QOPDU ÜRƏYİMDƏ PAYIZ KÜLƏYİ
Qopdu ürəyimdə payız küləyi,
Könlümün atəşin yellər apardı.
Fəryadım oxladı qəlbdə diləyi,
Onun harayını ellər apardı.
Hər anın acısın daddıqca daddım,
Ağrını sinəmin içinə qatdım,
Yatmış duyğuları eşqlə oyatdım,
İztirab acısın tellər apardı.
Can ahdan xoflandı, ürək qüssədən,
Dərd dönüb dağ oldu hissə-hissədən,
Buludlar çaxnaşdı odu busədən,
Şimşəyin alovun çöllər apardı.
Hicranım ah dedi, vüsalım sabah,
Səhərlər içimdən doğdu min günah,
Can bərkə düşəndə dil dedi: « Allah! »
Sinələr fəqanın dillər apardı.
Şadiman, nədir ki, candan ayrılan?
Xəncərtək sıyrılıb qından ayrılan,
Zamandan sıçrayıb andan ayrılan,
Hər insan ömrünü illər apardı.
19. 09. 2004
QADINLAR
Cahanın ən incə, gözəl varlığı,
Dünyanın xoşbəxtlik üzü, qadınlar.
Bütün insanlığın əzəl varlığı,
Hər açan ömıürün özü, qadınlar.
Zərif çiçəklərdi – rüzgardan solar,
Sevincdən çağlayar, kədərdən dolar,
Gözləri ümidin yolunda qalar…
Həyat ocağının közü, qadınlar.
Bəşərin ən ağır yükün çəkərlər,
Hər ağrı-acını qəlbə tökərlər,
Könül bağçasında dilək əkərlər,
Həyatın bəzəyi, gözü, qadınlar.
5. 03. 2004 / Pirallahı
PİSLİK GÜNAHDAN GƏLİR
Pislik günahdan gəlir,
Ağrılar ahdan gəlir,
Əcəl Allahdan gəlir,
Bunu bilən insanın,
Fələk qoruyar canın…
5. 03. 2004 / Pirallahı
Döyürsən qapımı yenə, təzə il,
Üzündə həm kədər, həm nəş’ə vardır.
Nədir müjdələrin söylə bizə il?
Zaman ömrümüzə adınla yardır.
Hyatın hər üzü cana bahardır!
Zamanın çarxları an üstə ötür,
Bədənin varlığı can üstə ötür,
Bəşərin şüuru qan üstə ötür,
Etdiyi günahlar Tanrıya xardır.
Həyatın hər üzü cana bahardır!
Adəm yaranışdan diləyə möhtac,
Ağla inqilab et, tap ona əlac,
Çağlat şadlığıını, qəmə vermə bac,
İnsan Rəbb bağında ətirli bardır.
Həyatın hər üzü cana bahardır..!
Döyürsən qapımı işvə, naz ilə,
Alaram könlüvü xoş avaz ilə,
İnsan zəkasında elə yaz eylə,
Deyilsin bu ilin könlü gülzardır.
Həyatın hər üzü cana bahardır..!
Yaşanan anlarım həyat nağılı,
Xeyrin hesabına çağlat ağılı,
Nədən üzümüzə haqq sirri bağlı?!…
Səadət içində nə ahi-zardır?
Həyatın hər üzü cana bahardır..!
Təzə il ürəyi doldurma ahla,
İnsan ümidləri bağlı sabahla,
Yolun uğurlanır Böyük Allahla,
Bu yolda həm günəş, həm buzlu qardır.
Həyatın hər üzü cana bahardır..!
Təzə il, fitnəyə qapını açma,
Arzuya qanad ver, kədərə qaçma,
Sevda göyərçinim, əlimdən uçma,
Demə şeytanların qulağı kardır.
Həyatın hər üzü cana bahardır..!
İftixar eyləyib haqqa öyündüm,
Mən sənin eşqinlə elə döyündüm,
Zənn etmə qapıma gəldin, deyindim-
Gəlişin hər qışa yeni nübardır.
Həyatın hər üzü cana bahardır..!
Təzə il, bu ürək atəşin qulu,
Necə ki, təbiət günəşin qulu?
Ataq çiynimizdən biz köhnə çulu,
Köhnə il zamanın əyninə dardır.
Hyatın hər üzü cana bahardır!
Hər əzab içində hikmət yaşayır,
Hər hiylə damında möhnət yaşayır,
Ağıllı başlarda nemət yaşayır,
Ağılsız beyinlər dünyaya sardır !
