Saat elə qurulur,
Zamanların içində.
Axar sular durulur-
Dumanların içində.
Röyam gecədən qaçır,
Gəlib qapımı açır,
Ümidlərim nur saçır-
Gumanların içində.
Göz vurulur aləmə,
Söz yığışmır qələmə,
Ürək batıb naləmə-
Amanların içində.
Can Allahın baxşıdı,
Bu kainat naxşıdı,
Yaxşı elə yaxşıdı-
Yamanların içində.
Könül qəmdən dolmaya,
Xəzan alıb solmaya,
Şərə dəstək olmaya-
Fərmanların içində.
Layiq başa tac ola,
İmdadsıza bac ola,
Hər dərdə əlac ola-
Dərmanların içində.
Şərin köksü oyula,
Puldan, vardan doyula,
İnsan haqqı duyula-
Loğmanların içində.
Həsrət üzə gülməyə,
Hicran qəlbi bölməyə,
Heç bir sevda ölməyə-
Peymanların içində.
Ey Şadiman, haqq ulu,
Bəndə Allahın qulu,
Quru çıxmaz şər çulu-
İmanların içində.
13. 03. 2004
ÜRƏYİN KÖNLÜN ALAR TƏSADÜF
Ürəyin könlün alar təsadüf,
Ömrü səhmana salar təsadüf.
O çəkər bəxtə həyat yolunu,
Həm bağlar, həm də açar qolunu,
Bağçanda saraldar can kolunu,
Günlə xəyala dalar təsadüf,
Ömrü səhmana salar təsadüf.
Hər kəsə bəs eyləyər kitabı,
Günü ötürməyə çatar tabı,
Düşməyə əlindən haqq-hesabı,
Zamana mehman olar təsadüf,
Ömrü səhmana salar təsadüf.
Mələyər yolunda quzu kimi,
Üşüdər zirvənin buzu kimi,
Parlayar tale ulduzu kimi,
Asiman təki dolar təsadüf,
Ömrü səhmana salar təsadüf.
Deyirlər, fələk yazar yazını,
Eləyər hər addıma nazını,
Qırar istədikdə qəlb sazını,
Bizimlə saçın yolar təsadüf,
Ömrü səhmana salar təsadüf.
Elə nizamlayar o vaxtını,
Qurar izdə, cığırda taxtını,
Endirər və qaldırar baxtını,
Rəbbdən xoş günü çalar təsadüf,
Ömrü səhmana salar təsadüf.
Eşqi də, sevgi də bağlı ona,
Səninlə yetirər anı sona,
Girər lap taleyinlə min dona,
Qəmi könlündə talar təsadüf,
Ömrü səhmana salar təsadüf.
Bizi həm qəmə, həm dəmə atar,
Ürəyi küllü-aləmə atar,
Hər bəşərlə də günəşi batar,
Açılan gültək solar təsadüf,
Könlü səhmana salar təsadüf.
Bəndəni yaşadan öz ağlıdı,
Demə ki, haqq qapısı bağlıdı,
Bu dünya Yaradanın nağlıdı…
Göyünün ucu necə tağlıdı,
Könlü odlara qalar təsadüf,
Ömrü səhmana salar təsadüf.
Odu hər insana qıfıl, açar,
Mələkdi başımız üstə uçar,
Nəzərin ötürübsə yan qaçar,
Qapını şərə, xeyrə də açar,
Hər işdə sona qalar təsadüf,
Ömrü səhmana salar təsadüf.
Şadiman, bulma candan şəfanı,
Çəkdirər həyat sənə cəfanı,
Kimə altun eləyib vəfanı?
Canı taledən alar təsadüf,
Ömrü səhmana salar təsadüf.
4. 03. 2003
HƏR KƏSİN KÖNLÜNƏ BİR YAR OLSUN
Hər kəsin könlünə bir yar olsun,
Həsrətin hər günü ah-zar olsun,
Xeyrə açsın qapısın ürəklər,
Ömrünü pak yaşayan var olsun.
Kimsənin bəxtinə düşməsin dərd,
Ələmin qəm bacası dar olsun.
Hiylə ilə keçirən vaxtını,
Küllü-aləmdə görüm xar olsun.
Üzü gülsün bəşərin dünyada,
Hər zaman əqlində gülzar olsun.
Uymaya bir kimsə heç iblisə,
Şeytanın şər qulağı kar olsun.
Verməyə təb bada Şadimanı,
İlhamı hər tərəfə car olsun…
4. 03. 2003
ALIR QAÇIR ZAMANI
Zərrələrdən tam olur,
Hər ağrıdan dam olur,
Ömürdə az kam olur,
Kəsir fələk amanı,
Alır qaçır zamanı.
Dünyalar qəmə tuşdu,
Qəmi könlümə nuşdu,
İnsan köçəri quşdu,
Ömür tale dumanı,
Alır qaçır zamanı.
Ötür əcəlin yeli,
Qırır ürəkdə teli,
Gözdən axır qan seli,
Bilmir yaxşı, yamanı,
Alır qaçır zamanı.
Həyat bağçası çiçək,
Budağı ləçək-ləçək,
Kimiyə ömür göyçək,
Kimiyə ölüm gerçək,
Təzələyir ummanı,
Alır qaçır zamanı.
Dərya ümid leş olur,
Dünya keşməkeş olur,
Oynu da şeş-beş olur,
Sızlayır qəlb kamanı,
Alır qaçır zamanı.
Dərd önündə durarlar,
Başa, gözə vurarlar,
Yaradanı ararlar…
Kəsilər haqq gumanı,
Alır qaçır zamanı.
Bu dünya üzük qaşı,
Açılmayır heç başı,
Bəşərin can təlaşı,
Yox ölümün dərmanı,
Alır qaçır zamanı.
Baş bədənin qanandan,
Ürək vara yanandan,
Adəm haqqı danandan,
Qan-yaş tökür imanı,
Alır qaçır zamanı.
Ey Şadiman, sızlama,
Qəmində ayazlama,
Dərdi belə nazlama,
Fələyin pak fərmanı,
Alır qaçır zamanı.
19. 02. 2003
EY ZALIM ZAMAN
Ey zalım zaman,
Gəl etmə fəqan,
Ömrə nişandı -
Hər dəqiqə an.
Hara qaçırsan?
İşıq saçırsan,
Gah dərə, gah düz-
Yollar açırsan.
Qəm sol, sağında,
Həyat bağında,
Soldurma bizi -
Cavan çağında.
Ömür şirindi,
Vaxtı sirindi,
Dünya əzəldən-
Sənin dirindi.
Ey zalım zaman,
Anların dərman,
Rəbbin quluyuq-
Gətirək iman.
Ötər ömrümüz,
Gələr əmrimiz,
Can alar sahib-
Çıxmaz səmrimiz.
Şadiman nəçi?
Gəl yığma köçü,
İlhamı coşub-
Ağladır içi.
3. 03. 2003
ALLAH BİZİ YAMAN GÜNDƏN SAXLASIN
Yaxşılıqlar itdi getdi yel təki,
Pislik axır üstümüzdən sel təki,
Naqisliklər qazır könlü bel təki,
Qırılmasın bağlılıqlar tel təki,
Namərdlərin dər-divarı laxlasın,
Allah bizi yaman gündən saxlasın.
Gözümüzü islatmasın qəm yaşı,
Unutmasın ürəklər can sirdaşı,
Candan artıq sevsin qardaş-qardaşı,
Buraxmasın sinə qəlbə təlaşı,
Rəbb hökmüylə iblis, şeytan yuxlasın,
Allah bizi yaman gündən saxlasın.
Eşqlə ötsün sevənlərin dilləri,
Köz alışsın sovsun göyə külləri,
Fələk bizə xoş gətirsin illəri,
Bağçamızda açsın sevda gülləri…
Tərəvətlə bülbül gülü qoxlasın,
Allah bizi yaman gündən saxlasın.
Üstümüzdən acı yellər sovuşsun,
El bir olub bir-birinə yovuşsun,
O tamarzı diləklərlə qovuşsun,
Şərin ağzı mərd əllərlə ovuşsun,
Xalq birləşib düşmənini oxlasın,
Allah bizi yaman gündən saxlasın.
Ömür Tanrı imtahanı, sınağı,
Adəm Rəbbin olmayaydı qınağı,
İslatmaya göz yaşları yanağı,
Bəni-bəşər bu dünyanın qonağı,
Hər qəlbi ağlı ilə yoxlasın,
Allah bizi yaman gündən saxlasın.
Ey Şadiman, ömrə etmə minnəti,
Vaxt var ikən ver ona sən zinəti,
Zaman salıb üstümüzə qənəti,
Zirvələrə yuva eylə sənəti,
Qoyma şəri, qapımızı haxlasın,
Allah bizi yaman gündən saxlasın.
16. 02. 2003
BU FƏLƏK NƏ YAMAN EV YIXAN İMİŞ…?
Bu fələk nə yaman ev yıxan imiş?
Bəşərə nə yaman kəm baxan imiş?
Sel təki, su təki gur axan imiş,
İnsanın barına od taxan imiş,
Qəlbləri ah etdi,
Özünü şah etdi.
Yetmədi kimsənin dadına heç vaxt,
Ağladı əlində bu binəva baxt,
Gah insan bədbəxtdi, gah da ki, xoşbaxt,
Qurubdu bizlərdən ucada o taxt,
Sübhü sabah etdi,
Özünü şah etdi.
Heç kəsin canına yarımadı ki,
De, kimi darıtək arımadı ki?
Qəlblərin yarasın sarımadı ki,
Bizimtək ömür edib qarımadı ki,
Bizlə günah etdi,
Özünü şah etdi.
Titrətdi məkirlə dirəyimizi,
Qəmbərdən çıxartdı çörəyimizi,
O bildi dünyaya gərəyimizi,
İşlətdi saattək ürəyimizi,
Cana ürcah etdi,
Özünü şah etdi.
Bizləri özündən əziz tutmadı,
Adəmin xəmrini təmiz tutmadı,
Bu insan övladın heç unutmadı,
Məzarda adəmlə birgə yatmadı,
Haqqı Allah etdi,
Özünü şah etdi.
Bu fələk batırdı əcdadımızı,
Ağlatdı sinədə fəryadımızı,
Eşidə bilmədi imdadımızı,
Ürəkdə nə qoydu muradımızı?
Nə səcdəgah etdi?
Özünü şah etdi.
Bir kimsə pozarmı Rəbb əmirini?
Yuğurub hər cana tən xəmirini,
Çıxarmır bu fələk səs-səmirini,
Yazanda insana haqq ömürünü-
İşi mübah etdi,
Özünü şah etdi.
Bitməyir, Şadiman, şikayətimiz,
Sığmayır kitaba hekayətimiz,
Ağlayır bu könül vilayətimiz,
Həm gündüz, həm gecə qəm şayətimiz,
Fələklə vuruşmaq şücaətimiz,
Vaxtı silah etdi,
Özünü şah etdi.
16. 02. 2003
ÖMÜR - BƏXTİN AYNASIDI
Ömür-bəxtin aynasıdı,
Gah ucalar, gah alçalar.
İnsanlığın sonasıdı,
Həm toy qurar, həm əl çalar.
Zirvələrdən enməyi var,
Həm alışıb sönməyi var,
Tanrısına dönməyi var,
Ucalığa qanad çalar.
Yolda izdə, kamı qalar,
Masa üstə şamı qalar,
Sonda uçuq damı qalar,
Xəyallara köçün salar,
Ömür-Tanrı yazan zaman,
Allahından dilər aman,
Dizi Haqqa çökən zaman…
Rəbb bədəndən canı alar.
O bizlərə qoyulan vaxt,
Enən, qalxan, ucalan taxt,
Qısa, uzun belədi baxt,
Hər nəyi var fələk talar?
Ömür-haqdan bir müddətdi,
Ucalığa səadətdi,
Rəbbimizə ibadətdi,
Vaxtı bitdi köçün qalar.
Müddətliyik biz dünyada,
Ey Şadiman, gətir yada,
Gəlməz ələ versən bada,
Əcəl gələr əldən çalar!…
14. 02. 2003
İNSAN ÖMRÜ DOLU BADƏ
İnsan ömrü dolu badə,
İçildi puç oldu getdi.
Kim qalır ki, bu dünyada?
Gələn saçın yoldu getdi.
İlahinin əmri belə,
Can bədənin dəmri belə,
Bu beşgünlük ömrü belə,
Xəzan vurdu, soldu getdi.
Həyat bizə xoş əzabdı,
Gah sevinc, gah iztirabdı,
Əldən ələ keçən qabdı,
Hey boşaldı, doldu getdi.
Onu yazan fələk şahdı,
Bəxtimizə padişahdı,
Yerə, göyə nur-Allahdı,
Hər insan bir yoldu, getdi.
Ey Şadiman, könül almaz,
Şəfəqlərin üzə salmaz,
Ömür keçər sənə qalmaz,
Demə, günün boldu getdi.
21. X11. 2002
Dostları ilə paylaş: |