HƏQİQİ EŞQ İBADƏTDİ
Həyatımı salan dəmə,
Dəm içində nə möhnətdi?
Göz tutuşub yanır nəmə,
Gün əndişə, an möhlətdi.
Bülbül uçub gülə gəlib,
Bəmim coşub zilə gəlib,
Bu ürəyim dilə gəlib,
Ayrılığın bir illətdi.
Saatlarım qəmə düşüb,
Kipriklərim nəmə düşüb,
Gözüm sənə demə düşüb,
Bu vurğunluq lap zillətdi.
Açma könlü köz yandırar,
Baxışını göz yandırar,
Təbim coşar, söz yandırar,
Bu yanğıqlıq səadətdi.
Şadimanı sorma gendən,
Gözlərini yorma gendən,
Aramızı vurma gendən,
Həqiqi eşq ibadətdi.
6. 03. 2003
CAN ÇƏKƏR BƏLA ELƏ EQİDƏN
Nə gələr ada belə eşqidən?
Can çəkər bəla elə eşqidən.
Tökdürər ürəyinə cəfanı,
Az olar ki, görəsən vəfanı,
Loğmanlar bula bilməz şəfanı,
Göz yaşın dönər selə eşqidən,
Can çəkər bəla elə eşqidən.
İçdirər dərdini qaşıq-qaşıq,
Oynayar səninlə aşıq-aşıq
Qəmi könlünə olar sarmaşıq,
Çən düşər qara telə eşqidən,
Can çəkər bəla elə eşqidən.
Bölə bilməz ürəyin acını,
Qurar həsrət sinədə tacını,
Tapmazsan heç yerdə əlacını,
Uçar yuxular yelə eşqidən,
Can çəkər bəla elə eşqidən.
Qəlbini dərdlərə mətin edər,
Hər işin dəvasın çətin edər,
Sevgini cana xilqətin edər,
Düşərsən yaman dilə eşqidən,
Can çəkər bəla elə eşqidən.
Qəm səni edər oyuncaq kimi,
Atılıb qalarsan bucaq kimi,
Alışar bağırın ocaq kimi,
Dönər ürək də külə eşqidən,
Can çəkər bəla elə eşqidən.
Şadiman, məhəbbətlə nə cida?
Odu ruhumuza verən qida,
Qoyma hicranı könlüvü uda,
Dəyər fəna gülə eşqidən,
Can çəkər bəla elə eşqidən.
5.03. 2003
YAR , MƏNİ SALDIN ODA
Yar, məni saldın oda,
Eylədin könlə əda,
Bu necə dəli sevda,
Gün görmədim dünyada,
Könül mülkümü aldın,
Məni bəlaya saldın.
Heç bitmədi möhnətin,
Çox uzandı möhlətin,
Artdı eşqə minnətin,
Hicran oldu zinətin,
Məni atəşə atdın,
Qəmlərimi oyatdın.
Yar, belə əzab olmaz,
Ürəklə hesab olmaz,
Hər ağrıya tab olmaz,
Hicran dolu qab olmaz-
Qədəh-qədəh içirtdin,
Həsrətlə gün keçirtdin.
Gəl sovuşsun ahımız,
Gül açsın sabahımız,
Vüsal – qibləgahımız,
Nur versin Allahımız
Bu könül atəşinə,
Dönək eşq günəşinə.
5. 03. 2003
SƏNİN XƏYALLARIN YÜYƏNSİZ ATLI
Sənin xəyalların yüyənsiz atlı,
Könlümü heç zaman tərk eləmədi.
Uçdu qartal təki elə qanadlı,
Gəlib ürəyimə ərk eləmədi.
Qoymadı sevgini gəlsin yaxına,
Sinəmi tuş etdi hicran oxuna,
Vücudum titrədi sevda qoxuna,
Bu eşqi başıma sərk eləmədi.
Həqiqi sevgilər layiq ülfətə,
Tanrı qovuşdurar əbədiyyətə,
Fələk heyran oldu bu məhəbbətə,
Kədərin üstümə bərk eləmədi.
Nə oldu arada itaətimiz?
Qaldı aralıqda səadətimiz,
Dondu dodaqlarda itbadətimiz,
Həsrətə hicrana görk eləmədi.
6. X11. 2001
YAR GƏRƏK KÖNLÜVÜ ALSIN GETSİN
Yar gərək könlüvü alsın getsin,
Qoluvu boynuva salsın getsin.
Oxşasın hər kərə o gül üzüvü,
Aşikar eyləməsin bir sözüvü.
Çəkməsin aləmə car heç özüvü,
Könlüvə ayna eləsin gözüvü.
Eqivü qəlbə çıraqban eləsin,
Canuvu canuva bir can eləsin.
