RÜŞVƏTƏ PƏRƏSTİŞ
Hər xalq bu dünyada adın daşıyır,
Öz keyfiyyətinin dadın yaşayır.
Bizim xalqın da öz cəhətləri var,
Ağlında min cürə qəhətləri var.
Azalıb mənəvi dünyaya eşqi,
Kasıblardan qopan min vaya eşqi.
İndi bu millətin bədəndə canı,
Oxşayır rüşvətlə kürsü tutanı.
Onun arvadına pərəstiş edir,
Vəzifə adına pərəstiş edir.
Altında maşina pərəstiş edir,
Mənasız yaşına pərəstiş edir.
Toyda, yasda, toyda öyülür adı,
Fəxirlə anılır özü, övladı.
Bütün məclislərdə çəkilir başa,
Gəlir ağızlarda, dillərdə cuşa.
Elə ki, yıxıldı kürsüdən yerə,
Zirvəni qurd təki ovladı dərə,
Baxışlar dikilir təzə məmura,
Əllər çəpik çalır, ağızlar ura!
Təzə rüşvətxorun atı işləyir,
Haram tikələri elə dişləyir.
Az zaman içində ev, maşın alır,
Millətin qəlbinə təzə iz salır.
Yenidən təriflər köklənir, qalxır,
Gözlər gəlişinə həsədlə baxır…
Öyülür maşını, evi bağçası,
Dolur rüşvət ilə dolur boğçası.
Rüşvətə pərəstiş bu xalqın canı,
Aləmə tanıdır Azərbaycanı.
Hər xalq bu dünyada adın daşıyır,
Öz keyfiyyətinin dadın yaşıyır…
16. X1. 2004
BÖYÜK ƏMƏLLƏRİN YAŞAR ELLƏRDƏ
Məşhur xeyriyyəçi Bakıı milyonçusu Zeynalabdin Tağıyevin ruhuna…
Böyük əməllərin yaşar ellərdə,
Adın nəsil-nəsil gəzər dillərdə,
Sən xalqın, millətin dayağı oldun,
Bu ana Vətənin mayağı oldun.
Yurduna sərf etdin varı, sərvəti,
Künclərə dürtmədin pulu, dövləti.
Atalıq eylədin imkansızlara,
Fəqir-füqəraya çox kamsızlara.
Çəkdin şollar suyun Bakıya bir vaxt,
Su deyən dilləri eylədin xoşbaxt.
O qız gimnazyanın adı ucaldı,
Mövhumat üstündə qələbə çaldı.
Teatr, dəyirman, fabrika açdın,
Millətin qəlbində günəştək saçdın.
İlahi tökdükcə başına pulu,
Sən onun əyilib olmadın qulu…!
Millət atasıtək tanındı adın,
Ucuz təriflərə əsir olmadın.
Şimaldan cənuba gəzdi sorağın,
Yandı məmləkətdə qeyrət çırağın.
Tikdiyin binalar Bakının gözü,
Hər biri tarixdi bunların özü.
***
Ey Vətən aşiqi, millət dayağı,
Varmı xeyriyyəçi səninsayağı?
Sərf etsin varını, pulunu elə,
Həkk olsun əbədi ağıza, dilə.
Sən ellər atası, ellər sevinci,
Millətin içində parlayan inci.
Pulunla, varınla öyünmədin heç,
Yabançı hisslərlə döyünmədin heç.
Vətənə xidmətdə oldun əbədi,
Qurdun könüllərdə sevda mə’bədi.
***
İmperya çökəndə istiqlal gəldi,
Bayraqlı ulduzlu pak hilal gəldi,
Fəqət bu səadət çəkmədi uzun,
Keçdi caynağına ölkə quduzun…
Vətənin üstünü aldı fəlakət,
Bir gün yasa batdı ana məmləkət.
Torpaq da, diyar da çox qanlar içdi…
Qırmızı terrorun əlinə keçdi.
Varını taladı gədə-güdələr,
Elə çalışdılar zülüm edələr.
Mərdəkanda bağa sığındın o vaxt,
Qaldın cəlladların əlində bivaxt.
Canına toxunub dəyməsələr də,
Üzdə mənliyini əyməsələr də,
Könlünün sutunu uçdu töküldü,
Bütün diləklərin içdən töküldü.
Sən atıb getmədin yurdu, Vətəni,
Qucdu ana torpaq müqəddəs təni.
Məzarın Mərdəkan elində yatır,
İşığın günəşin özünə çatır.
Bir el atasıtək dillərdə qaldın,
Tarixin özünə sən zəfər çaldın.
3. X1. 2004
NƏ YAZ BİLDİN, NƏ QIŞ BİLDİN
Nə yaz bildin, nə qış bildin,
Ağrıya qul olan könlüm.
Hə ağrını tanış bildin,
Bulud təki dolan könlüm.
Quşlar qatar bağlar keçər,
Dolar gözüm ağlar keçər,
Bu tilsimli çağlar keçər,
Xəzan olub solan könlüm.
Nə havalı boylanırsan?
Gah gülüb, gah vaylanırsan,
Çox dövrəmdə haylanırsan,
Məni məndən alan könlüm.
Sevda gülün dər söylədim,
Həsrətimi gər söylədim,
Mən ki, sənə ər söylədim,
Heydən düşüb qalan könlüm.
Hər bədəndə can arama,
Ötən günə an arama,
Pətək yoxsa şan arama,
Heç nə deyil yalan könlüm.
Şadimanı zar etdilər,
Acılara yar etdilər,
Hər fəqanda var etdilər,
Nə titrəyir qalan, könlüm?
BU CANLA MEHMAN ETMƏ
Ey təbib, bu canıma,
Sidqini dərman etmə.
Gəl yetiş ünvanıma,
Özgəni loğman etmə.
Qəm yeli əsdi mənə,
Nə imiş qəsdi mənə?
Səvabın bəsdi mənə,
Dərdinə dərman etmə.
Ey təbib, can ağlayır,
Ahımdan qan ağlayır,
Göydə leysan ağlayır,
Ağrımı səhman etmə.
Yox bir kəsə gumanım,
Kəsilibdi amanım,
Ötmür hicran zamanım,
Kənardan fərman etmə.
Ey təbib, könül siri,
Gah ölü, gah da diri,
Ələnir dərdin kiri,
Onunla peyman etmə.
Bu canın yox əlacı,
Sarınır bağra acı,
Düşübdü başdan tacı,
Gəl ona səhman etmə.
Ey təbib, ruhumu al,
Fələyin qoynuna sal,
Ərisin bu qeylü-qal,
Dərdlərimə şan etmə.
Şadiman aha batıb,
Bağrına ələm qatıb,
Madam ki, bəxti yatıb,
Bu canı mehman etmə.
30. X. 2004
DAĞ DAĞA SÖKƏNƏNDƏ
Dağ dağa sökənəndə
Dağda tufanlar olmaz.
Yer qəfil heykənəndə
Tənlərdə canlar olmaz.
Fələkdən qopan huysa,
İnsan insanı duysa,
Haqqın səsinə uysa
Soyuq vicdanlar olmaz.
Qəlbdən çıxan ah nədi?
Bu qədər günah nədi?
Deyilsə, Allah nədi?…
Haqqı qananlar olmaz.
Yerdən göyə vay çıxsa,
Çox düşüncə zay çıxsa,
Ağıl şərə tay çıxsa,
Xoş gələn anlar olmaz.
İdrakın yolu haqqa,
Edirlər şaqqa-şaqqa,
Dözülməsə nahaqqa
Cana divanlar olmaz.
Hamı bəşər övladı,
İnsan deyilir adı,
Şərin çıxsa fəryadı-
Tökülən qanlar olmaz.
17. X. 2004
Dostları ilə paylaş: |