yüksəlir,
Bağrımı dəlir.
Neylim Allahım?
Nədir günahım?
Ötdü qış, bahar,
Sinəmdə ahar,
Qəm zirvə aşdı,
Qaynadı, daşdı.
O qərib sevdam,
Ürəkdə nidam.
Könlümü alıb,
Həsrətim qalıb.
Uzaq ellərdə,
Adı dillərdə…
30. X11. 2004
UNUDA BİLMİRƏM DAHA
Nə səni unuda bilmirəm daha,
Nə səndən o yana yolum yox mənim.
Çıxıram gecədən ahla sabaha,
Ələnir sinəmin içinə çənim.
Gözlərim axtarır hər yerdə səni,
Könlün dediyinə gözüm neyləsin?
Salmısan ömürlük bir dərdə məni,
İndi ürəyimdə dözüm neyləsin?
Xatirən boylanır sabahlarımdan,
Səhərim kədərdən qan qusur, eyvah,
Qəh-qəhə çəkirsən günahlarımdan,
Həsrətin canımı nə pusur, eyvah?
Hicranın od verir hər gün günəşə,
Könlüm qışlarında buzlanır niyə?
Aləmlər alışır qəlbdə atəşə,
Səni sevdiyimə ümid var deyə.
Tökülüb itirsən baxışlarımdan…
Qürurun sevgidən aşağı enmir.
Qəlbə xalı çəkdin naxışlarından,
Eşqin bu xalının üstünə dönmür.
Yaşa xatirəmdə əvvəlki təki,
Məhəbbət puç olar ona əyilsən.
Nə etmə könlümə bir belə ərki,
Nə sən bu sevdaya gələn deyilsən.
30. X11. 2004
GƏL OVUTMA YANAN QƏLBİ
Gəl ovutma yanan qəlbi,
Ovunmağa halət hanı?
Susdurursan coşan təbi,
Dayanmağa möhlət hanı?
Ürəyimdə ocaq közüm,
Səni görür, ancaq gözüm,
Üzüm gəlmir deyəm özüm-
Qəmin təki zillət hanı.
Qanadlanıb quş olmuşam,
Həsrətinə tuş olmuşam,
Hər acına nuş olmuşam,
Dərdin kimi illət hanı?
Uç, sevdalım, qon könlümə,
Mən yanantək yan könlümə,
Eylə fəda can, könlümə,
Ürəyimtək xələt hanı?
30. X11. 2004
Dostları ilə paylaş: |