DÜNYA ŞEYTAN İÇİNDƏ
Acılarla kam edən,
Qəlbə dərdi dam edən,
Bədənlərlə şam edən,
Zalımlar can biçində,
Dünya şeytan içində.
Yıxılıb haqq guşəsi,
Kəsir nahaqq tişəsi,
Sınır ürək şüşəsi,
Artır iblis nəş’əsi,
Hamı niyə, neçində?
Dünya şeytan içində.
Yerdən göyə fəryaddı,
Can bədəninə yaddı,
Ağızlarda imdaddı,
Şər hər işdə abaddı,
Bəşər köçə-köçündə
Dünya şeytan içində.
Can üzülür ah ilən,
Vicdanlar günah ilən,
İllətlər sabah ilən,
Zaman keçə-keçində,
Dünya şeytan içində.
Rəbbim bizi yaratdı,
Canı bədənə atdı,
Vəhləri ağla qatdı,
Ondan kitab ucaltdı,
İmtahanı həyatdı!
Varı olan heçində,
Dünya şeytan içində.
İnsan qocalır niyə?…
Əllər uzanıb göyə,
Başına döyə-döyə,
Əzrayıl gəlir iyə,
Fələk seçə-seçində,
Dünya şeytan içində.
Şadiman, adəm yolu,
Fitnə-feyillə dolu,
Bağlanıb haqqın qolu,
Zaman bilmir sağ, solu,
Qanlar içə-içində,
Dünya şeytan içində.
30. X. 2003
CAHAN İBLİSLƏ DOLU
Hamı hamına ası,
Alır candan qisası,
İçir qan dolu tası,
Hər gün bəşərin yası,
Bağlanıb haqqın yolu,
Cahan iblislə dolu.
Çoxunun gözü qızıb,
Yolunu çoxdan azıb,
Haqqa quyular qazıb,
Özünü Allah yazıb,
Görməyir sağı, solu,
Cahan iblislə dolu.
Bir qisim ağlın öyür,
Acın başına döyür,
Haramı dəntək üyür,
Halal cibini yiyir,
Zənn etmir tikan kolu,
Cahan iblislə dolu.
Zalım çapır atını,
Göyün yeddi qatını,
Zamanın saatını,
Bilmir bata-batını,
Uzundu əli, qolu,
Cahan iblislə dolu.
Rəbb niyə səbrin basa?
Haqqı gözündən asa,
Bulud ağlar göy tasa,
Tökür göy leysan, dolu,
Cahan iblislə dolu.
Haqq qıranda qəfəsi,
Kəsilir şər nəfəsi,
Artır canın həvəsi,
Təzələnir səhfəsi,
Bəşər Allahın qulu,
Cahan iblislə dolu.
Ey Şadiman, nədir bəs?
Can eyləyir cana qəsd!
Ağlımız olmur sərbəst,
Edir bizi ömür məst,
Gəlib gedirik sərməst,
Bilmirik dünya ulu,
Cahan iblislə dolu.
31. X. 2003
AGILA BƏHƏR DÜNYA
Gələnə mehman olar,
Hamını bağra salar,
Kamıyla könlü alar,
Axıra özü qalar,
Ağıla bəhər dünya,
Ürəyə qəhər dünya.
Bəxtinlə avazlayar,
Sinədə pərvazlayar,
Girib qəlbdə yazlayar,
Qocaldın nasazlayar,
Ağıla bəhər dünya,
Ürəyə qəhər dünya.
Könlə sevdanı tapar,
Tale atınla çapar,
Büdrədin yolun sapar,
Əlindən canı qopar,
Ağıla bəhər dünya,
Ürəyə qəhər dünya.
Açdırar gül bağını,
Gətirər xoş çağını,
Qopardar can tağını,
Puç edər növrağını,
Ağıla bəhər dünya,
Ürəyə qəhər dünya.
Bədəndə canı güdər,
Ölənlə qəbrə gedər,
Hamını suçlu edər,
Hər ömrə ölçü, qədər,
Ağıla bəhər dünya,
Ürəyə qəhər dünya.
Bəşərin can dastanı,
Açılan gülüstanı,
Taxtdan salar sultanı…
Uru edər bostanı,
Ağıla bəhər dünya,
Ürəyə qəhər dünya.
İdraklarla savaşdı,
Gözdə qaynadı, daşdı,
Naqislə həddi aşdı,
Hər bədənə bir başdı,
Ağıla bəhər dünya,
Ürəyə qəhər dünya.
Gələnin suçu oldu,
Gedənin puçu oldu,
Ömrün son ucu oldu,
Vaxtın şər qıçı oldu,
Ağıla bəhər dünya,
Ürəyə qəhər dünya.
Ey Şadiman, ömrü tut,
Töküldü başına tut,
Sevdanı yaşına tut,
Çək gözün yaşına tut,
Ağıla bəhər dünya,
Ürəyə qəhər dünya.
15. 03. 2003
HAQQA NECƏ YETİRİM?
Alışıram içimdə kor olmuş istəklərə,
Ürəyim ağı deyir can verən diləklərə,
Dönürəm qasırğalı, davakar küləklərə,
Cəhd edirəm yetişim ünyetməz mələklərə,
Səsimi, nəfəsimi asimana ötürüm,
Bu dünyanın harayın haqqa necə yetirim?
Özümü kökləyirəm buludların zövqünə,
Çapır o xəyal atım səmaların fövqünə,
Çırpınır köks içində könül həyat şövqünə,
Alışır dəli ürək atəşinin sövqünə,
İstəyirəm cahandan əbədi əl götürüm.
Bu dünyanın harayın haqqa necə yetirim?
Gözümün çeşmələri qəlbimi boğur, eyvah,
Ürək həyat eşqinə yeni can doğur, eyvah,
Bədbəxtlikmi görəsən, yoxsamı uğur, eyvah?
Təzə canın eşqinə gəl təni yuğur, eyvah,
Könlümün bağçasında bir gülüstan bitirim,
Bu dünyanın harayın haqqa necə yetirim?
Mən səadət içində açılarkən solmuşam,
Sinəmin harayına tikan basmış yolmuşam,
Qəlbimin tellərini fəqanımla yolmuşam!
Öz amalı yolunda bir kəsilmiş qolmuşam,
Ürəyimin ağrısın hara salım itirim?
Bu dünyanın harayın haqqa necə yetirim?
İçimdə acılarım baş-başa verib yaşar,
Cahanın əzabıyla sinəmdə hicran daşar,
Bəşərin müsibəti gəlib başımdan aşar!
Ürəyimlə köksümdə əbədi qoşalaşar,
Özümdən min qat ağır dərdi hara götürüm?
Bu dünyanın harayın haqqa necə yetirim?
Canım tənimdən ası, tənim canımdan ası,
Bacarıb ala bilmir bir-birindən qisası,
Nə zamandı tutubdu ürək onlara yası?
Qalmışam aralıqda vallah sözün qisası,
Göylərə əl açıbdı hər misram, hər sətirim,
Bu dünyanın harayın haqqa necə yetirim?
Qaçım ağrı-acıdan mən hara daldalanım?
Bir fincanlıq su təki hansı kola calanım?
Nə qədər əzabların atəşinə qalanım?
Nə qədər öz içimdə zülümlərlə talanım?
Rəbbim, izn ver canı hüzuruna yetirim,
Bu dünyanın harayın haqqa necə yetirim?
Qəlbimin pəncərəsin qəhərlərim öpürlər,
Ürəyimin içinə niskillərin səpirlər,
Özlərin dəl-deşikdən içəriyə təpirlər,
Ömürün yollarına düşür izlər, ləpirlər,
Könlümə kölgə tutub mənim tale çətirim,
Bu dünyanın harayın haqqa necə yetirim?
Elə doğulan gündən dərdlə sevdalanmışam,
Ələmin süfrəsindən min cür qidalanmışam,
Ağrıma sultan olub, sanki ədalanmışam,
Ahım götürüb ərşi dərdə sədalanmışam,
Bürüyübdü aləmi qəmə nəş’ə ətirim,
Bu dünyanın harayın haqqa necə yetürüm?
Fəqanlarım dolaşır canla tən arasında,
Çırpınır saatlarım acı mən arasında,
Qəfəsdən uçan quşam, suyla dən arasında,
Ürəyim azıb qalıb duman, çən arasında,
Əzaba qul olmaqdan doyub daha xətirim,
Bu dünyanın harayın haqqa necə yetürüm?
Şadimana gah gülür, gah ağlayır bu tale,
Gah saralır tökülür, gah çağlayır bu tale,
Gah zülmətin içində çıraqlayır bu tale,
Gah ömür kitabını varağlayır bu tale,
Qoymur ki, can sevdasın sona qədər bitirim,
Bu dünyanın əzabın haqqa necə yetirim?
14. 03. 2003
Dostları ilə paylaş: |