CAN BİRLƏŞİB TƏN İLƏ
Can birləşib tən ilə,
Tənə peyman eyləyir.
Tutur ürəyi dilə,
Ona fərman eyləyir.
Sir qapısı bağılı,
Alır başdan ağılı,
Tükənməyir nağılı,
Vaxta fərman eyləyir.
Gecələr təndən uçur,
Tapıb yuxunu qucur,
Olur röyaları cur,
Könlü səhman eyləyir.
Vicdanları bəsləyir,
Şeytanı qəfəsləyir,
Qəm ilə nəfəsləyir,
Dərdi yaman eyləyir.
Can Rəbbin saf mələyi,
Sevdalıdı diləyi,
Hey coşdurur ürəyi,
Eşqə mehman eyləyir.
Uyur bə’zən iblisə,
Qapılır yaman hissə,
Alır üstünü qüssə,
Dərdi kaman eyləyir.
Gözü verir yuxuya,
Bülbül təki oxuya,
Düşür qara-qorxuya,
Şamı loğman eyləyir.
Can Allahın nidası,
Haqqdan gələn sədası,
Tükənməyir sevdası,
Rəbbə iman eyləyir.
Ey Şadiman, bu dünya,
Haqdan qurtulan röya,
Ya nəş’əyə, ya vaya -
Canı peşman eyləyir.
3. 04. 2004
YA YERDƏ, YA GÖYDƏMİ GİZLƏYİM BU QƏLBİMİ ?
Ürəyimdə dünyanın niskili qucaq-qucaq,
Ömrüm olub zamanın əllərində oyuncaq,
Hissim çaxmaq daşıdı, könlüm alışan ocaq,
Mənə hicran gətirir hər doğulan zalım çağ,
Dövran edən saatlar ömrün kərpic qəlbimi?
Ya yerdə, ya göydəmi gizləyim bu qəlbimi?
Ağlayır duyğularım həyatımın yasına,
Laxta-laxta qan qusur ağlım bağrın tasına!
Bürünüb yazıq sinəm zəkamın həyasına,
İlhamım idrakımın dönübdü qəvvasına,
Vücudumu titrədən Yaradanın təbimi?
Ya yerdə, ya göydəmi gizləyim bu qəlbimi?
Anlar qaçır əlimdən müşkülə düşmüş kimi,
Bəxt bülbülümün meyli yad gülə düşmüş kimi,
Çatdığım tale odu lap külə düşmüş kimi,
Rüzgarımın yelləri ağ tülə düşmüş kimi,
Nizam bilməz ayamlar yaşamağın həbimi?
Ya yerdə, ya göydəmi gizləyim bu qəlbimi?
Hər addım saxtakarlıq, hər addım zülüm, şivən,
Dilindən qandallanır nədəndir haqqı sevən?
Həyatın səhrasında, fələk, ömrümüz dəvən,
Yeyir bədəni pünhan hər can içində güvən…
Bu da haqqdan bəşərə Yaradanın dəbimi?
Ya yerdə, ya göydəmi gizləyim bu qəlbimi?
Ağlayır için-için gözlərim sabahına,
Batır yazıq anlarım saatın günahına,
Bürünübdü zamanım sinələrin ahına,
Əl açmada insanlıq qorxarkən Allahına…
Ömrün qürub çağından çıxan günəş qəlbimi?
Ya yerdə, ya göydəmi gizləyim bu qəlbimi?
Beyinin iblisinə qul olubdu ürəklər,
Başla sinə arası cövlan edir kələklər,
Şüurun dəyirmanı üydüyünü ələklər…
Gah hiyləyə, gah səyə əsir olur diləklər,
Şadimanın könlünü qəm yuyub, dərd bələklər,
Hisslərimə od vuran haqq göndərən nəbimi?
Ya yerdə, ya göydəmi gizləyim bu qəlbimi.
30. X11. 2003
HƏR GƏLƏN SABAHDA MİN HİCRAN YAŞAR
Hər gələn sabahda min hicran yaşar,
Hicrana düşənə ürək neyləsin?
Hər bədən içində sirli can yaşar,
Tənin damı uçsa dirək neyləsin?
Başın ağrısı var beyinimizdə,
Vaxtın dar libası əyinimizdə,
Ömür bir xurcundu çiyinimizdə…
Çiyindən düşəndə kürək neyləsin?
Şeytanla zəkamız savaş içində,
Hər cür ağrı, acı, qəm – baş içində,
Əzabdan gözümüz qan-yaş içində,
Vaxtsız xəzan olan dilək neyləsin?
Anların bağrında girlənir səbəb,
Günümüz boğazdan keçən acı həb,
Hər kiçik sualdan boylanır mətləb,
Günahları yazan mələk neyləsin?
Hamımız dünyanın qərib sakini,
Bitib tükənməyir sinənin kini,
Əldə oyuncaqdı Allahın dini,
Könlə ağrı verən fələk neyləsin?
Yaradan önündə yoxdan acizik,
Bir-birinin qəlbin dağıdan bizik,
Rəbbin qarşısında elə acizik,
Əzrayıl əlində ələk neyləsin?
Küllü-ixtiyarlı sananlar özün,
Tanrıdan gizləyə bilməyir üzün,
Hər kəsin könlünün əyrisin, düzün-
Aşikar eyləyən kələk neyləsin?
Günah çox olanda can ağırlaşır,
Beyindən ürəyə yol cığırlaşır,
Ağıl kökdən düşür çox fağırlaşır,
Əldən qısa olan bilək neyləsin?
Şadiman, sınaqlı hər ömrün anı,
Çalış günahlarla suvarma canı,
Allahdı damarda dövr edən qanı,
Bəxtimizdə əsən külək neyləsin?
19. X11. 2003
NİYƏ MƏNİ DOĞDUN, NİYƏ AY ANA?
Niyə məni doğdun, niyə ay ana?
Ağrıdan, acıdan qopa bilmirəm.
Qəlbimi salmışam soraq hər yana,
Özümü heç yerdə tapa bilmirəm.
Buludlar dolanda könlüm tutulur,
Üstümə dünyanın qəmi atılır,
Dərdin ən ağırı qəlbə çatılır,
Ömür yollarında çapa bilmirəm.
Diləklər hönkürür yaz yağışıtək,
Xəyalım uçunur qız baxışıtək,
Düşürəm çovğuna fəslin qışıtək,
Mən bu müsibətdən sapa bilmirəm.
Havalı misralar candan boylanır,
Ürəyim odlanır, başım haylanır,
Günüm aha düşür, dilim vaylanır,
Ələmi odumla qapa bilmirəm.
Neçin məni doğdun, ay ana, neçin?
Qəm yıxıb dağıdır könlümün için,
Canımı ahlardan qorumaq üçün,
Ruhuma bir qala yapa bilmirəm.
15. 03. 2003
YAXŞI ADAMLARI GƏLİN QORUYAQ
Yaxşı adamları gəlin qoruyaq,
Onların eşqinə durur bu həyat.
Allaha açılmış əlin qoruyaq,
Gah xeyrə, gah şərə vurur bu həyat.
Zalımlar artıqca vicdan kiçilir,
Ağlın hesabına ürək biçilir,
Gözlər baxa-baxa haqdan keçilir,
Şərə tacı-taxtı qurur bu həyat.
Yaxşı adamları sipər eyləyək,
Zülmün qabağına çəpər eyləyək…
Hər cana düzlüyü təpər eyləyək,
Ürəyi heç nədən qırır bu həyat?
Ey bəşər, bir düşün yolun haradı?
Yamanlıq edənlər üzüqaradı,
Hər bir müşkülünə iman çaradı,
Kimə qəm, kiməsə qürur bu həyat.
Yaxşı adamların zəkası bahar,
Dünyanın dərdindən ciyəri ahar,
Könlümün qanıyla qəm edir nahar,
Ağlıyla yuxudan durur bu həyat.
Bədəndə can deyil, mələk gəzdirir,
Haqqı yaşatmaqçın dilək gəzdirir,
Yaradanı sevən ürək gəzdirir,
Qəlbimin səsiylə vurur bu həyat.
Yaxşı adamları gəlin qoruyaq,
Duyğulu sevdasın cana sarıyaq,
Usanıb yaxşıdan pisi arıyaq,
Yoxsa hamımızı qırır bu həyat.
Şadiman tifili sanmayın dəli,
Haqqına uzanıb yetməyir əli,
Şərdən zədələnib insan təməli,
Ona min cür divan qurur bu həyat.
19. 02. 2004
Dostları ilə paylaş: |