Həyatın hər üzü cana bahardır..!
Təzə il, ağıllı başları bəslə,
Açmasın iblislər qapını nəslə,
Sən bütün bəşəri düzlüyə səslə,
Şeytani işlədən ürək ahardır.
Həyatın hər üzü cana bahardır..!
Hər ağlın içində bir nifrət yatır,
Şeytan qiyafəli bir afət yatır…
Afətin üzündə min sifət yatır,
Hiyləsi yerlərə, göylərə cardır.
Həyatın hər üzü cana bahardır..!
Təzə il, Şadiman, sənin aşiqin,
Ağartsın gecəmi könül işığın,
Zəhər yox, bal dadsın həyat qaşığın,
Deməyim ürəyim yenə qubardır.
Həyatın hər üzü cana bahardır..!
1. 05. 2005
UÇUŞAN RUHUMUN CANISAN, ZAMAN
Uçuşan ruhumun canısan, zaman,
Bu canın eşqinə çağlat günləri.
Donan damarımın qanısan, zaman,
Vaxt çarxı fırlanır yağlat günləri.
Kədərdən ah doğur, sevincdən nəş’ə,
Vurur saat ömrün anların dişə,
Qoyma ki, bağrımı üzsün əndişə,
Zirvələr fövqünə bağlat günləri.
Könlümün bağında bülbülüm oxur,
Zərif qanadların qəlbimə toxur,
Bir sevda bağrımı yandırıb-yaxır…
Vüsalın eşqinə dağlat günləri.
Zaman, nədir belə məni dəng edən?
Canımla, ruhumla belə cəng edən?
Könül tellərinə eşqlə zəng edən?
Ürəyin oduna ağlat günləri.
Şadiman haqqıyla sınağ içində,
Hər ağrı-acısı qınağ içində,
Dünya yaranandan qonağ içində,
Hünərin yetirsə, saxlat günləri.
1. 01. 2005
YER ÖZ ORBİTİNDƏN ÇIXIBDI YAMAN…
Yer öz orbitindən çıxıbdı yaman,
Axır gün yetişib heç kəs görməyir.
Yerlər, göylər edir necə ah-aman?
Şeytanın qolunu kimsə gərməyir.
Hərə öz çaldıığın oynayır bugün,
Dünya çalxanan nehrəyə bənzər.
Başlarda fikirlər qaynayır bugün,
Hiylə yun əyirən cəhrəyə bənzər.
Haqqın kəndirləri zalım əlində,
Bərətək vurnuxur bəşər dəryada.
Qalmışıq ölümlə qalım əlində,
Kimsə diksinməyir qopan fəryada.
Gah zəlzələ olur, gah vulkan, gah sel,
Qırılır insanlar bir milçək təki.
Əsir başımızda fırtınatək yel,
Üşür vahimədən can çiçək təki.
Hər cür haqsızlığa susub dururuq,
Bağırdan, könüldən vicdan qışqırır.
Hiyləmiz çoxalır üzə dururuq,
Qanlar axııdılır, qanlar fışqırır.
Allah bəndəsinin qanını tökən,
Allahın evində duva eyləyir.
Haqqın dərgahına mə’bədlər tikən,
Mə’bədi fitnəyə yuva eyləyir.
Tanrı hədələyir bizi min yolla,
Hədədən tükümüz tərpənməyir heç.
Rəbb necə davranır bu azmış qulla?…
Niyə oyanmıyır bu bağır, bu iç?
Hər an ölür insan qəza-qədərdə,
Ürəyin imtahan eyləmir heç kim.
Min günah yaşayır hər bir kədərdə,
Bunu ağılına söyləmir heç kim.
Hərə bildiyitək dünyaya ağa,
Ölüm silahları artır ilbəil.
Az qalır göylərdən daha qan yağa,
Azğının fitnəsi gedir dilbədil.
Din dinə yağıdır, məzhəb məzhəbə,
Hər kəs inamında haqlıyam deyir.
Yaradana inam çevrilib dəbə,
Hər millət özünü bu yolda öyür.
Qan çıxıb qurşağa, vicdanlar susur,
Heç kəs qan tökəndə Rəbbi saymayır.
İnsan varlıığından gələn bu qüsur,
Kim deyər hiyləsin aləmə yaymır?
Yer öz orbitindən çıxarsa əgər,
Allahın qurduğu nizam pozular.
Dünya hiyləmizdən qorunan səngər,
Səngər dağıdana məzar qazılar…
1. 05. 2005
Dostları ilə paylaş: |