Кяримбяйли ширин ханым


NƏ YAXŞI SƏN VARSAN, MƏHƏBBƏTİN VAR?



Yüklə 8,79 Mb.
səhifə69/92
tarix27.12.2018
ölçüsü8,79 Mb.
#86518
1   ...   65   66   67   68   69   70   71   72   ...   92

NƏ YAXŞI SƏN VARSAN, MƏHƏBBƏTİN VAR?

Üzü çiçəklərdən, güllərdən incə,

Mənimlə nə dürlü səadətin var?

Bağrımı, könlümü sardın sevincə,

Nə yaxşı sən varsan, məhəbbətin var?
Dünyada hər kəsdən əzizsən mənə,

Təzə açmış gültək təmizsən mənə,

Sevdalım, sirrimi deyirəm sənə,

Nə yaxşı sən varsan, məhəbbətin var?


Eşqinlə boylanıb baxdıq həyata,

Yetirdin könlümü özün büsata,

Səninçin gəlmişəm bu kainata,

Nə yaxşı sən varsan, məhəbbətin var?


Gözümdə gözünün aynası parlar,

Göllərin üstündə sonası parlar,

Eşqin qədrin bilməz eh, qəlbi korlar…

Nə yaxşı sən varsan, məhəbbətin var?


İtirə bilmərəm bu ülfətini,

Bükmüşəm könlümə səadətini,

İlahi qorusun sədaqətini,

Nə yaxşı sən varsan, məhəbbətin var?

17. X. 2002

BÜTÜN SEVGİLƏRƏ HARAY OLAYDIQ

Bir ana təbiət, bir sən, bir də mən,

Nə hicran qalıbdı, nə çiskin, nə çən,

Alışıb yanaydı cana məcnun tən,

Sevdalar içində saray olaydıq,

Bütün sevgilərə haray olaydıq.


Əhdimiz coşaydı dəli sellərtək,

Nəğməyə dönəydik yanan dillərtək,

Zamanın əmrinə qaçan illərtək,

Xoş müjdə gətirən gün, ay olaydıq,

Bütün sevgilərə haray olaydıq.
Səndən nə gizlədim, ey sevgili yar,

Könlümdə sevdana gülüstanlıq var,

Yağmasın qoy ora qəlb üşüdən qar,

Sussuz səhralara gur çay olaydıq,

Bütün sevgilərə haray olaydıq.
Çaşıb itəydik dərəni, düzü,

Səadət qoynuna alaydı bizi,

Bəxtə düşməyəydi hicranın izi,

Zülməti qovuran bir Ay olaydıq,

Bütün sevgilərə haray olaydıq.
Yolumuz ormandan, dağdan keçəydi,

Yanan dodağımız buz su içəydi,

Dünyanın qəmini Tanrı biçəydi,

Qansız ayrılığa ah-vay olaydıq,

Bütün sevgilərə haray olaydıq.
Şadiman payıza tuş olan lalə,

Bağrını yandırır qəm, kədər, nalə,

Gün zaman əlindən düşən piyalə…

Sevdanın özünə biz tay olaydıq,

Bütün sevgilərə haray olaydıq.

17. X. 2002



İKİ KÖNÜL ARASINDA

İki könül arasında,

Ötə-ötə tel incidi.

Gözlərimdən ürəyimə-

Axa-axa sel incidi.
Nədən oldu hicran gəldi?

Bağırımın için dəldi,

Araya girən nə əldi?

Saldı qanı, el incidi.


Əsdi həsrət tufanları,

Ayrı qoydu ünvanları,

Qəm üşütdü bu canları,

Ağ örpəkli yel incidi.


Axdı günlər bir su təki,

Eşqimizdən ası təki,

Ötən ömrün yası təki,

Hər ağaran tel incidi.

27. 08. 2002

ATDIN ÜRƏYİ QUBARA

Atdın ürəyi qubara,

Könlümü məzar eylədin.

Yaramı eşib dübara,

Sinəmə azar eylədin.
Dağ üstdən çəkdin dağını,

Puç etdin sevda bağını,

Dildə inlətdin ağını,

Əlimi yazar eylədin.


