Кяримбяйли ширин ханым


BİR DUYĞUDA MİN BİR HİCRAN YAŞAYIR



Yüklə 8,79 Mb.
səhifə49/92
tarix27.12.2018
ölçüsü8,79 Mb.
#86518
1   ...   45   46   47   48   49   50   51   52   ...   92

BİR DUYĞUDA MİN BİR HİCRAN YAŞAYIR

Bir duyğuda min bir hicran yaşayır,

Həddi böyük, qüdrəti çox, sözü yox.

Hər bədəni gəzdirən can yaşayır,

Ruhu güclü, həddi uca, üzü yox.
Başdan gəlir hər bir hiylə, hər günah,

Ürəklərə o dur verən qüssə, ah,

Gecə yoxsa, hardan gəlir al sabah?

Günəş batsa, bu dünyanın gözü yox.


Bağır qanı torpaqlarda yuvadı,

Ciyərləri dilşad edən, havadı,

Yaman gündə dildən qopan, duvadı,

Yaxşı günə nə astarı, üzü yox.


Ömür bizim arxamızca sürünür,

Gah günəşə, gah dumana bürünür,

Hər zirvəyə bir uçurum görünür…

Uçurumdan xilas üçün düzü yox.


Çox təriflər endi düşdü ağızdan,

Çox yalanlar donun biçdi kağızdan,

Dil ötəndə dodaq tuti, ağız dan,

Qəlb içində yer eyləyən, izi yox.


Yolu vardı ürəklərə qadanın,

Bugünü var, sabahı yox nadanın,

Şadimanın ağlatmayın siz canın…

Onsuz da ki, bu dünyada gözü yox.

17. X. 2004

SEVİNCİN BƏXTİ AZDI

Sevincin bəxti azdı,

Kədərə bac verməyin.

Ömrə bir dəfə yazdı,

Ağrıya tac verməyin.
Duyğuda duyğu yatır,

Könlü dəryaya atır,

Hiss ki, aləmi qatır,

Ona əlac verməyin.


İnsan ömrü çox qısa,

Qoymayın batsın yasa,

Qəlb özün niyə qısa…?

Dərdə rəvac verməyin.


Başdan keçir əzablar,

Könlə edir xitablar,

Qəm çəkən necə tablar?

Zülmə əlac verməyin.
Biz kainat köləsi,

Ağla düşür şö’ləsi,

Hər doğulan öləsi…

Şərə xərac verməyin.


Bu dünyanı sirr bilin,

Hər əzabın kir bilin,

Şadimanı kür bilin,

Təbə me’rac verməyin.

17. X. 2004

YERLƏ GÖYÜN SAVAŞI

Yerlə göyün savaşı,

Axır gözünün yaşı,

Aynamayır heç başı,

Kim aqil, kim də naşı?

Ağrıya baş olmayır,

Heç biri daş olmayır.
Hikkəsi andan çıxır,

Vuruşu qandan çıxır,

Qüruru şandan çıxır,

Fitvası candan çıxır,

Necə təlaş olmayır?

Heç biri daş olmayır.


Yerlə göyün şəri çox,

Zinəti bol, zəri çox,

Gönü qalın dəri çox,

Hələ dərdi-səri çox,

Hər gözü yaş olmayır,

Heç biri daş olmayır.


Hər tərəfində dava,

Zəhərlidi su, hava,

Yetmir haqqına duva,

Dağılır min bir yuva…

Dilində kaş olmayır,

Heç biri daş olmayır.


Göyü yerə dam edən,

Hər dam içrə şam edən,

Birini nakam edən,

O biriylə kam edən,

Ah, başabaş olmayır,

Heç biri daş olmayır.


Bitmir şərin zavalı,

Başı olan havalı,

Fırlanır yerin valı,

Nə çalır dəf, qavalı?

Göz üstə qaş olmayır,

Heç biri daş olmayır.


Bitməyir yer, göy qadan,

Zülüm edir can odan,

Yanır haqqını dadan,

Bilmirəm, ey Yaradan,

Tamam təraş olmayır,

Heç biri daş olmayır.

17. X. 2004

ƏLDƏN GETDİ ZAMANLAR

Əldən getdi zamanlar,

Qayıtmağa guman yox.

Dövran məni yamanlar,

Hər kamalda iman yox.
Dilə şələ çatdılar,

Yola tələ atdılar,

Nə aləmi qatdılar?

Taqət gedib, aman yox.


Eşqə bir ünüm olmaz,

Gələn xoş günüm olmaz,

Bu dərddən dönüm olmaz,

Yaxşı batıb, yaman yox.


Bulud qan piyaləsi,

Gurşadı ah-naləsi,

Öldü çölün laləsi,

Halına əl-aman yox.


İnsanın min bir üzü,

Gecənin bir gündüzü,

Necə durur yer üzü?

Yaradana iman yox!…


Başı taca şah edən,

Bu tacla günah edən,

Özünü Allah edən…

Yerlə göyü ah edən,

Ölüm gəldi – dərman yox.
Hər zülüm puçdu, vallah,

Çox taxtlar uçdu, vallah,

Bu necə suçdu, vallah?

Xilasına loğman yox…

17. X. 2004


ÜRƏYİMDƏ PƏRVAZ EDƏN
Ürəyimdə pərvaz edən,

Gah hicrandı, gah da ələm.

Qəmlə min bir avaz edən,

Gah bu candı, gah da naləm.


Yerin, göyün əsiriyəm,

Dərdlərimin qəm siriyəm,

Nə ölüyəm, nə diriyəm?

Gah qəlb yandı, gah da aləm.


Əzablara edam gəlir,

Uzaqlardan sədam gəlir,

Ah içində sevdam gəlir,

Gah tikandı, gah da laləm.


Təbim gəlib çıraq üstə,

Bu Şadiman soraq üstə,

Əlim gəzən varaq üstə,

Gah sükandı, gah da qələm.

17. X. 2004

HAQQ BİLSƏYDİ NƏ ÇƏKİRƏM

Haqq bilsəydi nə çəkirəm,

Belə oda düşməzdi heç.

Gözlərimlə qan əkirəm,

Ümidlərim olubdu heç.
Dərya könlüm haçalanıb,

Tufanına boyanıram.

Yuxum ərşə ucalanıb,

Ah, vay ilə oyanıram.


Hər saata bir ah düşür,

Ağrılara baş oluram.

Gözlərimdən sabah düşür,

Zülmətimə daş oluram.


Başdan aşır həyacanım,

Atəşində qovruluram.

İsinməyir nə bu canım?

Nə də göyə sovruluram?


Zülmət boğur sabahımı,

Diləklərim düşür kökdən.

Axtarıram dərgahımı,

Şimşək qopur göydə bərkdən.

Buludların gözü daşır,

Bəbəklərin yuyur yağış.

Dərdim gəlib başdan aşır,

Ürəyimə salır naxış.


Sıxır məni bu yer, bu göy,

Candan qaçan tən kimiyəm.

Nə taqət var, nədə ki, hey,

Vaxtsız düşən çən kimiyəm.


Haqq bilsəydi nədir həyat?

Bu həyata bar olmazdı.

Hiylə təzə, hiylə boyat,

Binəsindən var olmazdı.

17. X. 2004

ÜRƏYİMDƏ YENƏ HƏSRƏT ÇAĞLAYIR

Ürəyimdə yenə həsrət çağlayır,

Dəryasında bata-bata düşmüşəm.

Ruhum, canım aləmləri bağlayır,

Dövrəsində neçə qata düşmüşəm.
Uçdu getdi istəklərim ün kimi,

Zaman məni çox əyirdi yun kimi,

Dəyirmanda çəkdi daşa un kimi,

Fırlandıqca min bir qata düşmüşəm.


Haqqın gözün çıxardıblar yuxuda,

Qırılıbdı yerin tale oxu da,

Hər anımız elə qara-qorxuda,

Bilməm necə bu həyata düşmüşəm?…


Əzablarım zamanımı suçladı,

Ah daraldı, günüm yaman puçladı,

Dərdin oxu ürəyimi ucladı,

Nişanına yata-yata düşmüşəm.


Ömür ötür ağlımızı hallayır,

Ayağını boynumuza sallayır,

Anı verir sanyələri dallayır,

Bəxtəvərəm, nə büsata düşmüşəm?


Ulduzların köz-köz bağrı çatdadı,

Axşam düşüb zülmət yenə atdadı,

Ay gecənin biləyini qatdadı,

Allah, necə xoş saata düşmüşəm?


Səyyarələr göydən yenə göz eylər,

Ürəyimdə ocaq çatar, köz eylər,

Ah, me’racdan bir səs mənə döz eylər,

Haqq buyurub kainata düşmüşəm.

17. X. 2004


Yüklə 8,79 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin