HALAL EYLƏRƏM
Düşərsə canın yatağa,
Canımı halal eylərəm.
Bələnsə ahın otağa,
Qanımı halal eylərəm.
Harayın göyü əritsə,
Könlünü yıxıb sürütsə,
Dəmimi qəmə bürütsə,
Anımı halal eylərəm.
Qapımda sevdan mələsə,
Üstümə hicran ələsə,
Atəşə könlü bələsə,
Şanımı halal eylərəm.
14. 03. 2003
ELƏ TAMARZIDI ÜRƏYİM SƏNƏ
Elə tamarzıdı ürəyim sənə,
Xəyalın önündə baş əyir indi.
Bürüyüb könlümü dumana, çənə,
Döyür kipriyimi yaş əyir indi.
Qəlbim bu əzaba necə tablanır?
Dərdin tuluğuna ələm qablanır,
Könül badəsində eşq gülablanır,
Ömür sarayımı yaş əyir indi.
Zaman oturubdu taxtın üstünə,
Saatlar əyilir vaxtın üstünə,
Ələm qoşun çəkir baxtın üstünə,
Qəlbin fəryadına baş əyir indi.
Ayrılıq çeşməsi gözümdə qaynar,
Kədər mağar qurub hicranla oynar,
Nə hissim durular, nə başım aynar,
Gözün gördüyünü qaş əyir indi.
Şadiman kölgənə minnət eyləyib,
Sən gələn yuxunu zinət eyləyib,
Eşqini özünə sən’ət eyləyib,
Dərdin qaya nədi, daş əyir indi?
13. 03. 2003
BAXIŞLARIN NƏ DEYİR?
Baxışların nə deyir?
Ürəklərdən xəbərsiz.
Könlümdə özün öyür,
Diləklərdən xəbərsiz.
Gözlərimlə öcəşir,
Düşür araya həşir,
Bağırıma od düşür,
Kələklərdən xəbərsiz.
Qəlb qapısın açıram,
Yol üstünə qaçıram,
Xəyallarla uçuram,
Mələklərdən xəbərsiz.
Əl açıram illərə,
Ağrı düşür tellərə,
Könlüm dönür yellərə,
Küləklərdən xəbərsiz.
Qurub gözdə qəsiri,
Baxışının nə siri?
Edib qəlbi əsiri,
Fələklərdən xəbərsiz.
16. 03. 2003
QƏLBƏ HARDAN GƏLDİ BU MƏHƏBBƏTİN ?
Qəlbə hardan gəldi bu məhəbbətin?
Mən niyə vuruldum sənə bilmirəm ?
Könlümə baş qoyub yatıb xiffətin,
Göydəyəm, yerdəyəm yenə bilmirəm.
Ürəyin yuvası hara olubdu?
Onu öz yerinə qaytarmaq çətin.
Gözdə bülüdlarım elə dolubdu,
Onun gurşadına dözməyim mətin.
Günüm göy əskiyə büküldü yaman,
Çəkir ağrısını ömrüm minnətin.
Üstümə qəm odu töküldü yaman,
Mənə qismət olub bu səadətin.
18. 03. 2003
SƏNİ YUXULARDA GƏZİRƏM İNDİ
Səni yuxularda gəzirəm indi,
Yuxumun özündən qaçıb getmisən.
Dönüb əfsanəvi simurğ quşuna
Hansı nağıllara uçub getmisən?
Səni çox arayıb, çox axtardım mən,
Yolumun üstündə bitdi duman, çən,
Bağrımın telləri üzüldü dən-dən,
Bəlkə həsrətimə acıb getmisən?
Hər yerdən, hər şeydən şəkilin güldü,
Üstümə dünyanın közü töküldü,
Yanan atəşimə ürəyim küldü,
Lap məhşər odunu saçıb getmisən.
Qəlbim gözlərimə kəsilib yağı,
Gözlərim eşqinin xəyal çırağı,
Silinib getməyir bu könül dağı,
Bəxtimə nə bəla açıb getmisən?
16. 03. 2003
VƏFA UMMA GƏL YETƏNDƏN
Vəfa umma, gəl yetəndən,
Hər sinəyə dola bilməz.
