Baxışların canlar alır,
Canlar sənə qalan deyil.
Vaxt bazarda anlar alır,
Bu həqiqət yalan deyil.
Eşqin salıb könlə ocaq,
Od istəyir qucaq-qucaq,
Günəş təki atəş saçaq,
Dünya bizə qalan deyil.
Qəlb bağına hicran əkmə,
Əkib onu könlə tökmə,
Bu sevdanı yıxıb-sökmə,
Səadətdə talan deyil.
Ömür cana nə işgəncə?
Tamaşası bir əyləncə,
Bu ürəyim, gülüm, məncə,
Bir kimsənin olan deyil.
Canım üzər nə xiffətin?
Kəsilməsin o ülfətin,
Hər yetən öz məhəbbətin,
Ürəyinə salan deyil.
Hicran qəlbin için oyar,
Qəm verməkdən nə vaxt doyar?
Səndən qeyri, vallah, ey yar,
Heç kim könlü alan deyil.
2. 01. 2005
SƏN MƏNİM KÖNLÜMDƏN ÇIXMADIN HEÇ VAXT
Sən mənim könlümdən çıxmadın heç vaxt,
Vaxtı öldürməkçin an gizlənirmiş.
Məhəbbət oyunu oynadı bu baxt,
Ürəyin içində can gizlənirmiş.
Hər yerdə gözlərim axtardı səni,
Ağlın tə’nəsinə qəlb oyanmadı.
Sanki tilsimlərə salmısan məni,
Könül sevməyindən heç dayanmadı.
Gecələr sinəmdən çıxaraq canım,
Səni aramağa getdi yuxuda.
Alışdı eşqindən könül ünvanım,
Duyğular çırpındı qara-qorxuda.
Mənim öz həyatım, sənin öz yarın,
Bu necə zülümdü düşüb ürək bəs?
Bağlanıb özgəyə əhdi-ilqarın,
Sənin xəyalların mənə edir qəsd.
Əzabdan o yana irız yox daha,
Yolumun üstündə dayanıb ruhun.
Bəlkə fəryadların yetib Allaha,
Tutubdu qəlbimi sənin günahın?
Könül dilənçisi sanma sən məni,
Bu eşqi tapşırdım qismətə bir vaxt.
Elə yuxularda görürəm səni,
Bilmirəm bədbəxtsən, ya da ki, xoşbaxt?
İndi məhəbbətdən söhbət düşəndə,
Mən özüm-özümə baxa bilmirəm.
Ayrılıq əzabı könlü eşəndə,
Eşqimin üzünə çıxa bilmirəm.
Mənim şüurumda yatıb qalmısan,
Hara gedirəmsə mənimləsən sən.
Sinəmə dərd yükü çatıb qalmısan,
Dumanım, çiskinim, çənimləsən sən.
Ürək can əzabı çəkir hər zaman,
Bir canın ağrısı – bir ömrə çatmır,
Ağlım xəyalıma gətirir iman.
Yatmış ümidimi qüssəm oyatmır.
Saçlarım ağarıb ötüb o illər,
Qəlbim əvvəlkitək eşqinlə vurur.
Gözlərim bağrıma axıdır sellər,
Öz əlim başıma tə’nəylə vurur.
Ürəkdən, könüldən xəbərsiz ürək,
Sənə məhəbbəti yaşadır bugün.
Niyə bəxtimizə salıbdı fələk
Açılası müşkül neçə cür düyün?
Mən el tə’nəsindən qorundum o vaxt,
Eşqimlə həsrətə qədər bu sevgi.
Bizi bir-birinə tay etmədi baxt,
Mənlə qəbr evinə gedər bu sevgi…
3. 01. 2005
HEYRƏT ETMƏ SURƏTİMƏ
Heyrət etmə surətimə,
Surətimdə əksin yatır.
Gəl seyr eylə qüdrətimə,
Qüdrətimdə köksün yatır.
Xəyalların bir tamaşa,
Verir qəlblə lap baş-başa,
Ağlımdan eşq daşa-daşa,
Hər duyğumda hissin yatır.
Ahım batıb an içində,
Qalıb ürək qan içində,
İnanmırsan can içində-
Sənin könül qövsün yatır?
Yolum daşa toxunur ah,
Gözüm yaşa toxunur ah,
Üzdən həsrət oxunur ah-
Hər işimdə nəfsin yatır.
Qınamayın Şadimanı,
Eyləməyin ona manı,
Alıb əldən din-imanı,
Bu eşqidə ovsun yatır.
3. 01. 2005
ZİRVƏ GÜNƏŞİTƏK NƏ PARLAYIRSAN ?
Zirvə günəşitək nə parlayırsan?
Zirvələr içində qar, buz da olur.
Həsrətin yolunu hamarlayırsan,
Hamara öyrəşən yalqız da olur.