Tapmadın işin çəmini,

Çıxartdın gözün nəmini,

Döndərib ömrün dəmini-

Dərdlə tezbazar eylədin.


İslatdı gözüm çəməni,

Yaşından bitib səməni,

Tutdun buluda tay məni-

Ahımdan gülzar eylədin.


Eşqin könlümün yuvası,

Nədir başının havası?

Yetdi ahının duası-

Günümü ah-zar eylədin.

24. X11. 2002

YAZ KÖNLÜMƏ GÖZ YAŞINI

Yaz könlümə göz yaşını,

De ki, coşdu çaylar təki.

Dağ eylədi dərd başımı,

Axdı qəlbə vaylar təki.
Həsrət qəlbdən aşdı getdi,

Gözlərimdən daşdı getdi,

Məni başıdaşdı etdi,

Uzandı qəm vaylar təki.


Yollarına baxdım durdum,

Ürəyimlə ara vurdum,

Xəyalınla məclis qurdum,

Batdı qəlbdə haylar təki.


Şadimanı etdin qubar,

Görüm qəmi görməsin bar,

İçdə dəli bir sevdam var…

Cəbir etdi saylar təki.

24. X11.2002

AH ÇƏKMƏ, SEVGİLİM

Ah çəkmə, sevgilim, ah çəkmə belə,

Ahın ürəyimin içindən keçir.

Qəm verir adəmin taleyin yelə,

Hər insan ömrü biçindən keçir.
Eyləmə könlünü xəzən bostanı,

Hər kəsin payızı bir gün yetişər.

Qoy sevdalı olsun qəlb gülüstanı,

Onun qəm yarası güldən bitişər.


Hər canın loğmanı, canın yiyəsi,

Onu dərdə salan, dərddən alan biz.

Ürəyi doğrayan qəmin tiyəsi,

Eylər qanımızdan çağlayan dəniz.


Ah çəkmə, sevgilim, ah çəkmə yenə,

Təpədən dırnağa şamam könlünə.

Qoyma ürəyinə hicranın dönə,

Mən başdan ayağa kamam könlünə.

25. X11. 2002

QISQANCLIQDI MƏHƏBBƏTİN AÇARI

Qısqanclıqdı məhəbbətin açarı,

Agah edim bugün səni, sevgilim.

Edir könlü əzabların düçarı,

Qısqan məni, qısqan məni, sevgilim
Sevgi hissi ürəklərə şəfadı,

Hər istəyə bel bağlayan vəfadı,

Həm sevilmək, həm də sevmək cəfadı,

Qısqan məni, qısqan məni, sevgilim.


Təki peyman qəlblərdən gen olmasın,

Hicran yaşı bəbəklərə dolmasın,

Heç bir insan dünyada tək qalmasın,

Qısqan məni, qısqan məni, sevgilim.


Sinəmizin pozulmasın ülfəti,

İtirməsin heç bir sevən şəfqəti,

Ürəyimin, şüurumun minnəti,

Qısqan məni, qısqan məni, sevgilim.


Etibarı azalmasın heç kəsin,

Ayrılığın puç eyləsin qəfəsin,

Nə qədər ki, var dünyada nəfəsin…

Qısqan məni, qısqan məni, sevgilim.


Göylərinə məhəbbətim aynadır,

Könlümdəki duyğuları qaynadır,

Məni eşqin havasıyla oynadır,

Qısqan məni, qısqan məni, sevgilim.


Şadimanın alışıbdı qoruna,

Salıb məni könlün yaman toruna,

Bu səadət bəs nə ilə qoruna?

Qısqan məni, qısqan məni, sevgilim.

10. 01. 2003

SƏNİ ÇOX ARADIM BİR ÇİÇƏK TƏKİ

Səni çox aradım bir çiçək təki,

Çiçəklər çöllərdə soldu, gəlmədin.

Elə əzizlədim bir ürək təki,

Könül hicranınla doldu, gəlmədin.
Saatlar zamanı haxladı getdi,

Diləklər xəyalı qoxladı getdi,

Ömrüm ümidlərlə yuxladı getdi,

Bu gediş nə uzun yoldu, gəlmədin?


