Səni yuxularda görürəm yenə,
Yuxular könlümü ovutmur ki, heç.
Alışır həsrətlə bu yazıq sinə,
Bu həsrət könlümü sovutmur ki, heç.
Dərd çəkir, qoşunun gəlir üstümə,
Savaşdan öc alan bir yağı təki.
Durur xəyalların hər gün qəsdimə,
Ələmin sağalmaz qəm dağı təki.
Ümidim qalıbdı gecələrimə,
Səni yuxularda əsir etmişəm.
Ürəyim mat qalıb necələrimə?
Mən bu sualları bir sir etmişəm.
17. 02. 2005
SURƏTİN AY KİMİ DURUB QARŞIMDA…
Surətin ay kimi durub qarşımda…
Həsrətin parlayır bu göz yaşımda.
Edir ürəyimə hicranın sitəm,
Çəkilib getməyir könlümdən matəm.
Hər yerdə görürəm xəyalını mən,
Könlümün telləri qırılır dən-dən,
Ömrümdən boylanır elə iztirab,
Qalmayıb canımda nə taqət, nə tab.
Bitmir ayrılığın acı möhləti,
Naləm əyan edir ərşə haləti.
Surətin ay təki yuxumdan baxır,
Bu baxış könlümü yandırıb, yaxır.
Basır yatağımı bu həyacanım,
İsinmir həsrətin oduyla canım.
Ağrılar içində illət boylanır,
Bütün həyatımdan zillət boylanır.
Gecəm sabahıma dərmanə gəlir,
Ay təki surətin fərmanə gəlir.
Yıxır ümidimin sarayın qubar,
Hər ağrı içində bir işgəncə var.
Soyuq məzar kimi üşüyür canım,
Xəyalın önündə əsirdi anım.
Tütyə sevincim də həsrətdən keçir,
Zülmün qədəhindən ruhum qan içir.
Həsrətin parlayır bu göz yaşımda,
Surətin ay kimi durub qarşımda…
18. 02. 2005
NƏ VAXTDAN BAŞLADIN SEVMƏYƏ MƏNİ?…
Nə vaxtdan başladın sevməyə məni?
Nə zaman könlünü aldı, bu sevda?
Tökdü ürəyinə həsrətim çəni,
Əbədi könlündə qaldı, bu sevda.
Gecələr xəyalım yuxuna gəldi,
Gəlib ürəyini atəşlə dəldi,
Ahın bulud-bulud göyə yüksəldi,
Sinəndə nə məskən saldı, bu sevda?
Sən fəqan qoparan bir aha döndün,
Bu eşq qarşısında günaha döndün,
Günəşi çən almış sabaha döndün,
Önündə süquta daldı, bu sevda.
9. 03. 2005
AH, ÜRƏK, BU NECƏ SEVDADIR MƏNƏ?…
Ah, ürək, bu necə sevdadır mənə?…
Saldın həyatımı dumana, çənə.
Ağrılar içində ömür yaşadım,
Yazıldı həsrətin cövrünə adım.
Könlümü bürüdü acı intizar,
Ağladı saatım, dəqiqəm zar-zar.
Gözlərim yollardan çəkilmədi heç,
Yandı əzabların fəryadında iç,
Bəbəklər yaşını bağrıma tökmüş,
Məhəbbət duyğudan, candan böyükmüş.
Hər yerdə alışan gözünü gəzdi,
Özün qarşımdaykən özünü gəzdi.
Ağlımın evində qurdun taxtını,
Qopara bilmədim candan baxtını.
Bütün vücudumu aldın əlinə,
Batdı ümidlərim hicran selinə.
Ah ürək, bu necə sevdadır aldın?
Məni, özünü də əzaba saldın.
Hər şey öz şəklini dəyişdi getdi,
Günlərim həsrətlə döyüşdü getdi.
Duyğuda aradım səadətimi,
Xəyalla ovutdum ibadətimi.
Gecəm gündüzümü qəmlə üyütdü,
Bütün ümidimi həsrətlə ütdü.
Ömrün xəzanına düşdü büsatım,
Ayrılıq içində keçdi həyatım.
Gəlmədin bir yolluq imana, dinə,
Ah, ürək, bu necə sevdadır mənə?…
13. 03. 2005
GƏL APAR XƏYALINI
Gəl apar xəyalını,
Xəyalla gün sürməzlər.
Gör könlümün halını,
Sevda qolun gərməzlər.
Deyim sözün gerçəyi,
Gül üşüdər dibçəyi,
Sevda qəlbin çiçəyi,
Onu belə dərməzlər.
Eşqimi salma gözdən,
Ocağı daşır közdən,
Gəl oxu onu gözdən,
Qəlbi günə sərməzlər.
Xəyal ağlın işığı,
Ümidin yaraşığı,
Gəl könlümün aşığı-
Hicranla gün görməzlər.
13. 03. 2005
HİCRAN SALIB CANA SİTƏM
Hicran salıb cana sitəm,
Gör nə edib cəfan mənə?
Öylə düşüb könlə matəm,
Çarə etmir səfan mənə.
Tütyə etdin peymanını,
Tutdun ələ səhmanını,
Əritdikcə dərmanını,
Can bulmadı şəfan mənə.
Nə çəkdim mən günüqara?
Ürək ahdan para-para,
Gəl halımı özün ara,
Həsrət verdi vəfan mənə.
13. 03. 2005
Mən bilirəm qəm oxu,
Dəlib qəlbini belə.
Gəl ürəyimi oxu,
Könlümü qırma belə.
Bu dünya ulu dünya,
Onun hər işi röya,
Bu eşqi duya-duya,
Könlümü qırma belə.
Həyatım əndişədi,
Sanki sınıq şüşədi,
Sevgidə naz peşədi,
Könlümü qırma belə.
Gəl ürəyimi aç bax,
Açırsansa yandır-yax,
Şimşəktək alışıb çax,
Könlümü qırma belə.
Sevda özü uğurdu,
Qəmə batmaq ağırdı,
Oda düşən bağırdı,
Könlümü qırma belə.
Şadimanı dinlətmə,
Həsrətini inlətmə,
Bu sevgini ünlətmə,
Könlümü qırma belə.
17. 03. 2005
SƏNİ UNUTMAQ ÇƏTİN
Ötüb keçsə də zaman,
Alışır bədəndə can,
Bu ürəyimdən bir an,
Çıxmayır məhəbbətin,
Səni unutmaq çətin.
Diləklərim hönkürür,
Ağrıyla ömür sürür,
Zülümü Rəbbim görür,
Nə əzizmiş xilqətin?
Səni unutmaq çətin.
Yalvarıram Allaha,
Könlü salmasın aha,
Can batırır günaha,
Güclü olan – qüdrətin,
Səni unutmaq çətin.
Ürəyim dönüb şama,
Yanmaqla yetir kama,
Naləm düşür axşama,
Həsrətin – əmanətin,
Səni unutmaq çətin.
Sinəmdə qəm çağlayır,
Can qapımı bağlayır,
Ürəyim hey ağlayır,
Bu mənə səadətin,
Səni unutmaq çətin.
Xəyalın könlə çıraq,
Verir eşqindən soraq,
Can candan düşüb iraq,
Ayrılıq əlamətin,
Səni unutmaq çətin.
19. 03. 2005
Yenə gözüm yolda qalıb,
Dur gəl, könlə əncam elə,
Bağrım başın duman alıb,
Çək dumanı, yet kam elə.
Sinəmi ah ovaladı,
Dərd orada yuvaladı,
Ağılımı duvaladı,
Naləsiylə sən şam elə.
Belə vurma diləyimi,
Yel əsdirər dirəyimi,
Nuş eylədin ürəyimi,
İndi ondan bir şam elə.
Şadimanın fəna halı,
Düzəlmədi heç əhvalı.
İnsaf etsən qeylü-qalı,
Nə gündüz, nə axşam elə.
20. 04. 2005
Dostları ilə paylaş: |