Məktublar masamın üstündə nalan,
Məhəbbət sandığım nə riya, yalan?
Bir ürək deyil ki, kədərlə qalan,
Qəmlərə bulaşan kağız da olur.
Dilim ah söyləyir, sözlərim ağı,
Ötüşmür ömrümün bu hicran çağı,
Təkcə başda ağıl çəkməyir dağı,
Fəryadla üzləşən ağız da olur.
Hər kəs taleyinin marağındadır,
Sevdalı eşqinin sorağındadır,
Hər qismət bir ulduz çırağındadır…
Ölüb göydən düşən ulduz da olur.
3. 01. 2005
BU QATAR YAMANCA ŞÜTÜYÜB GEDİR
Bu qatar yamanca şütüyüb gedir,
Qəmimi məktuba büküb aparır.
Özünü mənimtək halbahal edir,
Eşqimin ağzıını tikib aparır.
Üzümdən oxuyur həyacanımı,
Özündə ağladır bu hicranımı,
Qoparıb bədəndən şirin canımı,
Bütün ürəyimi söküb aparır.
Bu qatar verməyir anlara aman,
Tələsir mənzilin başına yaman,
Mən ah eləyirəm, ürəyim iman,
Gözümdən yaşımı töküb aparır…
Səhər mürgüsündən çöllər ayılır,
Çarxlar tıqqıldayır, anlar bayılır,
Qəlbimin fəryadı ərşə yayılır,
Yollara ayrılıq əkib aparır.
Giribdi qəlbimlə əcəb sövdaya,
Qoynunda yer verib niyə sevdaya?
Görmürmü könlümdən qopan nidaya?
Bağrıma qəm dağı çəkib aparır.
Qışın soyuğluğu gəlir səhərdən,
Tutulub boğazı dəmin qəhərdən,
Bütün varlıığımı udan zəhərdən,
Anların çiyninə çöküb, aparır.
Bu qatar bilmirmi qəm adətimi?
Alıb əllərimdən məhəbətimi…!
Nə ki, qərib olmuş səadətimi,
Məni də özüylə çəkib aparır…
3. 01. 2005
BU GECƏ XƏBƏR ET ULDUZLARA SƏN
Bu gecə xəbər et ulduzara sən,
De ki, ürəyimdən gedib duman, çən.
Yenə könlüm evi çıraqban olub,
İncə duyğularla mehriban olub.
Atəşlə alışıb yanır ürək, can,
Sənin həsrətinə nalan olub an.
Dərdimi deməyə qüdrətim çatmır,
Qəmimi çəkməyə vüs’ətim çatmır.
Ürəkdən nə silər bu məlalımı?
Özün yadına sal mənim halımı.
Bu gecə xəbər et, ulduzlar çıxsın,
Mənim atəşimin oduna baxsın.
Sən qəmi verənsən, mən qəmi çəkən,
Səpilsin göylərə ulduzlar erkən.
Yansın inci-inci, yansın şam kimi,
Könlüm cilvələnsin bu axşam kimi.
Hər ulduz taleyin misalı təki,
Sənin surətinin timsalı təki.
Parlasın göylərin sinəsində qoy,
Gecənin zülmətin bu işıqla oy.
Dərdini deməyə həmdəm et məni,
Ya da bu dərdinlə gəlib öt məni!…
Sevdalı günləri salım ürəyə,
Sənin cəmalını alım ürəyə.
Oxşasın ruhumu bu gecə yarı,
Gəl birgə yaşadaq əhdi-ilqarı,
Bir sevda günəşi doğsun başımda,
Batırım ələmi bu göz yaşımda.
Canıma qonaq et ruhunu belə,
Mən də bu zülməti vurum qəm ilə.
De ki, ürəyimdən gedib duman, çən,
Bu gecə xəbər et, ulduzlara sən…
17. 02. 2005
ÜRƏYİMİN TELLƏRİ
Ürəyimin telləri
Titrəyir sənin üçün…
Göz yaşımın selləri,
Axır könlümə neçin?
Gecələrim ah çəkir,
Sevdamızın eşqinə.
Ağrını sabah çəkir,
Qalıbdı yaman günə.
Hicran verir ağrını,
Hicranı bilmə ne’mət.
Qəmə salıb bağrını,
Etmə günə qiyamət.
Hər sabahdan ah doğur,
Sevdamız bir yuxudu…
Məni hicranın boğur,
Sinəmdə qəm oxudu.
Eşqin bir bülbül təki,
Sinəmə nə oxudu?
Ürəyim bir uşaq tək,
Ağlayır için-için,
Qəm dolanıb qurşaqtək,
Boğur könlümü neçin?
Ürəyimin telləri
Titrəyir sənin üçün…
17. 02. 2005
Dostları ilə paylaş: |