Hər sözü könlüvə məlhəm eləsin,
Ağlını yüz ölçərək cəm eləsin,
Ələmin ömrünü hey kəm eləsin,
Hər zili xatürüvə bəm eləsin.
Könlüvün evinə ensin getsin,
Yar gərək başuva dönsün getsin.
22. 05. 2002
HƏSRƏT ÇƏKİR QƏLBƏ DAĞLAR
Həsrət çəkir könlə dağlar,
Düşər könül nə qadaya?
Gözüm gülər, könlüm ağlar-
Bu sevdaya, bu sevdaya.
Ürəyimin içində ah,
Gəlib çıxmaz nurlu sabah,
Dözməz sinə niyə, Allah?-
Bu sevdaya, bu sevdaya.
Səsləyərəm duyğuları,
Eşqimizə sayğıları,
Çağıraram uyğüları-
Bu sevdaya, bu sevdaya.
Göy hönkürər fəqanımdan,
Köpürər sel-su qanımdan,
Qopar atəş bu canımdan-
Bu sevdaya, bu sevdaya.
Tutar yer-göy harayımı,
Eşidər Rəbb qəlb vayımı,
Açar könül sarayımı-
Bu sevdaya, bu sevdaya.
Saymayın eşqi əyləncə,
Könül səcdə etməz necə?
Pəyandazam gündüz, gecə-
Bu sevdaya, bu sevdaya.
Rəbb, uçurma diləyimi,
Təndə cantək gərəyimi,
Qoydum, Allah, ürəyimi-
Bu sevdjaya, bu sevdaya.
Ey Şadiman, nə hikmətdi?
Misibətdi, qiyamətdi,
Əyilən qəddi, qamətdi
Bu sevdaya, bu sevdaya.
2. X11. 2002
HƏSRƏTİN TUFANA DÖNDÜ
Həsrətin tufana döndü içimdə,
Ağlayan gözümdə yaşı apardı.
Dünyanın atəşi söndü içimdə,
Bu aləm duyğulu başı apardı.
Ürəyim ağladı bu sevdamıza,
Bilmədi sağalmaz hicran ağrısı.
Üfürdün od düşdü qəlb odamıza,
Əlim üzülmədi səndən doğrusu.
Fələyin qisməti dedik, bu eşqə,
Qisməti özümüz taladıq getdi.
Ən təmiz diləklər öydük, bu eşqə,
İçinə atəşlər qaladıq getdik.
Baxdıq bir-birinə vəfasız təki,
Vəfasız ürəkdə nə atəş gəzir?
Eşqidən od umma cəfasız təki,
Göydə sevda yoxsa günəş nə gəzir?
Bir sənin oduna mübtəla ürək,
Ağlayır könüllə qəlb arasında.
Çəkibdi yolunda hər bəla ürək,
Basılır hər duyğum qəlb arasında.
Şadiman oduna alışan şamdı,
Ömrün axşamına düşüb yanmağçın.
Hicranın ürəkdən aldığı kamdı,
Qapının ağzında şad dayanmağçın!
2. X11. 2002
BİLİRƏM NƏDƏNDİR ARADA ÜLFƏT ?
Bilirəm, nədəndir arada ülfət?
Könlü cəfalara sal incimərəm.
Sən ədalı aşiq, mən incik afət,
Yüz yol ürəyimi al incimərəm.
Oxşa saatımı, anımı oxşa,
Tutdursun hicranın gözümü yaşa.
Sevdan havalanıb, kükrəyib daşa,
Sanaram dodaqda bal, incimərəm.
Dinlət duyğuların tellərin bir-bir,
Dözərəm hicrana eylərəm səbir,
Sənsiz ürək mənə bir soyuq qəbir,
Dəli duyğuları çal incimərəm.
Ah, necə şahanə diləkdi eşqin?
Göydən yerə enən mələkdi eşqin,
Vallah, Şadimana fələkdi eşqin,
Canımı gəl qopar, al incimərəm.
29. 04. 2002
TUTULUB ÜRƏYİM SOYUQ QIŞLARA
Tutulub ürəyimin soyuq qışlara,
Boranı, sazağı dondurur məni.
Hicran gözlərimdə bənddi yaşlara,
Həsrətin nə yaman yandırır məni?
Soyuq təsəlliyə dönüb xəyalın,
Könlümü ağladır o qəmli halın,
Yenə yuxulara qaldı vüsalın,
Həsrətin nə yaman yandırır məni?
Zərif ümidlərim sönən şam oldu,
Hicran əzabları saçımı yoldu,
Baxışın sevdalı həyata yoldu,
Həsrətin nə yaman yandırır məni?
Səadət heç hamar gəlməyir başa,
Gözüm könül verib bəbəkdə yaşa,
Döndü ayrılıqlar qəlblə sirdaşa,
Həsrətin nə yaman yandırır məni?
29. 04. 2002
Dostları ilə paylaş: |