SALDI MƏNİ YAMAN ODA GÖZLƏRİN
Oğrun-oğrun niyə belə baxırsan?
Saldı məni yaman oda gözlərin.
Bu sinəmi atəşlərə yaxırsan,
Ürəyimi verdi bada gözlərin.
Həsrətlərə tuş eylədin könlümü,
Acılara nuş eylədin könlümü,
Ay dilbilməz, quş eylədin könlümü,
Dönüb qoşa bir səyyada gözlərin.
Bu cahanı ömrə zindan edibdi,
Ayrılığa zülməti dan edibdi,
Varlığıma hicranı can edibdi,
Vermir mənə gün dünyada gözlərin.
Ocağımın atəş qatır külünə,
Xəzan salır qəlb bağçamın gülünə,
Keçirməkçin ürəyimi əlinə,
Tor qurubdu şiş qayada gözlərin.
Başdan alıb əqli-huşu aparır,
Can mülkündə hər gün tufan qoparır,
Ürəyimi öz kolundan qoparır,
Tüğyan edir rəng-boyada gözlərin.
Rəbb zamanı qovlamasa an olmaz,
Od salmasan ürək heç şan-şan olmaz,
Malım-mülküm, canım, belə qan olmaz,
Rahat qoymur nə röyada gözlərin?
Ayna edib əğyarlara surətin,
Əsirgəmir mələksima qüdrətin,
Şadimandan kəsib əcəb ülfətin,
Nə dəyişir onu yada gözlərin?
29. 01. 2003
QANADIN ÜTMƏ BELƏ
Gəl dolanım mən başına,
Yar, yenə naz etmə belə.
Səbəb olub göz yaşına,
Küsüb məndən getmə belə.
Hicranımı təzələdin,
Ayrılığı tez elədin,
Ürəyimə qəm ələdin,
Yellər təki ötmə belə.
Bir düşün, gəl bu halımı,
Artırma can zavalımı,
Ağlar qoyub vüsalımı,
Həsrətimə yetmə belə.
Dön yağışa selə get ki,
Mizrabı vur telə get ki,
Gedirsənsə elə get ki,
Ürəyimdə bitmə belə.
Ömrümüzün çox əzabı,
Aman vermir iztirabı,
Kəsib səbri, qırma tabı,
Gözlərimdən itmə belə.
Şadimana peyman etdin,
Ürəyinə iman etdin,
Sevda quşun peşman etdin,
Qanadını ütmə belə.
29. 01. 2003
BAXIŞLARIN MƏNƏ ZÜLÜM EYLƏYİR
Baxışların mənə zülüm eyləyir,
Hicranımla duruşuna nə deyim?
Ürəyimi dilim-dilim eyləyir,
Gecə-gündüz vuruşuna nə deyim?
Əsdi xəzan küləkləri bağımda,
Ayaz vurdu tər eşqimi tağımda,
Atdın məni kədərə bu çağımda,
Ayrılıqla yarışına nə deyim?
Əzabların tükənməyir Xudadan,
Qopa bilməz sevməyənlər ədadan,
Keçmək çətin ürək tutan sevdadan,
Əğyarımla barışına nə deyim?
Zənn eylədin Şadimanı bivəfa,
Vəfan yoxkən, məndən umdun sən vəfa?
Tapdın özgə məlhəmiylə bir şəfa,
Könlə tərəf qarışına nə deyim?
4. 02. 2003
BİR DAHA ULDUZUM GÖYLƏRDƏN ENMƏZ
Həsrətin gözünə neçə mil çəkdim?
İlantək qıvrılıb younda durdu.
Mən səndən bir yolluq əlimi çəkdim,
Xəyalın önündə boynunu burdu.
Keçdi ömrüm, günüm üzüntülərdə,
Gözümün yaşına islandı ürək.
Açıldı sabahım əzintilərdə,
Mən qəmə batdıqca yaslandı ürək.
Üzdə bəxtiyaram söylədi hamı,
Bəs niyə qapımı nəş’ə döymədi?
