ÜÇÜNCÜ MƏKTUB
Necəsən, bir söylə könlüm atəşi?
Qaranlıq dünyamın parlaq günəşi.
Qəlbini titrətmir ürək harayım,
Odur ki, sinədən püskürür vayım.
Dağları, daşları ağladır necə?
Mənim əzablarım sənə əyləncə.
Bəlkə də belədir, bəlkə isə yox,
Tural, yalvarıram günahlardan qorx.
Dön gəl komamıza, gurlasın həyat,
Sənin işığında parlasın həyat.
Oğlumuz böyüyür hicran içində,
Mən eşq bəsləyirəm bu can içində.
Nədir cəlb eləyən qəlbini orda?
Hissim, həyacanım atəşdə, qorda.
Uşaq ata deyir, axtarır səni,
O körpə qəlbinə ələmə çəni.
Oğul atasından götürər fayda,
Cahanda belədir əzəldən qayda!
Qayıt, atəşinlə isit körpəni,
Uşaqla dam altda tək qoyma məni…
***
Məktublar yetişdi Turala bir gün,
Fəqət, ürəyində qoparmadı ün.
Oturub, durduğu adamlar onun,
Geydirmiş əyninə hiylə şər donun.
Nəşədən alırdı saf məhəbbətin,
Nəşə əsir etmiş, almış qüdrətin.
Dumanlı beyniylə düşündü xeyli…
Bu sərxoş həyatdan üzmədi meyli.
Məktublar içində sözlər ağladı,
Oxudu, utandı, gözlər ağladı…
O layiq deyildi bu məhəbbətə!…
Bir anlıq özünü çəkdi xəlbətə,
Sızladı gizlicə ötən günlərə,
Ömrün saflığında itən günlərə.
O sevda həvəsi sozalıb getmiş,
Eşqi də ömrüdək azalıb getmiş.
Ürək əvvəlkitək sevmirdi daha,
Onunçın cavabı tapmadı aha.
Məktublar töküldü döşəmə üstə…
Onun məhəbbəti canıtək xəstə.
Sanki, nalə doldu otağa birdən,
Düşdü üzü üstə yatağa birdən…
Hönkürdü, sədası aləmi qatdı,
İlahi, bu necə müdhiş həyatdı?
***
Artıq işləyirdi Ayişə daha,
Ümidlə baxırdı hər gün sabaha.
Atıb öz kəndini gəlmiş şəhərə,
Ürək dözməyirdi, çünki qəhərə.
Deyirdi, yarımdan bir soraq olar,
Həsrətin zəmisi saralıb-solar.
Atasız böyüyən oğul da qəmli,
Baxıışı suallar içində nəmli.
Yollara baxırdı ana və bala,
Gözləri qan-yaşla hey dola dola…
***
Atı yüyrək olur qara xəbərin,
Tökərək sabaha o, alın tərin,
Açdı Ayişənin qapısın qəfil,
Dedi: - öldü Tural, fəryad çəkdi dil!…
Gənc qadın yas tutdu bu müsibətə,
Hönkürdü, ağladı pak məhəbbətə!
Fələk xar eylədi saf niyyətini,
Dəfn etdi məzara səadətini!…
Meyidi gətirən dostu, yoldaşı,
Tökdü gözlərindən bu dərdə yaşı.
Dedilər, peşmanmış tutduğu işdən,
Səninlə etdiyi qanlı gərdişdən.
Ancaq qayıtmağa üzü yox imiş,
Xəstə vücudunda közü yox imiş.
Təəssüflə baxırdı ötən günlərə,
Geriyə qayıtmaz toy-düyünlərə.
Elə səhvlər var ki, düzəltmək çətin,
Ağrısı ölümdü acı niyyətin.
Bədəni bizlərə verən – Allahdı,
Onun can meyvəsin dərən – Allahdı.
Ayişə ağladı öz taleyinə,
Döndü ömrü, günü can gileyinə…
Qaldı yuxulara daha gumanı,
Bitib tükənmədi sevgi ummanı.
Röyalar içində bir saray açdı,
Hər gecə könlünə gizli vay açdı.
Unuda bilmədi eşq cəfasını,
Yuxuda axtardı can şəfasını.
Bircə təsəlləsi oğulu oldu,
Bala sədaqəti könlünə doldu.
Yeganə balası son qoyub vaya,
Elə bənzəyir ki, oğul ataya.
Baxışı, duruşu, yerişi onun,
Qəfil təbəssümü, gülüşü onun.
İlahi sevdanı vay verib ona,
Eşqindən bir oğul pay verib ona.
Ayişə unudub eşqli həyatı,
Qəm ilə çürüdür gələn saatı.
Uşaqda axtarır can qüdrətini,
Röyada yaşadır məhəbbətini…
17-18 / X11. 2003
M A H N I L A R BELƏ OLMAZ , ZALIM YAR
Bu gecə – uzun gecə,
Dözüm həsrətə necə?
O can alan xəyalın
Çəkilib getməz becə.
Fəna olub halım yar,
Belə olmaz, zalım yar.
Səni könlümə saldım,
Salıb qəlbini aldım,
Əğyara tuş olalı
Dəli sevdanla qaldım.
Həsrətim, vüsalım yar,
Belə olmaz, zalım yar.
Könlüm ulduza dönüb,
Bir sınıq saza dönüb,
Sönüb odum-ocağım
Otağım buza dönüb.
Bu dağlamı qalım, yar?
Belə olmaz, zalım yar.
Düşmüşəm yaman oda,
Başımdan getməz qada,
Səni məndən ayıran
Gün ğörməsin dünyad!
Dərd bəlanı alım yar,
Belə olmaz zalım yar.
6. 03. 2003
MƏN SƏNİ AŞİQ BİLDİM
Mən səni aşiq bildim,
Könlümə işıq bildim,
Qəlbə sarmaşıq bildim,
Gəlmə bizə yar,
Çıxma üzə yar.
Naz ilə ötmə belə,
Qurbanam qara telə,
Vuruldum sənə belə,
Dili badam yar,
Ölür adam yar.
Səni canda bəslərəm,
Gecə-gündüz səslərəm,
Həsrətini həslərəm,
Bənzər gülə yar,
Üzə gülə yar.
Şadiman sənə kölə,
Qoyma dərdindən ölə,
Qəlb yandı, döndü külə,
Yanar adam yar,
Gəl al qadam yar.
6. 03. 2003
CAN İÇİNDƏ CAN BƏSLƏRƏM
Can içində can bəslərəm,
Canı canda gəl arama.
Həsrətini qəfəslərəm,
Ayrılığa tel darama.
Açılmayır müşküllərim,
Ocağımda var küllərim,
Saralıbdı qəlb güllərim,
Hicran deyir nə qarama?
Gəl, əzizim, sevda çağı,
Çək hicrana ələm dağı,
Sevgim olub tut yarpağı,
Sən də ona ol barama.
Şadimana vurma cida,
Məhəbbətin könlə qida,
Qoyma eşqi kədər uda,
Məlhəm eylə bu yarama.
1. 04. 2003
CANIMIN YARI YARIM
Canımın yarı yarım,
Könlümə yarı yarım,
Dünya gözəllə dolu
Mənimlə qarı yarım.
Nazla gəlişə qurban,
Əsmər gülüşə qurban,
Əl vurma sındırarsan
Ürəyim şüşə, qurban.
Ağlatma canı yarım,
Hicrandı yanı yarım,
Həsrəti qonaq edib
Qaraltma qanı yarım.
Dünyanın özü gözəl,
Ocağı, közü gözəl,
Yarın könlü bir yana,
Can alan gözü gözəl.
Canıma can ol yarım,
Qəlbdən qəlbə yol yarım,
Sarmaşıqtək boynuna
Dolanıbdı qol yarım.
Həsrət bir dərin quyu,
İçsən yandırar suyu,
Sənə yastıq nə lazım?
Könlüm içində uyu.
Şadiman sənə aşiq,
Eşqin ömrümə işıq,
Bu sevda şərbətindən
Gəl içək qaşıq-qaşıq.
4. 02. 2003
İKİ QƏLB ARASINDA
İki qəlb arasında
Ziyafətdi, ziyafət.
Dərman var yarasında
Dəyanətdi, dəyanət.
Ürəkdə söz çağlayır,
Duyğum, hissim ağlayır,
Qəlbi eşq varaqlayır,
Ziyarətdi, ziyarət.
Demə könül sovuldu,
Nəş’ələrim ovuldu,
Eşqim qəlbdən qovuldu,
Xəyanətdi, xəyanət.
Hər duyğuda can yatır,
Min bir həyacan yatır,
Arada hicran yatır…
Cinayətdi, cinayət.
Qəlbi ahla dəlmisən,
Ahımla yüksəlmisən,
Sən yuxuya gəlmisən,
Səyahətdi, səyahət.
Qəmimlə oylanırsan,
Bu dərdlə vaylanırsan,
Könlümdən boylanırsan,
Qiyafətdi, qiyafət.
Qopdun ürək odumdan,
Bu dəli fəryadımdan,
Çıxmayırsan yadımdan…
Qiyamətdi, qiyamət.
20. X11. 2004
Dostları ilə paylaş: |