ÇARƏ EYLƏ, EY FƏLƏK
Yoxdu cana bir həyan?
Çəkdiyim sənə əyan,
Ürəyim olub giryan,
Olmaz böylə, ey fələk,
Çarə eylə, ey fələk.
Axır gözümün yaşı,
Dolub könlümün başı,
Qəm mənə can sirdaşı,
Nədən söylə, ey fələk?
Çarə eylə, ey fələk.
Bir günüm olmadı xoş,
Ömür keçdi niyə boş?
Qədəhim ahdan sərxoş,
Acı meylə, ey fələk,
Çarə eylə, ey fələk.
Bu dünya dolu ələm,
Çıxıbdı ərşə naləm,
Fəryad eləyir qələm,
Sözə öylə, ey fələk,
Çarə eylə, ey fələk.
Könlümdən qopan nida,
Ağrıma olur qida,
Düşür aləmə səda,
Uçur göylə, ey fələk,
Çarə eylə, ey fələk.
Hər anın öz əzabı,
Kəsir taqəti, tabı,
Harda haqqın hesabı?…
Gətir səylə, ey fələk,
Çarə eylə, ey fələk.
Şadiman gülmədi heç,
Yandı zülümlərə iç,
Kədər zəmisini biç,
Dərdi əylə, ey fələk,
Çarə eylə, ey fələk.
17. 03. 2005
Ağlayır için-için,
Ürəyim ahla neçin?
Dəlir könlümün için,
Fələyin acı oxu,
Tale bülbülüm oxu.
Vüsal gülüm açmadı,
Qəlb qapımı açmadı,
Bəs bu necə açmadı?
Sevdam bir şirin yuxu,
Tale bülbülüm oxu.
Gözümdə yaş daşıbdı,
Gəlib başdan aşıbdı,
Qəm həddini aşıbdı,
Dözmək olmayır axı?
Tale bülbülüm oxu.
Bir ağrıda min qəm var,
Zamanda neçə dəm var?
Həyat gözündə nəm var,
Göyü, yeri şər qoxu,
Tale bülbülüm oxu.
İman Allahdan deyir,
Açan sabahdan deyir,
Törənən ahdan deyir,
Bilmir günahın çoxu,
Tale bülbülüm oxu.
Vicdanlar qan ağlayır,
Bədəndə can ağlayır,
Təbim söz varağlayır,
Könlümdə qara-qorxu…
Tale bülbülüm oxu.
Uçub qəlbimin quşu,
Aparıb ağlı-huşu,
Ürək ələmin nuşu,
Kədərin olmaz toxu,
Tale bülbülüm oxu.
Hər şey qəlbimə dəyir,
Ürəyimi qəm əyir,
Həyat gülünü əyir,
Bəxtimə xalı toxu,
Tale bülbülüm oxu.
Şadiman dərdə sipər,
Könlünə hicran səpər,
Gəl özündə tap təpər,
Köksünü simə toxu,
Tale bülbülüm oxu…
17. 03. 2005
HƏYATDAN DOYMAYIR GÖZÜ İNSANIN…
Həyatdan doymayır gözü insanın...
Bir andan sonrakı ölümü görmür.
Dünyaya bəladı özü insanın,
Özünə etdiyi zülümü görmür…
Təbiət ağlayır zillət içində,
Tarazlıq pozulub, aləm qarışıb.
Ağıl çapalayır möhlət içində,
Bəndənin zəkası həddini aşıb.
Göyün fırtınası yeri əsdirir,
Zaman saatları işlədir qultək.
Bəndə qaça-qaçla vaxt tələsdirir,
Heçnə ram etməyib insanı pultək.
Kim öz vicdanını satıb-sovmamış?
Hiyləyə, fitnəyə fərman edirlər.
İnsanlar ürəkdən şəri qovmamış
Allahın evinə iman edirlər…
Heç kəsin könlünü oxumaq olmur,
Hərə öz qəlbinin yükün daşıyır.
Ömrün xalısıını toxumaq olmur,
Hər kəs duyduğutək ömrü yaşıyır.
İnsan tamahına əsir olandan,
Əlləri səcdədə, ağılı şərdə.
Göy yer arasında düzlük solandan,
Baş taxtından enib əyilib dərdə.
Ağıl beynimizdən düşüb çirkaba,
Can varkən arayır tən nicatını.
Bəndəni Yaradan yaratmıb qaba,
Özü vəhşət edib öz həyatını.
Bəla tutubsa da adamın için,
İlahinin xofu nə edə bilər?
İnsan cilidində cin, şeytan üçün,
Haqq özü yıxılıb əbədi ölər…
19. 03. 2005
ŞAİRLƏR DÜNYANIN DƏRDİN ÇƏKƏRLƏR
Şairlər dünyanın dərdin çəkərlər,
Bu dərdlər uzanar ömrə sim kimi.
Hər ağrı-acını qəlbə tökərlər,
Ələmdən qopmazlar bir tilsim kimi.
Hicranın divanı qurtulmaz heç vaxt,
Könlü talamağı tufana bənzər.
Qəh-qəhə içində çırpınarkən vaxt,
Canın yiyəsindən eyləyər həzər.
Şairlər ürəkdən keçirər qəmi,
Qəm yıxıb dağıdar ürəyin için.
İki dünya boyda ah dolu dəmi,
Kim ərmağan edib şairlər üçün?
Can bədən içində rahatlıq tapmır,
Şairlər gecəni yuxu bilməyir.
Qəm ruh qapısından yolunu sapmır,
Şair doğulanın üzü gülməyir…
11.07.2005
HƏR CAN YİYƏSİNƏ BİR İMTAHAN VAR Arama əhdində vəfanı belə, Hər vəfa içində bir xəta yaşar. Bəxtə düşən günü sovurma yelə, Demə ki, ömür də bir sudur daşar. Göz açıb yumunca ötüşər illər, Səadət qapını döyməz bulmasan. Saçında titrəşər şirmayı tellər, Fələk özü ovar, sən ovulmasan.
Dünya bərbəzəkli gəlintək gözəl,
Ona can verən də, can alan da xar,
Hər ömrün bağçası sonunda xəzəl,
Hər can yiyəsinə bir imtahan var…
14. 07.2005
BİLMİRƏM DÜNYANIN HARASINDAYAM?
Bu iki məhfumun arasındayam. Mənim əzabıma ruhum can deyir, Bilmirəm dünyanın harasındayam?
Titrək duyğularım axır sel təki,
Hər duyğu içində qüdrət görürəm.
Eyləyir zamanım ömrümə ərki,
Bu ərkin fövqündə vüs’ət görürəm.
Ağlın dediyinə ürək biganə,
Yaxır atəşlərə, yaxır həyatı.
Günümdən, anımdan gəlmişəm cana,
Mənə sitəm edir ömrün saatı.
Əsdirir könlümü vaxtın yelləri,
Əlində əsası yol gedir ömür.
Ələyir ələkdə fələk illəri,
Heç kəsin sonunu öncədən demir…
Ağıl düşün deyir, ürək yan deyir,
Zəka atəşlərə düşüb alışır.
Alışa-alışa bir dayan deyir,
Acı taleyinə çöküb barışır.
Yazılan yazıya pozu yox deyə-
Hər kəs öz bəxtinə qul olub gedir.
Hər insan özünü hey öyə-öyə,
Fələyin atına çul olub gedir.
Ağıl düşün deyir, ürək yan deyir,
Bu iki məhfumun arasındayam.
Mənim əzabıma ruhum can deyir,
Bilmirəm dünyanın harasındayam?…
30.04.2005
Dostları ilə paylaş: |