DƏRD ÜRƏYİMİ YOXLADI
Dərd ürəyimi yoxladı,
Qaldı könüldə yuxladı,
Qəlbimin başın oxladı,
Bula bilmədim dərmanı,
Gəldi fələkdən fərmanı.
Sinəmdə ahım boğuldu,
Ahımdan hicran doğuldu,
Fəryadım ərşə dağıldı,
Qırdı könlünlə peymanı,
Gəldi fələkdən fərmanı.
Duyğularımı üşütdüm,
Zirvədən düzə düşürtdüm,
Bağrımda atəş bişirtdim,
Pozuldu canın səhmanı,
Gəldi fələkdən fərmanı.
Zülümlə vaxtı səslədim,
Büküb qayğımla bəslədim,
Əzabı ondan həslədim,
Ötdü Allahın zamanı,
Gəldi fələkdən fərmanı.
Nə silər qəlbdən acını?
Yolma boş yerə saçını,
Qoyma düşə can tacını,
Odur bədənin mehmanı,
Gəldi fələkdən fərmanı.
Şadiman, qəmi haylama,
Qəmin içində vaylama,
Zəmisin biçib taylama,
Ömrün tutub ox-kamanı,
Gəldi fələkdən fərmanı.
19. 02. 2004
AĞLAR GÖZƏ CAN GÖRÜNMƏZ
Göz üzülər yaş içində,
Ağlar gözə can görünməz.
Hər nə varsa baş içində,
Qəmə düşdün, yan, görünməz.
Sükut alar ürəyini,
Salar qəmə diləyini,
Dərd əsdirər dirəyini,
Ömür ötər, an görünməz.
Bulud gəlib göy dolanda,
Aləmi çaş-baş salanda,
Sübhün gözün yaş alanda,
Göy üzündə dan görünməz.
Duyğularım ötər yeltək,
Gurşad tutar, coşar seltək,
Qalar ürək təb ilə tək,
Gözümə heç yan görünməz.
Can bürünər bədən dona,
Şirin olar həyat ona,
Yetərkən hər ömür sona,
Nə şöhrət, nə şan görünməz.
Dünya dilsiz, insanlar qəlp,
Kərpic hasil eyləyər qəlb,
Savaş edər ağılla qəlb -
Aralıqda qan görünməz.
Şadimanı ey yad edən,
Bədənindən candı gedən,
Sinəsində fəryad edən -
Ürəyi şan-şan, görünməz.
17. 01. 2004
SƏHVLƏRLƏ DOLUDU İNSAN HƏYATI
Səhvlərlə doludu insan həyatı,
Heç səhvsiz həyatdan getmədi insan.
Keçdi əzablarla ömrün saatı,
Qəmsiz, fırtınasız ötmədi insan.
Ahıynan yandırdı dərəni, düzü,
Batırdı qanıyla gecə-gündüzü,
Dərddən və sevincdən ağladı gözü,
Haqq qoyan qanuna yetmədi insan.
Gah ağlı könülə vəfa eylədi,
Gah əğyara dönüb cəfa eylədi,
Qəminə qol açdı, şəfa eylədi,
Öz-özüylə yola getmədi insan.
Tökdü ağrısını dərdini, cana,
Ələm yağışların yağdırdı ana,
Bezdi həyatından yığıldı cana,
Düşdü tufanlara, itmədi insan.
Azdı yoxuşlarda enişi gəzdi,
Həyat dolayında dönüşü gəzdi,
Zirvələr eşqiylə genişi gəzdi,
Zirvədə əbədi bitmədi insan.
Doğuldu vicdandan hər gün Allahı…
Keçdi yeddi qatddan könlünün ahı,
Gecəsi yuxladı, açdı sabahı,
Dünyadan qadasız getmədi insan.
Nəfsi güc gələndə aləmi qatdı,
Çalışdı, şüuruyla qurdu, yaratdı,
Vicdanın savaşın içinə atdı,
Ağlına bir çarə etmədi insan.
O vəhşi xislətdən qopa bilmədi,
Tanrıtək hər yerdə çapa bilmədi,
Ölmünə bir əlac tapa bilmədi,
Heç vaxt Yaradanı ötmədi insan.
Doğuldu, mincürə dinlər yaratdı,
Guya haqq yolunda aləmi qatdı,
Belinə üstbəüst günahı çatdı,
Allahın yanından ötmədi insan.
Duyarkən ölümlü bir həyatdasan…
Ömürün mindiyi tale atdasan,
Haqqına köklənmiş bir saatdasan,
Bəs niyə qırğınlar bitmədi, insan? !…
18. X. 2004
EY DİLİ QAFİL
Mənə yazma deyən, ey dili qafil,
Ürəyim coşanda yazmasam olmur.
Ötkəm duyğuların necə naqafil?
Ömrün tufanında azmasam olmur.
Səadət gətirmir hər gələn səhər,
Birinə nəş’ədi, birinə qəhər,
Vururam günləri başa birtəhər,
Dərdimə məzarı qazmasam olmur.
18. X. 2004
YENƏ DOLUB BOŞALIRSAN
Yenə dolub boşalırsan,
Dəmdən dəmə düşən könül.
Ya coşub, ya yumşalırsan,
Qəmdən qəmə düşən könül.
Yoxuşları azma belə,
Tənə məzar qazma belə,
Günə tufan yazma belə,
Çəmdən çəmə düşən könül.
Ürək əsdi tel üşütdün,
Təb ağladı tel üşütdün,
Gözlərimdə sel üşütdün,
Nəmdən nəmə düşən könül.
Dəm tutmusan harayıma,
Od düşüb can sarayıma,
Dur, gəl daha qəlb vayıma,
Bəmdən bəmə düşən könül.
Ürəyimi çox çalxatdın,
Başda ağlı nə laxlatdın?
Sevinc dərib qəm qoxlatdın,
Kəmdən kəmə düşən könül.
Bu başım qeylü-qaldadır,
Ömür ötür, gün aldadır,
Gah zəhər, gah da bal dadır,
Təmdən təmə düşən könül.
Şadimanı can qoxutmaz,
Bülbültəki dil oxutmaz,
Mənim işim sənlə tutmaz,
Həmdən həmə düşən könül.
6. X. 2004
ÜŞÜYÜRƏM ÇƏN ALTINDA
Üşüyürəm çən altında,
Çənim belə ötüb keçməz.
Ağrılarım tən altında,
Əlim ona yetib keçməz.
Sevda gülün dərmədilər,
Qəmin qolun gərmədilər,
Ürəyimi görmədilər…
Ora düşən itib keçməz.
Dərd gələndə illə gələr,
Gözdə yaşı sellə gələr,
Qəlbə ağrı dillə gələr,
Hə çalışsan bitib keçməz.
Hər ağrıda bir can yaşar,
Yaşadıqca mənalaşar,
Hər doğulan fənalaşar…
Haqq bağrında bitib keçməz.
6. X. 2004
NEFTÇİ MÜHƏNDİSİN YUXUSU
İşdən yorğun gəlir neftçi mühəndis,
Gəlir ürəyinə sanki məchul hiss.
Ötür saatların karvanı belə,
Alır caynağına hər anı belə.
Yeməmiş, içməmiş yatağa keçir,
Yorğun gözləriylə yuxunu içir,
Ayrı bir dünyanın sehrinə düşür,
Gözəl insanların mehrinə düşür.
Yuxuda görür ki, carçı hay salıb,
Səsini sabahdan başına alıb,
Milləti meydana səsləyir şövqlə,
Könlü dilə gəlib dillənir fövqlə.
Elə cuşələnir xəlq bu Vətəndə,
Canları oynayır bədəndə, təndə.
Hamı vicdanına and içir ki, bəs,
Bir kimsəyə rüşvət verməsin bir kəs…
And-amand edilir peyman bağlanır,
Millətin qüruru haqqa çağlanır.
Aylar saatlanır, əyam ötüşür,
İçilən and, sanki yerinə düşür.
Rüşvətin sehiri azalır, müdam,
Adam hiss eləyir özünü adam.
Məmurlar oturub öz kürsüsündə,
Tamah at oynadır qəzəb səsində.
Hey gəlirlər işə hər səhər, erkən,
Qəlblərin bürüyüb nə zamandı çən?
O ümidsiz gözlər qapını pusur,
Rüşvətə açılan qapılar susur.
Fəqət, öz qınına çəkilir millət,
Boğur məmurların ürəyin illət.
Heç kəs vəzifədə olmaq istəmir,
Daha bu şəkildə qalmaq istəmir.
Varlı fakültələr qiymətdən düşür,
Bağları bar vermir, nemətdən düşür.
Kəsilir rüşvətin kökü Vətəndən…
Vicdanlar boylanır şövqüylə təndən.
Haaqa yetmək üçün hamı tələsir,
Bu arzu eşqiylə qəlbləri əsir.
Bütün məmləkətdə haqq çiçəkləyir,
Düzlük, mərdanəlik lap gerçəkləyir.
Yaradan tanıyır Azərbaycanı,
Allahın yanında pak olub canı.
Azalır millətin ahı, naləsi,
Şadlıqla çağlayır can piyaləsi!
Hamının üzündə səadət gəzir,
Bədən şükür edir can haqqa nəzir.
Sevdalar içində yaşayır Vətən,
Bəxtəvər bir həyat daşayır Vətən…
***
Yuxudan oyanır mühəndis qalxır,
Qan tərin içində otağa baxır.
Açır pəncərəni boylanır çölə,
Bir diqqət kəsilir bu xalqa, elə.
Görür həmən hamam, həmənki tasdı,
Görür həmən kəfən, həmənki yasdı…
Əllərin göylərə tutur kədərlə,
Ahi-fəqan adir yenə qədərlə!
16. X1. 2004
Dostları ilə paylaş: |