SEVDALIM YAR
Dağlara qar yağdı, gəl,
Sinəmdə qəm dağdı, gəl,
Mən düşsəm də yatağa-
Ürəkdə eşq sağdı, gəl.
Ədalım yar,
Sevdalım yar.
Dilimdə adın gəzir,
Həsrət bağrımı əzir,
Sənin gəldiyin günə-
Eylədim könlü nəzir.
Ədalım yar,
Sevdalım yar.
Həsrətin qürbət ucu,
Ayrılıq salmaq suçu,
Ürəyim qan ağlayır-
Sanma, bu eşqi puçu.
Ədalım yar,
Sevdalım yar.
Dön gəl, bir bizə sarı,
Gün oldu daha yarı,
Ayrılıq salsa nifaq,
Unutma əhd-ilqarı.
Ədalım yar,
Sevdalım yar.
08. 02. 2006
SƏNİ SEVDİM
Düşməyir dildən adın bəs niyə?
Girməyir qəlbimə bir kəs niyə?
Ürəyimə edirsən qəsd niyə?
Səni sevdim, səni sevdim, səni,
Yar, səni sevdim, səni sevdim, səni.
Bu sevdaya bir kimsə düşməsin,
Həsrət ilən heç kim görüşməsin,
Ayrılıq sinəsini deşməsin,
Səni sevdim, səni sevdim, səni,
Yar, səni sevdim, səni sevdim, səni.
Taleyimiz nə qoşalaşıbdı?
Ürəyimə hicran dolaşıbdı,
Çeşmənəlib eşq qəlbdən aşıbdı,
Səni sevdim, səni sevdim, səni,
Yar, səni sevdim, səni sevdim, səni.
Şadimanın qəlbinə girmisən,
Hicranımın qollarını gərmisən,
Sevda gülün de hara sərmisən?
Səni sevdim, səni sevdim, səni,
Yar, səni sevdim, səni sevdim, səni.
10. 02. 2006
NƏ MÖHLƏTDƏ QOYDUN MƏNİ?
Nə möhlətdə qoydun məni?
Möhlət sənin, hicran mənim.
Tökdün könlə çiskin, çəni,
Çox üşütdü bu çən məni.
Gəldin, getdin yuxu kimi,
Gül üstündə qoxu kimi,
Qopdun yayın oxu kimi,
Yaman aldın nişan məni.
Bu sevdaya düşən gündən,
Qəlb qurtulmur heç düyündən,
Həsrət çıxmır bu eyindən,
Edir hər gün şan-şan məni.
Gəl üzünü göstər mənə,
Niyə gərək astar mənə?
Hicran möhnət istər mənə,
Etsin yaxşı ünvan məni.
Şadimanı sanma naşı,
Getmir qəlbdən an təlaşı,
Tök ətəkdən daha daşı,
Sənsiz üzür hər an məni.
12. 02. 2006
NAZLI YARIM
Nə, nazlı yarım, gəzirsən?
Yenə könlümdə, könlümdə.
Var məhəbbətim sezirsən-
Sənə könlümdə, könlümdə.
Nə incidirsən ürəyi?
Coşdur şahanə diləyi,
Sənə tərəf eşq mələyi-
Dönə könlümdə,könlümdə.
Qəlbimin dini, imanı,
Ötə bu həsrət dumanı,
Qoyma, yer versin zamanı-
Çənə könlümdə, könlümdə.
Əsən yelləri oynatma,
Sinəmdə qəmi qaynatma,
Deyirsən, eşqi oynatma-
Mənə, könlümdə, könlümdə.
Ayrılıq aldı nə huşu?
Şadiman olub qəm nuşu,
Ay uçub gələ bəxt quşu-
Enə könlümdə, könlümdə.
20.02.2006
BAXA-BAXA
Bu yar yenə sevdalanıb,
Yaxır elə baxa-baxa,
Niyə görə ədalanıb?
Üzür belə baxa-baxa.
Alıb əldən ağlı-huşu,
Uçub gedib sevda quşu,
Bu ürəyim uçulmuşu,
Verir yelə baxa-baxa.
Dəydi könlə hicran oxu,
Məhəbbətin bir xoş yuxu,
Çiçək təki getməz qoxu,
Düşüb telə baxa-baxa.
Şadimanı bilmə naşı,
Eylə məni can sirdaşı,
Axır qəlbə gözüm yaşı,
Dönüb selə baxa-baxa.