Uçuldu hicrandan bu könül damı,
Qəmin xatirinə heç vaxt dəymədi.
Baxışım şeh təki üzünə qondu,
Sildin sazaq bilib onu əlinlə.
Sınıq ümidlərim yolunda dondu,
Gəldi vüsalımın sonu əlinlə.
O ötən illərə həsrətlə baxma,
Zamanın təkəri geriyə dönməz.
Könül kəhkəşanın yandırıb yaxma,
Bir daha ulduzum göylərdən enməz.
9. 04. 2002
YENƏ ÜRƏYİMDƏ AĞRI BOY ATDI
Yenə ürəyimdə ağrı boy atdı,
Könlümün göyləri çaxnaşdı neylim?
Dərd hicran atının yalına yatdı,
Ağrılar üstümə axnaşdı, neylim?
Gah qəmdən boylandın, gah da hicrandan,
Çıxara bilmədim eşqini candan,
Qəlbimin evinə girdiyin andan,
Gözümün çanağı qan-yaşdı, neylim?
Sükunət içində ovulur anlar,
Ürəyim ağlıma edir divanlar,
Hıçqırır ah dolu sevdalı canlar,
Bağrımda həsrətlə savaşdı, neylim?
Hicran anlamayır mən biçarəni,
De, necə arayım, tapım çarəni?
Sən hardan duyasan qəlbiyarəni?
O hissiz ürəyin nə daşdı, neylim?
5. 09. 2004
ÇIXMADIN HEÇ YADIMDAN
Sən mənim bir dəfə də çıxmadın heç yadımdan,
Xəyalların doğuldu mənim sinə odumdan,
Röyaların boy verdi bu dəli fəryadımdan,
Xatirələr uzandı ötən illərə döndü,
Çırpınan saatlarım ürəyinlə döyündü.
Könlümün harasında gizlədim məhəbbəti?
Bu sınıq taleyimə nələr edim xəlbəti?
Ayrılıq ruha sitəm, eşqin can müsibəti,
Yenə sübh-sabah çağı fəqanıyla öyündü,
Çırpınan saatlarım ürəyinlə döyündü.
Hər yerdən baxışların qoşun çəkir üstümə,
Mən alışıb yandıqca qəh-qəh edir tüstümə,
Buza dönən zamanım ocaq çatır istimə,
Hicranın acısına duyğularım deyindi,
Çırpınan saatlarım ürəyinlə döyündü.
Məndə hicran acısı, səndə könül duyğusu,
Ayrılığa bənd olub zülmətimin uyğusu,
Kəsib başım üstünü zamanımın qayğısı,
Bəxtdənmi, Allahdanmı bilmirəm bu nə gündü?
Çırpınan saatlarım ürəyinlə döyündü.
Sən ey həyat günəşi, qəlbi bülbül eləmə,
Titrəyən vücudumu eşqinə gül eləmə,
Ocaq çatıb sinəmdə bağrımı kül eləmə,
Məcnun sevdana düşən baş içində beyindi,
Çırpınan saatlarım ürəyinlə döyündü.
31. 03. 2004
SƏN GÜNAHLARINI QƏLBƏ GÖTÜRMƏ
Sən günahlarını qəlbə götürmə,
Ayrılıq əzabın belə bitirmə,
Duyğular içində səni yaşadım,
Dilimdən, könlümdən düşməsin adım.
Gecələr göyləri tutsun fəryadım,
Qəlbimin gözünü ahla oyadım.
Bitməsin bu hicran, həsərət, iztirab,
Etməsin dərdinə duyğularım tab.
Zülümü könlümün içinə atsın,
Diləklər közünü aləmə çatsın.
Ağlağan uşağa döndər ürəyi,
Uçsun yerdə, göydə sevda mələyi.
Röya qapısının ağzında dayan,
Baxışım titrəsin atəşimdə yan.
Ötən xatirənə minnətçi düşüm,
Eşqə səcdə olsun bu könül işim.
Səni xəyallarda yaşadım hər an,
İsinsin bu atəş alovuyla can.
19. X11. 2003
Dostları ilə paylaş: |