Bülbül təki çox ötəndən,
Könlünə yar ola bilməz.
Yarı canda arayarlar,
Qəlb telinə sarayarlar,
Qalıb eşqlə qarıyarlar,
O ürəkdə sola bilməz.
Ey sevdanı pul edənlər,
Var-dövlətə qul edənələr,
Ayrılığa çul edənlər,
Onu hər kəs bula bilməz.
O Allahdan gələn işıq,
Ömrə, günə bir yaraşıq,
Eşq ürəkdi, can sarmaşıq,
Heç kim onu ala bilməz.
Ürək sevdi, qəmə tuşdu,
Məhəbbətlər qəlbə nuşdu,
Sevgi elə uçan quşdu,
Yel qanadın yola bilməz.
Ey Şadiman, çəkmə xiffət,
Sevda elə nazlı afət,
Göstər ona bir xoş sifət,
Bağrı əqrəb çala bilməz.
6. 03. 2003
Nə gəzirsən zarı-zarı?-
Ürəyimin bağçasında.
Büküb çənə sən ilqarı,
Qoymusan can taxçasında.
Eşqi könlə peyman eylə,
Qoy yandırıb kül etməsin.
Bu sevdaya iman eylə,
Hicran qəlbi tül etməsin.
Ürək alıb sorağını,
Uçmaq üçün qanad gəzir.
Aç sinəmin varağını,
Et misramı eşqə nəzir.
Sənsiz dünyam geyib qara,
Zamanımı yaza döndər.
Bulmayırsan əgər çara,
Ömrü qırıq saza döndər.
Sevdan qəlbin əmanəti,
Uçurma eşq sarayımı.
Gir ürəyə, gəl xəlbəti…
Eşit könlün harayını.
1. 04. 2003
ÇİÇƏKLƏR AÇILIB BAĞIMDA EYVAH
Çiçəklər açılıb bağımda, eyvah,
Qoyma ki, soldursun xəzan yelləri.
Könül qapısını gəl aç bir sabah,
Qoy riqqətə gəlsin qəlbin telləri.
Səni candan əziz duydum hər zaman,
Canımı canıma yar demişəm mən.
Sənsən dualarım, könlümdə iman,
Məhəbbət dünyana var demişəm mən.
Gəl, ey sevdiciyim, qıyma qüssəyə-
Bağrımın başını para eyləsin.
Ürək bölünməyir neçə hissəyə…?
Qoyma hicran onu yara eyləsin.
15. 04. 2003
MƏNİM ÜRƏYİMİ YAD EDƏN DİLDAR
Mənim ürəyimi yad edən dildar,
Ürəyin xəzanı yetişməmiş gəl.
Bağrı hicranlarla, ey didən dildar,
Sinəmdə yaralar bitişməmiş gəl.
Hər ağrı-acıyla qurma ittifaq,
Kor edər sevdanı, sevgini nifaq,
Əgər zənn edirsən bu eşqini haqq,
Zamanın illəri ötüşməmiş gəl.
Dərdi ürəyinə ortaq eyləmə,
Qəmi mənzilinə otaq eyləmə,
Həsrəti eşqinə yataq eyləmə,
Ömür xəzanımla öpüşməmiş gəl…
14. 04. 2003
ÜZ ÇEVİRİB GETMƏ MƏNDƏN
Üz çevirib getmə məndən,
Könlüm səndən dönən deyil.
Qurtar qəlbi duman çəndən,
Zirvələrdən enən deyil.
Gözüm gördü, ürək sevdi,
Həsrət sevgi udan divdi,
Eşq qapısı bağlı evdi,
Aç, lal dilim dinən deyil.
Hicran yolu nə diş-dişdi?
Demə, sevda olan işdi,
Atəşimdən yer-göy bişdi,
Könül odum sönən deyil.
Duyğularım baş-başadır,
Gedər ömrü can yaşadır,
Həyat ki, var tamaşadır,
Bir əbədi binən deyil.
Şadimanda can qoymadın,
Qəm yuvasın heç oymadın,
Baxışımı heç duymadın,
O, ağlayan sinən deyil.
18. 04. 2003
Dostları ilə paylaş: |