20. 02. 2006
SEVDALI KÖNLÜMƏ DÜŞDÜ MƏHƏBBƏT
Sevdalı könlümə düşdü məhəbbət,
Gah hicran gətirdi, gah da səadət,
Həm səcdə eylədim, həm də ibadət,
Ürəyi çalxatdı tufanlar kimi,
Zülümü çox oldu divanlar kimi.
Mən öz səbirimə heyrət eylədim,
Vədimi tutmağa qeyrət eylədim,
Bu böyük eşqimə izzət eylədim,
Gözümü ağlatdı leysanlar kimi,
Zülümü çox oldu divanlar kimi.
Gecə də, gündüz də anımda oldu,
Mən hara getdimsə yanımda oldu?
O sevgi mələyi canımda oldu,
Aldı vücudumu ümmanlar kimi,
Zülümü çox oldu divanlar kimi.
Sevdalı könlümdən çıxmadı, heç vaxt,
Qoyduğu qanuna baxmadı, heç vaxt,
Könlümtək bir könlü yıxmadı, heç vaxt,
Mənə eşq gətirdi zamanlar kimi,
Zülümü çox oldu divanlar kimi.
10. 03. 2006
UÇUB GEDƏN XƏYALIM
Ruhumun gözü qaldı,
Səni mələklər aldı,
Alıb qoynuna saldı,
Necə olacaq halım?
Uçub gedən xəyalım.
Dağa-düzə hay saldım,
Ürəyimə vay saldım,
Göz yaşımdan çay saldım,
Nə tez ötdü vüsalım?
Uçub gedən xəyalım.
Gecələrim ahladı,
Bu ahla günahladı,
Yatmayıb sabahladı,
Bitmədi qeylü-qalım,
Uçub gedən xəyalım.
İblismi uddu səni?
Ya hara atdı səni?
Yalana satdı səni,
Tükənmədi məlalım,
Uçub gedən xəyalım.
Sən ki, sevda quşuydun,
Onun ağlı -huşuydun,
Niyə belə naşıydın?
Duyğuları həyalım,
Uçub gedən xəyalım.
Şadimanı tutmadın,
Oduna od qatmadın,
Harayına çatmadın,
Mələküzlü misallım,
Uçub gedən xəyalım.
22. 04.2006
AY GECƏ ÜSTƏ SAÇDI YAR
Ay gecə üstə saçdı, yar,
Gözümdən yuxum qaçdı, yar,
Söküldü göydə dan yeri-
Bağçada güllər açdı, yar.
Mən ki, sənə can demişəm,
Ayrılığa qan demişəm,
Çəkdirmə həsrət cəfası-
Bu ürəyə yan demişəm.
Eşqidən ürək güldü, yar,
Həsrət qüssədən öldü, yar,
Göz alıb sevda yuxusu-
Sevinc yaşları göldü, yar.
Baharın xoşdu pəh-pəhi,
Quşların gəlir cəh-cəhi,
Bu ürəyimdə duyğunun-
Zilə çıxıbdı qəh-qəhi.
Dön Şadimana, sevdalım,
Az et nazını, ədalım,
Aləmdə var eşq sədası
Sən də qulaq ver, nidalım.
27. 04. 2006
QOYMA QƏMDƏN ÖLƏK YARIM
Ürəyimdə duyğularım,
Gəl birlikdə bölək, yarım.
Gecə-gündüz qayğılarım,
Tufan salan külək, yarım.
Bu gözlərim pərvanədir,
Baxışına divanədir,
Qəlbim ki, var viranədir,
Həsrət edib ələk, yarım.
Gen dünyada safım, pakım,
Təmizliyə ey həlakım,
Qoyma artsın can mərakım,
Ey işvəkar mələk, yarım.
Dağlar qədər ucalığın,
Könül açan xoş qılığın,
Kəs yolunu qocalığın,
Eylə ona kələk, yarım.
Hər günümü sən eylə şad,
Qoy ürəyi olsun dilşad,
Könlüm çılğın, təbim gurşad,
Bir ilhama gələk, yarım.
Söylə mənə nə divandı?
Atdın qovu – könül yandı,
Ölən ürək, çıxan candı,
Demə edib fələk, yarım.
Şadimanın can sirdaşı,
Gəl ətəkdən tök bir daşı,
Alcalanıb gözüm yaşı,
Qoyma qəmdən ölək, yarım.
7. 05. 2006
Dostları ilə paylaş: |