Hər gecəm gözünü batırdı yaşa,

Döndü bu dilbilməz ayrılıq daşa.


Batdı arzularım bir-bir təlaşa,

Qəlbim ayrılıqdan öldü, gəlmədin.

10. 01. 2003

GƏL BU QƏLBDƏN VƏFA UMMA

Gəl bu qəlbdən vəfa umma,

Vəfa səndə qalan deyil.

Mənə eşqdən cəfa umma,

Cəfa səndə qalan deyil.
Hey ötürdün zamanımı,

Vurdun yerə amanımı,

Ayaqladın gumanımı,

Səfa səndə qalan deyil.


Şadimanı gəl bilmə daş,

Gözdən-gözə axarmı yaş?

Şəfa olsa cana sirdaş,

Şəfa səndə qalan deyil.

9. 01. 2003

TİTRƏK BAXIŞLARIN HÖNKÜRƏN BULUD

Bilirəm sevirsən məni gizlicə,

Titrək baxışların hönkürən bulud.

Mənsiz ömür, günün keçir de necə?

Yəqin ürəyin də sızlayan bulud.
Gecə də, gündüz də könlün ağlayır,

Səni dəli edir mənim xəyalım.

Bülbültək içində həsrət çağlayır,

Ağladır qəlbini bu qeylü-qalım.


Uşaqtək şuluqluq edər gözlərin,

Çırpınar, şıltaqlıq elər kipriklər.

Ələnər qəlbinə həsrət közlərin,

Qəm qəh-qəh içində çalar çəpiklər.


Yandırar baxışın bütün aləmi,

Mənim varlığımı oyatmaz, heyhat.

Fələyin çaldığı hicran qələmi,

Qəmin ürəyini eyləyər rahat.


Elə dağ çəkibdi qəfil ayrılıq,

Öldürür, dirildir baxışlar səni.

Könlün candan ayrı gəzir xoşqılıq,

Ömürdən qoparıb atmaqçın çəni.


Acılar içində tökmə göz yaşı,

Ağlama bəxtinin qəddarlığına.

Çırpanda daşlara tez sınar kaşı,

Məhəbbət neyləsin qəlb darlığına?


O itən yollara dikmə gözünü,

Fələyin yazdığın pozan olmayıb.

Nə qədər öysə də bəndə özünü?-

Hələ öz bəxtini yazan olmayıb…

Gah haray salırsan, gah lal olursan,

Gah da boynubükük gülə dönürsən.

Əfsus, özün boyda sual olursan?

Yanıb əzablardan külə dönürsən.


Bilirəm sevirsən, canında hicran,

Özün öz bəxtini qarqışlayırsan.

Sənə fəryad təki gəlir saat, an,

Həsrət tufanında nə qışlayırsan?


Töküldü üstünə dünyanın qəmi,

Dərd səni dəryadan-dəryaya atdı.

Buludu ağlatdı o ələm dəmi,

Fəryadın dağ üstə min dağ yaratdı.

18. 06. 2002

ELƏ XƏYALIMDAN BOYLANIB BAXDIN

Elə xəyalımdan boylanıb baxdın,

Əgər sir deyilsə niyə gəlmisən?

Könül çeşməsinə qaynayıb axdın,

Yenə üz-üzəyik, bir mən, bir də sən.
Elə titrəyir ki, o baxışların,

Sanki dəli yellər əsir üstündə.

İstisi olmayır qarlı qışların,

Tufanı sal buzlar kəsir üstündə.


Məni hicranına etmisən yuva,

Sanki sığınmağa ocağım yoxdu.

Bir zaman eşqimiz olmuşdu hava,

İndi oxşamağa xoş çağım yoxdu.


Qanatma könlümün gəl yarasını,

Xəyalsan, xəyaltək qal həmişəlik.

Ovladın eşq ilə qəlb arasını,

İndi xatirəni sal həmişəlik.

6. 01. 2003


Yüklə 8,79 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin