TALEYİN QƏRİBƏ OYNUNA DÜŞDÜM
Doğuludm, dünyanın qoynuna düşdüm,
Taleyin qəribə oynuna düşdüm.
Ötüşdü fırtına içində anlar,
Artdı çəkişmələr, artdı divanlar,
Gecəm sabahıma amanə gəldi,
Həsrətim ahımdan imanə gəldi.
Dodağım könlümün naləsin uddu,
Dilim ağrıların ipini tutdu.
Ömrün əzabları qor oldu getdi,
Nəş’əm qəmə düşdü kor oldu getdi.
Görmədim kimsədən bir pasibanlıq,
Nə anın sevincin, nə mehribanlıq?
Ürəyim züy tutdu hər gileyimə,
Əridi şam kimi canım heyimə.
Könlümün ağrısı gözümdən keçdi,
Ömrün dolayları dizimdən keçdi.
Dərdi-sər içində göynədi qıştək,
Vaxtın civarında buzu naxıştək.
Özümdən, sözümdən doğuldu ahım,
Mənə hicran verdi açan sabahım.
Qüssədən yaratdı məni Allahım,
Bilmirəm, bilmirəm nədir günahım?
Doğuldum, dünyanın qoynuna düşdüm,
Taleyin qəribə oynuna düşdüm.
4. X11. 2004
YENƏ KÖNLÜM CİLVƏLƏNDİ
Yenə könlüm cilvələndi
Cilvəsi hər andan keçdi.
Ürəyimə qor ələndi,
Od-alovu candan keçdi.
Atəşimə yandı aləm,
Gəldi dağdan, daşdan naləm,
İçimdə toy qurdu ələm,
Ağrıları qandan keçdi.
Səadətə çıraq tutdum,
Qəmi ondan qıraq tutdum,
Qələm alıb varaq tutdum,
Üz çevirib yandan keçdi.
Təbim gecəm üstə çökdü,
Sinəsini yırtıb sökdü,
Pətəyimə şirə tökdü,
Arı təki şandan keçdi.
Vaxt zamandan qopan daşdı,
Saniyələr seltək daşdı,
Gün ömrümlə çox savaşdı,
Yenə ağıl qandan keçdi…
Tale durdu yolda şəstlə,
Əl eylədi mənə qəsdlə,
Pıçıldadı elə pəstlə,
Pıçıltı hər yandan keçdi.
Heç yanlışı yox röyanın,
Ömrün qırar qəm duyanın…
Ey Şadiman, bu dünyanın
Üzü min bir dondan keçdi.
4. X11. 2004
ÜRƏKDƏ HİCRAN ƏZABI
Ürəkdə hicran əzabı…
Dildə həsrətin iztirabı.
Gecəm gündüzümün ağrı beşiyi,
Çəkir gözü yaşla dolu ürəyimə keşiyi.
Zülümlər bağrımı dəlir,
Üstümə dünyanın qəm karvanı gəlir.
Saat ağır-ağır yırğalanır.
Ömürdən ötən saniyələri danır.
Sükunət ələnir göydən başıma,
Bürünürəm can təlaşıma.
Haqqa minnətçi oluram,
Kipriyindən nəm tökülən bulud təki doluram.
Şimşəklər çaxır sinəmdə,
Elə bu dəmdə,
Oğrun-oğrun ürəyimə boylanıram,
Qəlbimi kabab etmiş ağrılarıma vaylanıram.
Canım boğazdan yuxarı qaçır,
Səmaya yol açır.
Qəmlərimə qırpınır,
Qanadı qırılmış quş təki çırpınır.
Tərk edib getmək istəyir məni,
Tutur yolumu bəxtimin çəni.
Ağrılarıma qul olur,
Xəyalıma çul olur.
Təntiyə-təntiyə vücuduma çəkilir,
Gözümdən ahı tökülür.
Yenidən varlığımla sevdalanır,
Kədərimlə qidalanır.
Ürəkdə hicran əzabı,
Dildə həsrətin iztirabı…
30. X11. 2004
NƏDİR BƏŞƏRƏ QALAN, RƏBB EŞQİYLƏ YANMASA?…
Bu dünya hicran dolu ağrıların açarı,
Dərə-təpəyə salır zülümlərdən naçarı,
Ömrü qılınctək kəsən zaman haqqın uçarı,
Doğulub-ölən bəşər vaxta doğru qaçarı,
Pislik qəlbdən yan keçər qəlb pisliyi anmasa,
Nədir bəşərə qalan Rəbb eşqiylə yanmasa?…
Hər dəryanın sevgisi fırtınadan doğarkən,
Qasırğa iblis təki dalğaları boğarkən,
Bu vəhşətdən diksinib şimşəklər qan sağarkən,
Buludun gözlərindən seltək gurşad yağarkən,
Can təndə heyrətlənib bu dəhşəti anmasa,
Nədir bəşərə qalan Rəbb eşqiylə yanmasa?…
Hərə dərrakəsinin zəkasından boylanır,
Çox düşünən beyinlər ah içində vaylanır,
Fırlanır gidi cahan vaxt əlində haylanır,
Dünyaya ayaq basan adam təki saylanır,
Bədəndə baş gəzdirən əgər bunu qanmasa…
Nədir bəşərə qalan Rəbb eşqiylə yanmasa?…
Hər zalımın canında günahların gözü var,
Pislik şərdən doğulub şərin min bir üzü var,
Dünyadan gedənlərin bu dünyada gözü var,
Can bədəndən çıxanda ruhun sirli özü var…
Sağ ikən vicdanına qul olub dayanmasa,
Nədir bəşərə qalan Rəbb eşqiylə yanmasa?…
Zülüm həddini aşıb dağdan, daşdan ahlanır,
Vicdanı təmiz olan vicdançın günahlanır,
Şişir sinədə ürək ağrıyla sabahlanır,
Yer dözmür əzablara gündə min yol laxlanır,
Zəka qalxıb ayağa haqqına oyanmasa,
Nədir bəşərə qalan Rəbb eşqiylə yanmasa?…
Bu sərvət, bu cah-cəlal cana yağı kəsilir,
Haqqın qulu, bəndələr, haqqın əli kəsilir,
Ömür canın ölçüsü üstündə nə əsilir?
Dünya elə fırlanır gələn-gedəni silir,
Təb coşmaz, ey Şadiman, ağrıya boyanmasa,
Nədir bəşərə qalan Rəbb eşqiylə yanmasa?…
19. X11. 2004
MƏNİ CANDA GƏZƏN FƏLƏK
Məni canda gəzən fələk,
Canım sənin əlindədi.
Ürəyimi üzən fələk,
Acı-şirin dilindədi.
Hay salaram hayım gəlməz,
Ötən ilim, ayım gəlməz,
Bir yol haqqı-sayım gəlməz,
Hər əzabın əlindədi.
Buludların nə toqquşdu?
Dərdlərimə nəğmə qoşdu,
Şimşəklərin nədən boşdu?
Gurşadların selindədi.
Yerdə, göydə nə bürküdü?
Bu gələn qorxu-hürküdü,
Bədənimdə can kürküdü,
Titrəməsi yelindədi.
Fələk, canı eşq eylədim,
Bu eşqinlə məşq eylədim,
Ürəyimə əşk eylədim,
Hər fəryadı telindədi.
Ağlımızı əsir etdin,
Hissimizə qəsir etdin,
Ruhla bağlı nə sir etdin?
Can yükümüz belindədi.
19. X11. 2004
BÜTÜN ARZULARIM QALDI ÜRƏKDƏ…
Bütün arzularım qaldı ürəkdə…
Ağrıyan ruhuma can tapılmadı.
Diləklər asılı durdu dirəkdə,
Xilasa çırpındım an tapılmadı.
Ağlım ürəyimə fəryad eylədi,
Hər aha düşəndə min dad eylədi,
Yerlərə, göylərə imdad eylədi,
Dondu damarlarım qan tapılmadı.
Hıçqırdı zamanın yoxuşunda baxt,
Qul oldu əmirinin hökümünə vaxt,
Mən bal arısıtək çırpındım hər vaxt,
Onun pətəyinə şan tapılmadı!…
19. 09. 2004
Dostları ilə paylaş: |