NİYƏ BU ÖLKƏDƏ DOĞULDUM, ALLAH…
Niyə bu ölkədə doğuldum, Allah?
Nədəndir bu qədər canıma günah?
Niyə bu ölkənin vətəndaşıyam?!
Dilim lal oluubdu, bir çay daşıyam!
Harayım içimdə batıb nə vaxttdı,
Harda məzarlayım bu qara baxtı?
Ətrafım yaltaqla, nadanla dolu,
Nə zaman açılar bəs haqqın yolu?
Gözün gördüyünə ürək alışır,
Ağlım iyrəncliklə, sanki barışır.
Niyə bu ölkədə doğuldum,Allah?
Mən zülmət içində, açılmır sabah.
Sabaha çıxmaqçın yuxu görürəm,
İçimdə div boyda qorxu görürəm!
Qorxudan o yana cəhənnəm durur,
Taxtıını qapımın ağzında qurur.
Yalançı təriflər, şanlı yalanlar,
Bağrı parçalayan dili ilanlar-
Ətrafı dolaşır bir kabus təki,
Özüm ürəyimə edirəm təpki.
Bütün bu dəhşəti duymamaq üçün!
Düşüb bu çirkaba uymamaq üçün!
Mən necə ayırım canı cisimdən?
Mən necə gizlənim addan, isimdən?
Millət olmamışıq bəlkə biz hələ?…
Onunçın qul olub haqqımız belə!
Ağlımız yatıbdı fil qulağında,
Elə yemlənirik şər yalağında.
Niyə bu ölkədə doğuldum Allah?
Hansı günahımçın et məni agah?
Bu canı sən mənə etdin ərmağan,
Xeyrə günbatanmı, şərə gündoğan?
Verdiyin canımı al apar məndən,
Budur son istəyim, diləyim səndən!
Utanıb ölürəm, qala bilmirəm,
Daha bu millətdən ola bilmirəm!
Yeganə ümidim sənədir, Ya Rəbb,
Al apar bu canım, bu ürək, bu təb.
Könlümü heç neylə ala bilmirəm,
Mən bu məmləkətdə qala bilmirəm,
Daha bu millətdən ola bilmirəm!…
İçimdə dağ boyda kədər, qüssə, ah,
Niyə bu ölkədə doğuldum Allah!…
15. X11. 2006
UŞAQLARA ƏRMAĞAN
1 HİSSƏ
VƏTƏNİ CANDAN ƏZİZ SANMALIYIQ
GƏLİN, SEVƏK VƏTƏNİ
Ay uşaqlar, ürəkdən,
Gəlin, sevək Vətəni.
Üstün tutaq çörəkdən-
Yar etməyək yetəni.
Onu sevməyən insan,
Yurduna gərək olmaz.
Yad eldə alsa ad-san,
Elin qəlbində qalmaz.
Vətən halal yerindi,
Qorumasaq yadındı.
Onun eşqi dərindi,
O- özün, övladındı.
Yar edək nidamıza,
O könüldə bitəni.
Can deyək sevdamıza,
Gəlin sevək Vətəni!
16. 02. 2000
ÖZ YURDUNA GƏRƏK OLAQ
Ay uşaqlar, Vətən əziz,
Ona vuran ürək olaq.
Bir sevdadır – eşqi dəniz,
Öz yurduna gərək olaq.
Onunla gur çırağımız,
Odur könül varağımız,
Bu dünyada sorağımız,
Gəlin ona dirək olaq.
Cahan içrə bir cahandır,
Damarlardan axan qandır,
Ocağın aç, odun yandır,
O bədəndə duran candır.
Qorumağa zirək olaq.
Vətən ana, Vətən bacı,
Dərdimizin hər əlacı,
O millətin başda tacı,
Ona ürək-dirək olaq.
16. 02. 2005
HİMNİMİZ - BAYRAĞIMIZ
Himnimiz – Bayrağımız,
Vətənin ürəyidir.
Sabaha növrağımız,
Millətin dirəyidir.
Hər ölkəyə qonaqdır,
Qorumasaq qınaqdır!…
Ömrümüzə sınaqdır,
Ölkənin gərəyidir.
Hər ikisi müqəddəs,
Bunu bilməli hər kəs,
Biz kimik onlarsız bəs?…
Bu dünyanın rəyidir.
16. 02. 2005
ANA DİLİ
Hər dili öyrənmək yaxşıdır, amma-
Öz ana dilini bilməmək günah.
İnsanlıq dünyanın baxşıdır, amma-
Dil ilə açılır həyata sabah.
Bu dillə öyrəndik ana sözünü,
Vətənin hər qarış yerin sevməyi.
Bu dillə tanıdı millət özünü,
Başladı həyatı dərin sevməyi.
Bayatı-laylamız bu dildən gəldi,
Hopdu ruhumuza, canımıza o.
Vətənə məhəbbət odu yüksəldi,
Yeridi damara, qanımıza o.
Keçdi anamızın layla səsindən,
Həkk oldu eşq ilə kamalımıza.
Ürəyi oxşayan xoş nəfəsindən,
Yapdı dil sarayı amalımıza.
Öz ana dilini bilməyən kimdi?
Onun varlığı da Vətənə yaddı.
Bu dil dərmanımız, bu dil həkimdi,
Bu dildə danışan yurda övladdı.
16. 02. 2005
VƏTƏNİ CANDAN ƏZİZ SANMALIYIQ
Vətəni candan əziz sanmalıyıq,
Onun hər istəyinə yanmalıyıq.
O ki, öz eşqinə yar etdi bizi,
Onu səatdə elə anmalıyıq.
Verməyək yağıya heç bir qarışın,
Verəriksə, əbədi donmalıyıq.
O bizə can deyəsi tək anadır,
Bunu biz, ay həzarat, qanmalıyıq!
Ağrısı, acısı olsa Vətənin,
Hər işimizi təmam danmalıyıq.
Yetərək dadına ər balasıtək,
Ocağına od olub yanmalıyıq.
Olub əskər, çəkərək keşiyin,
Səf durub önündə dayanmalıyıq!
Vətəni candan əziz sanmalıyıq!…
16. 02. 2005
MƏKTƏB
Məktəb-həyat kamalı,
Ağlımıza incidir.
Gələcəyin amalı,
Yaşamaq sevincidir.
Kitablarla o bizə,
Dil tapmağı öyrədir.
Düşüb zamanla izə,
Düz çapmağı öyrədir.
Odur ömrün işığı,
Gələcəyin can barı.
Həyatın yaraşığı,
Uşaqlığın nübarı.
16. 02. 2005
MÜƏLLİM
Müəllim – gözə çıraq,
Dilimizə bəzəkdir.
Elimdən verər soraq,
Kitablara – özəkdir.
O səadət işığı,
Bəxtimizin özüdü,
Sabahın yaraşığı,
Xoş həyatın gözüdür.
Onun dilindən qopan,
Hər kəlmə dür, incidir.
Biliklə haqqa çapan,
Dünyanın sevincidir.
Müəllimdir bu günün,
Gələcəyin kamalı.
Ən xoş sədanın, ünün,
Onunladır amalı.
16. 02. 2005
UŞAQLAR
Qış ötüşüb yaz gələr,
Avazlanar uşaqlar.
Günlərin bağrın dələr,
Pərvazlanar uşaqlar.
Səadətlə oynaşar,
Qanlar odla qarışar,
Şadlığı aşıb-daşar,
Nə yazlanar uşaqlar?
Dər-divarı eşərlər,
Torpaqla güləşərlər,
Can deyib dilləşərlər,
Hey nazlanar uşaqlar.
Oynamaqdan doymazlar,
Evə ayaq qoymazlar,
Nə yoruldum duymazlar?
Bəyazlanar uşaqlar.
Dünyaya işıq təki,
Evə yaraşıq təki,
Sinəyə aşıq təki,
Nə sazlanar uşaqlar?
15. 02. 2005
Dostları ilə paylaş: |